İngilislərin göz-bəbəyi:
Krım kilsəsi
Bəyoğlunun bağrında yatan əfsanə
Bu dəfə yolumu İstanbulun ən gözəl
küçələrindən olan Əkrəmi Sərdardan
saldım. Əkrəmi Sərdar keçmişdə səfərlərə
çıxmayan padşahların əvəzinə baş
komandan olaraq orduya qatılan vəzirlərə verilən ad
olub. İstiqlal küçəsinin tunel yönündən
Galataporta doğru enən yolun üstündə yerləşir.
Şübhəsiz ki, küçənin ən gözəl
memarlığına sahib abidələrdən biri Krım
Anqlikan kilsəsidir. Keçmişdə Rum məzarlığının
olduğu yerdə, neoqotik tərzdə inşa edilən bu kilsə
insanı özünə heyran edir. Dörd tərəfi
güllər, çiçəklər, özü boyda
ağaclarla əhatələnən ibadətgahın
bağçası toyuq-cücə, pişiklərlə
doludur. Həyətə addım atar-atmaz insanın ruhuna qəribə
bir dinclik çökür. Qapıya yaxınlaşdıqda isə
qulağına Motsartın, Baxın bəstələrinin səsi
gəlir. Kilsədə olduğum bir saat ərzində həmin
musiqilərin səs gücləndiricidən gəldiyini
düşünmüşdüm. Ta ki, yuxarıya doğru
baxanda orada pianoçunu görənə qədər... Sən
demə, hər gün burada canlı piano
çalınırmış. Daha əvvəl xeyli kilsəyə
getmişəm, amma bu cür doğma, hüzurlu, insanı
rahatladan ikinci bir ibadət yeri görməmişəm.
Oturacaqları digər kilsələrdən fərqli olaraq ucuz
stullardan ibarətdir. Stullarda pişiklər də yata bilər,
insanlar da otura bilər. Şam yandır, dua et, abidənin
memarlığına nəzər yetir, otur, dur, toxun, içəridə
istədiyin qədər gəz-dolan, foto və video çək,
hamısında sərbəstsən. Bir çox abidələrdə
bunlar tamamilə qadağandır. Çoxu da yersiz
qadağalardır.
İngilislərin İstanbula bəxş etdiyi ən
gözəl töhfə
Kilsənin tarixi 1800-cü illərə gedib
çıxır. Krım müharibəsi ərəfəsində
ingilis dənizçilərə və bu şəhərdə
yaşayan ingilislərə xidmət edəcək anqlikan kilsəsinə
ehtiyac duyulur. Həyatda qalan ingilis əsgərləri vətənlərinə
dönən kimi "Dünya ölkələrində
İncili yayma cəmiyyəti" tərəfindən xalqa
açıq çağırış edirlər.
Çağırış Kembric dükü tərəfindən
dəstəklənir və savaşda ölən qəhrəman
əsgərlərin xatirəsini əbədiləşdirmək
üçün İstanbulda kilsə inşa etməyə qərar
verirlər. İbadət yerini xalq arasında toplanan ianələr
əsasında ərsəyə gətirməyi
planlaşdırırlar. Şükran günü təşkil
edilən kampaniyada iki min kilsə inşa etdirəcək qədər
pul yığılır. Kraliça Viktoriya və əri
Albert də bu aksiyada iştirak edir. Bu dəfə kilsənin
kim tərəfindən tikilməsi ilə bağlı
müzakirələr başlayır. Buna görə də,
"Memarların seçimi" adlı yarış
başladılır. Qırx altı memarın
qatıldığı yarışda birinciliyi qazanan Vilyam
Burges, ikinci Corc Edmund Stret, digəri Corc Fredrik Bodli olur.
Burgesin layihəsi həddən artıq bahalı
olduğunu görən seçim komitəsi onun birinciliyini ləğv
edir, ikinci yeri tutan Stretin dizaynını qəbul edir. Qeyd edim
ki, həmin Stret bir neçə il sonra Londonda krallığa
məxsus Ədalət Sarayının da memarı olur. Bu dəfə
komitə üzvləri İstanbulda yer axtarışına
çıxırlar. Həmin ərəfədə İngiltərənin
Osmanlıda 17 illik elçisi olan Lord Stratford de Redklif, Sultan
Abdulməciddən bu abidə üçün münasib yer
istəyir. Sultan dənizin ətəyində, Pera təpəsinin
yamacındakı Sərdarı Əkrəm küçəsindəki
ərazini ingilislərin ixtiyarına verir.
Təməlatma mərasimi təşkil edilir və təmələ
ilk daşı atan elə Redklifin özü olur. Əslində
elçi, bir müddət öncə təqaüdə
çıxmış və onu sevən padşahın arzusu
ilə İstanbulda qalaraq bu törənə
qatılmağı qəbul etmişdi. Törəndən
dörd gün sonra İngiltərəyə dönür və
qısa müddətdən sonra orada ölür.
Məscidlə kilsənin qonşuluğu
Anqlikan kilsəsinin məscidin bir
addımlığında inşa edilməyinə icazə
verilməsi, o vaxtlar müsəlman ölkəsində dini
azadlığın nə qədər inkişaf etməsi ilə
bağlı müzakirələrə səbəb olmuşdu.
Hətta o illərdə yayımlanan
"İllüstrasiya London" adlı jurnaldakı
qravürlərdən birində təməl atma mərasimi
zamanı azan oxumaq üçün qonşu məscidin minarəsinin
şərəfəsinə çıxmış imam
görülməkdədir.
Kilsəyə qonşu olan Hacı Mimi Məscidinin
inşa tarixi XVI əsrə gedib çıxır. XX əsrin
əvvələrində dağılır və uzun müddət
xaraba halda qalır. Məhəllə sakinlərinin təşəbbüsü
ilə 1959-cu ildə daha kiçik olmaqla yenidən inşa
edilir. Mən içəridə olarkən azan oxunmağa
başladı və pianoçu əl saxladı və
çaldığı əsəri yarımçıq qoydu.
Axıra qədər gözlədi, azan bitəndən sonra
çalmağa davam etdi. Dində xoşgörülü olmaq
budur. Amma təəssüf ki, Anqlikan kilsəsində
gördüyüm bu xoşgörü yayğın deyil.
Malta daşları
Kilsənin inşasına 1864-cü ildə
başlanır və tamamlanmağı dörd il çəkir.
Daşların bir qismi Böyükadadan, əksəriyyəti
isə Maltadan gətirilir. Bu möhtəşəm abidəni
tikib başa çatdırmaq üçün ingiltərəli
divar ustaları və yerli fəhlələr birlikdə
işləyirdi. İşlər yekunlaşandan sonra seçim
olur və baş keşiş vəzifəsi Çarles Kurtisə
həvalə edilir, 1869-cu ildəki ölüm anına qədər
o, 40 il bu vəzifədə qalır. Doğrudur, kilsə
inşa edilir, istifadəyə də verilir, amma
yığılan pullar içərini əşyalarla tam təmin
etməyə, bəzi işləri yekunlaşdırmaq
üçün yetərli olmur. Vaiz kürsüsü belə
müvəqqəti qurulur. Hətta hazırda
gördüyümüz gül fiqurlu pəncərəni də
plana salmağa vəsait yetmir. Hər iki əskiklik 1880-ci illərdə
tamamlanır. Vaiz kürsüsü rahib Kurtisin dizaynı əsasında
fransız mərmər ustası Poirson tərəfindən
düzəldilir. Yumru panel isə Kurtisin köhnə dostu tərəfindən
Heybəliadada qədim Bizans kisəsinin qalıqları əsasında
qurulur. Kürsünün üzərində üç
böyük xristian ənənəsini təmsil edən yunan,
latın və ingiliscə yazılar var. "İsa Məsih və
bu işarədə qalib gələcəksən" adlı
bu işarəni Konstantin, ordusu ilə günəşə
doğru gedərkən, yunan yazısı ilə işıqda
parıldayan xaç görür. Konstantin əvvəlcə
bu görüntünün mənasını başa
düşmür. Ancaq ertəsi gecə yatır və yuxusunda
görür ki, Məsih ona düşmənlərinə
qarşı xaç işarəsi istifadə edərək
qalib gələcəyini göstərir. Əfsanəyə
görə, bu simvol sayəsində 312-ci ildə Konstantin sayca
daha az olmasına rəğmən, Milvian körpüsü
müharibəsini qazanır.
Əl əməyi, göz nuru
Vitrajlara gəldikdə isə... ortadakı Məsihin
başını təsvir edir. Ətrafında olan 4 vitraj isə
incilin dörd yazarının simvoludur. Kənardakı on iki
dairəvi vitrajın hər biri 12 həvarinin
başlarını əks etdirir.
Yahudanın təsvir edildiyi vitraj isə qan
qırmızısı olan döşəmədə otuz
gümüş pulla təsvir edilib və rum rəqəmi ilə
üç "X" əks edilib. İncilin Əhdi-Cədidinin
ilk kitabı olan Matta incilində yazılan hekayəyə
görə, gümüşlər Yahudanın İsanı ələ
vermək üçün aldığı pullardır. Son
axşam yeməyindən öncə, Yahudanın baş rahiblərin
yanına getdiyi və 30 gümüş pul
qarşılığında İsanı təslim etməyi qəbul
etdiyini, daha sonra peşman olaraq pulu geri qaytarmağa
çalışdığı deyilir. Bu hekayə kilsədə
sadə təsvirlər mükəmməl şəkildə tərtib
edilib.
Şükranlıq duyğusu
Rahib Kurtis öldükdən sonra onun yerinə Baroq təyin
edilir. Yeni rahib kilsədə əskik qalan rahib və xorun
olduğu yeri insanlardan ayıran barmaqlıq düzəldilməsi
üçün İngiltərəyə sifariş göndərir.
Daha sonra bir neçə rahib dəyişən kilsəyə
Boroq yenidən qayıdır. Barmaqlıqlar hələ də
İstanbula gəlib çıxmamışdı. Ta ki, ingilis
ordusunun 1923-cü ildə İstanbuldan getməyinə qədər,
ondan sonra barmaqlıqlar kilsəyə gətirilir.
Divarlardakı əl işləri isə 1999-2004 arası əlavə
edilir. Barbaqlığa rəssam Mungo Mak Kos tərəfindən
mükəmməl rəsmlər çəkilir. Kos, rəsm
çəkmə istedadını ona bəxş edən
Tanrıya və həyatının ən xoşbəxt
günlərini keçirdiyi İstanbul xalqına duyduğu
şükran səbəbi ilə gördüyü iş
üçün heç bir ödəniş almadı. Rəssam
bu əsərləri çəkərkən sənətçi
dostlarını, yoldaşlarını model olaraq istifadə
etdi. Bütün əzizlərin üzləri əslində sənətçinin
ətrafındakı insanların üzləridir. Ancaq rəsmlər
çəkilərkən bir çoxu həyatda deyildi.
Qapının sağ tərəfində yuxarıda
Anadoluda çobanların geyindiyi yapıncı və əlində
İsa simvollu quzunu qucağında tutan vəftizci Yəhyanı
görürük. Yəhya qiyamət günün
yaxınlaşdığını və bütün
insanların məhşərdə
yarğılanacağını vəz edən
özünü bu günə hazırlayarkən peşman
olanları vəftiz edən rahib kökənli yahudi peyğəmbərdi.
Xristian kilsəsində İsa Məsihin qabaqcılı olaraq
qəbul edilir və sayğı duyulur. Bundan əlavə,
işləmələr arasında ölüm mələyi
olan Mikayılın, Cəbrayılın, üzünü də görmək
mümkündür. Yaxınlığında isə rəssam
Kosun Fransada öldürülən əmisinin portretidir.
Cəhalət
Təbii ki, abidə inşa edildiyi gündən daima
yüksələn xətt üzrə getməyib. Tələb
görmədiyi üçün 1978-ci ildə
qapadılır. Xeyli baxımsız qalır. Kilsənin yenidən
dirçəlişi 90-cı illərə təsadüf edir.
Belə ki, binanın restavrasiya işləri İraqın
Küveyti işğal etdiyi dönəmdə İstanbula
qaçan bir qrup şri-lankalı mühacir tərəfindən
həyata keçirildi və 1991-ci ildə
qapılarını yenidən açdı. İçəridə
əsrarəngiz görkəmə malik "ferforie" pilləkəni
var ki, o da Londondan gətirilib. Binanın fasadı Erika
Bördün İncildəki hekayələri nəql edən rəngli
və modern tərzlə dizayn edilib.
Yeri gəlmişkən, kilsənin tragikomik hekayəsi
də var. Rəvayətə görə, Krım kilsəsi
açıldıqdan sonra kraliça Viktoriya kilsənin ərsəyə
gəlməsindəki qatqılarından ötrü padşah
Sultan Abdulməcidə avtomobil hədiyyə edir. Ancaq
İstanbula gələn avtomobil dönəmin
şeyxülislamının "şeytan işidir,
başımıza daş yağacaq" deməsinə görə,
Sarayburnundan dənizə atılaraq məhv edilir. Cəhalət
böyük qüvvədir. Bütün dövrlərdən
daha güclü, bütün inkişaflara rəğmən,
daha sarsılmaz bir qüvvədir!
Qeyd edim ki, kilsədə vaxtaşırı Bax və
digər bəstəkarların əsərlərindən ibarət
konsertlər təşkil edilir. Həftə sonu həmin
konsertlərdən birinə qatılacağım
üçün indidən həyəcanlanıram.
Maraqlıdır, bu cür əsrarəngiz atmosferə malik
yerdə Sebastian Bax konserti necə hisslər yaradacaq?!
Türkan TURAN
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.21.