Qələmsiz
yazılanlar
status-esselər
Sosial şəbəkələr meydana
çıxandan, təxminən 10-15 ildir, ad günlərim həmişə
çoxlu təbriklər seli ilə keçib. Həm də təbrik
edənlərin böyük əksəriyyəti
yazıçılar, şairlər, jurnalistlər,
istedadlı adamlar olduğundan çox dəyərli və bəzən
göz yaşardan, özümün də unutduğum hadisələri
yada salan ürək sözləri oxumuşam.
Builki təbriklər isə xüsusi fərqliliyi ilə
yadda qaldı. Mənim üçün sürpriz olan ilk təbriki
cənab Prezidentdən aldım. Cənab Prezidentin məni 2-ci
dərəcəli "Vətənə xidmətə görə"
ordeni ilə təltif etməsi builki təbriklərə məxsusi
bir rəng qatdı. Hətta ad günümdən 12 saat əvvəl
başladı təbrik seli. Bu mötəbər təltifə
- təbrikə görə cənab Prezidentə sonsuz təşəkkürümü
bildirirəm.
Uzun illərdir media sahəsində fəaliyyət
göstərirəm. Ayrı-ayrı vaxtlarda iki dəfə cənab
Prezidentin qarşısında çıxış etmişəm.
Qələbəmizdən sonrakı illərdə isə
müxtəlif tədbirlərdə Azərbaycan Prezidentinin
atdığı tarixi addımlar barədə fəxarətlə
danışmışam. Bizim ağlımıza da gəlməyən,
yuxumuza da girməyən bir çox mötəbər hadisələr,
əlamətdar tədbirlər məhz cənab Ali Baş
Komandanın rəhbərliyi ilə
reallaşdırılıb. Onun təşəbbüsü və
bilavasitə iştirakı ilə son iki ildə Şuşada
dalbadal Beynəlxalq Qlobal Media Forumu keçirilib.
Altmış illik yubileyimdə ali dövlət təltifi
- 2-ci dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə
mükafatlandırılmağım isə mənim
üçün böyük qürurdur. Bu, təkcə mənim
yox, həm də bütün media nümayəndlərinin əməyinə
verilən qiymətdir. Bu təltifə görə cənab Prezidentə
bir daha minnətdarlığımı bildirirəm.
Eyni zamanda bu günlər məni təbrik edən, həm
təltif olunmağımla, həm də ad günümlə
bağlı ürək sözlərini çatdıran hər
kəsə ürəkdən təşəkkür edirəm.
lll
Təbriklər, "Qarabağ"!
Təbriklər, möcüzə yaradan Qurban Qurbanov!
lll
"Qarabağ" yaxşı komandadır. Bəzi
epizodları görəndə düşünürsən ki,
bu, yüksək zəhmətin, peşəkarlığın,
təcrübənin bəhrəsidir.
Amma "Qarabağ"da həm də ruh var. Vəcdə
gələndə bütün sədləri aşır.
lll
Deputatlığa namizədlər içərisində
çox saf, səmimi və ürəkdən seçki təbliğatı
aparanlar var. Ənənələrə hörmət və
sevgini də gözləyirlər, kreativliyi də.
Uğurlar arzulayıram!
lll
Xəstəxananın çölündə hava daha ləzzətli
olur; həyatın davam etdiyini və gözəlliyini duyursan.
lll
Harınlıqla görməmişliyin arası bir
addımdır.
Harınlıq gec-tez necəsə cəzalandırılır.
lll
Yazdığını oxumadan bəyəndiyin profillər
var. Nə yazsa da, qəbulundur.
lll
Ağsuda Elçin Mirzəbəylinin
seçkiqabağı təşviqat çərçivəsində
Bico, Qəşəd və Ləngəbiz adlı kəndlərdə
görüş keçirdiyini oxudum.
Qəribə gəldi bu adlar; tarixi və tarixçəsi
maraq doğurdu. Əminəm ki, Elçin millət vəkili
kimi bu adların etimologiyasıyla maraqlanacaq, bizi də bilgiləndirəcək.
lll
Tanınmış yazıçı, Ümumtürk ədəbiyyatının
fədakar təbliğatçısı Yaqub Öməroğlunun
vəfatından qəlbən kədərləndiyimizi bildirir,
ailəsinə, sevənlərinə, oxucularına və
bütün Türk dünyasına dərin hüznlə
başsağlığı veririk. Yaqub Öməroğlunun əziz
xatirəsi qəlbimizdə daim yaşayacaq, onun adı
bütün Türk dünyasında hər zaman ehtiramla
anılacaq. Allah rəhmət eləsin!
lll
Media və deputatlığa namizədlər bir-birilərinə
münasibətdə daha təmkinli mövqe
tutmalıdırlar. Düşünməlidirlər ki,
onların qarşılıqlı şəkildə nələrisə
ədavətə çevirmələrinə dair səhnələr
cəmiyyət üçün xoşagəlməz haldır,
mənfi nümunədir.lll
Deyir, bir ay Laçının Alxaslı kəndində,
babamın uçulmuş evinin həyətində
çadır qurub yaşadım. Seyidlərin məzarını,
qəbiristanlığı sahmana saldım.
lll
Elm və Təhsil Nazirliyi tabeliyindəki qurumların
mətbuatla əlaqəli işləyən əməkdaşları
barədə sosial şəbəkədə məlumat
paylaşıb.
Çox yaxşı təşəbbüs və
gözəl nümunədir.
Bəyənir və alqışlayırıq. Digər
dövlət qurumlarından da bu cür addımlar gözləyirik.
lll
Məğlubiyyətə uğrayan kimi üz döndərib
etibarsızlıq edənlərdən uzaq durmaq
lazımdır. Sevəndə belə olmur. Sevəndə hər
üzünü sevirsən.
lll
"Xalq qəzeti"nin 105 yaşı tamam olur.
"Xalq qəzeti" gələcək nəsillərə
miras qalacaq mənəvi sərvətdir. Bunu söyləmək
üçün çoxlu əsaslar var. Bu ümummilli nəşr
keçmiş sovet hakimiyyəti illərində Azərbaycan ədəbi
dilinin qorunmasına, milli mədəniyyətinizin təbliğinə
yönələn fədakarlıqlar göstərmişdir.
Qəzet həmin illərdə öz səhifələrində
istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədəki
ciddi əhəmiyyət daşıyan məsələləri
cəsarətlə işıqlandırmışdır. Bu dəst-xətt
onu ötən əsrin 90-cı illərində də ön
plana çıxarmışdır. Təsadüfi deyil ki, nəşr
hələ SSRİ-nin rəsmən mövcud olduğu
dövrdə uzun müddət daşıdığı
"Kommunist" adından imtina etmiş, xalqın qəzetinə
çevrilmiş, ümumən milli mədəni qüvvələri
öz ətrafında birləşdirən mərkəz rolunu
oynaması ilə diqqət çəkmişdi.
1919-cu ildən fasiləsiz olaraq fəaliyyət
göstərən "Xalq qəzeti" əsl jurnalistika məktəbidir.
Nəşr bu missiyası ilə peşəni cəmiyyətə
üstün şəkildə təqdim etmiş, sözün
gücünü göstərmişdir. Azərbaycanın
neçə-neçə tanınmış dövlət və
ictimai xadimi, ziyalısı, görkəmli siması ilk
addımını məhz burada atmışdır.
Bu günün "Xalq qəzeti" Ulu öndər
Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin
siyasi kursuna sadiq monolit komanda, jurnalistikaya qəlbən
bağlı olan peşəkar insanların Vətən
uğrunda əzmlə çalışdıqları mərkəzdir.
Nəşr vətəndaş cəmiyyəti, hüquqi
dövlət quruculuğunun dərinləşməsində
aktiv mövqeyə malikdir. Sevindirici haldır ki, hazırda qəzet
ənənələrə sadiqlik ruhunu əsas götürərək,
müasir dövrün tələbləri ilə
uyğunlaşma əzmini göstərir, yeniliklərə can
atır və onları uğurla tətbiq edir.
Bütün bunlar bir daha göstərir ki, "Xalq qəzeti"nin
105 illiyi, bütövlükdə, ölkə miqyaslı hadisədir.
Nəşrin əməksevər kollektivinin hər bir
üzvünü bu əlamətdar hadisə münasibəti
ilə təbrik edir, onlara bitib-tükənməyən
yaradıcılıq şövqü, möhkəm cansağlığı
arzulayıram. Xalqımız əmindir ki, "Xalq qəzeti"
özünün ideya və prinsiplərinə sadiqlik kursu ilə
105 illik yolun təntənəsini yaradıcılıq enerjisinə
çevirəcək, özünün şanlı tarixini
qarşıdakı illərin daha böyük uğurları
ilə zənginləşdirəcək.
lll
"Azərbaycan müəllimi" qəzetinin 90
yaşı tamam olur. Bu qəzet böyük bir epoxanın,
dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir.
"Azərbaycan müəllimi" qəzetinin bizim təhsilimizin
ən müxtəlif sahələrinin
işıqlandırılmasında özünəməxsus
rolu vardır. Mətbu orqanın keçdiyi uzunillik tarixi yola
baxsaq görürük ki, ilk nəşrə
başladığı illərdə Azərbaycanın
tanınmış ədibləri, yazarları, maarifpərvər
insanları bu qəzetdə öz yazıları, məqalələri
ilə çıxış ediblər. Təhsilin geniş bir
sahə olduğunu və hər bir ailənin təhsillə
bağlılığını nəzərə alsaq, "Azərbaycan
müəllimi" qəzetinin önəmini xüsusi qeyd etmək
lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini
əhatə etməklə yanaşı, eyni zamanda müəllimlərə
yol göstərməkdə, praktik kömək etməkdədir.
Və bu mətbu orqan hər zaman Azərbaycan
ziyalılarının, müəllimlərin, pedaqoji ictimaiyyətin
tribunası olub. Müstəqilliyin ilk illərində bir
sıra çətinliklərlə üzləşsə də,
"Azərbaycan müəllimi" dövlətin diqqət və
qayğısı, kollektivin fədakarlığı sayəsində
mətbuat aləmində yenidən qalmağı bacardı. Qəzet
hazırda uğurla öz fəaliyyətini davam etdirir. Bu
gün Elm və Təhsil Nazirliyi çox geniş bir struktura
çevrilibdir. Bu mənada "Azərbaycan müəllimi"
qəzeti də qürurla öz keçmişini
xatırlayaraq 90 illiyini qeyd etməyə haqqı var. Qəzet
təhsilimizin bir tarixidir. "Azərbaycan müəllimi"nin
təhsilin, müəllimlik peşəsinin təbliği,
ölkənin inkişafındakı rolunun cəmiyyətə
çatdırılması istiqamətində xidmətləri
danılmazdır.
Arzu edərdim ki, Elm və Təhsil Nazirliyinin
strukturunda fəaliyyət göstərən əməkdaşlar
ən müxtəlif sahələrdə öz peşəkar,
problematik yazılarını bu qəzetin səhifələrində
dərc etsinlər.
Mən Mətbuat Şurasının adından "Azərbaycan
müəllimi" qəzetinin 90 illik yubileyini təbrik edir,
yaradıcı kollektivə uğurlar arzulayıram. Bu 90 illiyi
həm indiki, həm keçmiş əməkdaşların
qürurla qeyd etməyə haqqı var.
İnanıram ki, 90 illik bir tarixi yol keçmiş
"Azərbaycan müəllimi"ni hələ qabaqda əzmli
və uğurlu bir yol gözləyir. Bu yolda kollektivdə təmsil
olunan dəyərli həmkarlarıma, təhsil ictimaiyyətinə,
bu qəzeti özünə doğma bilən, onun təəssübünü
çəkən hər bir kəsə səmimi təbriklərimi
və ən xoş istəklərimi çatdırıram.
lll
"Modern.az" saytı 15 il əvvəl yeni təşəkkül
tapmaqda olan internet medianın cəmiyyətdəki yeri və
rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə
bağlı, kifayət qədər, dolğun təsəvvür
formalaşdırmağa nail olmuşdu. Portal hələ o zaman
ortaya bu yeniliyin nümunəsini qoymağı bacarmış,
özünəməxsus dolğun,
düşündürücü təqdimat tərzi ilə
seçilmişdi.
15 yaşını qeyd edən sayt ötən müddətdə
nəinki ayaqda qalmağı, eyni zamanda, oturuşmuş
peşəkar media orqanına çevrilməyi bacardı. Bu,
son dərəcə böyük uğurdur. Uğurun nəticəsidir
ki, "Modern.az" təkcə Azərbaycanda deyil, türk
dünyasında və bütövlükdə beynəlxalq
miqyasda ölkəmizlə bağlı mühüm informasiya mənbəyi,
istinad nöqtəsidir. Belə yüksək statusun
qazanılması illərin gərgin zəhmətinin, məhrumiyyətlərə
və çətinliklərə sinə gərməyin,
jurnalistikaya hədsiz bağlılığın
mükafatıdır. Bu status, həmçinin, gələcək
üçün son dərəcə etibarlı təminatdır.
Əminliklə deyə bilərəm ki, inkişaf edərək
hazırda Modern Media Qrupuna çevrilmiş
"Modern.az"ı Azərbaycanın media məkanında hələ
çox uzun yol gözləyir. Qurumun əməksevər
kollektivinə bu yolda çoxsaylı əlamətdar günlər
arzulayıram. 15 illik yubileyin gətirdiyi sevinc, qürur və
fəxarət hissininin bu kollektivin hər bir üzvünü
yeni yaradıcılıq nailiyyətlərinə və bol-bol
uğurlara daşıyacağına əminəm.
Ürəkdən təbrik edirəm!
Yubileyiniz mübarək, əziz
"Modern.az"çılar!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.9.