"44 günlük müharibədə italyanların
bizimlə bərabər necə sevindiklərini gözlərimlə
gördüm"
Elə dəyərlər var ki, insan onlara çox
kiçik yaşlarından alışmağa başlayır və
bu hisslərlə də böyüyür. İl üstə gələn illər
bu dəyərlərin nə qədər özəl, əvəzolunmaz
olduğunu özümüzlə bərabər, içimizdə
də böyüdür ki, onlardan ən əzəli Vətəndir.
Hər bir qələm əhlinin
yaradıcılığında onun üçün həssas
olan mövzuların yeri fərqlidir. Təbii ki, mənim də.
Çox kövrəkcəsinə yanaşdığım bu
mövzuların içində qürbətdə yaşayan həmyerlilərimiz
də var. Onlarla hər tanışlıq adətən bir
müsahibə ilə tamamlanır. Bu dəfə də belə
oldu.
Bugünkü şənbə qonağımızı
Vətəndən yaxın bir keşmiş ayırır - 15
ildir, İtaliyanın Florensiya şəhərində
yaşayır. İntibah dövrünün memarlıq və
incəsənət əsərlərilə zəngin olan bu
şəhəri həmyerlimiz heç də təsadüfən
seçməyib. Bu haqda özü söhbət əsnasında
danışacaq. Mən isə onu Vətənimin bir ziyalı,
elm və incəsənət adamı kimi təqdim etmək istərdim.
Qonağımız fizika-riyaziyyat üzrə fəlsəfə
doktoru, Azərbaycan və Rusiya Rəssamlar
İttifaqının, Beynəlxalq Dizaynerlər
Assosiasiyasının üzvü, CQE-nin XIV Beynəlxalq
konvensiyasının, "Əsrin keyfiyyəti" beynəlxalq
mükafatının laureatı Raymonda Xıdırzadədir.
- Maraqlı adınız var...
- Raymonda Aleksandr Qlazunovun balet əsərinin qəhrəmanıdır.
Atam gənclik çağlarından baleti çox sevib və
daima tamaşalara gedib. "Raymonda" baleti ona o qədər
təsir edib ki, obraza bir rəğbət hissi yaranıb onda.
Atamda belə bir istək yaranıb ki, ailə qurandan sonra ilk
qız övladı doğulsun, adını Raymonda qoysun və
o da balerina olsun. Mən dünyaya gələndən sonra ətrafdan
eşitdiyi bütün iradlara baxmayaraq, atam adımı
Raymonda qoyur, lakin yaşayış yerindən uzaq olduğundan
baletə gedə bilmədim və sonda oldum
riyaziyyatçı.
- Qızlar dəqiq elmlərə heç də həmişə
maraq göstərmir...
- Ən əvvəl mən bunu özüm
üçün genetik hesab edirəm. Babam Mikayıl
Xıdırzadə 1932-ci ildə
Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə
qəbul olunan ilk azərbaycanlı tələbədir.
Qayıdandan sonra indiki BDU-nun Mexanika-riyaziyyat fakültəsində
baş müəllim kimi fəaliyyətə başlayıb, daha
sonra fakültənin ilk azərbaycanlı dekanı olub. Atam
babam müharibəyə gedəndən bir ay sonra dünyaya gəlib
və onu görməyib. Lakin babam kimi o da riyaziyyatçı
olub, ikinci təhsilini memarlıq üzrə alıb.
Özüm musiqiçi olmaq istəmişəm həmişə,
pianoda çalmağa çox həvəsli idim. Lakin ata tərəf
nəslində belə bir fikir formalaşmışdı ki,
hamı ya fizik, ya da riyaziyyatçı olmalıdır.
Uşaq yaşlarımdan atamdan yalnız bu sözü
eşidirdim ki, qızım atamın yolunu davam etdirəcək.
Bu, şüuraltı olaraq mənim beynimə yeridildiyindən
elə həmin fikirlə də böyüdüm. Məktəbi
Qızıl medalla bitirdim, BDU-nun Mexanika-riyaziyyat fakültəsini
Qırmızı diplomla başa vurdum, müdafiə edib
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru oldum, öz
sahəm üzrə ali məktəblərdə mühazirələr
oxudum. Lakin sonda gördüm ki, mən incəsənətə
olan sevgimi, hisslərimi boğa bilmirəm.
- Və səmtinizi axır ki, dəyişdiniz...
- Bəli, dəyişdim, çünki
düşündüm ki, artıq arzularımı
bağlı qapı arxasında saxlamaq istəmirəm. Xeyli
düşündüm və Raymond Art studiyasını
açdım. Gülləri, çiçəkləri
çox sevirdim, elə indi də sevirəm. Və ilk olaraq
gül və çiçəklərlə floristika işləri
görməyə başladım. Lakin onu da bilirdim ki, bu,
artıq başqa bir sənətdir və bunun incəliklərinə
bələd olmaq üçün təhsil almalıyam. Beləcə,
axtarışa çıxdım. İtaliyanın Roma şəhərində,
Milanda uzunmüddətli proqramı olan kurslardan dərs
almağa başladım. Sərgilərə qatıldım və
özümü üzə çıxarmağa doğru hərəkətə
keçdim. Yəqin sevgimin, həvəsimin, istəyimin
gücündəndir ki, Tanrı bütün qapıları
taybatay üzümə açdı. Qatıldığım
bütün yarışmalarda qazandığım yalnız
iki və üçüncü yerlər olub. Həmişə
də bunun səbəbi axtarırdım.
- Tapmamış olmazsınız...
- Təsəvvür edin ki, tapdım. Floristika xaricdə
çox mükəmməl bir sahədir və orda bu
yarışmalarda çox peşəkarlar iştirak edir. Amma
mənim həmişə iki, ya da üçüncü yeri
tutmağımın bir səbəbi mütləq olmalı
idi. Baxmayaraq ki, uğur qazanırdım, amma bununla belə, bu
sirrin bir açıqlaması olmalı idi. Xaricdə floristika
çox inkişaf etdiyindən onların bu sahə üzrə
müxtəlif ləvazimatları, aksesuarları var. Əgər
bir buket hazırlayırsansa, iki-üç çiçəyi
birləşdirmək üçün kiçik bir elementdən
istifadə etməlisən ki, davam edə biləsən. Azərbaycanda
floristika yoxdur və təbii ki, ona lazım olan ləvazimatlardan
istifadə etmək imkanım heç vaxt olmayıb.
Bütün kompozisiyaları heç bir ləvazimatdan istifadə
etmədən yığdığımdan bu, münsiflərin
diqqətini həmişə cəlb edib. Yəni sırf əl
işi, əl zəhməti, heç bir əlavə köməkçi
vasitə olmadan yarada bildiyim bir kompozisiya onlar üçün
əsl sənət nümunəsi hesab olunub.
- Və beləcə floristikanın sirlərinə bələd
olmağa başladınız...
- Bu sirlərə yiyələnmək
üçün çoxlu kurslar keçdim, müsabiqələrə
qatıldım, qalib yerlər qazandım və
İtaliyanın bir çox şəhərlərində, o
cümlədən, Milanda, Romada, San Remoda, Florensiyada floristlərin
çevrəsində tanıtmağa başladım. Sonra
düşündüm ki, niyə də əkmə güllərlə
məşğul olmayım. Bunun üçün də təbii,
onu məktəbindən öyrənməyə
başladım. Londonda birillik kurs keçdim və landşaft
məşğuliyyətimin bir hissəsi oldu. Nəticədə
bu sahə peşəmə çevrildi. Hələ də bu
peşəmi davam etdirirəm və buna görə çox
xoşbəxtəm.
- Amma bu istək sizi Vətəndən ayırdı...
- Ayırdı deməzdim... Mən ilk növbədə
Vətənimi onun hüdudlarından kənarda təmsil etməyi
daha çox istədim. Eyni zamanda öz üzərimdə daha
çox işləməyi də. Mənim landşaft layihələrim
şəhərimizin küçələrində,
xiyabanlarında bu gün də görünməkdədir.
Florestik işlərim şəhərimiz üçün həmişə
olub. Bir nümunə çəkəcəyəm. Qanlı
Yanvar hadisələrinin 20 illiyində ağ və
qırmızı qərənfillərdən hazırlanan
"Ağlayan şamlar" kompozisiyasını ilk dəfə
mən qurmuşam. Çox qürurvericidir ki, bu gün də
mənim həmin kompozisiyam əsasında ona bənzər
dizayn işləri görülür. Burda
çalışa-çalışa xarici ölkələrdə
də layihələr üzərində işləyirdim.
Niderlandda, Türkiyədə, İtaliyada, Moskvada floristika ilə
bağlı uzunmüddətli layihələrə imza
atırdım. Belə olan halda düşündüm ki,
artıq Avropaya köçərək orada gördüyüm
işləri daha da mükəmməlləşdirim, biliyimi
artırım. Bütün yarışlara
qatılırdım. Düşündüm ki, orada yaşasam,
artıq azərbaycanlı florist kimi, landşaft memarı kimi
Avropada həm Vətənimi tanıdaram, həm də öz
sözümü deyərəm. Və artıq buna nail ola
bilmişəm. Mən heç zaman imkan verməmişəm
ki, hansısa mükafatı mənə Raymonda Xıdırzadə
olaraq təqdim etsinlər. İstənilən təqdimatda,
mükafatlandırılma tədbirində ilk olaraq Azərbaycanın
adı səslənib və yalnız o kəlmənin kölgəsində
mən özümü görmüşəm. Bax, elə buna
görə də Avropaya köçdüm, lakin heç zaman
Vətənimdən ayrılmadım, çünki onu
özümdə daşıyıram.
- Vətəndən kənarda yaşayan azərbaycanlı...
- Bu suala öz baxışım çərçivəsində
cavab verəcəyəm. Vətənimdə nə qədər
məsuliyyətli idimsə, indi bu məsuliyyət ikiqat
artıb. Bir vətəndaş, bir sənət adamı, bir azərbaycanlı
kimi məsuliyyət yüküm daha da çoxalıb. Burada mənim
haqqımda yaranan fikir bilavasitə Vətənimin də
adına sirayət edir. Hər kəsin öz xarakteri, öz
düşüncəsi, öz qavrama qabiliyyəti var və
buna görə heç kəsi mühakimə etmək fikrində
deyiləm. Lakin xoşlamadığım bir məqam var. Bir
neçə nəfər yerli camaatla birlikdə olanda nəyisə
göstərərək deyir ki, sizdə bu nə
yaxşıdır, bizdə belə deyil. Bu fikri qəti qəbul
etmirəm. Bizim istər mədəniyyətimizdə, istər
insani münasibətlərdə, istər
dünyagörüşümüzdə o qədər müsbətlər
var ki, bu, digər ölkə ilə müqayisə oluna bilməz.
Belə hallarla qarşılaşanda diplomatik şəkildə
bizdə olanları onların nəzərinə
çatdırıram. Bizim insanlar hədsiz zəhmətkeşdirlər
və bunu həmişə dəyərləndirib
vurğulamağa çalışıram.
- Kənardan öz mədəniyyəti, incəsənəti,
gözəlliyilə göz qamaşdıran İtaliya...
- Elə dediyiniz kimidir, bu, həm də mənim
baxışımdır. İncəsənətin bütün
sahələrində burada zənginlik aşıb-daşır.
Çox istedadlı olmaqla yanaşı, italyanlar hədsiz
qoruyucudurlar. Bunu ürəkağrısı ilə deyirəm,
çünki ən xırda kəsəyi belə, qoruyan, onun
yanına kiçik bir lövhə vuraraq, orada bu kəsəyin
haradan qopduğunu, neçənci ilə aid olduğunu qeyd edən,
saatlarla həmin daş parçasına heyranlıqla
tamaşa edən insanlara heyran qalmamaq qeyri-mümkündür.
Onların bu qoruyuculuq, dəyər verə bilmək
xüsusiyyətlərinə qibtə etmək olar. Etiraf edirəm
ki, onlardan öyrəndiklərim az deyil.
- Bir azərbaycanlı üçün bu ölkədə
yaşamağın çətin və asan tərəfləri...
- Bir azərbaycanlı kimi gedib orada Azərbaycanın
bir parçasını yaratmaq istəsəm, bu, çətindir.
Lakin mən öz qanun və qaydaları, öz mədəniyyəti,
öz insani münasibətləri olan bir ölkəyə gəlmişəmsə,
burada özümüzü yaratmağa deyil, tanıtmağa
çalışmalıyam. Bunlar fərqli yanaşmalardır.
Məsələn, qızım bizim Rəssamlıq
Akademiyasını bitirib, magistr dərəcəsini Florensiyada
Moda Akademiyasında aldı. Mən onun sərgisini təşkil
edəndə, sırf italyan dostlarımı dəvət etdim.
Məkanın girişində böyük qlobus yerləşdirmişdim,
öz bayraqımızla Azərbaycanı nişan vermişdim.
Ayrıca bayrağımız, gerbimiz, başlanğıcda
himnimizin səslənməsi. Yəni hər şey Azərbaycanın
tanınması naminə
düşünülmüşdü. Demək istəyirəm
ki, qürbətdə Vətəni tanıtmaq lazımdır.
- 30 il beynəlxalq aləmdə bizi bir məğlub
ölkə kimi tanıdılar, dünyanı haqlı
olduğumuza inandıra bilmədi...
- Fikrinizi başa düşdüm. Bu məsələdə
İtaliya hər zaman Azərbaycanı dəstəkləyib,
onun haqlı olduğuna inanıb. 44 günlük müharibədə
mən italyanların bizimlə bərabər necə sevindiklərini
gözlərimlə gördüm. Və bizim üçün
o ağır, həlledici günlərdə mən burada bir həmrəyliyin
şahidi oldum. Bilirsiniz ki, Florensiya dünyaca məşhur
bütün brend geyim mağazalarının, aksesuar
dükanlarının məkanıdır. Həmin 44 gündə o mağazaların
vitrinlərində bayrağımızın rənglərində
olan çeşidlər bir-birini əvəz etdi. Ən
kiçik dükanda belə, hansısa elementin üzərində
üç rəng var idi - göy, qırmızı,
yaşıl. Bir dizayner kimi bu, mənim gözümdən
yayına bilməzdi. Həm təsirli, həm də
qürurverici bir mənzərə idi.
- İnsan dünyanın hansı bucağında olsa
da, onun bir gözü daima arxaya baxır, çünki orada Vətən
var...
- Heç zaman Vətəni arxada görmədim ki...
O, həmişə bir addım mənim önümdə olub.
Gördüyüm bütün layihələrə yalnız Vətənim
uğruna imza atmışam, onu düşünərək
addımlamışam, qazandığım hər uğur onun
adı ilə başlayıb mənim üçün. Vətənimi
duymasam, hiss etməsəm, sənətə bu qədər
bağlana bilməzdim.
- Bakı üçün burnunuzun ucu göynəyəndə...
- İnanın buna imkan vermirəm, çünki
tez-tez gəlirəm Bakıya. İldə iki dəfə -
valideynlərimin doğum günündə gəlməyim
mütləqdir. Daha sonra gəlməyimə müxtəlif səbəblər
ola bilər, yetər ki, o səbəb olsun. Mən səhhətində
problem yarananda müayinə üçün Bakıya gələn
insanam. Kənardan başqalarına bu təəccüblü
görünsə də, mən təpədən
dırnağa qədər Vətənimə inanan, ona
arxayın olan, çətinlikdə ana Vətəninə
sığınan bir övladam, çünki bu Vətənin
bir daşı da mənəm.
SÖZARDI: Şəhriyarın məşhur "Azərbaycan"
şeirində çox sevdiyim iki misra var: "Səndən
ayrı düşsəm də mən, Eşqin ilə
yaşayıram". Mən bu sevgini özümüzdə həmişə
hiss etmişəm, harada yaşamağımızdan
asılı olmayaraq, çünki Vətən sevgisinin sərhədi
yoxdur. Buna Raymonda xanımla söhbətimizdə bir daha
inandım.
Tamilla M-zadə
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.8.