"Bütün
yönləri ilə yaradıcı"nın yeni təqdimatı
AKADEMİK İSA HƏBİBBƏYLİNİN
RƏŞAD MƏCİD HAQQINDA KİTABININ
TƏKMİLLƏŞDİRİLMİŞ NƏŞRİ
ÇAPDAN ÇIXIB
Akademik İsa Həbibbəylinin tanınmış
şair, nasir, publisist Rəşad Məcidin həyat və
yaradıcılığına həsr olunmuş
"Bütün yönləri ilə yaradıcı"
kitabının (2014) bu günlərdə ikinci - təkmilləşdirilmiş
nəşri işıq üzü görüb.
Kitab "Bir yüngülvari müqəddimə"
ilə açılır və Rəşad Məcidin
yaradıcılıq fəaliyyəti burada lakonik, lakin son dərəcə
dəqiq tezislərlə təqdim olunur: "Rəşad Məcid
çoxcəhətli yaradıcılıq fəaliyyətinə
malikdir. Və o, məşğul olduğu bütün
yaradıcılıq sahələrində professionaldır.
Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin
əsas, aparıcı tərəfidir, onun gündəlik
işidir. Azərbaycanda "525-ci qəzet" səviyyəsində
müstəqil mətbuat yaratmaq və bu qəzetin nəsrini
uğurla davam və inkişaf etdirmək Rəşad Məcidin
xidmətidir. Rəşad Məcid müstəqillik
dövrü Azərbaycan publisistikasının əsas
yaradıcılarından və görkəmli nümayəndələrindən
biridir. "10 sentyabr" hekayəsi ilə Rəşad Məcid
həm də nasirlik səlahiyyəti qazanmışdır.
Ədəbi tənqid sahəsində də Rəşad Məcid
mükəmməl "yazıçı sözü" deməyi
bacarır. Rəşad Məcid tam orijinal bir şairdir.
Müstəqillik dövrü Azərbaycan şeirinin
yaradıcıları sırasında onun özünəməxsus
görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri
mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri
etibarilə bənzərsizdir".
Nəşrin ilk "Rəşad Məcidin tərcümeyi-hal
səhifələri" bölməsində ədibin həyat
və yaradıcılıq yolunun önəmli məqamları,
fəaliyyətinin nüfuzlu ədəbi və dövlət
mükafatlarına layiq görüldüyü, əsərlərinin
türk, rus, italyan, gürcü dillərinə tərcümə
edildiyi və bir sıra şeirlərinə musiqi bəstələndiyi
qeyd olunur.
Kitabın "Lirizm+epik notlar" bölümündə
Rəşad Məcidin şeirləri həyata lirik-romantik
baxışın orijinal bədii ifadəsi kimi dəyərləndirilir:
"Müstəqillik dövrü Azərbaycan şeirinin
tanınmış nümayəndələrindən biri olan Rəşad
Məcidin lirikası dərin lirizmlə epik notların
üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli
sənət hadisəsidir".
Akademik İ.Həbibbəyli nağılvari poetik təhkiyənin
diktə etdiyi lirizmin Rəşad Məcidin şeirlərində
həm həyata şairanə baxışın, həm də
müdriklik və müasirliyin ifadəsinə çevrildiyini
vurğulayır.
"Roman" və poetikası" bölməsində
Rəşad Məcidin eyniadlı poeziya silsiləsi haqqında
söz açılır: " Onun liro-epik şeirləri
"Roman"a keçid üçün körpü
funksiyası daşıyır. "Roman" başdan-başa
lirik-epik xarakterə malik orijinal əsərdir. Əlbəttə,
Rəşad Məcid bu əsərini şərti olaraq
"Roman" adlandırmışdır. Fikrimizcə, Rəşad
Məcidin "Roman" adlandırdığı bu əsər
janr baxımından liro-epik poemadır".
"Dastan"a doğru adlanan bölmədə
akademik qeyd edir ki, şeirlərdən süjet düzəltmək
Rəşad Məcidin şeir
yaradıcılığının oturuşmuş bir
sistemidir.
"İdealın bədii təcəssümü"ndə
R.Məcidin estetik idealının mərdanəliyin,
bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin
və müstəqil dövlətçiliyin
daşıyıcısı olan lirik-romantik qəhrəmanda
özünün bədii təcəssümünü
tapdığı önə çəkilir.
"Müasirlik səlahiyyəti" bölməsində
akademik "10 sentyabr" hekayəsindən
söz açaraq əsəri roman kimi səciyyələndirir:
"Sabitləşmiş, inkişaf edən və dünya ilə
üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının
epik mahiyyətinin gerçək romanı "10 sentyabr"
hekayəsinin bətnində müşahidə olunur".
İ.Həbibbəyli "Publisistikada özünəməxsusluq"
başlıqlı bölmədə R.Məcidin bu sahəyə
qəzetçiliklə bədii yaradıcılıq
arasında xüsusi bir fəaliyyət növü kimi
yanaşdığını vurğulayır: "Rəşad
Məcidin publisistikasında məsələnin hər iki tərəfinin
özünəməxsus ağırlığı
vardır".
"Yazıçı tənqidi: esselər"
bölməsində R.Məcidin ədəbi tənqid
yönündəki yaradıcılıq nümunələrindən
söz açan akademik, "525-ci qəzet"in hünəri"
bölməsində sözügedən qəzetin məziyyətlərinə
diqqət yönəldir: "Müşahidələrimə
görə, hazırkı mərhələdə həm kəmiyyət
etibarilə, həm də sosial tərkibinin müxtəlifliyi
mənasında da geniş oxucu cəbhəsi cəlb etmək
baxımından "525-ci qəzet"lə müqayisə
edilə biləcək mətbuat orqanı göstərmək
çətindir. Tərəddüd etmədən demək
mümkündür ki, "525-ci qəzet" ümumiyyətlə
Azərbaycan cəmiyyətinin qəzetidir".
"Rəşad Məcidin statusları və sms
dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına
giriş" sərlövhəli bölmədə akademik
İ.Həbibbəyli yazır: "Son on ildə Azərbaycan ədəbiyyatı
və mətbuatı tarixində Rəşad Məcid tam yeni
janrlara imza atmışdır. "Status-esselər" və
"sms-esselər" adlandırdığı sosial şəbəkə
yazışmalarından ilk dəfə Rəşad Məcid
müstəqil janr kimi söz açmışdır. Rəşad
Məcidin statusları və sms-ləri müasir dövrün
yazıçı müşahidəsinin, şair
hissiyyatının və publisist müasirliyinin əsasında
yaranmış orijinal sosial şəbəkə ədəbiyyatıdır".
İ.Həbibbəylinin fikrincə, "Rəşad Məcidin
"Şuşa dəftəri" Azərbaycan şeirinin
Şuşa səfəri səhifəsinin cazibədar
simasını əks etdirir. Hiss olunur ki, "Şuşa dəftəri"
Rəşad Məcidi bu mövzu ilə dərin
bağlılığı olan daha bir seriala -
"Laçın çələngini" hörməyə
doğru aparır..." Akademikin bu düşüncələri
nəşrin "Rəşad Məcidin Şuşanaməsi"
bölümündə yer alıb.
Kitabın "Bütün yönləri ilə
yaradıcı" "Rəşad Məcid haqqında"
adlı bölmədə görkəmli ədəbiyyat və
incəsənət xadimlərinin fikirləri öz əksini
tapıb.
Və sonda - kitabla eyni adlı bölümdə nəticə
etibarilə Rəşad Məcid bütün yönlərindən
səciyyələndirilərək Azərbaycançılıq
idealına şərəf və məsuliyyətlə xidmət
edən, cəmiyyətin bütün təbəqələri
tərəfindən qəbul olunan tanınmış Azərbaycan
ziyalısı, müstəqillik dövrü Azərbaycan
liro-epik şeirinin əsas yaradıcılarından biri kimi
xarakterizə edilir.
"Ömrün anları"nda R.Məcidin görkəmli
ədəbiyyat və sənət adamları ilə önəmli
tədbirlərdə çəkilmiş fotoları verilib.
"Elm və təhsil" nəşriyyatının
çap etdiyi kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Ağahüseyn Şükürovdur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.16.