Özgə yolda yorulanlar...

 

Esse

 

"On iki yaşımdan voleybolla məşğul olsam da, bu idman növündə xoşbəxt deyildim. Ümumiyyətlə, komandada olmağı sevmirəm. Tək işləmək mənim üçün daha rahatdır. Buna görə də fərdi idman növü olan atletizmə üz tutdum".

Bu sözlər paraatlet Lamiyə Vəliyeva ilə müsahibəmdəndir.

"Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə son günlər ölkə gündəmində ən çox danışılan adlardandır. İdmançımızın uğurunun fonunda onu qələbəyə aparan yol da maraq doğurur. Həqiqətən də, belə bir uğura imza atmaq, dünya rekordunu təzələmək xırda məsələ deyil. Bu uğurdan öyrəniləcək çox şey var.  Məni isə bir sual düşündürür.

Görəsən, Lamiyə voleybolda davam etsəydi, bugünkü uğurları qazana bilərdimi?

Kollektivdə işləmək bacarığı son dövrün trendlərindəndir. Hətta iş müsahibələrində ən çox verilən suallar sırasındadır desək, yanılmarıq. Əlbəttə, bu xüsusiyyətə sahib olmaq təqdirəlayiqdir. Bir sıra sahələrdə isə zərurətdir. Bəs yaxşı, bu cəhət bizdə yoxdursa, onda nə etməliyik?

Təbii ki, insan öz üzərində işləməklə çox şeyə nail ola bilər. Ancaq insan təbiətində elə xüsusiyyətlər var ki, onları dəyişmək ya mümkünsüzdür, ya da müşkül.

Kimi dəyişməyə çalışır, kimi qəbul edir, kimi də bunların heç birinə yaxın düşməyib, özünə yalan danışır. Ən acınacaqlı vəziyyətdə olanlar məhz sonunculardır. Hamı bu mövzuda Lamiyə kimi cəsarətli davranmır.

Hər şey həqiqətini tanımaqdan başlayır. Bu yanaşma təkcə sözügedən nümunədə yox, digər məsələlərdə də keçərlidir. Necə deyərlər, birinci ağrıyan dişi tapmalısan.

Problemin təyinatından sonrakı mərhələ seçimin öhdəliyidir. Ya nələrisə dəyişməyə çalışırsan, ya da Lamiyə kimi özünlə sülh bağlayıb, birdəfəlik yolunu dəyişirsən.

Burada isə başqa bir sual yaranır. Ümumiyyətlə, xarakter formalaşdırmaq insanın öz əlindədirmi? Sualın konkret bir cavabı yoxdur. Müxtəlif mənbələrdə, fərqli arqumentlər görə bilərik.

2003-cü ildə Londonda Psixiatriya İnstitutunun nəşr etdirdiyi bir araşdırmada 1975-76-cı illərdə mindən çox üç yaşlı uşağın davranışları qiymətləndirilib. Həmin uşaqlar gənclik dövründə yenidən tədqiqata cəlb olunublar. Araşdırmada iştirak edən əksər şəxslərin hələ uşaqkən görülən xarakterik xüsusiyyətlərə malik olduğu məlum olub.

Bu tip arqumentlər xarekterin altı yaşa qədər formalaşdığı, həyatın sonrakı mərhələlərində isə yalnız xırda dəyişikliklərin mümkün olduğu iddiasını təsdiqləyir. Ancaq bir araşdırmanı əsas tutub, konkret fikir söyləmək doğru olmaz. Çünki bu iddianı təkzib edən başqa tədqiqatlar da mövcuddur.

Bu mövzuda mənə ən məntiqli görünən yanaşma temperamentin əsaslandırmasıdır. Temperament haqqında təlimin yaradıcısı sayılan Hippokrat deyirdi ki, insanlar 4 əsas "orqanizm şirəsi"nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bədəndə qan nisbəti üstün olarsa, Sanqvinik, fleqma üstün olarsa, Fleqmatik, sarı öd üstün olarsa, Xolerik, qara öd üstün olarsa, Melanxolik adlı temperament tipi olacaqdır.

Əgər Hippokrata inansaq, deyə bilərik ki, "İnsan xarakteri ilə doğulur". Əlbəttə, hansısa xüsusiyyətləri sonradan dəyişə, cilalaya bilərsən. Nəticədə, insanı digər canlılardan fərqləndirən əsas cəhətlərdən biri iradəsi üzərindəki səlahiyyətidir.

Bir daha qeyd edim ki, bu mövzu mübahisələrə açıq olduğu üçün konkret faktlar üzərindən hökm vermək çətindir. Mən yalnız subyektiv yanaşmam əsasında fikir yürüdə bilərəm.

İstənilən halda xarakterin dəyişməzliyi ilə bağlı deyilənlərin daha məntiqli olduğunu düşünürəm. Üstəlik, nəyisə rəndələmədən, olanı qəbul edib bunun üzərində həyatını qura bilirsənsə, canfəşanlığa nə lüzum var?

Həqiqətinlə tanış olursan, qəbul edirsən və buna görə yaşayırsan. Əksi həngamədir. Onsuz həyat güllük-gülüstanlıq deyil, hələ bir özümüzlə də savaşaq?

Qısası, həyatını təbiətinə uyğun quranların uğur qazanmaq ehtimalı daha yüksəkdir. Söhbət məhz peşə seçimindən gedirsə, burada istinad edəcəyimiz xeyli tutarlı yanaşmalar var. Hətta temperament tiplərinə görə, peşə bölgüsü belə. Məsələn, qeyd etdiyim çıxarışda konkret istiqamətlər mövcuddur:

"Sanqviniklər pedodoq, həkim, satıcı, psixoloq, sürücü, jurnalist və s.

Sanqviniklər səbir, təmkin tələb edən, yeksənək işləri xoşlamırlar, məsələn, proqramçı, saatsaz və s.

Xolerikləri təmin edən peşələr: menecer, cərrah, çilingər, aşpaz, məşqçi və s. Sevmədiyi peşələr: mühasib, kitabxanaçı və s.

Fleqmatikləri təmin edən peşələr: diş texniki, iqtisadçı, mühasib, aşpaz, proqramçı, çilingər və s. Sevmədiyi peşələr: artist, kommersant, dəllək və s.

Melonxolikin sevdiyi peşələr: bioloq, artist, kitabxanaçı, musiqiçi və s. Sevmədiyi peşələr: sürücü, cərrah, bir sözlə risk və məsuliyyət tələb edən işləri xoşlamırlar".

Bu siyahını peşə və temperamentlə bağlı bir çox mənbədə görə bilərsiniz. Əlbəttə, ömür boyu məşğul olacağın işi hansısa siyahı ilə seçmək məntiqli deyil. Üstəlik, doğruluq payı nə qədərdir, onu da dəqiq deyə bilmirik. Ancaq bu, sadəcə bir variantdır. Digər təsiredici faktorları da unutmamalıyıq. Uğurlu karyeranı şərtləndirən mühüm amillər sırasında çalışdığın sahədə sahib olduğun potensial, maddi rifahın təminatı, peşənin nüfuzu kimi nümunələri sadalaya bilərik. Tutaq ki, xarakterin ixtiyari bir peşəyə uyğundur, ancaq potensialın yetərli deyil, yaxud da əksinə. Məsələn, siz qorxaq general təsəvvür edə bilirsinizmi? Gözəl səsi olub, səhnəyə çıxmaqdan utanan o qədər adam var ki...

Gərəkdir ki, bacarıqla istək bir-birini tamamlaya.

Və ən əsası, öz yolunun yolçusu olmalısan.

Üç-dörd il qabaq bir şirkətlə media işləri üzrə əməkdaşlıq edirdim.  Rəhbərliklə münasibətim qaydasında idi, işlər də yaxşı gedirdi. Di gəl, müdir müavini ilə heç cür dil tapa bilmirdim. Xoşu gəlmirdi məndən. Əvvəllər səbəbi özümdən bilsəm də, yerimə gələn həmkarımla eyni cür davranmağı fikrimi dəyişdi. Beləcə mənim üçün mənzərə tamamilə aydın oldu. Deməli, bu xanım fərqli sahədə çalışsa da, ixtisasca jurnalist idi. Hətta bir müddət bu sahədə çalışıb. Dediyinə görə, işini də çox sevirmiş. Ailə qurandan sonra həyat yoldaşı icazə vermədiyi üçün peşəsini dəyişməli olub. Buna baxmayaraq, fərqli geyimləri, cəsarətli davranışı və bir sıra digər xüsusiyyətləri onun hələ də ekran adamı olmasından xəbər verirdi. Üstəlik, hər gördüyüm işdə nöqsan axtarır, üç-beş illik stajı ilə peşə dərsi keçirdi.

Məndən üç qat çox qazanan, vəzifəsi, sahəsində bəlli nüfuzu olan bir adamın qərəzini anlamaqda çətinlik çəkirdim. Ancaq indi məlumdur.

O yol onunku deyildi. Təbiətinin diktə etdiyi arzulardan keçib, ömrünü başqa ünvanlarda yelə verməyin hirsini mən daxil hələ neçə nəfərdən çıxacaqdı Allah bilir...

Öz hekayəsini yaza bilməyənlər başqa əhvalatlarda xoşbəxt ola bilmirlər. O qədər belə adam tanımışam ki...

Peşə yalnız pul qazanmaq üçün vasitə yox, həm də potensialımızı realizə etdiyimiz fəaliyyətdir. Bu dünyadakı missiyamız peşəmizin fonunda daha aydın görünür. Seçim edərkən xarakter faktoru da daxil olmaqla ən xırda detala qədər nəzərə alınmalıdır. Və ən vacibi öz yolunun yolçusu olmaqdır. Hətta varılacaq ünvan xoş günlər vəd etməsə belə...

 

Aytac SAHƏD

525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.13.