Şərəf müharibəsi
Biz 44 günlük müharibəni "İkinci
Qarabağ müharibəsi", "Vətən müharibəsi",
"Dəmir yumruq əməliyyatı" da adlandıra bilərik.
Savaş 27 sentyabr 2020-ci il səhər saat 6-da Birinci
Qarabağ müharibəsindən sonra yaranmış təmas
xətti boyunca başladı. Azərbaycan illərdir
danışıqlar aparırdı ki, torpaqları dinc yolla
alsın. Amma Ermənistan torpaqları xoşluqla vermək istəmədi.
Vaxt udmaq istəyir, torpaqlarımızı əbədi əldə
etməyə çalışırdı. Azərbaycan
işğalla barışa bilmirdi və barışmadı
da.
Ermənistanın Baş naziri Nikol Paşinyanın
2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistandır
və nöqtə" açıqlamasına Ali Baş
Komandanımız İlham Əliyev oktyabrın 3-də
"Valday" beynəlxalq diskussiya klubunun iclasında
çıxışı zamanı "Qarabağ Azərbaycandır
və nida işarəsi!" deməklə sərt və qətiyyətli
cavab verdi.
2020-ci ilin iyul ayında Ermənistan sərhədin
Tovuz istiqamətində hərbi təxribat törətdi. Azərbaycan
Ordusu düşmənə sarsıdıcı zərbə
endirərək layiqli cavab verdi. Ermənistan 2020-ci ilin avqust
ayında yenidən hərbi təxribata əl atdı. Amma
ordumuz bu təxribat planını da pozdu.
2020-ci ilin sentyabrın 24-də Prezident İlham
Əliyev bildirdi ki, Ermənistan təcavüzkar, hücum
xarakterli hərbi doktrina və milli təhlükəsizlik
strategiyası qəbul edib: "Biz BMT-ni və beynəlxalq
ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən
çəkindirməyə dəvət edirik. Təxribatların
baş verməsinə və gərginliyin artmasına görə
məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür".
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun
mövqelərinə və mülki yaşayış məntəqələrinə
atəş zərbələri endirilməsinə cavab olaraq əks-hücum
əməliyyatı başladı. Sonradan bu əməliyyat
"Dəmir yumruq" adını aldı. Ali Baş Komandan
İlham Əliyev xalqa üz tutdu. Onun müraciətləri
xalqımızı ayağa qaldırdı. İlham Əliyev
bütün cəmiyyəti qəti qələbəyə
köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq
işidir. Biz zəfər çalacağıq. Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!"
2020-ci il oktyabrın 9-da Azərbaycan Prezidenti xalqa
müraciətində daha status-kvonun olmadığını və
təmas xəttinin yarıldığını elan etdi:
"Yoxdur status-kvo. Yoxdur təmas xətti. Yarmışıq
onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini... Yarıb
keçmişik. Azərbaycan əsgərinin qabağında
heç kim heç nə edə bilməz!"
2020-ci il oktyabrın 17-də Ali Baş Komandan raket
hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin
müqavimət rəmzinə çevrildiyi mesajını
verdi: "Heç bir təhdid, heç bir hədə-qorxu,
heç bir təzyiq mənim iradəmə təsir edə
bilməz. Bizim işimiz haqq işidir. Biz öz
torpağımızda vuruşuruq, öz ərazi
bütövlüyümüzü bərpa edirik".
2020-ci il oktyabrın 20-də İlham Əliyev əldə
edilən nəticələrin düşünülmüş
və vaxtında atılmış addımların bəhrəsi
olduğunu dedi, tələskənliyin yolverilməzliyini diqqətə
çatdırdı: "Mən hər dəfə xalqıma
müraciət edərkən xoş xəbərlər
çatdırıram. Eyni zamanda demək olar ki, hər gün
öz tviter hesabımda işğaldan azad edilmiş yeni kəndlərin,
şəhərlərin adlarını çəkirəm. Mən
bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər
gün gözləyir, hər gün! Hər gün, hər
saat. Amma istəyirəm əziz xalqım bilsin ki, hər kəndin,
hər yüksəkliyin götürülməsi böyük
rəşadət tələb edir. Biz həm onların
istehkamlarına, toplarına, raketlərinə qarşı,
eyni zamanda təbii relyefə qarşı vuruşuruq və
torpaqlarımızı işğalçılardan
qarış-qarış azad edirik".
2020-ci il oktyabrın 26-da dövlət
başçısı Azərbaycan xalqının həlledici
qələbəyə yaxın olduğunun müjdəsini
verdi: "Biz əsgərlərimizin, zabitlərimizin
canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş
meydanında, həm siyasi müstəvidə
özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik.
Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli
xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik".
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə
qızıl hərflərlə Zəfər Günü kimi
yazıldı. İlham Əliyev 7-ci müraciətini Şəhidlər
xiyabanından edərək Şuşa şəhərinin
işğaldan azad olunduğu müjdəsini verdi: "Mən
bu gün eyni zamanda Ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu
gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya
aktı - Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri
və Rusiya Prezidentinin birgə bəyanatı imzalandı.
İlham Əliyevin 8-ci müraciətində milli
şüara çevrilmiş "Qarabağ Azərbaycandır
və nida" ifadəsi ilə Ermənistan-Azərbaycan
münaqişəsinə son qoyulduğunu elan etdi:
"Əminəm, hər bir Azərbaycan vətəndaşı
hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr
ən xoşbəxt günlər, dəqiqələrdir. Mən
də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu
müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm
ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm
ki, biz öz Vətənimizə, doğma
Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi
yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə
bilməz!"
Biz bilirik ki, 44 gündə ordumuz (başda Ali Baş
Komandanımız olmaqla) necə əziyyət çəkdi.
Əziyyətləri yerdə qalmadı. İşğaldan
sonrakı 20 gün ərzində 3 rayon - Ağdam, Kəlbəcər
və Laçın Azərbaycana təhvil verildi. Bu, bir
möcüzə idi. Biz bu rayonları bir güllə atmadan,
bir şəhid vermədən qaytarmışıq. Vətən
müharibəsində Azərbaycan parlaq qələbə
qazanaraq Ermənistanı məğlub etdi, işğala son
qoydu. Bu 44 günün hər günü Azərbaycanın
şanlı tarixidir.
Biz Ali Baş Komandanımız İlham Əliyevə
minnətdarıq! Azərbaycan Ordusunun qarşısında
baş əyirik! Şəhidlərimizin qarşısında
baş əyirik! Qazilərimizin qarşısında baş əyirik!
Səma TAĞIZADƏ
Bakıdakı 212 nömrəli tam orta məktəbin
X sinif şagirdi
525-ci qəzet .- 2024.-6 sentyabr.(№161).- S.13.