Heç kimə bənzəməyən
və bənzəmək də istəməyən: Xalq
yazıçısı Kamal Abdulla
Əziz oxucu! Sənə bu formada müraciətimi Xalq
yazıçısı Kamal Abdulladan götürdüm. Həyatımda
çox müəlliflərin əsərlərini oxumuşam.
Amma "Əziz Oxucum" ifadəsinə, demək olar ki,
Kamal Abdulladan başqa heç kimin əsərlərində
rast gəlməmişəm. Kamal Abdulla Sənə bu
müraciəti etməklə Səni öz doğması qəbul
etdiyini və bu səbəbdən də Sənin ruhunu
oxşayan, ovqatını xoş edən əsər
yazdığını ifadə edir.
Kamal Abdulla ilk növbədə ali səviyyəli
dilşünas alimdir və bu səviyyəyə uyğun gələn
əsərlər yaradan yazıçıdır.
Kamal Abdulla ədəbiyyat tariximizdə jurnalistlərin
və müxtəlif sənət adamlarının
suallarına cavabların sayına görə ən öndə
olan yazıçımızdır. Onun seçilmiş əsərlərinin
7 cildliyinin IV cildində səhifə 10-539-da verdiyi
cavabları bunun əyani təsdiqidir.
Dilçi professor Aydın Ələkbərov ilə
söhbətinin bir yerində Kamal Abdullanın dediyi bu fikir
olduqca önəmlidir: "Mənə elə gəlir ki,
bütün digər elmlərdən fərqli olaraq,
dilçilik bütün elm sahələrində
çalışanlar üçün maraqlı olma imkanına
malikdir. Məsələn, fizika, kimya, iqtisadiyyat hamı
üçün maraqlı olmaya bilər. Dilçilik, dilə
münasibət isə bütövlükdə cəmiyyət
üçün çox maraqlıdır". Əslində,
bu fikirlər insanları dilimizə hörmətə, onu
yaxşı bilməyə çağırışdır.
Çox dil bilmək yaxşıdır, amma ana dilini bilmək
başqa dilləri bilməyin fövqündə
olmalıdır.
Kamal Abdullanın 2000-ci ilin yanvarın 19-da verdiyi
müsahibədə onun şəxsiyyətinin ecazkar
çalarlarını ifadə edən cavablar diqqətimi cəlb
etdi:
Sual: Necə ölmək istəyirsiniz?
Cavab: Yuxuda.
Əslində, bu istək ətrafdakıların ruhunu
incitmədən, onların əzablarını artırmadan,
fiziki mahiyyətin ruhani mahiyyətdən ayrılması dəhşətini
duydurmadan getmək istəyidir. Kamal Abdulla heç vaxt ruh incidən,
əzab verən olmayıb və indi də belədir.
Sual: Elə bir qeyri-səmimi hərəkət etmisiniz
ki, bunun əzabını bu gün də çəkmisiniz?
Cavab: Kiminsə xeyrinə, kiminsə xətrinə,
heysiyyatına toxunmamaq üçün elə addımlar
atılıb.
Sual: Özünüzdən ötrü atılıb
elə addımlar?
Cavab: Yəni nə şəkildə?
Sual: Yəni özünüzü xilas etməkdən
ötrü qeyri-səmimi olmusunuz?
Cavab: Yox. Mən əksinə, o hərəkəti etməsəydim,
o sözü deməsəyədim, çox şeyə nail ola
bilərdim. Onu deyəndən sonra nail olmadım.
Əslində bu cavab ali səmimiyyətin ifadəsidir.
Kamal Abdullanın "Dünyanı dərk etməyə
cəhd göstərirsiniz?" kimi bəlkə də incidici
suala verdiyi gözəl cavaba baxın: "Mən Azərbaycan
ədəbiyyatında yeganə bir adam tanıyıram ki,
dünyanın nə üçün yarandığı
sualını öz qarşısında şeir şəklində
qoyub. Heç ağlınıza gəlməz, bəlkə. O
sənətkar Aşıq Ələsgərdir.
Yerin, göyün, ərşin-kürşün
binası,
Əsl bünövrəsi ay nədən oldu?
Göyü yerdən, yeri göydən kim seçdi?
Hikmətin dəryası ay nədən oldu?"
Əslində Kamal Abdulla kimi bir şəxsiyyətə
bu sualın ünvanlanması onun şəxsiyyətini
çox da yaxşı tanımamaqdan irəli gəlir. Akademik
Kamal Abdulla dərindən dərk edərək yaradan alim
yazıçıdır. Onun bütün əsərləri dərin
elmi məntiqə söykənir.
Kamal Abdullaya verilmiş və mənim düzgün
hesab etmədiyim bir suala onun cavabı da çox
maraqlıdır.
Sual: Yaradıcı adamların dindar olması nəsə
mənə çatmır.
Cavab: Mən demirəm ki, dindaram. Dinin gətirdiyi
müəyyən işıqlı cəhətlər var ki,
uyuşmağa çalışıram. Çalış
yaxşılıq elə. İnsan olmağa
çalış. Yəni ona görə yox ki, dində belə
deyilib və mən Domokl qılıncının altında o
yaxşılığı hökmən etməliyəm. Yox,
görünür, bunlar bir-birini tamamlayır.
Verilmiş narahat suala "rahat" akademik cavab.
Burada bir məqamı da qeyd etmək istərdim. Amerika
alimi, Nobel mükafatı laureatı Frensis Kollinzin
"Allahın sübutu, Alimin arqumentləri" kitabı
ingilis dilində çap olunub və sonra tərcümə etdirilib.
İyirmi altı yaşına qədər Allahı qəbul
etməyən, sonra 6 il dünyanın 2500-ə qədər
aliminə rəhbərlik etmiş və 270 milyarddan çox
insan genomunu tədqiq etmiş alim son nəhayətdə bu qənaətə
gəlir ki, Allahsız heç bir şərh mümkün və
doğru deyil.
Kamal Abdullanın və onun kimi minlərlə
nüfuzlu alimlərin Allaha inanclı olması təsadüfi
deyil. Bu inanc dünyanı doğru dərkdən yüksək
analitik təfəkkürdən gələn nəticənin təzahürüdür.
Kamal Abdullanın dostlarına verdiyi böyük dəyəri
aşağıdakı suala cavabdan aydın görmək olar:
Sual: Əgər harasa kimsəsiz adaya, ya tam rahat
olacağınız bir ölkəyə gedəsi olsanız,
kimləri özünüzlə aparardız? Bütün mənalarda
Sizi anlayacaq bir adamınız varmı?
Cavab: Əlbəttə, dostlarımı. Siz onları
tanımırsız. Onlar məşhur adamlar deyillər.
Ən adi həyat yaşayırlar. Orta məktəbdən bu
yana nə qədər dost qazanmışam. Hər birinin də
öz yeri var.
Kamal Abdulla şəxsiyyətinin həqiqi ifadəsini
aşağıdakı suallara cavabla təsdiqləyir.
Sual: Təksiniz, yoxsa tənha?
Cavab: Tək-tənha.
Sual: İnsanlarda ən çox dəyərləndirdiyiniz
keyfiyyət hansıdır?
Cavab: Sədaqət.
Sual: İnsanlarda ən çox nifrət etdiyiniz
keyfiyyət hansıdır?
Cavab: Dönüklük.
Sual: Həyatınızda neçə dostunuz var?
Cavab: Çox.
Sual: İlin hansı fəslini sevirsiniz?
Cavab: Payız.
Sual: Deyirlər, nəvə övladdan şirindir. Bu
belədir?
Cavab: Yox.
Sual: Övlad şirindir?
Cavab: İkisi də şirindir.
Sual: Sevdiyiniz rəng?
Cavab: Bənövşəyi.
Sual: Sevdiyiniz yemək?
Cavab: Dovğa.
Sual: Sevdiyiniz ad...
Cavab: Mehdi.
Sual: Həyatınızın devizi?
Cavab: Öyrədərək öyrənirəm.
Kamal Abdulla dilimizin təsadüflərdən yad ifadələrdən,
doğru olmayan reklam yazılarından zərər görəcəyi
və itə biləcəyi haqqında verdiyi cavabla dilimizin necə
güclü, itməz, yad təsirlər sayəsində məhv
olmayacaq bir dil olduğunu çox aydın, geniş oxucu
kütləsinin anlaya biləcəyi şərhini verib. Belə
cavabı yalnız böyük dil ustadı verə bilərdi.
"Burada sizinlə razı deyiləm. Mənim fikrimcə,
doğru olmayan məqamlar, təhriflər Azərbaycan dilinə
zərər gətirə bilməz. Bu, əgər zərər
gətirsə, yalnız Azərbaycan nitqinə zərər gətirər,
kiminsə nitqi, üslubu, bacarığı barədə təsəvvür
yarada bilər.
Haqqında bir qədər əvvəl
danışdığımız dil və nitq
qarşıdurması burada köməyə çatır. Mən
də sizə bir küçə lətifəsi
danışım. Günlərin bir günü bizim hörmətli
millət vəkillərimizdən biri məsələ
qaldırmışdı ki, Azərbaycan dili əldən gedir.
Küçə ilə gedəndə onun yanında iki gənc
oğlan bir-biri ilə rusca danışırmış. Onun aləmində
bu, dilə qarşı hücumdur, təxribatdır, Azərbaycan
dilinə vurulan böyük bir zərbədir. Bununla
bağlı mənim də fikrimi jurnalistlər öyrənmək
istədilər. Mən bir cümlə ilə belə dedim ki, əgər
bir dil küçədə iki-üç nəfərin
bir-biri ilə başqa dildə danışması nəticəsində
əldən gedəcəksə, o dil dünəndən əldən
getsə, yaxşıdır. Əslində mənim qəti
fikrimə görə belə bir hal, prinsip etibarilə
mümkün deyil. Dilin əldən getməsi
üçün xüsusi tarixi şərait lazımdır,
ictimai münasibətlərin müəyyən istiqamətlərdə
inkişafı lazımdır. Bu və bu kimi məsələlərə
baxıldığı zaman əhalimizin, ictimaiyyətimizin
elementar dilçilik təsəvvürlərinə malik
olmasının böyük əhəmiyyəti var. Amma bununla
yanaşı, onu da qeyd etmək lazımdır ki, cəmiyyətin,
ölkə başçısının dilə münasibəti,
onun qorunması, inkişafı üçün etdikləri
son dərəcə vacib və qiymətlidir.
Bütün bunlar göstərir ki, cəmiyyətimiz
öz dilinə böyük sevgi və ehtiramla yanaşır.
Bəzi insanlara hətta elə gəlir ki, onlar bu dildə hər
gün danışırlarsa, ən azından dilçidirlər.
Və dililə, onun inkişaf təmayülləri ilə,
tarixi ilə bağlı müəyyən müddəalar irəli
sürə bilərlər. Ona görə də vulqar
dilçilik yaranırdı, sözlərin xalq
etimologiyaları yaranırdı. Bütün bunların
qarşısını almaq üçün elementar
dilçilik bilgilərinin insanların beyninə yeridilməsi
çox vacibdir. Mən arzu edərdim ki, siz də bu istiqamətdə
cəmiyyətimizi düşündürən məsələlərlə
bağlı populyar janrlı yazılar yazasınız" (Bu
cavab dilçi professor Aydın Ələkbərovun sualına
verilən cavabdır).
Kamal Abdulla vətənsevər vətəndaşların
alilərindən biridir. 2001-ci ilin iyulunda ona verilən
sualın cavabı bu aliliyin təsdiqidir.
Sual: Kefinizin yaxşı vaxtında küçəyə
çıxıb adamların üzünə
gülmüsünüz heç?
Cavab: "Kef" sözü bu cümlədə
yerində deyil. Əhval, ovqat olsa, daha yaxşıdır.
Gülməmişəm, bizi nə qədər müsbət
hadisələr əhatə etsə də, son dərəcə
ürəkdən gülməyə əsasımız, mənəvi
haqqımız yoxdur. Bu boyda milli problemlərimiz var, bu boyda
Qarabağ problemimiz var, ürəkdən şaqqanaq çəkməli
olsam, onda gərək mənə xəstə adam kimi baxalar.
Bu gün ən əziz adamımızın ən böyük
sevincinə də ürəkdən şaqqanaq çəkib
gülmək əxlaq baxımından qəbahətdir.
Böyük ziyalının böyük vətən
sevgisi budur. Kamal Abdullaya bu sualı verib "HƏ",
"BƏLİ" cavab almaq vaxtıdır.
Dövlətimiz müdrik Rəhbərimiz, Ali Baş
Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi
ilə torpaqlarımızı işğaldan azad etdi, ölkəmiz
tamlığına qovuşdu, ölkəmiz yadellilərdən
təmizləndi, Böyük Qayıdış başladı,
Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə,
Qubadlıda, Cəbrayılda, Füzulidə, Xocavənddə,
Ağdamda, Ağdərədə, Zəngəzurda Azərbaycanın
zəfər bayraqları dalğalanır, 200 illik ədalətsizliyə
birdəfəlik son qoyulub. Kamal Abdullanın sədaqətlə
xidmət etdiyi xalq indi şaqqanaqla gülməyi haqq edir.
Adətən şeirləri özü
üçün yazdığını deyən Kamal
Abdullanın aşağıdakı misraları fikirlərimin
məntiqi sonluq ifadəsi kimi qəbul edilə bilər:
Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə "olmayacaq" ver bizə.
Onun bu istəyi çin oldu, "olmayacaq" hesab edilən
oldu. Azərbaycan "olmayacaq" olanı olan etdi.
Alqış bu "olmayacağı" olan edən Rəhbərimizə,
Onun Ali Baş Komandan olduğu ordumuza, qəhrəman əsgərlərimizə,
bütövlükdə Azərbaycan xalqına, hər zaman Azərbaycanın
yanında olan Türkiyə dövlətinə, türk
xalqına!
İndi artıq hər şey öz yerindədi
Bizik birləşdirən əvvəli, sonu.
Yenə də dünya öz məhvərindədi,
Nə sən yadındasan, nə də mən onun.
Yadımızda qalaq bir-birimizin
Biz axı taleyi bir yoğrulmuşuq.
Sürünə-sürünə, dizin-dizin
İşığa üz tutub biz doğulmuşuq.
Kamal Abdulla həmişə sadəliyi ilə
ucalığın fövqündə olub. Onun
aşağıdakı misraları bunu təsdiq edir.
Məni ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz,
Mən elə sizəm, siz.
Bir az da yaxşı baxsanız,
Görərsiniz məni üzünüzdə,
gözünüzdə.
Bir az da yaxşı sevsəniz
dönərsiniz mənə
özünüz də.
Mən elə sizəm, siz.
Bəzi ədəbi tənqidçilər Kamal
Abdullanı kimlərəsə bənzətmək istəyində
olublar və yenə də bu istəkdə olanlar var. Amma Kamal
Abdulla heç kimə bənzəmir və bənzəmək
də istəmir. Bu da onun doğal haqqıdır.
Vaqif ABBASOV
Akademik
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.17.