İdmançı qadınlar: maneələrə qarşı, uğurlara doğru

 

 

Tarix boyu qadının sosial həyatın, demək olar, bütün sahələrində arxa plana düşməsi idman sahəsindən də yan keçməyib. Ancaq qadın idman dünyasındakı varlığını bütün maneələrə rəğmən, ən qədim zamanlarda belə saxlamağı bacarıb. Bir çox qədim mədəniyyətlərdə, az sayda olsa belə, idman sahəsində yer tutan qadınların olması da faktları bunu təsdiq edir. Homerin "Odisseya" poemasında da şahzadə Nausicaa və onun qulluqçularının çay sahilində bir-biri ilə top oynamasından və Odisseyin yuxudan bu səslərə oyanmasından bəhs olunur.

Qədim Yunan olimpiadalarından başlayaraq yaxın tarixə qədər qadın amili idmanda arzuolunmaz hesab edilirdi. Qadının nəinki idman aləmində təmsil olunması, hətta evli qadınların olimpiadalardakı yarışları izləməsi belə qadağan idi. Hətta müasir olimpiadaların qurucusu Baron Pierre Kubert belə qadınların olimpiada müsabiqələrinə buraxılmamasının tərəfdarı idi. "Qadınların rolu kişilərin qalibiyyətini təqdir etməkdir" - deyən Kubertə görə, qadın idmanları təbiət qanunlarına zidd hesab olunur.

Ona görə də 1896-cı ildə Afina şəhərində baş tutan olimpiadaya qatılmaq istəyən qadınlar müxtəlif bəhanələrlə yarışlardan kənarlaşdırılıblar və bu yanaşma 1900-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qədər davam etmişdi. Həmin il 26 ölkədən olimpiadaya qatılan 997 idmançıdan yalnız 22-si qadın idi. Kubertin etirazlarına baxmayaraq, qadınlar Parisdə keçirilən olimpiadada tennis və qolf idman növlərində iştirak edərək gözlənilməz uğura imza atırlar. Britaniyalı Şarlotta Kuper, amerikalı Marqaret Abot tennis və qolf yarışlarında birinci yer tutaraq qadının idman aləmindəki yerini nisbətən ön plana çəkməyə nail oldular.

Qadınlar idman sahəsində onlara yaradılan maneələrə baxmayaraq, gün keçdikcə daha güclü mübarizə aparmaq yolunu seçiblər. Bunun ən əhəmiyyətli göstəricilərindən biri 1922-ci ildə keçirilən Paris Qadın Olimpiadası idi.

Hansı ildə, hansı zamanda yaşamağımızdan asılı olmayaraq hər zaman tarixin künc-bucağından o mübariz qadınlar bizim ilham mənbəyimiz olmağa davam edir. Aradan bir əsrdən çox zaman keçib və bu gün qadınlar idmanın bütün sahələrində qazandıqları uğurlarla tabuları qismən də olsa dağıtmağa müvəffəq olublar.

Bizim yaşadığımız coğrafiyada da qadının ən çox yaraşdığı və yaradığı yerin mətbəx olduğu düşüncəsi hər zaman hakim olub. Qadınların təhsil alması, işləməsi və cəmiyyətə qazandırılması uğrunda mübarizə apardığımız uzun və keşməkeşli bir dövrü yola salmışıq. Bu gün Azərbaycan qadını mətbəxtdən çıxaraq bir çox sahələrdə dünyanı fəth edir.

30-40 ildə qadınlarımız ictimai, siyasi meydanda olmaqla yanaşı, həm də idmanın ən çətin istiqamətlərindəki nailiyyətlərlə xeyli yol qət ediblər. Son bir neçə ildə isə Azərbaycan idmanı Avropa Çempionatlarında qadın idmançılar sayəsində "ilklər"ə imza atıb. Hazırda dünyanın bir sıra ölkələrində qadınlar iş həyatından təhsil həyatına qədər bir çox sahədə cinsiyyətlərinə görə bərabərsizliyə məruz qalır. Belə örnəklərin olduğu bir zamanda builki XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən 48 idmançımızdan 20-sinin qadın olması və ölkəmizin ilk dəfə qadın badmintonçu ilə də təmsil edilməsi artıq bizim cəmiyyətdə qadının uğurlu kişinin arxasındakı qüvvə rolundan çıxaraq özünün uğur simvoluna çevrildiyini göstəriir.

Yola saldığımız həftənin qəhrəmanına çevrilən Lamiyə Vəliyevanın isə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yeni dünya rekorduna imza atması bütün dünyada, eləcə də ölkəmizdə gender bərabərsizliyinə qarşı aparılan mübarizəyə bir növ dəstək oldu. Ümumiyyətlə tarixə nəzər saldığımız zaman qadınların idmanda aktiv fəaliyyətinin qadın haqlarının müdafiəsi uğrunda aparılan mübarizə ilə paralellik təşkil etdiyini görərik. Lamiyənin qazandığı bu uğur arzuları ilə maneələr arasında sıxılıb qalan neçə-neçə gənc qıza bir ümid yeridir. Böyük ictimai-siyasi xadim və fikir adamı Nelson Mandelanın dediyi kimi: "Təhsil mentalitetləri dəyişdirmək və fərqlilikləri aşmaq üçün güclü silahdır, idman isə ilham mənbəyi, özünü üstələmək, tolerantlıq və gənclərə hörməti öyrətməkdir. Bu iki ünsür daha ədalətli və qardaş cəmiyyətin yaradılmasına töhfə verir".

Ötən gün Tallində keçirilən Avropa Çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan cüdoçumuz Könül Əliyeva bir daha göstərdi ki, idman genderlə məhdudlaşmır və qadınlar yalnız estetik idman növlərində deyil, həmçinin ən çətin növlərdə belə kişilər qədər uğurlu ola bilərlər.

Təkcə Azərbaycanda deyil, qadının sosial mühitdə əskik təmsil edilməsi həm Şərqdə, həm də Qərbdə olduqca həssas bir məsələdir. Zaman-zaman feminist hərəkatlarının nümayəndələrinin diqqətçəkən məqamlarına şahidlik etmişik. Elə ölkəmizdə də bu qəbildən olan bayağı nümayişlərin nümunəsi olub. Amma zaman keçdikcə sanki qadınlar özləri də dərk edirlər ki, hüquqlarına, haqlarına sahib çıxmağın yolu, nə bayağı çağırışlarda, nə mənasız nümayişlərdədir. Sadəcə motivasiya lazımdır. Bu motivasiyanı da qarşısına qoyulan bütün maneələri dəf edərək uğur əldə edən qadınlar yarada bilər. Çünki qazandıqları uğurlarla dünya idman tarixinə adını yazdıran qadın idmançılar bu bərabərsizlik mühitində daha çox liderlik və fərq yaratmaq motivasiyasına sahibdirlər.

İstənilən haqsızlığa, ədalətsizliyə və bərbərsizliyə qarşı meydan oxumağın ən yaxşı yolu arzularının, hədəflərinin və içindəki işığın arxasınca getməkdir. Kişilərin üstünlük təşkil etdiyi sahələrdə bu gün qadınların uğurlarına şahid olmaq qürurvericidir və bu zəfər qadının sosial mübarizəsinin bir parçası, cəmiyyətdə haqqı olan yerə sahib çıxması uğrundakı haqq arayışıdır.

Uğurları ilə örnək olan qadınlar digər həmcinsləri üçün özünükəşf etmə mənbəyidir. Araşdırmalar göstərir ki, olimpiadalarda qızıl medal qazanan qadınlar hər zaman həmcinslərini idmana təşviq edərək  ruhlandırırlar. İdman rəqabət və əməkdaşlıq arasında incə xətt yaradır və qadınlar bunu ən yaxşı idman vasitəsilə ifadə edə bilirlər. Çünki idman qadının fiziki, əqli, mənəvi və sosial məmnuniyyət əldə edə biləcəyi bir fəaliyyət sahəsidir. Qadın beyni neqativlərə fokuslanmağı xoşlasa və kişidən daha emosional olsa da, idman bizə çox tez bir zamanda bunun əvəzini ödəməyi və uğur üçün məsuliyyət daşımağı öyrədir. Bunu kəşf edən idmanla məşğul olan qadınlar kiçik addımlarla da olsa, böyük uğurlara imza atırlar.

Son zamanlar qadınlarımızın idmanda əldə etdikləri irəliləyişlər heyrətamizdir və bu qadınların səsləri bütün planetdə əks-səda verməlidir. Onların bu yolda apardıqları mübarizə, göstərdikləri qətiyyət və qazandıqları uğurlar gələcəkdə də gənc qızları arzularının arxasınca getməyə ruhlandıracaq. Dünyanın ən iradəli və mübariz insanların olan Nelson Mandela bu fikrində də haqlıdır: "İdman bir vaxtlar ümidsizliyin olduğu yerdə ümid yarada bilər".

 

Günel MUSA

525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.20.