ATA QƏDƏR SEVİMLİ, OĞUL QƏDƏR ƏZİZ  

 

Bu gün Vaqif bizə ondan daha yaxın və həm də daha məşhurdur. Öz ədəbiyyat tarixinə az-çox bələd sıravi azərbaycanlının onları müqayisə etmək heç ağlına da gəlmir. Yəni o hara, bu hara? Axı Molla Pənah Vaqif (1717-1797) ümumi təsəvvürdə ədəbiyyatımızın ən böyükləri zümrəsindədirsə də, az tanınmaq ucbatından Qasım bəy Zakirin yeri əslində ona yaraşan məqamdan xeyli aşağıdadır. Bu da qətiyyən belə düşünənlərin təqsiri deyil. Baislər Zakiri bu millətə gərəyincə yaxınlaşdırıb sevdirməkçün iş görməli olub görməyənlərdir.

Ancaq gedişatın bu yerə gəlib yetişməməsi üçün daha əvvəllərdə lazımınca zəhmətlər çəkilmişdi. Zakirin kimliyini, hansı gücün sahibi olduğunu millətə anlatmaq yolunda vaxtında elə gərəkli və sanballı işlər görülüb ki, üstünə əlavə olaraq nəsə qoymaq demirəm, heç olmazsa bu ritm saxlansaydı, Zakir bu gün tam haqq etdiyi azmanlar qatarında çöhrəsi öndə görünənlərdən olardı. 1925-ci ildə Salman Mümtaz ilk dəfə Zakir şeirlərinin geniş müqəddimə ilə ayrıca toplusunu buraxmışdı, 1957-ci ildə Kamran Məmmədov şair haqqında onun həyatı və irsini bütün yönləri ilə araşdıran kitab yazmışdı, aralıqda çıxan digər Zakir şeirləri məcmuələrinihələ bir kənara qoyaq - şairin 1964-cü ildə Süleyman Rüstəmov tərəfindən hazırlanmış akademik nəşr sayılası mükəmməl “Əsərləri” işıq üzü görmüşdü və ən vacibi - Zakir orta məktəbdə tədris edilir, əzbərlənən şeirləri ilə gənc nəslin yaddaşına böyük ədəbiyyatı dərk etməyə başladığı çağlardan ötürülürdü. O köhnə işlərə indi - XXI yüzilin üçüncü onilindən baxırkən aşkarca duyulur ki, həmin nəşrlərin hər birində yüksək elmi peşəkarlıqdan əlavə Zakirə müəlliflərin sadəcə rəğbəti, ehtiramı deyil, dərin sevgisi var.

Elə bil ki, həmin övlad sevgisi sonralar səngiyən kimi oldu. 1950-60-70-ci illərdə Zakirin abidəsi də yapılmışdı, məşhur rəssamlarımız onun surətini fırçaya da almışdılar, şeirlərinə illüstrasiyalar da çəkilmişdi, bəstəkarlarımız şeirlərini də nəğmələşdirmişdilər. Nə edildisə, elə o vaxt edilənlər oldu. Üstünə yeniləri gəlmədi. Yaxşı, gəlmirdi-gəlmirdi, barı edilmişlərin yaddaşın fəal qatında qalmasına çalışılaydı. Bu da edilməyib. Odur ki, qoca Zakiri indi xatırlamaq cəhdim onun haqqında nəsə xüsusu təzə söz demək istəyindən daha çox onu bürümüş sükutu və dumanı dağıtmaq, həqiqətən hər cəhətdən nurlu olan varlığı və camalını bugünün insanına daha yovuq etməkdir. Zakirinsə bu xalq üçün etdiklərinə və vicdanla sürdüyü həyata, yadigar qoyduğu qiymətli ədəbi mirasa görə hərdən-hərdən, yada düşəndən-düşənə deyil, mütəmadi olaraq belə nəvaziş və diqqət görmək haqqı var!

Cəfər Cabbarlı Mirzə Fətəlinin müstəsnalığını ilk növbədə onun tilsimqırıcı olmasında görür, əsrlərcə Füzuli sözünün başına dolanmaqda olan ədəbiyyatı bu çıxılmazlıqdan qurtararaq yeni bir yolla irəlilədə bilməsində tapırdı.

Amma eyni işi Zakir də gördü axı! Özü də Zakir birdən-birə ədəbiyyatımızın iki başlıca səmtinin hər birində tilsimqırma qəbilindən olan belə yenilikçiliyə imza atdı.

O, qəzəlçiliyə yeni hüsn, həcvguluğa büsbütün yeni ictimai məna verməyi, sonrakı satiramızın təməlqoyucularından birinə çevrilməyi bacardı.

Zəmanənin gerçək simasını canlandıran mənzum məktubları iləsə ədəbiyyatda tamam yeni bir istiqamət yaratdı.

Şeirlə məktub yazmaq vərdişi Zakirdən yüzillər əvvəl də olmuşdu. Ancaq Zakir qələmə aldığı silsilə məktublarla örnək şeir növü doğurdu. Bu şeirlər silsiləsində keçmişlərdəki şəhraşub və şəhrəngizlərin müasirləşmiş görüntüsü də vardı, ictimai satira dalğası da, ədəbiyyatımızda yeni olan səmimi, doğruçu deyiş tərzi də, olanları artırıb-əskiltmədən olduğu kimi əks etdirmək meyli də.

Bunlar Zakirdən gələn elə üstünlüklər idi ki, onları görməmək mümkün deyildi və bilici Firidun bəy Köçərlinin sərraf gözləri, təbii ki, həmin özəlliklərin hər birini müşahidə etmişdi: “Türk qəzəlləri var ki, Füzulinin qəzəllərinə bərabərdir. Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil. Amma asar ü əş`arının cümləsindən artıq əhəmiyyətlisi və məişətimizə münasibətlisi Mirzə Fətəli Axundova, qutqaşınlı general İsmayıl bəyə, qubernator Mixail Petroviç Kolyubakinə, Rəhim bəy Uğurlubəyova, Cəfərqulu xana, Baharlı Mirzə İsmayıla, zəngilanlı Məhəmməd bəy Aşiqə, Mirzə Mehdiyə və digər müasiri olan dost-aşnalarına yazdığı məktublardır ki, cümləsi nəzm ilə açıq və sadə dildə yazılmışdır. Bu məktublarda dürlü məsəllər, zərif kinayələr vardır ki, azdan çox və nazikdən yoğun mənalar anlamaq gərəkdir”.

Sözü sözdən, şəxsiyyəti şəxsiyyətdən, bu ədəbi əməli obiri ədəbi əməldən səriştə ilə seçib-sonalamağa qadir Salman Mümtazsa hələ bir əsr qabaq Zakirin şeirlərini və haqqında bilgiləri ilk dəfə sanballı bir kitaba sığışdıraraq Azərbaycan oxucusuna təqdim edərkən onu, Vaqifin ardıcılı olsa da, Vaqifdən daha irəliçi sayaraq təsdiqləyirdi ki: “Vaqifin getdiyi yolu təqib edən və xalqa yanaşmaq üçün Vaqifdən daha sürətli və cəsarətli addımlar atan namdar şairlərimizin başçısı Qasım bəydir”.

Və təəssüflənirdi ki, “bu günə kimi bizə adi və əhəmiyyətsiz şairlər cərgəsində göstərilən bu böyük şairimiz Vaqifin müəqqəb və müqəllidi, Sabirin pişvası və müctəhididir. Zakirdən əvvəl elin və xalqın dərdlərindən sözgəlişi qəbilindən olaraq üstüörtülü surətdə bir və ya iki beyt yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli, hər bir sinfin eybini, suçunu apaçıq üzünə çırpıb xəyanət və cinayətini tamamilə gözlərinin içinə söyləyən olmamışdır”.

Mümtaz Zakirin qırmanclayan satiralarını “dəhşətli şeirlər”, özünü isə “böyük el şairi adını qazanmağa ləyaqət kəsb etmiş qəhrəman şairimiz” deyə təqdim edirdi.

Zakiri düşünürkən gərək bir mühüm cəhət də daim nəzərdə saxlana. O, yaradıcılıqda necəydisə, həyatda da elə idi. Tarixin yaxın və uzaq dövrlərində ömür sürmüş, yaşayan və gerçəkdən də çox üstün olan yaradıcılığa sahib ədiblərimizin hamısına bu baxımdan bələd olmasaq da, hər halda həm şəxsiyyətlərini, həm irsini gözəlcə bildiklərimiz də az deyil ki, onların adamlıqları ilə yazdıqlarının heç də həmişə tən gəlmədiyindən agahıq.

Qasım bəy Zakirsə yalnız sözündə deyil, əməlində də dürüst imiş - haqsızlığa səbr etməyən, ürəyini deşən sözü içərisində saxlamayan!

Yazdığı kəskin misralara görə Zakirə qeyzlənənlər, qisasa can atanlar olduğu kimi, düzü deyən sərt dilinə görə ondan incik düşənlər də az deyilmiş.

Firidun bəy Köçərli Zakirin bu məziyyətləri barədə ona görə inamla bəhs edirdi ki, bunları ən ürək qızdırdığı mənbədən - atası Əhməd bəydən eşitmişdi: “O zat-i şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş, göyçək, ağıllı və göy rəngə mail gözləri var imiş, simasından, hərəkət və süknasından asar-inəcabət və rəşadət görünərmiş. Danışmağı fəsih və sövtü dilkəş olmağa görə çoxları özünə mail edərmiş və danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməzac olduğu üçün tərpənişində dəxi çapüklük görünərmiş. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb onun qeyz ü hiddətinə səbəb olarmış”.

İndi rəvadırmı belə kişidən uzaq düşək, onu tez-tez yada salmayaq, adını, sözünü müdam diri saxlamayaq?!

...Şahidlər dünyanın hər yerində, tarixin hər dövründə bir-birinə bənzəyir. Şahidlərin vicdanlısı, doğruçusu da olur. Şahidlərin arasında həqiqəti əyənlərə, saxtakarlara da az rast gəlinməyib. Bu, insanlara da aiddir, insan kimi danışa bilən, şahidlik eləyən, həqiqətlərin üzə çıxmasına kömək göstərmək imkanı olan tarixi vəsiqələrə, yazılı qaynaqlara da. İnsanların arasında düzlər və əyrilər olan kimi, elə sənədlərin içində, tarixi vəsiqələrin arasında da əyrilər də var, həqiqəti əyənlər də kefin istəyən qədərdir. Ancaq tarixi sənəd olan şahidlərin insanlardan mühüm bir fərqi də var. Onlar yalnız gerçəklərin aşkarlanmasına kömək etmirlər, həm də dönüb körpü ola bilirlər. Pıçıldaya bildikləri ilə əski zamanları bizim günlərin qoynuna gətirirlər, bizi aparıb o çağın insanları ilə müasir edirlər. XVIII yüzildən qalan bir Kişi köynəyi var ki, o da şahiddir. Bizi iki-üç əsr o yana apara bilir. Bu Köynəyi bir Kişi geyibsə də, həmin Köynəkdən çox insanlar çıxıb. Çünki bu, Şuşa qalasının qurucusu Pənahəli xanın köynəyidir. Bu köynəyə zamanında “gülləbatmaz köynək” deyiblər. Üstündə naxış kimi Quran ayələri yazılıb. Rəvayət edirlər ki, Pənahəli xan döyüşlərə gedəndə bu köynək əynində olarmış. Nə zirehli paltardan, nə qalxandan, nə də bədənini qoruyacaq hansısa digər dəmir-dümürdən istifadə edərmiş. Onların hamısının əvəzinə bu köynəyi geyinərmiş və inanarmış ki, Köynək onu qoruyacaq. Həqiqətən də, Pənah xan çox döyüşlərin içərisindən keçib, çox çətin sınaqlarla üzləşib, ancaq köynək onu həmişə bəlalardan hifz edib. Bu köynəyin üstündəki müqəddəs yazılara görəmi belə olmuşdu, ya tarix, tale özü Pənahəli xanı Qarabağ üçün, Azərbaycandan ötrü qoruyurdu?

Pənahəli xan məşhur Cavanşirlər nəslinin öndəri idi və həmin sülalədən tariximizdə qalacaq neçə-neçə böyük şəxsiyyətlər yetişdi. Cavanşirlər nəslindən çıxmış və Azərbaycan tarixində həmişə qalacaq, həmişə seviləcək, ölməz sözləri ilə daim ehtiramlar oyadacaq belə məşhurlardan biri də Qasım bəy Zakirdir.

Və əslində Qasım bəy də elə rəmz olan həmin Köynəkdən çıxıb. Qarabağın say-seçmə ailələrindən birinin övladı, Köçərlinin deyişincə, bu bölgənin “mümtaz nücəbalarından” olan Qasım bəyin atası Əli bəy, Əli bəyin atası Şahverən bəy, onun da atası Kazım ağa idi ki, bu sonuncu Pənahəli xanın doğma qardaşı Hüseynəlinin oğlu idi. Yəni köynək həmin mübarək köynəkdir.

Qan, əsil-nəcabət, iliyə işləmiş şəcərə intizamı öz yerində. Cavanşirlər nəslindən olanların hamısında həm də kiçik yaşlarından mütləq sülalə məsuliyyəti vardı. Cavanşirlər mərd, torpağa bağlı, eli istəyən olublar. Çalışıblar ki, xalq üçün nəsə etsinlər. Qasım bəy Zakir də başqa cür ola bilməzdi. O da şanlı nəslinin millətə xeyir, yurda dayaq olmaq ənənələrini sədaqətlə və başacan davam etdirdi. Nə qədər maneələrlə, məşəqqətlərlə üzləşdisə də, bu xislətindən dönmədi. Özü də, ailəsi də çox əzablara mübtəla oldu. Onun Pənahəli xan kimi əyninə geyəsi bu cür “gülləbatmaz köynəyi” yox idi. Onu bəlalardan qoruya biləcək, qarşılaşdığı əzablara sipər çəkə biləcək yeganə güc qələmi, kağızı, ürəyindən axıb gələn sözlər idi. Hərçənd elə hərdən onların ucbatından da ayağına daşlar dəydiyi olurdu. O kəslər ki sağlığında Qasım bəyin həyatını acı eləyirdilər, onların hamısını vaxt aldı apardı. Əksərinin heç adı yada da düşmür, xatırlananda da haçansa Qasım bəy Zakir kimi qeyrətli və gərəkli bir vətən yavrusunu incitdiklərinə görə nifrinlə anılırlar. Qasım bəy isə o fənaya uğramışlardan fərqli olaraq bitməz ömrünü davam etdirməkdədir. Çünki onun əynində ulu babası Pənahəli xanın əynindəki “gülləbatmaz”dan daha qüvvətli bir köynək həmişə olub, bu gün də var. Dürr kimi inci sözlərdən biçilmiş o köynək Qasım bəy Zakiri tarixin dünənində də qorudu, bu gün də qoruyur, bütün gələcəklərdə də hər şeydən qüvvətli zaman qasırğalarından salamat çıxaracaq. Çünki yaşanmış tarixin sübut etdiyi danılmaz həqiqətlərdən biri də budur ki, var olanlar arasında sözdən daha yaşarı, sözdən daha solmaz, sözdən daha məhrəm heç bir nemət yoxdur.

...Qasım bəy Zakir Qarabağın təlatümlü çağlarında dünyaya gəlmişdi - 1784-cü ildə. Bu tarix dəqiq bəllidir. Ən əski zamanlardan XIX yüzilliyin ortalarınadək Qarabağın başından gəlib keçənlərdən bəhs eləyən kitabının adını Mirzə Adıgözəl bəy “Qarabağnamə” qoymuşdu. Müxtəlif mövzulu əsərlərin adlarına “namə” kəlməsini əlavə etmək adətinin müsəlman Şərqi ədəbiyyatı və tarixindəki təcrübəsi azı min ildir ki, var və məsnəvilərin, şeir silsilələrinin, risalələrin sərlövhəsinə çıxarkən adətən bu söz “kitab” anlamında işlənərdi. Elə Mirzə Adıgözəl bəyin əsərində də Qarabağ haqqında kitab mənasındadır. Ancaq bunu bilə-bilə tarixi əsərlərin, o sıradan “Qarabağnamə”lərin başlığındakı “namə”ni həmişə elə ilkin anlamında, “məktub” mənasında qavrayıram. Dünəndən bizə və bizdən sonrakılara göndərilmiş məktub!

Mirzə Adıgözəl bəy 1845-ci ildə tamamladığı Məktubunda Zakirdən də yazırdı. Onlar uşaqlıq yoldaşı olmuşdular, eyni mədrəsədə təhsil almışdılar.

O məşhur mədrəsədən bir başqa ad-sanlı qarabağlı - Mir Möhsün Nəvvab (1833-1918) da 1891-ci ildə başlayıb 1892-ci ildə bitirdiyi təzkirəsində bəhs edərək yazırdı ki, “Zakir həmişə mənim “Quran”dan dərs dediyim məktəbin qarşısında oturacaq yerində əyləşərdi. Hər dəfə də əlində qələm-kağız olardı və şeir yazardı. Çox vaxt həcvlər deyərdi, türk və fars dillərində qəsidə, qəzəl, müxəmməs, dördlüklər yazıb hamıya verərdi”.

1795-ci ildə Qarabağın başı üzərindəki buludlar sıxlaşmağa başlayır. Ağa Məhəmməd şahın qoşunu Qarabağ səmtinə hücuma keçir. Həmin il Qasım bəy Şuşada mədrəsədə oxuyurdu.

1797-ci ildə, Qacar ordusu Qarabağa ikinci dəfə həmlə edəndə Qasım bəy artıq yekə oğlan idi, 13 yaşı vardı, dünyanı dərk edirdi, baş verən hadisələrin dəhşətini anlayırdı.

Həmin il Şuşa qalasını fəth etmək istəyən Şah Qacar arzusuna çatmadan qətlə yetirilir. Amma həmin il daha bir dəhşətli hadisə də baş verir. Qasım bəyin hələ uşaqlıq, yeniyetməlik çağlarından şeirlərinin aludəsi olduğu Molla Pənah Vaqif oğlu ilə birlikdə öldürülür. Təbii ki, gözünün önündə baş verən bu müsibətlər, şahidi olduğu qırğınlar, dağıntılar, ölüm-itimlər Qasım bəyi elə uşaqlıq dövründə yaşından daha yaşlı etməyə bilməzdi.

Üzləşdiyi yüz cür sıxıntılar, sarsıntılar olmasaydı, bədəncə yetərincə sağlam olan Qasım bəy Zakir bəlkə daha uzun yaşayardı. O, 1857-ci ildə 73 yaşında vəfat etdi və 73 illik ömrünün 60 ilini qələm-kağızla birgə oldu, yazıb-yaratdı.

Nəvvab onu elə bu cür - əli qələm-kağızlı, həmişə şeirlə baş-başa xatırlayırdı və görünür, Zakirin tarixdə, millət yaddaşında qalmalı şəkli də elə budur: şeirlər yazan, düşünən, yazdıqlarını dost-tanışa paylayan, sabah bundan daha yaxşısını yazacağına əmin olan ilhamlı cavan şair!

“Şairin yaratdığı tərcümeyi-haldır” deyimi sübuta ehtiyacı olmayan həqiqətdir. Şair nə qədər mücərrəd, zahirən zəmanəsinə, gününə dəxli olmayan mətləblərdən yazır-yazsın, hökmən qələmindən çıxanlarda günü də olacaq, özü də.

Zakirə gəlincə, hətta onun qəzəllərini, müxəmməslərini, müstəzadlarını, təcnislərini, qoşmalarını, gəraylılarını qırağa qoysaq belə, - hərçənd onlarda da vaxtın çöhrəsi görünməkdədir, - satiralarında, mənzum məktublarında isə o, birbaşa içərisindən keçib-getdiyi zamanın şəklini çəkib.

Ancaq başqalarının yazdığı, Zakirin öz ömrünün şəklini bizə göstərən qaynaqlar da var. Zakirin həmin mənbələrdən görünən həyatı kədərli, üzüntülüdür.

Qarabağ hakimi Pənahəli xanın külfəti qol-budaqlı olmuşdu - on iki oğlu vardı, səkkiz qızı. Xan hələ sağlığında böyük oğlu Məhəmmədhəsəni vəliəhd təyin etmişdi. Fəqət qismət elə gətirdi ki, Məhəmmədhəsən erkən vəfat etdi və taxta yiyə durmaq, hakimliyi davam etdirmək digər oğlun - Mehdiqulu xanın bəxtinə düşdü. Mehdiqulu xan yaxın qohumlarından olan Qasım bəyə Xındırıstan kəndini hədiyyə etmişdi. Vur-tut 20 ailəli Xındırıstan Qarabağın sən deyən varlı kəndlərindən deyildi. Olan-olmazı çox da geniş olmayan üzüm və tut bağları idi. O kəndin Qarabağın digər kəndlərindən kasıblığının bir əlaməti də bu idi ki, illik gəliri cəmivaxta görə az bir məbləğ - 450 manat gümüş pul edirmiş.

Ancaq Zakir gözütox, aza qane olan bəy idi və o çağlar Azərbaycan boyu Qarabağdakı kimi bəylər çoxdusa da, əksəriyyəti savadsız, bir çoxunun da tamahı Həzrət Əlinin qılıncından iti idi.

Qasım bəy zamanının bəylərinin əksərindən fərqli olaraq dərin bilikli, geniş dünyagörüşlü şəxsidi, amma daha vacib olan başqa bir keyfiyyəti vardı ki, o, qətiyyən özünü rəiyyətdən ayırmazdı. Elə kənd camaatı ilə birgə əkib-biçirdi, məhsul yığımında iştirak edirdi, “bəyəm” deyib özünü dartmadan camaatla eyni süfrə arxasında oturub çörək kəsirdi.

Bu sadə davranış, xalqçı rəftar elin gözü qabağında baş verirdi. Başqalarına da ibrət olsun deyə ayrı-ayrı şahidlər bütün bunları yalnız rəvayətlər kimi dildən-dilə ötürməyib, həm də sənədləşdirib, gələcəkdəkilər də bilsin deyə yazıya da alıb. Ancaq başqalarının yazması öz yerində, həyatının bu çalarını, kimliyini, hansı uruğun balası olmasını Zakir özü də misralarında tarixləşdirib:

Tanırı məni məcmui otuz iki Cavanşir,

Bir mərd-i xoşliqavu həm sahib-i tədbir.

Rövşəndi qamu aləmə -zatımda Xudavənd,

Xəlq eyləməyib mu qədəri hiylə vü təzvir.

Atalar məsəlidir ki, yüz yeyənin olsun, bir deyənin olmasın.

Qasım bəy bər-bəzəksiz, təmtəraqsız həyatını yaşayırdı. Süfrəsi isə həmişə açıq idi. Yüz yeyəni var idi, ancaq deyənlərin sayı bir yox, lap çox imiş. Həm də Zakirin əleyhinə deyənlər, onun rahat ömrünü məhvərindən çıxaranların bir çoxu bunu bilavasitə şairin özünə görə yox, qohum-əqrəbasından narazılıqları üzündən edirdilər. Qasım bəy qızı Nənəş xanımı Əli bəy Fuladova ərə vermişdi. Əli bəy Mehdiqulu xanın təsərrüfat işlərini idarə edirdi və Mehdiqulu xan da ondan çox razı imiş. Əli bəy ailəsi ilə Ağdamda yaşayırdı, babat güzəranı vardı, lakin Mehdiqulu xanla ədavət saxlayan Cəfərqulu xan, - o Cəfərqulu xan ki, həm də şairliyi vardı,”Nəva” təxəllüsü ilə şeirlər yazardı, - öz kininin, hikkəsinin bir səmtini də Fuladova yönəltmişdi. Çünki Əli bəy Fuladovun Mehdiqulu xanın işlərini rəvan aparması Cəfərqulu xanı hiddətləndirən bir ayrı səbəb idi. Nə qədər ki Mehdiqulu xan sağ idi, Cəfərqulu xan Əli bəy Fuladovun əleyhinə cınqırını çıxara, artıq hərəkət edə bilmirdi. Ancaq Mehdiqulu xanın vəfatından sonra qollarını çırmalayır, girişir Əli bəy Fuladova cürbəcür tələlər qurmağa. Şuşa sakini Məməğanlı Kərbəlayı Allahverdini öyrədirlər ki, hökumətə şikayət etsin, guya Əli bəy ondan min iki yüz tümən pul alıb, qaytarmır. Üzə durası yalançı şahidlər də tapırlar, divanla danışıqlar aparırlar və razılıq alırlar təsdiq eləsin ki, həqiqətən, Əli bəy Fuladov o borcu alıb. Cəfərqulu xanın adamları buna da nail olur ki, qərarda borcun əvəzinə Fuladovun əmlakının müəyyən hissəsinin şikayətçiyə verilməsi təmin edilsin.

Əslində heç bir borc söhbəti-filan yox idi və elə iri miqdarda pul demişdilər ki, Fuladovun onu ödəyəcək halı da yox idi. Ona görə də Əli bəyin əmlakının böyük bir hissəsinin alınıb şikayətçiyə verilməsindən savayı, çarə qalmırdı. Qazi o hökmü çıxarır və Əli bəyin ailəsi müşkül vəziyyətə düşür.

Xındırıstan balaca kənd idi, gəliri-çıxarı zorla bir-birini tamamlayırdı. Amma indi Qasım bəy Zakirin bu Fuladov hadisəsindən sonra yükü bir az da artır. Qızını nəvələri ilə birgə o dolandırmalı olur. Ancaq hər bədbəxtliyin ardında bir xoşbəxtliyi, hər nəhs işin arxasında könül atlandıran bir xoş təsadüfü Pərvərdigar daim ehtiyatda saxlayır. Qasım bəy Zakirin yanında böyüdüklərindən, onun tərbiyəsini gördüklərindən üç qız nəvəsinin üçü də şair olur. İbrahim bəy Azər, Abdulla bəy Asi, bir də Xudadat bəy. Bütün sevincini də, dərd-qəmini də misralarına tökən Qasım bəy Zakir həyatının bu hadisələrini də şeirlərində əks etdirib və yazır ki, bundan özgə bir qəmim yoxdur. Ancaq bundan özgə bir qəm də gəldi. Qasım bəy Zakirin qardaşı Şahverənin iki oğlu vardı: Rüstəm, Behbud. Zəhmətkeş bir ailə idi. Onlar da torpağa, əkin-biçinə bağlı insanlar idilər. Əli bəy Fuladovla düşmənçiliyə başlayanlar bu ailəyə başqa istiqamətdən də hücumlar etməyə başlayırlar. Qarabağ hakimi Tarxan Mouravova yol tapırlar. Cürbəcür böhtanlar uydururlar, şər atırlar. Deyirlər, bu ailə çarın ziddinə danışan, hökumət əleyhinə işləyəndir.

Yay günləri Xındırıstanda gündüzlər çox qızmar olduğundan Rüstəm kəndə iş üstünə axşam sərini düşəndən sonra gedərmiş. Təbii ki, axşam getdiyindən qayıdanda da xeyli gecəyə düşürmüş. Tarxan Mouravov adamlar göndərir. Rüstəmi qayıdanda gecə vaxtı həbs edirlər ki, sən yolkəsənsən, qaçaq-quldursan, nə illah eləyir, hara getdiyini, haradan gəldiyini desə də, məhəl qoymurlar. Etinasızlıq göstərirlər, ona görə ki, onların məqsədi həqiqəti eşitmək deyildi, məqsədləri Rüstəmi həbsə atmaq idi. Adamın işi tərsə düşməsin. Qəziyyə elə gətirir ki, Rüstəm türmədə olduğu vaxtlarda bir neçə dustaq qaçır. Tarxan Mouravova xəbər verirlər ki, dustaqxanadan qaçanlar var. Arasalar da, o dustaqxanadan qaçanları tapa bilmirlər. Tarxan Mouravov qərara alır ki, o qaçanlara əli çatmasa da, türmədən qaçmayanları, qalanları cəzalandırsın. Necə döyürlər, necə işgəncə verirlərsə, bir neçə dustaq həyatını itirir və öldürülənlərdən biri də Rüstəm bəy olur. Rüstəmin balaca qardaşı, Qasım bəy Zakirin o biri qardaşoğlusu Behbud orda-burda danışır ki, mən bu qanı yerdə qoymayacam,Tarxan Mouravovdan qisasımızı alacam.

Bu sözü, üstünə beşini də qoyaraq Qarabağ hakimi Tarxan Mouravova çatdırırlar. O da qət edir ki, Behbudun əlindən xata çıxmamış qabaqlayıcı tədbir görsün. Qabaqlayıcı tədbir də o olur ki, Behbudu da tutub atırlar zindana. Ancaq Behbud igid, qorxmaz, cəsur bir oğlanmış. Necəsə türmədən qaçmağa imkan tapır və başlayır qaçaqçılığa. Harada qabağına bir hökumət məmuru çıxırsa, başının dəstəsi ilə onu cəzalandırır. Bütün bunlar - bir tərəfdən Əli bəy Fuladov hadisəsi, o biri yandan da Behbud qəziyyəsi Zakirin başına təzə bəlalar açır. Behbud harada bir əməl törədirsə, yapışırlar Zakirin yaxasından, başlayırlar onu incitməyə. Zakir hökumətə ayrıca bir ərizə də yazır ki, mənim qardaşoğlum qaçaqçılıq edir, ancaq onun mənə dəxli yoxdur. Kim idi bunu vecinə alan. Hətta Zakirin özünün başının üstünü təhlükə almışdı. Deyirdilər ki, iğtişaşlara, etirazlara səbəb olan, bütün bunlara camaatı qızışdırıb təhrik edən elə Zakirin özüdür. Qasım bəyi də həbs etmək niyyətindəydilər. Sözgəzdirənlər, qeybətçilər, hökumətə yarınmaq üçün girəvə arayanlar Zakirin bu vəziyyətindən istifadə edirlər. Guya hökumətə sədaqətli olduqlarını göstərmək üçün Tarxan Mouravova Qasım bəy Zakirlə bağlı yüz cür iftiralar söyləyirlər. Onu qızışdırırlar ki, bu Qasım bəyin qolunu-qanadını qırmaq lazımdır. Əlində-ovcunda olanları almaq lazımdır ki, gücü azalsın. Çünki imkanı çox olduqca o, dövlət üçün təhlükədir. Və 1849-cu ildə Zakirin həyatında daha bir müdhiş hadisə baş verir. Tarxan Mouravov özü başda olmaqla 700 atlıyla balaca Xındırıstan kəndinə hücum edir. Xındırıstan elə balaca bir yer idi ki, ora 700 yox, 30-40 atlı ilə getmək də yetərli idi. Ancaq bu qədər qoşun kimi dəstə ilə ora getməkdə məqsəd vahimə yaratmaq idi. Onsuz da yoxsul olan kəndi başdan sona çapıb-talayırlar. Zakirin özünü təhqir edirlər.

Tarxan Mouravov da çoxdan cəhənnəmə vasil olub, onun ətrafındakı 700 atlının da adı it dəftərində yoxdur. Qasım bəy Zakir də hamımız kimi insan idi, ömrünü yaşadı, getdi. Ancaq söz ki belə deyil. Yazılan söz qalır və nə qədər ki Qasım bəy Zakirin o hadisələrdən bəhs eləyən şeirləri ortadadır, həmin misralar nizə olub xəbisləri deşəcək. Yalnız Tarxan Mouravov və onun ətrafındakıları yox, elə bu qəbildən olmuş evyıxan insanların hamısına qənim olmaqda davam edəcək - o adamları ki, bədxahdırlar, o kəsləri ki, başqasına quyu qazandırlar, o haramzadaları ki, başqasının haqqını yeyəndirlər.

Bir dəstə rəzil toplaşaraq şairi incidib. Elə güman ediblər ki, çoxdurlarsa, qoluzorludurlarsa, şairə pislik etmələri çətin olmaz. Ancaq Zakir yazdıqları ilə onların dərsini elə verib ki, nəinki qisas qiyamətə qalmayıb, əksinə, qiyamətədək davam edəcək. Həm də yalnız onlar özləri deyil, elə onlarabənzərlər də hər dəfə bu şeirlər oxunduqca təzədən xortlayıb təzədən məhşər ayağına çəkiləcəklər, daim lənətlərə hədəf olacaqlar.

Bu, Qasım bəyin həyatındakı qara zolaq idi. Xındırıstan kəndinə hücum edən hökumət adamları şairin oğlu Nəcəfqulunu, qardaşoğlusu İsgəndər bəyi də həbs edib aparmışdılar. Şeirlərindən savayı o hadisələrlə bağlı Qasım bəy Zakirin yazdığı rəsmi bir məktubda qalır. Həmin kağızı 1850-ci il oktyabr ayının 24-də Qafqaz Canişinliyinə, Qarabağ işlərinə nəzarət edən general-leytenant knyaz Beybutova yollayıb. Qasım bəy Zakirin o məktubu yazdığı günlərdə nələr çəkdiyini hiss etməkçün gərək naməni qaçaraq yox, sətir-sətir oxuyasan. Çünki bu məktub yalnız Zakirin həmin günlərdəki həyəcanlarını və pərişanlığını əks etdirmir, həm də bütün baş vermişlərin gerçək tarixçəsidir.

Qasım bəy “mən bəyzadələrdən və əsl ocaq sahiblərindən varam” yazır və Cavanşirlər nəslindən olmasını, əsl bəy titulu daşımasını öz əli ilə bir daha təsdiqləyir. Davam edir ki, “özüm də 65 sinnini tamam eyləmişəm”.

Bəzən elmi ədəbiyyatda Qasım bəy Zakirin doğum tarixini dəqiq göstərmək ətrafında mübahisələr düşüb. Biri 1784 göstərib, bir ayrısı 1785, digəri 1787, hətta 1790 yazanlar da olub. Söz yox, doğum tarixini Qasım bəyin özündən yaxşı bilən olmaz və 1850-ci ildə bildirirsə ki, bu məktubu yazanda 65 yaşına çatıb, demək, təvəllüd tarixi də buna uyğun hesablanmalıdır.

“Hənüz məndən xilaf-izabitə iş baş verməyib və dəftərxanalarda mənim adıma bir hesab mərqum deyil”.

Zakirin danışığı da, şeirinin dili də sadə olub və anlaşıqlı, aydın el dilidir ki, var. Ancaq belə ifadə tərzi Zakir dövrünün rəsmi məktubyazma üslubudur ki, oturuşmuş ənənəyə uyğun olaraq rəsmi müraciətlərdə qəlibləşmiş ifadələr, ərəb-fars kəlmələri gen-bol işlənərdi.

Və gəlir keçən il baş vermiş hadisənin - Tarxan Mouravovun 700 nəfərlik dəstə ilə kəndə hücum etməsinin üstünə: “Nəhayət, şimdi bir il tamam olur ki, Şuşa şəhərinin uyezdninaçalniki knyaz Tarxan Mouravov öz ixtiyaratının zoru ilə və polkovnik Cəfərqulu ağanın təhriki ilə bicürm-günah (heç bir günahı olmadan - R.H.) və bitəhqiq-iməratib (işləri də araşdırmadan - R.H.) mənə və mənə təəllüq (mənə aid - R.H.) Xındırıstan kəndini təmamən 700 atlı ilə, o cümlədən, Cəfərqulu ağa olsun, bir növ taxtüqarət edibdir ki, tamam ac və möhtac qalmışıq. Və o zülmlər ki bizlərin başına gətirilib, əvvəldən axıra heç bir kəsin başına gəlməyib. Əvvəla, mənə xəlayiq içində rubəru (camaat arasında üzümə qarşı - R.H.) föhşlər deməklə mənim nəcabətimi bilmərrə itirib; ikinci, mənim və övladımın 19 baş əyalımızı həddən ziyadə bihörmətlik ilə Şuşa şəhərinə zəval aparıb, hənüz o cümlədən mənim oğlum Nəcəfqulu bəyi və qardaşım oğlu İsgəndər bəyi bicürm-günah qanunsuz bu ərz-i müddətdə məhbus etmək ilə bizləri həddən ziyadə borclu edib. Ona binaən məniki tuğra ərizə Şamaxı quberniyasına və bir tuğra ərizədəxi canişin həzrətlərinə dörd ay üç həftə olur ki, pişnihad etmişəm. Hənüz mənə rizaməndlik hasil olmayıb. Şimdi sizin ədalət və mürüvvətinizə ümidvar olub dördüncü ərizədir ki, pişnihad edib istida edirəm ki, Allah-təala xatirinə bir nəfər etibar edən çinovnik təyin buyurasız ki, ...təhqiq-i məratib olub haqq olan tərəfə rizalıq mərhəmət oluna.

...Ba vicudi inki, Xındırıstan kəndi kimi Qarabağ vilayətində kəsbkar füqəra kənd yoxdur və mənim kimi fərağat və öz halı ilə dolanan adam da yoxdur”.

Bəy ola-ola elə rəiyyət kimi güzəran keçirməsi haqda başqalarının dediklərini bu cümlələri ilə Zakir bir daha özü də təsdiqləyir.

Bu bir məktub idi ki, Qasım bəy rəsmən müşkülü barədə hökumətə şikayətlənir, məsələnin ədalətlə araşdırılmasını diləyirdi. Ancaq o, həm dəvə daha əvvəl şair idi axı. Hökumətə göndərdiyi məktub lap illərcə dəftərxana küncündə tozlana-tozlana qalıb unudula da bilərdi. Ancaq Zakir qələmindən çıxan şeirləşən “ərizə” artıq hansısa hökumət məqamına, ya məmura yox, birbaşa tarixə ünvanlanırdı, bu müraciətin indi və gələcəkdə oxunmaması, eşidilməməsi mümkünsüz idi.

Üç ildən əfzundur iki fərzəndim

Sürülüb qürbətə, dağılıb kəndim.

Piranəsərlikdə havadan endim,

Necə olar edəm seyr-i gülüstan?

Acı günlər davam edirdi. Qasım bəyin həbs olunmuş oğlu Nəcəfqulunu və qardaşoğlusu İsgəndəri əvvəlcə Voronejə, oradan da Kaluqaya sürgün etmişdilər, ancaq şairdən əl çəkmək fikirləri yoxdu. Onun özünü də Qarabağdan ayırıb Bakıya sürgün edirlər. Amma bunu edə-edə başqa bir ayrılığı da törədirlər - Qasım bəyi ailəsindən cüda salırlar. Arvad-uşaq qalır Qarabağda, o özü isə Bakıda - sürgündə. Ancaq bu qüssəli günlərində də Zakiri sınmağa qoymayan, ona güc, ümid, təsəlli verən dayaq vardı - etibarlı dostlar! Belə sidq ürəklə bağlandığı sirdaşlarından ikisi xüsusilə seçilirdi: İsmayıl bəy Qutqaşınlı, bir də Mirzə Fətəli Axundzadə.

Mirzə Fətəlinin kimləri qəlbinə yaxın tutması haqda sözləri var: “O kəslər ki xalqını sevir və onun mədəniyyətinin tərəqqisinə kömək edir, o insanlar mənim dostum və müxlisimdir”

 

Mirzə Fətəlinin Zakirlə mehribanlığı və qarşılıqlı sədaqəti digərləri ilə olan rəfiqliyindən daha dərində idi. Zakir məhz Səbuhinin umduğu xalqı sevən, elin mədəni tərəqqisinə çalışanlardan idi. Qasım bəyi Mirzə Fətəli ilə canbir qəlb edən əqidə ortaqlığı, məslək şərikliyi idi.

Mirzə Fətəli hələ 1840-cı ildə Mirzə Şəfi Vazehlə birlikdə çar hökumətinə müraciət etmişdi ki, ona ana dilində litoqrafiya - çapxana açmaq üçün icazə verilsin. Rüsxət də verilmişdi və Axundzadənin həmin mətbəədə nəşr etmək istədiyi ilk iki kitabdan biri Vaqifin, digəri Qasım bəy Zakirinki idi.

Mirzə Fətəli əlyazmasını Qasım bəydən almışdı və nəşrə hazırlanan həmin nüsxə səhifələrindəki Mirzə Fətəli qeydləri ilə bu gün ortadadır.

O əlyazmaya bir də qayıdarıq, hələliksə 1850-ci ilə, Bakıya, sürgündə xiffət çəkən Zakirin yanına gedək. Dərd-qəm əhatəsində, özü Bakıda naçar durumda. Əli kimsəyə çatmır, ailəsi Qarabağda başsız qalıb, dolanışıq sıxıntıları ilə çapalayır, oğlu ilə qardaşoğlusu Rusiyanın ucqarlarında həbsdə. Bu çətin günündə də yenə ona kömək Mirzə Fətəlidən gəlir. O, hökumətlə münasibətlərindən, Rusiya cəmiyyətinin yuxarı təbəqəsindəki seçmə insanlarla əlaqələrindən istifadə edərək Qasım bəy Zakirin Bakı sürgünündən azad edilməsinə nail olur.

Dostlar, ona arxa dayananlar öz yerində, ancaq bu əzablı günlərdə Qasım bəyin ruhdan düşməməsinin, şax dayana bilməsinin əsas səbəbi onun mətinliyi, sarsılmaz iradəsi idi. Daxili qüvvəti, əyilməzliyi həmin günlərdə yazdığı və and, əhd kimi səslənən şeirlərində də əks olunub.

Rah-imüsibətdə keçmişəm candan,

Müxənnəsdir qorxan bir qaşıq qandan.

Qasım bəy Zakirlə Mirzə Fətəli Axundzadənin ülfətinin, dostluğunun bir başqa tarixi sübutu da var. Zakir ətrafındakı düşüncələrində Firidun bəy Köçərli diqqətəlayiq bir təfərrüata da toxunur ki, “əgərçi Zakirin nəsr ilə yazdığı bir əsər də olsa, biz təsadüf etmədik, vəli bəzi şəxslərin rəvayətinə görə, Mirzə Fətəli Axundov tərtib qıldığı “Hacı Qara” komediyası Qasım bəyin nətice-yi xəyalatıdır ki, nəsr ilə yazıb mirze-yi mərhuma təqdim edibdir. O, dəxi məzkur vaqiəni “Sərgüzəşt-i mərd-i xəsis” ünvanı ilə indiki dona salıbdır”.

Bu rəvayət nə dərəcədə dəqiqdir, söyləmək çətindir. Ancaq Firidun bəy Köçərli kimi son dərəcə ciddi bir araşdırıcı hətta babalı söyləyənlərin boynuna atsa da, lap şayiəni belə təsadüfi mənbəyə arxalanaraq yazısına gətirməzdi.

Zakirsə nəsr yazmağına yazıb və bu sahədə qələm çalmasının təsdiqini də özü edir:

Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,

Düşəndə rişte-yi nəzmə çəkərdim bəs dür-i məknun,

Künun sövda-yi eşqin bir sayaq etmiş məni məğmun,

Dəxi məndən təvəqqe etməyin əşar-i xoşməzmun.

Ancaq Qasım bəy Zakirlə Mirzə Fətəli Axundzadənin saf münasibətlərinin bir anı da var ki, çox sevimlidir və daha şayiə, rəvayət yox, həqiqətlərin gözəlidir.

1854-cü ildə Qasım bəy xoşbəxtlərin xoşbəxti idi. 70 yaşına çatmışdı və ömründə elə hadisə baş vermişdi ki, bu yaşına qədərki bütün acıları canından çıxaracaq gücdə idi.

1854-cü ildə “Qafqaz” qəzetinin 29-cu sayında Mirzə Fətəli Axundzadənin bir şeiri işıq üzü görür və Qasım bəyə sayğı ilə üz tutaraq Səbuhi ona “atam” deyir.

Və çox keçmir həmin qəzetin 50-ci nömrəsində Zakirin də şeiri çıxır, Qasım bəy də eyni məhəbbətlə Mirzə Fətəliyə “Əziz fərzəndim” deyə müraciət edir.

Tariximizin, mənəviyyatımızın, zövqümüzün, sözümüzün o mərhələsi idi ki, sərhəddə dayanan kimiydik. Bir çox köhnəlmişlərdən ayrılıb yeniliyə doğru can atırdıq. Bu qətiyyən sadə olmayan yolda Zakirlə Mirzə Fətəli öndə gedənlər, yenilik gətirənlər, yıpranmış qəlibləri sındıranlar və əlbəttə ki, müqavimətlərlə, təzyiqlərlə, dodaqbüzmələrlə də ən çoz üzləşənlər idilər.

İki nəfər idilər, ancaq onlara, yüzlərə bərabərdilər. Çünki ruhca, ürəkcə, əqidəcə birdilər. Çünki bu ona ata qədər sevimli, o buna oğul qədər əziz idi.

Bunca doğmalıq olmasa, sıldırımlar necə aşılar?!

4 sentyabr 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .-2024.- 7 sentyabr.(¹162).- S.18-19.