Ömrümün Moskva illəri  

 

İlk dəfə Moskvaya 1945-ci ilin mayında yeddi yaşımda atamla birlikdə getmişəm. Əllinci illərin ikinci yarısından, orta məktəbi bitirəndən sonra yeniyetməlik və gənclik dövründən başlayaraq Moskvaya ən azı iki-üç aydan bir yolum düşüb. Üç dəfə 1962-1964-cü, 1974-1976-cı və 1989-1991-ci illərdə isə hərəsi iki il müddətində Moskvada davamlı yaşamışam. 1962-1964-cü illərdə Ali Ssenari kurslarının tələbəsi kimi, 1974-1976-cı illərdə rejissor emalatxanasının müdavimi kimi və nəhayət, 1989-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı kimi.

Moskva mənim üçün yalnız böyük bir şəhər deyil, həm də ayrı-ayrı küçələr, ayrı-ayrı binalardır. Belə məhrəm küçələrdən biri indi köhnə adı qaytarılmış Povarskaya, ovaxtkı Vorovski küçəsidir. Vosstaniya meydanına çıxan bu küçənin Arbata yaxın tərəfində, o başında «Sovetski pisatel» nəşriyyatı yerləşir. Orda başqa yazıçılarımız kimi, mənim də kitablarım nəşr olunub və bizim yazıçılar bura gələndə bu binanın divarında bir lövhəyə iftixarla baxırlar:

Vaxtilə bu evdə Azərbaycanın böyük oğlu Nəriman Nərimanov yaşamış və işləmişdir.

Küçənin Vosstaniya meydanına yaxın tərəfində üzbəüz iki bina var. Taleyim hər iki binayla sıx bağlıdır. Həyatım boyu bir neçə dəfə bu küçəni necə deyərlər, o tərəfdən bu tərəfə, bu yandan, o yana keçmişəm. Üzü Vosstaniya meydanına tərəf gedəndə sağ əldə «Drujba narodov» jurnalının redaksiyası yerləşir. Mənim ilk hekayələrim – «Keçən ilin son gecəsi», «Asılqanda işləyən qadının söhbəti», eləcə də «Qırmızı limuzin» hekayəsi, «Ağ liman» («Kruq» - «Çevrə»), «Əlaqə», «Ağ qoç, qara qoç», «Göz muncuğu» povestlərim, onlarla məqaləm və haqqımda yazılar bu dərgidə nəşr olunub və rus oxucusu məni az-çox tanıyırsa, ilk növbədə bu jurnala borcluyam. 1962-ci ildə «Drujba narodov» jurnalında ilk hekayələrim dərc ediləndən sonra mən ovaxtkı Vorovski küçəsinin bu tərəfindən o biri tərəfinə keçdim – Kino evinə. Bizim Ali Ssenari kursları bu Kino evində yerləşirdi. İki il burda təhsil aldım. Kurslara şifahi və yazılı sınaqlardan sonra Azərbaycandan Maqsud İbrahimbəyov və mən daxil olmuşduq. Şifahi sınaq kino və ümumiyyətlə, sənət haqqında qəbul komissiyasının üzvləri ilə ətraflı söhbətdən, fikir mübadiləsindən, yazılı sınaq isə «Gecə görüşü» mövzusunda bədii yazı yazmaqdan ibarətdi. Mən bu mövzuda rus dilində «Efir görüşü» adlı hekayə yazmışdım. Ətraflı söhbət də, yazım da bəyənilmişdi ki, kursa qəbul olundum. Maqsudla ilk tanışlığımız və sonrakı illərin yaxın dostluğu da elə kurslardan başladı. Kurslarda mühazirələrlə bərabər, dünya kinematoqrafının ən məşhur əsərləri də nümayiş etdirilirdi. Bir gün belə nümayişlərdən birinə Maqsud kiçik qardaşı Rüstəmi də gətirmişdi. Tanış olduq, ali təhsili dəqiq elmlər olan Rüstəm o vaxt kibernetika üzrə namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşırdı. Amma demə, meyli ədəbiyyata, kinoya imiş və bu sahələrdə istedadı da varmış. Bizdən sonra həmin kurslara Rüstəm İbrahimbəyov daxil oldu, diplom işi kimi «Bir cənub şəhərində» ssenarisini yazdı və qısa bir müddətdə məşhur ssenarist və yazıçı kimi tanındı.

Ssenari kurslarının müəllimləri və tələbələri. Moskva 1962, son sırada soldan üçüncü, İvan Draç, Anar.

Bizdən sonrakı kursda Azərbaycandan Rüstəm və Alla Axundova ilə birlikdə çox istedadlı müdavimlər – Andrey Bitov, Makanin, Rezo Qabriadze, Qrant Matevosyan da təhsil alırdı. Maqsudla mənim oxuduğumuz kurslardan da bir çox məşhur sənətçilər çıxdı. Sanki bu kurslara ölkənin ən mütərəqqi gəncləri toplanmışdı. Kurslara daxil olmazdan əvvəl də ad qazanmış istedadlı Ukrayna şairi, mənim ən yaxın dostlarımdan İvan Draç, Leninqraddan başqa bir dostum, sonra rejissor kimi bir neçə uğurlu film çəkmiş İlya Averbax, Leninqraddan habelə şair Anna Axmatovanın ədəbi katibi Anatoli Nayman, İosif Brodskinin ürək həmdəmi Yevqeni Reyn, moskvalı Yuri Klepikov, Anatoli Romov, Dmitri Jukov (sonralar onun oğlu Putinin köməkçilərindən oldu), Volodya Qriqoryev, sonralar Moskvada «Nikitskie vorota» teatrının rejissor kimi əsasını qoyan Mark Rosovski, çox istedadlı yazıçılar Fridrix Qorenşteyn, belorus Ales Adamoviç, qırğız Mar Bayciyev, Moldovadan Vlad İovitse, Litvadan Pranas, Gürcüstandan yaxın dostlarım Amiran Çiçinadze, Erlom Avlediani, Armen Zurabov, Ermənistandan sonralar mənim əleyhimə «qəzəbli» yazılar yazmış, Türkiyə türkcəsini mükəmməl bilən Türkiyə ermənisi Perç Şeytunsyan, Bolqarıstandan Todor Monov, indi İsraildə yaşayan Svetlana Şenbrun və neçə-neçə başqa bir-birindən maraqlı insanlar. Nə yazıq ki, şair demiş «èíûõ óæ íåò, à òå äàëå÷å»... Dünyadan gedənlərin də, gedib-getmədiklərini bilmədiklərimin də adlarını xiffət hissi ilə çəkirəm, axı hamısı – biri az, biri çox – xatirələrimin bir parçasıdır.

Bizim kurslar elə bir vaxtda yığılmışdı ki, bəlkə də sovet ideloji mühitinin ən mülayim və işıqlı dövrü idi. XX Qurultaydan sonra başlanan Xruşşov yumşalmasının - liberallaşmaq, demokratikləşmək siyasətinin demə, son dalğasında yaşayırmışıq. Elə həmin 1962-ci ilin dekabrında mühafizəkar rəssamların təhriki ilə Xruşşov Manej sərgi salonuna gəldi və mücərrədçi-abstrakt rəssamları ən tərbiyəsiz sözlərlə tənqid atəşinə tutdu. Qısa müddətdə «qaykaları bərkitmək» üsulu sənətin başqa sahələrinə, ilk növbədə ədəbiyyata da sıçradı və hər bir yeni fikri, yeni üslubu sıxmağa başladılar. Öz aramızda danışırdıq ki, Moskvada belə başlananda, gör bizim respublikalarda nələr baş verəcək. Dəqiq sözdür ki, Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər. Doğrudan da, tezliklə Azərbaycanda yenilikçi sənətə, ilk növbədə Rəsul Rzanın «Rənglər»inə qarşı abstraktsionizm əleyhinə kampaniya adı ilə hücumlar başladı. Atam «Ədəbiyyat qəzeti»ni mənim Moskva ünvanıma abunə yazdırmışdı və hər həftə «Rənglər»ə qarşı nadan yazıları bu qəzetin səhifələrində oxumaqla «feyziyab olurdum».

Kurslardan kənarda da Moskvadakı tanışlarım əsasən yeniliyə meyilli adamlar idi. Böyük Nazim Hikmətin başda olmaqla, onun dostu və tədqiqatçısı Əkbər Babayevin, Rəsul Rzanın tərcüməçiləri Boris Slutskinin, David Samoylovun, Muza Pavlovanın, Yunna Moritsin, Leon Toomun vasitəsi ilə avanqardist rəssamlardan D.Krasnopevtsevlə, Vaksberqlə, heykəltaraş Ernest Neizvestnı ilə tanış oldum. Onların emalatxanalarında, habelə «rus avanqard» rəsmlərinin ən zəngin və nadir kolleksiyasını toplamış yunan Kostakinin mənzil-sərgi salonunda oldum. Krasnopevtsevin mənə bağışladığı «Qaya» tablosu («Qaya» vokal ansamblına dəxli yoxdur, daş qayadır) mənzilimin divarından asılıb. Vaksberq rəssamların «lesirovka» adlandırdıqları üslubda işləyir. Onunla söhbətdə Krasnopevtsevdən söz düşəndə istehza ilə onun işləri haqqında kinayəli ifadə işlətdi, «áûâàþò îòêðûòêè «Ïðèâåò èç Êðûìà»,òàê âîò ó Êðàñíîïåâöåâà îòêðûòêè «Ïðèâåò èç áåññîçíàòåëüíîãî» («Krımdan salam» açıqcaları olduğu kimi, Krasnopevtsevin tabloları da «Şüuraltından salamlardır»).

1942-ci il Krım cəbhəsində. “Ordu” qəzetinin redaktoru D.Berezin, İ.Selvinski, Rəsul Rza.

Ssenari kurslarında oxuduğum zaman iki moskvalı rəssam Tatyana Selvinskaya və Lyüdmila Skuko-Karpas mənim portretlərimi çəkdilər. Tatyana atamın cəbhə dostu İlya Selvinskinin qızıdır. Onunla və əri ilə Peredelkinada atamla birlikdə Selvinskilərin qonağı olduğum zaman tanış olmuşdum. Müharibə illərində Krım cəbhəsində Rəsul Rza ilə dostlaşan, eyni ordu qəzetində hərbi müxbir kimi çalışdıqları Selvinski ilə atamın xoş münasibətləri ömürləri boyu davam etdi. Selvinskinin bu şeirini atam çox bəyənirdi:

 

Ïàðà áàðàáàíîâ,

ïàðà áàðàáàíîâ,

ïàðà áàðàáàíîâ,

áèëè áîé.

 

İlya Selvinski Mayakovski ilə münasibətlərindən (futurust-konstruktivist qarşıdurmasından - A.) danışarkən xatırlayırdı ki, Mayakovski «elə «dostlarım» olmaqdansa, sənin kimi düşmənimin olması yaxşıdır» – deyirmiş.

Yadımdadır, İlya Qriqoryeviç onu da danışırdı ki, dəhşətli Krım soyqırımından bəhs edən və «ÿ ýòî âèäåë ñâîèìè ãëàçàìè» misraları ilə başlayan şeiri alman faşist ideoloqu Hebbelsi bərk qəzəbləndiribmiş, ona «O bunu görməyib, yalan deyir» sözləri ilə cavab da veribmiş.

Peredelkinodakı söhbətdə Selvinskinin bir gileyini də xatırlayıram. Deyirdi ki, – “Onun rus tarixindən yazdığı pyesləri Maksim Qorki bəyənsə də, antisemit yazarlar yaxına buraxmırlar, «rus tarixindən yəhudi niyə yazsın, ruslar özləri yazmasın» – deyirlərmiş.

Selvinskinin Azərbaycana xoş münasibəti müəyyən dərəcədə atamla tanışlığı və dostluğu ilə də bağlıdır. Atamın bir neçə şeirini tərcümə edib, Rəsul Rza haqqında iki məqalə yazıb. Məqalələrinin birində «Rənglər»i yüksək qiymətləndirərək bu silsiləni Artur Rembonun tapıntılarından üstün sayırdı. Rəsul Rza da dostu haqqında çox isti xatirələr qələmə almışdır. Selvinskinin Babək haqqında «Qartalı çiynində gəzdirən» adlı mənsur dramı var. Xəlil Rza Ulutürk tərəfindən dilimizə çevrilən bu əsər heyif ki, müəyyən səbəblərdən Azərbaycanda səhnəyə qoyulmadı. Selvinski atama, – “Əfsus ki, sənin xalqınla romanım baş tutmadı”, – deyibmiş.

Selvinskinin qızı Tanyayla (Tatayla) və əri Viktorla Peredelkino tanışlığımızdan sonra da əlaqələrimiz kəsilmədi. Tata Tahir Salahovla və Tahirin birinci arvadı Setayla Ali rəssamlıq məktəbində oxumuşdular. «Taxruşa» deyə adlandırdığı Tahirin sənətini çox bəyənirdi. Mən, Tahirin dostu, başqa bir görkəmli rəssamımız Toğrul Nərimanbəyov haqqında ona danışanda hələ Toğrulun sənəti ilə tanış deyildi. Hansı sərgidəsə onun tablolarını görəndən sonra mənə «êàêîé  ðîñêîøíûé õóäîæíèê» – dedi.

Tatyana Selvinskaya, Anarın portreti. 1964-cü il.

Mənim portretimi çəkmək təşəbbüsü Tata tərəfindən gəldi. Bir seansa çəkdi şəklimi. Bu portret mənə həm Moskva illərimin xatirəsi kimi, həm də ovaxtkı ovqatımın gerçək ifadəsi kimi qiymətlidir. Maraqlıdır ki, yazıçı Afaq Məsudla xoş münasibətlərimiz olan zaman bu portretdən təsirlənib səmimi yazı da yazmışdı.

Kino təhsili mövzusuna qayıdaraq vurğulamaq istəyirəm ki, bizə mühazirə oxuyanlar sovet kinosunun canlı tarixi, korifeyləri idi: Y.Rayzman,

Q.Kozintsev, M.Romm, S.Yutkeviç, Alovla Naumov, Q.Çüxray, Tenqiz Abuladze, Andrey Tarkovski...

Andrey məşhur rus şairi, atamın tərcüməçisi Arseni Tarkovskinin oğludur.

Rəsul Rzanın tərcüməçiləri sırasında onun iki şeirini çevirmiş Anna Axmatovadan başqa, Vladimir Luqovskoy, İlya Selvinski, Pavel Antokolski, Mixail Svetlov, Yaroslav Smelyakov, Konstantin Simonov, Boris Slustski, David Samoylov, Mixail Dudin, Muza Pavlova, Tatyana Streşneva, Yunna Morits kimi görkəmli rus şairləri var. Anna Axmatovadan, Konstantin Simonovdan və Boris Slutskidən başqa, adları çəkilənlərin hamısı Bakıda atam evinin qonaqları olub. «Lenin» poemasını rus dilinə çevirən Arseni Tarkovski isə bu poemanı tərcümə etdiyi bir ay ərzində evimizdə yaşadı. Sonralar da atamla əlaqələri kəsilmədi. Rəsul Rzanın yubileyində atam haqqında təsirli bir yazı yazdı. Adlarını çəkdiyim rus şairlərindən bəziləri nəinki Rəsul Rzanın şeirlərini çevirmiş, haqqında xoş yazılar yazmışlar, hətta yeri gələndə onu müdafiə də etmişlər.

Atam xatırlayır ki, Azərbaycan yazıçılarının Birinci Qurultayında şeir haqqında məruzəni erməni partiya işçisi Çubar etmişdi. Məruzəçi sətri tərcümələr əsasında Rəsul Rzanı kəskin tənqid edib. Atamı Yazıçılar İttifaqına qəbul etməyiblər.

1937-ci ildə Vladimir Luqovskoyun başçılıq etdiyi rus şairlər briqadası Azərbaycan şeir antologiyasını çevirmək üçün Bakıya gəlir. Mən Luqovskoyu 1948-ci ildə Bakıya Nizami yubileyinə gələndə görmüşdüm. Atamgilin mənzilində Luqovskoyu az qala otağın yarısını tutan nəhəng fiqurunu yaxşı xatırlayıram. Rəsul Rza yazır:

 

«Luqovskoyla dərhal çox isti münasibətlərimiz yarandı. Yoldaşlar mənə danışırdılar ki, Luqovskoy «yuxarılarda» məni və mənə görə təzyiqlərə məruz qalan Nigarı müdafiə edirmiş. Mənə isə səbirli olmağı tövsiyə edirdi».

1948-ci ildə Bakıda Nizaminin yubileyi keçirilərkən Mikayıl Rəfilinin evində qonaqlıq zamanı atam Mir Cəfər Bağırovla toqquşur və bu məclisdə Rəsul Rzanı müdafiə edən yenə də rus yazıçıları olur.

Rəsul Rzanın sovet yazıçıları ilə sərt mübahisə etdiyi məqamlar da olub. Klimorviç familiyalı tanınmış moskvalı alimin Cəlil Məmmədquluzadəni “mürtəce” yazıçı adlandırmasına qarşı kəskin çıxış etmişdi. Atam Moskva şairi A.Adalisin «Azəri» adlı kitabından da çox narazı qalmışdı:

«Adalisin «Azəri» adı ilə yazdığı kitabında azəri xalqına hörmətdən başqa, nə desən var. O, inqilabdan qabaq xalqımızı mədəniyyətdən xəbəri olmayan, aşağı dərəcəli insanlar kimi göstərməyə çalışır. Bizim xalqımız inqilabdan qabaq, Adalisin yazdığı kimi, bir cahillər kütləsindən ibarət idimi? Bundan həyasız bir böhtan olarmı?» (Çıxışının əsasında yazdığı «Tənqidimiz haqqında bəzi qeydlər» məqaləsindən)

Moskvada Gürcüstanın ədəbiyyatı və incəsənəti ongünlüyündə qonaq kimi dəvət olunan Rəsul Rza oradakı çıxışında da bəzi tənqidi fikirlərini söyləmişdi. Ongünlüyün ədəbi müzakirəsində məruzə edən görkəmli rus şairi Nikolay Zabolotskinin söylədiyi bir fikrə etiraz edərək deyirdi:

«Zabolotskinin irəli sürdüyü bir fikir də kökündən yanlış idi. Onun iddiasına görə, Şərq poeziyası bədbin poeziyadır. Aydındır ki, bu iddia doğru deyildir. Firdovsi, Nizami, Ömər Xəyyam, nəhayət Vaqif! Bu adlar və bu şairlər «bədbin Şərq poeziyası» fikrinin nə qədər əsassız olduğunu sübut edir. Bu fikrin davamı olaraq Zabolotski yoldaş iddia edir ki, guya şərq bədbinliyinin konkret təzahürü olan məcnunluq fəlsəfəsi Şota Rustaveli tərəfindən rədd edilmişdir. Nizami, Nəvai, Füzuli və bir sıra başqa şairlər tərəfindən ölməz nümunələr yaradılmışdır. «Leyli və Məcnun» dastanını bədbinlik fəlsəfəsinin təzahürü adlandırmaq, ən azı bu əsərlərdən və məcnunluq fəlsəfəsindən xəbərdar olmamaq deməkdir. Məcnun iztirablar içindən keçərək yüksək mənəvi məhəbbətə qovuşmaq istəyir. O, tanrıdan daha artıq iztirab, daha artıq əziyyət və əzab istəyir. Pessimizm bunun harasındadır?» («Qardaş xalqın bayramı» məqaləsindən.)

Əlamətdardır ki, Rəsul Rza bu çıxışını məhz qardaş xalqın bayramında ifadə edir, gürcülərin ilahiləşdirdikləri Şota Rustavelinin bütün şərq şairlərinə qarşı qoyulmasına etiraz edir. Elə bu tədbirdəcə Rəsul Rza gürcülərlə daha bir mübahisəyə girişir. Dost kimi yüksək dəyərləndirdiyi, hətta haqqında ayrıca məqalə də yazdığı məşhur gürcü şairi Simon Çikovanın bəzi misralarına etiraz edir:

«Müasir gürcü şeirinin müvəffəqiyyətlərindən danışaraq şəxsən mənim köhnə dostlarımdan olan və şeirinə, sənətinə hörmət bəslədiyim Simoni Çikovaninin bir şeiri haqqında fikrimi söyləməyi vacib bilirəm. Bu, Çikovaninin «Gürcüstan kiçikdirmi?» şeiridir. Şeir özünün emosional qüvvəti və obrazlılığı ilə şübhəsiz, şairin yaradıcılığında gözəl nümunlərdən biridir. Lakin məncə, şair dostum bu şeirdə özü öz fikrinin əleyhinə çıxır və şeiri onun bədii məntiqinə zidd olan bir nəticə ilə bitirir. Şeirinin ilk bəndlərində Çinovani Gürcüstanı balaca bir yer adlandıranlara qarşı etiraz edir və deyir ki, – “mənim vətənim Gürcüstan kiçik deyildir”. Şair belə bir fikir irəli sürür ki, ölkənin böyüklüyü onun ərazi böyüklüyündə deyil. Bu, doğrudan da belədir. Ərazi hələ bir ölkənin, bir xalqın, yüksək mədəniyyətinin böyüklüyünü göstərən amil deyildir. Lakin axırıncı bənddə şair öz fikrinin əleyhinə gedərək Gürcüstanın böyüklüyünü onda görür ki, nə zamansa döyüşlər nəticəsində Dərbəndin qapılarını fəth etmişlər. Mənə elə gəlir ki, basqın və qəsbkarlıq heç bir zaman bir xalqın böyüklüyünü, mənəvi üstünlüyünü göstərən amil olmamışdır. Odur ki, gözəl hiss ilə yazılmış şeirə yamaq olan və tarixi paralellər yazılan şairin xeyrinə olmayan bu fatehlikdən bəhs etmək yersizdir, sovet şairi üçün ciddi qüsurdur».

Tarixi paralellərin Çikovaninin xeyrinə olmaması haqqında deyərkən Rəsul Rza şübhəsiz, vaxtı ilə Nadir şahın, Ağa Məhəmməd şah Qacarın Tiflisi fəth etmələri qəbilindən faktları nəzərdə tuturdu və bu çıxışı eşidən gürcü dostlarımız da şairin nəyə işarə vurduğunu duymuşdular.

Bir dəfə atamla Moskvada ikən Tarkovskinin qonağı olduq. O vaxt mənzilləri Mossovetlə üzbəüz binada idi. Evlərinin qarşısında indi Yuri Dolqorukinin heykəli ucaldılmış yer boş çöllük idi. Tarkovskigildə qonaq olarkən onun təxminən mən yaşda oğlu ilə düşüb o çöllükdə futbol oynamışdıq. Kurslara qonaq gələn, bizə kinonun sirlərindən danışan, təqribən elə o aylarda Venetsiya festivalında «İvanın uşaqlığı» filminə görə ən yüksək mükafata layiq görülən həmin o on-on bir yaşında futbol oynadığım Andrey Tarkovski idi. Ona yanaşıb bunu Andreyə xatırlatmağı qüruruma sığışdırmadım. Çox güman ki, o, uzaq futbol oyununu heç xatırlamayacaqdı da. O vaxt dünya şöhrətinin zirvəsində olan bir şəxsə «səninlə haçansa, futbol oynamışam» demək özümü gülünc vəziyyətə salmaq olardı. Odur ki, sənətini yüksək qiymətləndirdiyim, məşəqqətli taleyinə acıdığım Andrey Tarkovskiyə o vaxt yanaşmadığım üçün heç vaxt təəssüflənmirəm.

Moskvada söz gəzirdi ki, indi bu şəhərdə ən liberal mühit Kino evində Ssenari kurslarındadır. Kino xadimlərindən başqa, görkəmli filosofların, ədəbiyyatşünas, kinoşünas və tənqidçilərin Livşitsin, V.İvanovun, Pyatiqorskinin, V.Şklovskinin, İ.Andronnikovun, R.Yurenyovun, Neya Zorkayanın, Bojoviçin, sonralar xaricə qaçmış Matuseviçin maraqlı söhbətlərini xatırlayıram. Blokdan, Pasternakdan, Mayakovskidən xatirələr danışan Viktor Şklovskinin ilk sözü belə oldu: «Ancaq mənə Mayakovski niyə intihar etdi sualını verməyin».

Serqey Yutkeviç auditoriyada Maqsudla mənim – azərbaycanlıların olduğunu bilmədən: «Rüstəm Mustafayev adlı çox istedadlı bir rəssam vardı, heyif ki, faciəli şəkildə həlak oldu, dənizdə batdı» deməsini unutmuram.

İrakli Andronnikovun kurslarda çıxışı və onunla tanışlığımızı da yaxşı xatırlayıram. İrakli Andronnikovun qızı – istedadlı kinoşünas və çox zəngin mənəvi aləmi olan Manana Andronnikova bir sıra başqa kinoşünaslıq üzrə aspirantlar – İrina Rubanova, Gürcüstandan Natiya Amiradcibi, Azərbaycandan Nelli Hacınskaya – kurslara sovet ekranlarına çıxmayan xarici filmlərə baxmağa gəlirdilər. Manana ilə də tanışlığımız və dostluğumuz o zaman başladı. Tata Selvinskaya Manana haqqında qəribə də olsa, dürüst bir söz deyirdi: «Ìàíàíà áóäó÷è íà ñàìîì äåëå çàãàäî÷íîé æåíùèíîé, õî÷åò êàçàòüñÿ çàãàäî÷ íîé æåíøèíîé».

«Manana sirli-sehrli qadın ola-ola, həm də belə qadın kimi görünmək istəyir».

Qapalı, öz içində gizlənmiş Mananadan fərqli olaraq atası ünsiyyətə açıq, şux və söhbətcil insan idi, zəngin bir ömür sürmüş maraqlı şəxsdi.

Kurslarda bizimlə görüşdə İrakli Luarsaboviç mühazirə oxumurdu, tamaşa göstərirdi. Bir aktyorun ifasında onlarla yazıçının surətləri canlanırdı.

Bir gün Manana Maqsudla məni evlərinə dəvət etdi. Evlərində atası nə kurslarda, nə TV-də, nə konsertlərində, ya başqa ictimai yerlərdə göstərmədiyi səhnələri canlandırırdı. Göstərdikləri yetərincə cəsarətli və dissident ruhlu səhnələrdi. Manana danışırdı ki, atası həmişə dissident ruhlu adam olub və bunu müxtəlif üsullarla ifadə edib, amma ona bir növ «adam güldürən» (təlxək sözünü işlətmək istəmədi) oyunbaz kimi baxdıqları üçün repressiya qurbanı olmayıb. Evlərində göstərdiyi səhnələrdə adamı mat qoyan o idi ki, İrakli Luarsaboviç Aleksey Tolstoyun ya Samuel Marşakın obrazlarını yaradarkən onların dilləri ilə, ədalarıyla, işlətdikləri sözlərlə, ifadələrlə, hətta onların səsi ilə danışanda adama elə gəlirdi ki, təqlid etdiyi adamların özlərini görürsən.

(Bizdə – Azərbaycanda başqasını dəqiq təqlid etmək istedadına malik olan iki adamı tanıyırdım – rəssam Kazım Kazımzadəni və Azər Sarabskini.)

Ən qəribəsi o idi ki, Andronnikovun ifasında Maksim Qorkini yalnız «Volqa ləhcəsiylə» danışdığı anlarda deyil, sadəcə başqalarını dinləyərkən oturduğu pozada sanki öz gözlərinlə görürdün. Bu, doğrudan aktyor sənətinin möcüzəsi idi. Bu ev tamaşasının məzəli tərəfləri də vardı. Hansı yazıçısa İ.Andronnikovdan A.Fadeyevin bir məsələyə münasibətini öyrənmək istəyəndə və ona müraciətin nə dərəcədə məqbul olub-olmadığını soruşanda İrakli Luarsaboviç Fadeyevin əvəzinə və onun obrazında elə inandırıcı cavab verib ki, xahiş etmək istəyən yazıçı niyyətindən vaz keçib.

İrakli Andronnikov şəxsiyyətinin unikallığı onda idi ki, belə parlaq artistlik, yamsılamaq istedadına malik olmaqla bərabər, həm də çox ciddi ədəbiyyatşünas idi. M.Lermontovun yaradıcılığı üzrə ən mötəbər tədqiqatçı idi.

Mən Moskvada ssenari kurslarını bitirib Bakıya qayıdandan sonra bir gün İrakli Andronnikovdan məktub aldım. Yazırdı:

Əziz Anar! Sizdən böyük bir xahişim var. 1968-ci ildə Bakıda S.Yaqubovanın «Xalq dastanı Aşıq Qərib» kitabı çıxıb (Az. SSR Elmlər Akademiyasının nəşri). Müəllif mənim fərziyyəmi təsdiq edir ki, Lermontova bu dastanı danışan adam M.F.Axundov ola bilərdi. Təsəvvür edirsinizmi bu, mənimçün necə vacibdir!

Kitabın çıxması haqqında «Voprosı literaturı» jurnalında retsenziyadan xəbər tutdum. Amma kitabın özünü Moskvada tapa bilmirəm. Ona görə də Sizi narahat edirəm – bu kitabı Bakıda tapa bilərəmmi?

Fürsətdən istifadə edib Sizə ən yaxşı hisslərimi bildirirəm. Sizi və ailənizi Yeni il münasibəti ilə təbrik etmək, xoşbəxtlik, rifah və uğurlar arzulamaq istəyirəm. Atanıza xüsusi salamlarımı yetirin. Moskvaya yolunuz düşəndə bizə gəlin. Sizi görməyə həmişə şadıq. Ünvanınınızı Mananadan öyrəndim, o da Sizə salam göndərir.

 Sizin İrakli Andronnikov

25 dekabr 1968.

Təbii ki, həmin kitabı tapıb İ.L.Andronnikova göndərdim.

Manana ilə də məktublaşırdıq. Məktublarının birində Lado adlı gürcü cərraha ərə getdiyini yazırdı.

Moskvaya yolum düşəndə Mananagildə – artıq atasının yox, özünün Aeroport metrosu yaxınlığındakı evində qonaq oldum, əri Lado və qayınatası ilə tanış oldum. Mananadan xeyli cavan olan Lado xoş sifətli, qılıqlı bir gəncdi, atası, uca boylu, bazburtlu memar Aleksi Mesxişvili oğlunun tam əksi idi – təkəbbürlü, özündən razı. Bir neçə dəfə Qafqazda ən hündür binanı Tiflisdə mən ucaltmışam – dedi. Nədənsə Mayakovskidən söz düşəndə: «Mayakovski qadınlarla rəftar etməyi bilmirdi – dedi – hərif idi». Rusca danışsa da məhz «hərif» sözünü işlətməsi yadımda qalıb. Həmin bu memarın arvadı (təbii ki, Ladonun anası yox) məşhur kinorejissor Lana Qoqoberidze idi. Çox illər sonra bu ər-arvadla kino işçiləri heyəti tərkibində ABŞ-da olduq. Memar özünü elə göstərdi ki, guya məni tanımır. Təbii ki, mən də özümü eyni cür apardım.

Müstəqillik illərində isə Lana Qoqoberidze Gürcüstan Parlamentinin spikeri Jvaniya ilə Bakıya gəlmişdi, Yazıçılar Birliyində də oldular.

Andronnikovlar ailəsi ilə bağlı bu söhbəti kədərli bir məlumatla bitirməliyəm. Hələ sovet dövründə bir gün Moskvadan acıdan acı xəbər gəldi.

Manana həmin o Aeroport metrosunun yaxınlığındakı evlərinin pəncərəsindən özünü atıb, intihar edib.

Lado hamamda çimirmiş, bir də qış günü otaqdan soyuq yel əsdiyini hiss edib, çıxıb və açıq pəncərəni görüb.

Kinoşünas aspirantlardan biri də gürcü qızı Natiya Amirdcibi idi. Natiya Gürcüstanın tanınmış zadəgən nəslindən di. Zarafatla ona Gürcüstanın kraliçası deyirdik. Böyük bacısı gözəllər gözəli Radam Mixail Svetlovun arvadı idi. Svetlovun Gürcüstanla bağlı qoşduğu və danışdığı anekdotların çoxu Radamın gürcü qohumları ilə bağlı idi. Radamın kiçik, Natiyanın böyük qardaşları Çabua Amiradcibi gənc yaşlarında Stalin sürgünlərindən keçmiş yazıçı, məşhur «Data Tutuşqiya» romanının müəllifi idi. M.Svetlovun mənzili Qorki küçəsində Baş teleqrafla üzbəüz binada idi. Heç vaxt zarafatından qalmayan Svetlov deyirmiş ki, mən öləndən sonra bu binaya xatirə lövhəsi vuracaqlar:

«Bu evdə Mixail Svetlov yaşayıb və işləməyib».

 Atamın və anamın şeirlərini çevirən, gənclik illərindən onlarla xoş münasibətdə olan Svetlovun bəzi zarafatlarını valideynlərimdən eşitmişdim.

 Hansı respublikadasa tərcümələrinin qonorarını gecikdirdikləri üçün ora belə teleqram vurub: “Təcili qonorarımı göndərin, yoxsa sizi geri çevirərəm”. Başqa bir respublikaya isə eyni səbəbdən ikibaşlı teleqram göndərir: “Qonararın çatmaması narahat edir sizin ananızı”.

 Bir dəfə anamdan xəbər alıb:

«Ñòàðóøêà, ÷ òåáÿ åñòü îðäåí?» Anam “yoxdur” cavabını verəndə «Íè÷åãî. Âîò ÿ ïîëó÷ó îðäåí Ëåíèíà, ðàçìåíÿþ íà äâà Çíàê ïî÷åòà. Îäèí òåáå, îäèí ìíå».

 Svetlovun dilindən eşitdiyim «musiqili» qamma cümləsini də xatırlayıram:

«Äî ðå (Äîðà), ìè ôà ñîë ÿ ñè-ãîäíÿ áóäåì åñòü?»   

Bakıda atamgildə və Buzovna bağımızda qonaq olmasını da yaxşı xatırlayıram. Buzovnada dənizdə gündən qaralıb, qayıdanda: «Õîòèòå âèäåòü æàðåííîãî åâðåÿ»  deyə yaxasını açması da yadımda qalıb. Bir çox yəhudilər kimi, bu məsələ Svetlovun da yaralı yeriydi. Bu mətləbi ona xas olan orijinallıqla gizlətməyə çalışsa da, bir dəfə Buzovnada atamla içki söhbətində: «Êàêîé òî Àëûìîâ èçäåâàåòñÿ íàä ìîèì åâðåéñêèì àêöåíòîì» -  deyirdi.

Mayakovski ilə görüşlərindən danışırdı. Bir dəfə Mayakovski ona «dəlləkxanada növbəmi gözləyərkən «Oqonyok» jurnalını vərəqləməyə başladım – deyib və dərhal əlavə edib: – Elə bilmə ki, mən həmişə bu zibili (yəni jurnalı - A.) oxuyuram. Amma bu nömrədə gözüm sənin şeirlərinə sataşdı. Bəyəndim». Bu, Mayakovskinin dilində ən yüksək tərif idi, belə sözləri nadir hallarda deyirdi.

 «Proletar şairlərinə məktub» şeirində Mayakovski Jarov və Utkinlə birlikdə Svetlova da müraciət edir.

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

525-ci qəzet .-2024.- 7 sentyabr.(¹162).- S.14-15.