İqlim dəyişikliyi
ilə mübarizdə şəffaflıq - Bakı
Platformasının əhəmiyyəti
Azərbaycan artıq qlobal məsələlərin həllində
əsas ölkələrdən birinə çevrilib
Qlobal iqlim dəyişikliyi bu gün bütün
dünyanı narahat edən əsas problemlərdən birinə
çevrilib. Dünya birliyi bu problemlə mübarizə, həll
yollarının tapılması üçün
çalışır, yeni imkanlar axtarır. Təcili tədbirlər
görülməsə, iqlim dəyişikliyinin fəsadları
artacaq və təbii ki, artıq atılacaq addımların da
faydası olmayacaq.
İqlim dəyişiklikləri dünya ölkələrində
daşqınlar və digər təbii fəlakətlərlə
müşayiət olunur ki, heç bir ölkə bu təsirlərdən
kənarda qalmır. İqlim dəyişikliyi bütün
ölkələr üçün ciddi təhdid olduğundan
bu təhlükəyə qarşı da birlikdə mübarizə
aparmaq, həmrəy olmaq vacibdir. Bu mənada BMT-nin iqlim dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının sessiyaları (COP) böyük əhəmiyyət
daşıyır. Hər il dünya ölkələri bir
araya gələrək planetdə canlı aləmi təhdid edən
bu problemə qarşı effektiv mübarizə
üçün müzakirələr aparır, təkliflər
irəli sürür, öhdəliklər müəyyən
edirlər. Məlumdur ki, bu il COP29-a Azərbaycan ev sahibliyi edəcək.
Noyabr ayında keçiriləcək COP29 tədbirləri iki
həftəyə yaxın davam edəcək.
Azərbaycan COP29 sədri olaraq bu konfransa çox ciddi
hazırlaşır, bir sıra mühüm təşəbbüslər
göstərir, təkliflər irəli sürür. Bakı
Qlobal İqlim Şəffaflığı Platformasının
işə salınması da bu istiqamətdə görülən
vacib işlərdən biridir. Qeyd etmək lazımdır ki,
iqlim dəyişikliyinə qarşı mübarizədə
şəffaflıq mühüm rol oynayır. Bu platforma, iqlim
şəraitinin yaxşılaşdırılması
üçün atılan addımlarda şəffaflığın
təmin edilməsini və qlobal cəmiyyətin bir araya gətirilməsini
hədəfləyir.
COP29 çərçivəsində Azərbaycanın
təşəbbüsü ilə yaradılan Bakı Qlobal
İqlim Şəffaflığı Platforması beynəlxalq
miqyasda alqışlanır və yüksək dəstək
alır. BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının icraçı
katibi Saymon Stil bəyan edib ki, Bakı Qlobal Şəffaflıq
Platformasının yaradılması iqlim dəyişikliklərinə
qarşı mübarizədə mühüm rol oynayacaq:
"Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə
şəffaflığı təmin edəcək, dövlətlər
və təşkilatlar arasında əməkdaşlığı
gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin
daha effektiv həyata keçirilməsinə töhfə verəcək.
İqlim dəyişikliyinə qarşı mübarizədə
beynəlxalq əməkdaşlıq və məlumat
mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal
Şəffaflıq Platforması bu istiqamətdə əsas
vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə
imkan yaradacaq".
O, COP29 konfransında beynəlxalq əməkdaşlığın
vacibliyini bir daha vurğulayaraq qeyd edib ki, iqlim dəyişiklikləri
ilə bağlı şəffaflıq hesabatlarının
hazırlanması xüsusilə inkişaf etməkdə olan
ölkələr üçün daha çətindir. Bu
çətinliklər resurs
çatışmazlığı, texniki imkanların məhdudluğu
və institusional dəstəyin yetərsizliyi ilə əlaqəlidir.
Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası bu ölkələri
dəstəkləyir. BMT-nin bu dəstəyi, inkişaf etməkdə
olan ölkələrin iqlim dəyişikliyinə
qarşı mübarizədə daha fəal iştirak etməsinə
və beynəlxalq miqyaslı cəhdlərə töhfə
verməsinə imkan yaradır. Bu əməkdaşlıq, həmçinin
qlobal iqlim məqsədlərinə nail olunmasında vacib rol
oynayır. COP29 çərçivəsində bu
mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə
mübarizədə daha inklüziv və ədalətli
yanaşmaların tətbiq olunmasının zəruriliyini bir
daha göstərir.
Göründüyü kimi, Azərbaycanın artıq
qlobal məsələlərin həllində əsas ölkələrdən
birinə çevrilib. Ölkəmiz dünyanı narahat edən
problemlərin müzakirəsində, çıxış
yollarının tapılmasında əsas
iştirakçı dövlətlərdən biridir. Təbii
ki, bu, dövlətimizin beynəlxalq miqyasda artan nüfuzundan,
təşəbbüskarı və müəllifi olduğu
layihələrin uğurla həyata keçirilməsindən
irəli gəlir. COP29 da bu mənada istisna deyil. Azərbaycan
bu tədbirin yüksək səviyyədə keçirilməsi,
nəticələrin əldə olunması üçün hərtərəfli
səylər göstərir, eyni zamanda şəffaflıq
amilinin əhəmiyyətini qiymətləndirərək bu
istiqamətdə də addımlar atır.
Bu günlərdə Bakıda keçirilən
"İqlim şəffaflığı üzrə yüksək
səviyyəli dialoq"da COP29-un müəyyən olunmuş
prezidenti Muxtar Babayev bildirib ki, platformanın məqsədi
iqlim dəyişikliyi ilə bağlı tədbirlər
haqqında hesabatların şəffaflığını
artırmaqdır. Onun sözlərinə görə,
yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi
və ikiillik şəffaflıq hesabatlarının
vaxtında təqdim edilməsi ilə irəliləyiş
mümkündür. O, Azərbaycanın COP29-da ikiillik şəffaflıq
hesabatını təqdim edəcəyini diqqətə
çatdıraraq deyib ki, ölkəmiz bu yolla Paris
Sazişinin genişləndirilmiş şəffaflıq
sistemində ümumi iştirakın
artırılmasını qarşısına məqsəd
qoyub: "COP29 sədrləri gələcək nəsillər
üçün iqlim fəaliyyətlərinin şəffaflığını
gücləndirmək məqsədini daşıyırlar. Bu
çərçivədə inklüzivliyi təmin etmək
üçün tərəfdaşlarla birlikdə müxtəlif
coğrafi bölgələrdə illik şəffaflıq
hesabatının hazırlığı üzrə seminarlar
keçirməyə davam edəcəyik".
Xatırladaq ki, Azərbaycan 2024-cü il sentyabrın
25-də BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı
üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.
Yeni platforma dünyada iqlim şəraitinin
yaxşılaşdırılması məqsədilə
atılan addımlarda şəffaflığın təmin
olunması məqsədilə həm də qlobal cəmiyyəti
bir araya gətirməyi hədəfləyir. Azərbaycan COP29 sədri
olaraq iqlim dəyişikliyi üzrə danışıqlar
prosesində bütün iştirakçıları dəstəkləyir,
heç bir tərəf diqqətdən kənarda qalmır.
İnkişaf etməkdə olan kiçik ada dövlətləri
Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən
biridir. Hazırda "Commonwealth" təşkilatı ilə
birlikdə kiçik ada dövlətləri ilə əlaqədar
xüsusi fondun yaradılması istiqamətində iş
aparılır.
Ənənəvi enerji resurslarına malik olan,
dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan
sürətli şəkildə yaşıl enerji gündəliyini
inkişaf etdirməklə bu sahədə də uğurlar
qazanmaqda, qlobal səylərə öz töhfələrini
verməkdədir. Ölkəmizdə 2030-cu ilədək
elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan
enerjinin payının 30 faizə
çatdırılmasını hədəf kimi müəyyənləşdirib.
Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə
2030-cu ilədək istilik effekti yaradan qazların
emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40
faiz azaldılmasını hədəfləyib. Ötən
ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi
stansiyasının açılışı, Bakı enerji həftəsi
çərçivəsində 1 qiqavat olan üç
Günəş və külək enerjisi stansiyalarının
təməlinin qoyulması görülən işlərin
miqyasını göstərir. Eyni zamanda, Azərbaycan
Prezidentinin ifadə etdiyi kimi, "Bu, yalnız
başlanğıcdır, çünki biz orta perspektivdə
10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər
gücü əhatə edən bütün müqavilələri
və anlaşma memorandumlarını icra etməyi
planlaşdırırıq".
Azərbaycan Prezidentinin sərəncamı ilə
2024-cü ilin ölkəmizdə "Yaşıl dünya
naminə həmrəylik ili" elan edilməsi isə COP29
beynəlxalq tədbirinə verilən dəyərin, o cümlədən,
yaşıl və sağlam gələcək naminə
atılan addımların bariz nümunəsidir. Heç
şübhə yoxdur ki, bütün məqamlar nəzərə
alınaraq çox diqqətlə, və yüksək səviyyədə
hazırlanacaq COP29 tədbirləri öz yekunları ilə bu
platformanın tarixində ən yadda qalanı olacaq. Bunun
üçün Azərbaycanın təcrübəsi,
potensialı kifayət qədərdir. Azərbaycanın
Qoşulmama Hərəkatının sədri olarkən
qısa müddətdə ciddi təkliflər irəli
sürdü, pandemiya ilə qlobal mübarizədə bu təkliflər
mühüm rol oynadı. 2021-ci ilin noyabrın 18-də məhz
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın
təşəbbüsü ilə BMT Baş Assembleyasında
COVID-19 əleyhinə vaksinlərə universal
çıxışın təmin olunması
üçün qətnamə qəbul edildi. Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatına
könüllü olaraq 10 milyon dollar həcmində maliyyə
töhfəsi verib. Bundan başqa, 30-dan çox ölkəyə
isə humanitar və maliyyə yardımı edilib. 2020-ci ildə
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında
"COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə
görüşü, BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağırılması və s.
pandemiya ilə qlobal mübarizəyə verilən töhfələrdir.
COP29-un uğurla keçməsi, gözləntilərin
özünü doğrultması bir daha bütün
dünyaya Azərbaycanın qlobal məsələlərin həllində
əsas ölkələrdən biri olduğunu nümayiş
etdirəcək.
Pərvanə
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.5.