Dəhşətlər və bədbəxtliklər ləyaqət və iradə xilaskar rolunda  

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Türkiyə hökuməti satqınlığa görə erməniləri sürgün etdilər, kürd dəstələrinin basqınlarından və yol məhrumiyyətlərindən, onlardan ölənlər də az deyildi. Deportasiya edilmiş ermənilərin sayı 500 min nəfərə çatırdı. Onların xeyli hissəsi Suriya və İraqın səhralarından və bataqlıqlarından keçən yollardakı əzabdan ölmüşdü.

Qatı erməni millətçiləri bunu, guya 1,5 milyon nəfərin öldürülməsində ifadə olunan genosid adlandırırlar. Türklər  həqiqətin üzə çıxarılması üçün arxivlərin açılması barədə dəfələrlə çağırış etsələr də, Ermənistan rəhbərliyi bundan boyun qaçırır və əsassız ittihamlarının saxta olmasının aşkar edilməsindən qorxurlar. Türklər əsassız ittihamlardan uzaqlaşıb, elmi tədqiqatlar yolu ilə həqiqətin aşkar edilməsini istədikləri halda, ermənilər bir əsrdən artıq müddətdə (onlar genosidin 1915-ci ildə baş verdiyini iddia edirlər) əsassız haraylarını kəsmirlər. Onlar özlərini əzabkeş obrazında dünyaya təqdim etmək istəyirlər.

"Əzabkeş" ermənilər I Qarabağ müharibəsi dövründə xeyli sayda mülki azərbaycanlının öldürülməsinə, qocalara, qadınlara, uşaqlara qarşı ən çirkin vəhşiliyə yol verdilər. Onlar Xocalı şəhərində əsl qətliam təşkil etdilər, yüzlərlə günahsız insanı qətlə yetirdilər. Bu alçaq işə başçılıq edənlər özlərini milli qəhrəman kimi qələmə verirdilər və öz millətini də sonralar ağır sınaqlara məruz qoydular.

Erməni cəlladları əvvəllər də azərbaycanlıların qırğını ilə öyünmüşdülər. XX əsrin əvvəlində Bakıda və digər regionlarda erməni silahlı dəstələri kütləvi şəkildə azərbaycanlıları məhv etmişdilər. Azərbaycanlılar isə öz ləyaqətlərini əsas götürərək, uzun müddət qonşu xalqın bu cinayətlərini xatırlamağa da meyl etməmişdilər.

I Dünya müharibəsi Avropaya və Asiyaya böyük bədbəxtliklər "bəxş" etmişdi. Bu barədə danılmaz faktlar vardır, təəssüf ki, bəzi qatı millətçilər müharibə mövzusundan həm də öz saxtakarlıqları üçün geniş istifadə etməyə çalışırlar. Müharibə kütləvi aclıq hallarına və dağıntılara səbəb olmuşdu, adamlar onun başa çatmasına sevinirdilər, bəziləri bunun, bütünlükdə müharibəyə son qoyacağını düşünürdü. Fransız marşalı, müharibənin qəhrəmanlarından biri olan Ferdinand Foş onu möhkəm sülh deyil, 20 illik barışıq adlandırmışdı. Onun öncəgörməsi düz çıxdı, bu müddətdən sonra tarixdə görünməmiş və daha dəhşətli II Dünya müharibəsi başlandı.

II Dünya müharibəsi

II Dünya müharibəsinə 1 sentyabr 1939-cu ildə alman ordusunun Polşaya hücumu ilə start verildi. Hitler siyasi fəaliyyətə başladığı vaxtdan avropalılardan qisas almaq və Şərqdə yaşayış məkanı əldə etmək barədə öz ideyasını gizlətməyərək, tam açıq şəkildə bəyan etmişdi. 1933-cü ilin yanvarında kansler kimi  Almaniyada hakimiyyətə gəlməsi ilə, onun üçün öz bədnam planlarını reallaşdırmaq imkanı yarandı. Bir il sonra isə artıq ona mane olan bir qüvvə də qalmamışdı. Fürer titulunu qəbul etməklə, bütün ali vəzifələri zəbt etmiş diktatora çevrilmişdi. Nasist partiyası istisna olmaqla, bütün siyasi partiyalar ləğv edilmiş, Almaniyada fəaliyyət göstərən yalnız bir partiya və bir ideologiyanın hakim mövqeyi qalmışdı. Məkrli niyyətlərini həyata keçirmək üçün o, I Dünya müharibəsindən sonra Versal müqavilələri ilə Almaniyanın ağır təzminat verməsi kimi cəzaya məhkum edilməsinə və alman xalqının alçaldılmasına görə əhaliyə qisas almaq barədə çağırış etdi. Və ardıcıl olaraq həmin müqavilələrin tələblərini pozmağa girişdi. Orduya məhdudiyyət qoyulmasına baxmayaraq, onu gücləndirməyə, müasir hərbi texnika və silahlarla təchiz etməyə başladı. Bu məqsədlə ölkədə hərbi sənaye kompleksini inkişaf etdirdi.

Hitler 1938-ci ilin martında anşlyus (birləşmə) adı altında Avstriyanı işğal etdi. Həmin ilin sentyabrında isə Çexoslovakiyanın böyük ərazisini zəbt etdi. Qərb dövlətləri Hitlerin işğal siyasətinə göz yumurdu, Münhen sazişi kimi xəyanətkar xarakterli sənədə imza atmaqla, İngiltərə və Fransa onun son hərəkətinə şərait yaratmışdılar.

I Dünya müharibəsi total müharibə səviyyəsinə çatsa da, II Dünya müharibəsi daha total xarakter daşıdı və 6 il ərzində, başlanğıcdakı kiçik istisna ilə, dünyada görünməmiş bir intensiv vuruş getdi. Müharibədə iştirak edən ölkələrin, demək olar ki, hər biri bu və ya digər yolla, əsgərlər və müharibə sənayesi fəhlələri timsalında, silahlı münaqişəyə qoşuldu. Adi vətəndaşlar, ölkəsinə müdaxilə edən orduların tabeliyinə keçirdi, hərbi işğallar geniş miqyas aldı. Belə bir şəraitdə qaçqınlar dəstəsi meydana gəldi və çox sayda mülki əhali kütləvi şəkildə həlak olurdu. Dünya heç vaxt belə sürətli və qəsdən baş verən ölüm nümunələrini və dağıntılar seriyasını görməmişdi.

Müharibənin başlanmasından bir neçə gün əvvəl, 1939-cu ilin avqustunda Almaniya ilə SSRİ arasında bir birinə hücum etməmək barədə pakt imzalanmışdı. Stalin bu yolla Hitlerlə zəruri müharibənin baş verməsi vaxtını ləngitməyə, hazırlıq üçün vacib olan sülh dövrünü uzatmağa çalışırdı və eyni zamanda Almaniyanı strateji məhsullarla təchiz etməyə də razılıq vermişdi. Lakin Hitler imzalanmış pakta məhəl qoymayaraq, 1941-ci ilin 22 iyununda SSRİ-yə xaincəsinə hücum etdi.

Müharibədə Ox adı altında Almaniya, İtaliya, Yaponiya alyansı meydana gəlmişdi. Onlarla vuruşacaq və Müttəfiqlər adlanan ittifaqa isə İngiltərə, SSRİ, ABŞ daxil idi. Silahlı qarşıdurmanın ilk yeddi ayı pat vəziyyətində olduğuna görə, "qəribə müharibə" adlanırdı: 1940-cı ilin aprelində almanlar müdaxiləni gücləndirib, may ayında Niderlandlara, Belçikaya və Fransaya hücum etdilər. Onlar digər bir blitskriqi həmin vaxt Danimarkaya və Norveçə qarşı apardılar. Beş gün ərzində Niderlandlar təslim oldu. Fransa özünü müdafiə üçün qurduğu Majmo xəttinə böyük ümid bəsləyirdi. Bu xətt Fransanın şimalında La Manş boğazına qədər uzanırdı. Belçika 28 mayda təslim oldu, Britaniya və Fransa qüvvələri tələyə salındı və irəliləyən alman zirehli birləşmələrinə və alman hava qüvvələri olan Lyuftvaffeyə Hitler göstəriş verdi ki, onların ordusunu Dyunkerk sahillərində məhv etsin. Lakin Lyuftvaffenin Müttəfiqlərin qüvvələrinə qarşı hava bombardmanı səmərəsiz oldu. Britaniyanın və Fransanın 350 minlik qoşununu kiçik gəmilər donanması vasitəsilə evakuasiya etmək mümkün oldu. "Dyunkerk möcüzəsi" adlanan bu əməliyyat yaxşı təlim keçmiş və hazırlanmış ordunu, başqa vaxtlarda zəruri olaraq vuruşmaqdan ötəri xilas edə bildi.

İyunun 5-də almanlar Şimali Fransada hücum əməliyyatı həyata keçirdilər. Beş gün sonra İtaliya diktatoru Mussolini Fransaya müharibə elan etdi. O inanırdı ki, müharibə artıq başa çatır və bu vaxt əlavə torpaq ələ keçirmək iştahasına düşdü. Alman ordusu şimaldakı Fransa ərazisinin beşdə birini işğal etdi və Cənuba yürüş etdi. Fransızlar müqavimət göstərə bilmirdilər və 22 iyunda, Almaniyanın SSRİ-yə müdaxiləsindən düz bir il əvvəl təslim oldular. Alman ordusu Fransa ərazisinin işğalını davam etdirərək, ölkənin torpaqlarının artıq beşdə üçünü tutdular. Bu vaxt I Dünya müharibəsində fransız qəhrəmanı olmuş marşal Henri Peten (1856-1951-ci illər) ölkənin qalan cənub hissəsində Vişi Fransası kimi tanınan avtoritar bir rejim qurdu. Müttəfiqlər Peten hökumətini nasistlərin kukla dövləti kimi tanıdılar və sürgündə olan fransız hökuməti Britaniyada özünün iqamətgahına malik oldu.

Almanlar bu vaxt artıq Qərbi və Mərkəzi Avropanı işğal etmişdilər, lakin Britaniyanı hələ də məğlub etmək mümkün olmamışdı. Almaniyanın Danimarka və Norveç üzərində qələbəsi, ancaq Britaniyada hökumət dəyişikliyinə səbəb oldu. Hitler Almaniyasına güzəştə getməklə, onu sülhə dəvət etməyin tərəfdarı olan Nevil Çemberlen başda olmaqla kabinetin üzvlərindən olan narazılığın artması ona gətirib çıxardı ki, baş nazirin öz partiyasından olan üzvü ittiham xarakterli çıxışında ona dedi: "Sən çox vaxt nəsə yaxşı olanı etmək istəmədin. Mən gedən vaxt deyirəm ki, qoy biz özümüz səninlə nəsə edək. Allahın adı naminə, çıx get!" Çemberlen istefa verdi və 10 may 1940-cı ildə Uinston Çörçill (1874-1965-ci illər) baş nazir oldu. O, uzun müddət nasist Almaniyasına qarşı kəskin bir mövqeyin müdafiəçisi kimi parlamentdə çıxışlar etmişdi. Çörçill əmin idi ki, o, Britaniyanı bütöv qələbəyə apara biləcəkdir: "Bütün bu barədəki böyük işi, mən düşünürdüm ki, mən bilirəm". Sonralar isə o, bu barədə yazırdı: "Mən əmin idim ki, heç də uğursuz olmayacağam". Çörçill, həqiqətən də, Britaniya xalqını öz çıxışları ilə ilhamlandıran və kütləvi mübarizəyə qaldıran bir lider olduğunu sübut etdi.

Hitler isə ümid edirdi ki, britaniyalılar sülh müqaviləsi bağlamağa inandırılacaq, beləliklə, o, özünün uzun müddət gözlədiyi Şərqdə yaşayış məkanı əldə etmək imkanını reallaşdırmağı icra edəcəkdir.

Əksinə, Çörçill inanırdı ki, nasistlərlə heç bir kompromis ola bilməz. Britaniyalılar da bu Hitlerlə barışıq variantından bütünlüklə imtina etdilər. Bunu hiss edən Hitler Britaniyaya müdaxilə etməyə hazırlaşmağa məcbur oldu. Perspektiv isə onu, yalnız azacıq əminliyə sahib olmaqla üzləşdirdi.

Hitler Britaniyaya özünün ambisiyalı müdaxiləsini reallaşdırsaydı, bu vaxt Almaniya adalar üzərində yalnız hava nəzarətini ələ keçirə bilərdi. 1940-cı ilin avqustundan Lyuftvaffe Britaniyanın hərbi-hava və hərbi- dəniz bazalarına, limanlarına, kommunikasiya mərkəzlərinə və hərbi sənaye obyektlərinə böyük hücumlara başladı.

İngilislər yenə də, əvvəlki müharibədə olduğu kimi, alman hərbi kodunu sındırmağa müvəffəq oldular. Bu, Britaniya hərbi qüvvələrinə almanların hava hücumunun spesifik hədəfləri barədə əvvəlcədən məlumat əldə etməyə imkan verdi. Buna baxmayaraq, Britaniya hərbi hava qüvvələri avqust ayının axırından etibarən ciddi itkilər verməkdən əziyyət çəkirdi və güman ki, əsasən, Hitlerin strategiyasını dəyişməsi hesabına xilas ola bildi. Sentyabrdan isə britaniyalıların özü Berlinə hava hücumları etməyə başladı. Hitler bu vaxt britaniyalıların mübarizə ruhunu qırmaq üçün şəhərləri bombardman etməyə başladı. Sentyabrın sonundan Almaniya Britaniya ilə döyüşü uduzdu və Britaniyaya müdaxilə təxirə salınmalı oldu.

Hitler Misiri və Süveyş kanalını işğal etmək, həmçinin Britaniya gəmilərinə Aralıq dənizini bağlamaq istəyirdi. Bununla da Britaniyanın idxal hesabına yaranan neft ehtiyatı azalacaqdı. Onun ilkin planı italyanlara imkan vermək idi ki, onlar Balkanlara və Aralıq dənizi flanqlarına nəzarət etsinlər, həm də özləri Şimali Afrikada britaniyalıları məğlub etsin. Lakin bu strategiya, britaniyalılar italyanları qaçmağa məcbur edəndə, uğursuzluğa uğradı. Hitler belə qərara gəldi ki, Şərqdə yaşayış məkanı əldə etmək ideyasını öz ömrü ərzində həyata keçirmək vaxtı artıq gəlib çatmışdır.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.22.