"Ötən
günə gün çatmaz..."
(Əvvəli qəzetimizin 30 avqust tarixli nömrəsində)
İSMAYIL MÜƏLLİMİN QEYRİ-ADİ
GEDİŞLƏRİ...
İbtidai sinfi bitirdikdən sonra 5-ci sinifdən ta 8-ci
sinfin sonunadək əvvəlcə riyaziyyat, sonra isə cəbr
və həndəsə fənlərini bizə İsmayıl
Hüseynov adlı müəllim tədris edirdi. Təzadlı,
gözlənilməz gedişlər və jestlər etməyi
xoşlayan, mürəkkəb xarakterli adam idi. Gah bizimlə
qayğıkeş ata öz övladları ilə davranan sayaq
çox yumşaq bir tərzdə rəftar edir, necə deyərlər,
bizimlə dost olur, gah da qəfildən coşub-kükrəyir,
"qandığımız bir qrafa
olmadığını" sübut etmək
üçün bizi asıb-kəsirdi. Belə vaxtlarda sifəti
ağarır, dodaqları əsir, səsi
kallaşırdı. Amma bir az keçəndən sonra yenə
də dönüb olurdu mülayim, ürəyiyumşaq, hətta
zarafatcıl İsmayıl müəllim.
O vaxtlar mürəkkəblə yazan avtoqələmlər
matah yazı aksessuarı sayılırdı və
İsmayıl müəllimin də bahalı bir avtoqələmi
vardı - jurnalı, gündəliklərimizə qiyməti
onunla yazırdı. Amma bu bahalı qələmin onun
sanbalına yaraşmayan bir şıltaqlığı
vardı - qələmin arxa tərəfindəki kameraya
doldurulmuş mürəkkəb nəyə görəsə
peroya çox gec gəlib çatırdı. Ona görə də
İsmayıl müəllim onu cibindən çıxarıb
yazmağa başlamazdan əvvəl qələm tutduğu
sağ əlini yana uzadıb bir neçə dəfə silkələyirdi
ki, mürəkkəb insafa gəlsin və biz düz 4 il hər
dərs günündə xoş-naxoş bu rituala tamaşa etmək
zorunda qaldıq.
İsmayıl müəllimin gündəliklərimizə
atdığı imzalar da fərqli idi. İndiki kimi gözlərimin
qabağındadır - adının baş hərfinin
böyük və kiçik
variantlarını yan-yana yazır və kiçik hərfin
"qolunu" ilan-qurbağa xətlə aşağı
uzadırdı.
İsmayıl müəllimlə bağlı xatirələrimin
ikisini sizinlə bölüşür və Allahdan ona rəhmət
diləyirəm. Ruhu şad olsun.
lll
Sinfimizdə Qasımova soyadlı dilli-dilavər bir
qız vardı. 5-ci sinifdə riyaziyyatı tum kimi
çırtlayırdı və İsmayıl müəllim də
həmişə onu tərifləyirdi.
Bu təriflərdən məst olub başını
itirən Qasımova dərslərin birində özünə
fövqəladə imtiyazlar vermək fikrinə
düşdü və başladı yanında oturan qızla
söhbət edib dərsin gedişini pozmağa. Bu,
İsmayıl müəllimin diqqətindən
yayınmadı, bircə anın içindəcə
dönüb oldu həmin o sərt kişi. Qəfildən
üzünü Qasımovaya tutub dedi:
- Qasımova, keç lövhənin
qarşısına, dərsi danış.
Qasımova özündən razı halda lövhənin
qarşısına keçdi, baş-ayağı bilinməyən
qırıq-qırıq cümlələri
qol-qabırğalarını sındıra-sındıra
bir-birinə calayıb çulunu sudan çıxarmağa
çalışdı, mənası, məramı aydın
olmayan bir nitq ərz elədi. Nəhayət, dayanıb müəllimə
baxdı - yəni danışıb qurtardım.
İsmayıl müəllim həmin o kal səslə
soruşdu:
- Qurtardın?
Qasımova dedi ki, bəli.
İsmayıl nüəllim bu dəfə
üzünü sinifə tutub ucadan:
- Qasımova, sən dərsi ən yaxşı halda
"1"ə danışdın - dedi. - Amma bir az
qırıldatmağını nəzərə alaraq qiymətini
1 bal artırıb sənə "2" yazıram. İndi
keç əyləş.
Bayaqdan üzü gülən, yenə də təriflənəcəyini
gözləyən Qasımova qəfildən üzünü
tutub hönkürdü...
İsmayıl müəllim isə bu gün
keçdiyi və əslində riyaziyyata dəxli olmayan "dərsə"
nöqtə qoymağı da unutmadı:
- Yadda saxlayın, adam ona göstərilən diqqətdən,
hörmətdən sui-istifadə etməz...
lll
8-ci sinfi bitirəndə həndəsədən imtahan
verməli idik. O vaxtlar bütün fənlər üzrə hər
biri 3 sualdan ibarət imtahan biletləri broşüra kimi nəşr
olunub imtahanlar öncəsi kitab mağazalarında
satılırdı və biz də onları əvvəlcədən
alıb imtahanlara hazırlaşırdıq. Həndəsə
imtahanının da biletlərini almışdıq, amma
bilirdik ki, 3 il ərzində keçilmiş fəndən
yaxşı cavab vermək asan olmayacaq - çünki material
çox idi. Bunu İsmayıl müəllim də bilirdi, ona
görə də dərs ilinin sonuna yaxın sonuncu 2 dərsi
biletlərlə bağlı məşğələ kimi elan
etdi ki, suallara necə cavab verməli olduğumuzu bizə izah
etsin.
...45 dəqiqəlik sonuncu məşğələnin
40 dəqiqəsi arxada qalmışdı. İsmayıl müəllim
biletlərlə bağlı bütün sualları
cavablandırmış, tövsiyələrini vermişdi. Amma
görünür, qalan 5 dəqiqədən də səmərəli
istifadə etmək istəyirdi. Ona görə də "kimin
daha nə sualı var?" - deyə bir neçə dəfə
sinfə müraciət etdi.
Bizim suallarımız qurtarmışdı, ona görə
də susurduq.
Qəfildən nəinki həndəsə ilə,
ümumiyyətlə, oxumaqla arası olmayan, dərslərə
isə yalnız onlara tamaşa etmək üçün gələn
Həsənov soyadlı dostumuz əlini qaldıranda
hamımız təəccübdən quruyub qaldıq...
- Dur, oğlum, sualın nədir?
Həsənov ədəb-ərkanla ayağa qalxdı
və son dərəcə maraqlı bir şeyi öyrənmək
yanğısı, eyni zamanda sadəlövh uşaq
marağı ilə soruşdu:
- Müəllim, həndəsə nədir?
...Bizim reaksiyamızı təsəvvür etməyi
öhdənizə buraxaraq bu qeyri-adi suala İsmayıl müəllimin
qeyri-adi cavabını yazıb nöqtəni qoyuram:
- Həsənov, yadında saxla, həndəsə elə
həndəsədir. Söz verirəm ki, imtahanda bu sual sənə
düşsə və sən də bu cavabı versən, dərhal
"5-ni" yazacam…
BİR MƏHƏBBƏTİN
TARİXÇƏSİ: MƏNİ İLK DƏFƏ
NECƏ SEVDİLƏR
46 il əvvəl - 9-cu sinifdə oxuyanda başıma gələn
bir əhvalatı danışmaq istəyirəm - iki incə məqama
görə. Axıra qədər oxumağa səbriniz
çatsa, biləcəksiz nədir o məqamlar...
Deməli, sinfimizdə rus dilində Bəşir Səfəroğlu
demişkən, az-maz qırıldadan bir oğlan vardı, özü
də guya mənim dostum idi. Yeri gəldi- gəlmədi bu
"üstünlüyünü" gözə soxmağa
çalışır, lovğalanırdı. Amma birinci
rübün qiymətləri yazılanda aləm dəydi
bir-birinə - gənc rus dili müəlliməmiz Tahirə
xanım mənə "5", ona "4" yazdı. Dostumu
od götürdü, başladı cığallıq eləməyə
ki, nə bilim siz obyektiv deyilsiniz, mənə qarşı
haqsızlıq edirsiniz... filan- bəşmənakan.
Tahirə müəllimə dedi:
- Sənə layiq olduğun qiyməti vermişəm.
Düşünürsən ki, bu, haqsızlıqdır -
sübut elə.
Dostum heç kimin və əlbəttə ki, ilk növbədə
mənim gözləmədiyim halda qayıtdı ki, sübutum
- Əlisəfdər. Mən rus dilini ondan pis bilmirəm, bəlkə
də yaxşı bilirəm. Amma ona "5", mənə
"4" yazmısınız.
Tahirə xanım dedi:
- Əslində bu sinifdə heç kim rus dilini
"5"ə bilmir, o cümlədən də Əlisəfdər.
Amma səndən fərqli olaraq o, "5"ə
çalışır, əlləşir. Mən ona buna
görə "5" vermişəm.
Artıq "dosta" çevrilmiş dostum isə
heç cür təslim olmurdu:
- Yox ey, necə ola bilər ki, o, "5" alsın, mən
- "4"?
Tahirə xanım gördü ki, "dostum" onun
dediklərindən bir şey qanmayacaq, odur ki, sinifdə bomba
kimi partlayan daha təsirli bir arqument gətirdi:
- Hə, ona "5" yazmışam. ONA GÖRƏ
Kİ, MƏN ONU SEVİRƏM (Tahirə xanımın
xüsusi vurğu ilə və ucadan dediyi bu sözləri əslində
belə başa düşmək lazım idi ki, beşi onun dən
düşündüyün kimi qara qaşına, gözünə
aşiq olub yazmışam. Amma həmin anda bunu anlamağa
sinifdə heç kim hazır deyildi).
Sinifə sükut çökdü. "Dostum" yenə
nə isə demək istədi, amma susdu... (Çox güman, soruşmaq
istəyirdi ki, niyə onu sevirsiniz, məni yox).
...Sonralar Tahirə xanım rayon partiya komitəsinin
2-ci katibi, icra başçısının müavini vəzifələrində
işlədi. Son iş yeri isə məktəb oldu, amma bu dəfə
ora direktor kimi döndü. O, təqaüdə çıxana
qədər mən hər dəfə rayona gedəndə bir dəstə
gül alıb sevimli müəlliməmi ziyarət edirdim və
həmin görüşlərin birində bu əhvalatı
yada saldım. Gülüşdük. Sonra Tahirə xanım
dedi:
- Əlisəfdər, mən səni elə indi də
sevirəm. O vaxt "5"i sənə təkcə
çalışqanlığına görə yox, həm də
təvazökarlığına, sadəliyinə, ürəyinin
təmizliyinə və hiss elədiyim istedadına görə
vermişdim. Görürəm ki, yanılmamışam - 47 il əvvəl
necə idisə, indi də eləsən...
Allah canınızı həmişə sağ eləsin,
mənim də sevdiyim Tahirə xanım.
KİMYA DƏRSİNDƏ BİZƏ
GƏLƏCƏYİNİ GÖZLƏDİYİM YAR
Təhsil aldığım illərdə 2 tip məktəb
vardı - səkkizillik və onillik məktəblər və
1974-cü ildə mən Göyçaydakı 4 nömrəli
səkkizillik məktəbi bitirib orta təhsilimə son
nöqtə qoymaq üçün 3 nömrəli orta məktəbə
daxil olmuşdum.
9-cu sinifdə oxuyanda bu məktəbdə
başıma gələn gülməli bir əhvalatı indi
də təbəssümlə xatırlayıram.
Kimya fənnindən bizə Elmira müəllimə
adlı xoşxasiyyət, yaraşıqlı bir qadın dərs
deyirdi. Onun özünəməxsus dərs keçmək
üsulu vardı - həmişə tələb edirdi ki dərsi
kitabda yazıldığı kimi yox, başa
düşdüyümüz kimi, öz cümlələrimizlə
danışaq. Çox vaxt bizi heç yazı
taxtasının qarşısına da
çağırmırdı, ayağa qaldırıb 3-4
cümlə ilə sorğuya tutur və verdiyimiz cavablara
görə qiymətimizi yazırdı.
Kimya dərslərini təcrübəsiz təsəvvür
etmək çətindir və Elmira müəllimə də
hərdən bizi belə təcrübələrlə heyrətləndirirdi.
Təcrübə üzərində qurulmuş dərslərdən biri idi. Elmira
müəllimə müxtəlif ölçülü
şüşə qablardan böyük kolbaya məhlullar
tökə-tökə bizə növbəti sürpriz
hazırlayırdı. Uşaqların hamısının nəzərləri
onun qarşısındaki masanın üstündə idi. Sinfə
elə bir sakitlik çökmüşdü ki, milçək
uçsaydı, vızıltısı eşidilərdi... Və
bu sakitlik, sükut məni darıxdırdığından
başladım ürəyimdə "Yar bizə qonaq gələcək"
mahnısının həm melodiyalarını səsləndirməyə,
həm də sözlərini oxumağa. Öz ifamdan ləzzət
ala-ala hamı kimi mən də gözləməkdə idim ki,
qəfildən yanımda oturan dostum başladı həyəcan
və intensivliklə sağ ayağımı tapdalamağa və
dostumun mənim kayfıma nə üçün soğan
doğramasının səbəbini
aydınlaşdırmağa macal tapmamış Elmira müəllimənin xoş,
yumşaq səsi sinfə yayıldı:
- Əlisəfdər, nə gözəl oxuyursan. Bir az
ucadan oxu.
Buna qədər elə bil səmada mələklərin
qanadları üstündə uçurdum və bu sözlərdən
sonra mələklər qəfildən qeybə çəkildilər,
mənsə səmanın ənginliyindən gurumguppaz
çırpıldım sinfimizin kerosin qoxuyan döşəməsinin
üstünə.
Sən demə, içimdə səsləndirdiyim
melodiyaların gözəlliyinə və üstəlik,
öz ifama necə aludə olmuşamsa, o melodiyaların
çölə püskürüb zümzüməyə
çevrilməsini hiss etməmişəm.
Təbii ki, ardınca sinifdən güclü bir
gülüş dalğası keçdi və həmin anda
möcüzə baş verib divar yarılsaydı, heç
müəllimədən də icazə almamış məmnuniyyətlə
həmin yarığa girərdim...
Elmira müəllimə yaxşı müəllimə
olmaqla yanaşı, həm də müdrik qadın idi və məni
bu vəziyyətdən də elə o çıxarı:
- Utanma, Əlisəfdər, - dedi. - Hərdən belə
zümzümə etmək heç də pis deyil. Sənin
yaxşı musiqi zövqün də varmış. Əhsən!
- sonra xalq mahnılarımız haqqında bir-iki maraqlı
fikir də söylədi.
...Sizə 49 il bundan əvvəl baş vermiş bir əhvalatı
danışdım. Amma mənə elə gəldi ki, yenə
də döşəməsi kerosin qoxuyan o sinifdəyəm,
yenə də həmin mahnını zümzümə edirəm
və bir azdan yenə də Elmira xanımın məxmər,
yumşaq səsini eşidəcəm.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2024.-6 sentyabr.(¹161).- S.12;13.