Cəmo bəy Cəbrayılbəyli:
imperiyanın imperativ maarifçisi
Görkəmli maarif xadimi, Əməkdar müəllim,
peşəkar publisist, yazıçı, istedadlı şair,
dramaturq, tərcüməçi, fədakar elm adamı,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy
Cəbrayılbəyli Azərbaycanda milli təhsilin təşəkkülündə
və tərəqqisində müstəsna xidmətləri
olan, gənclərin vətənpərvərlik ruhunda
böyüməsində böyük əmək sərf edən,
məşhur pedaqoqlardan Mahmud bəy Mahmudbəyov, Sultan Məcid
Qənizadə, Həbib bəy Mahmudbəyov, Süleyman Sani
Axundov, Abdulla Şaiq, Səməd bəy Hacıəliyev
(Acalov), Pənah Qasımov, Abdulla bəy Əfəndizadə,
Nurməmməd bəy Şahsuvarov və digərləri ilə
ön sırada, çiyin-çiyinə ləyaqətlə
dayanan təhsil üzrə təcrübəli mütəxəssis,
parlaq şəxsiyyət idi. Onun mənalı həyatı, zəngin
yaradıcılığı, dəyərli elmi və bədii
irsi uzun onilliklərdən bəri elmi araşdırmalardan, ərəb,
kirill qiyafəli yazı daşıyıcılarında diqqətdən,
qayğıdan və nəşrlərdən kənarda
qalıb.
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli
1887-ci il yanvar ayının 29-da Şamaxı şəhərində
ziyalı ailəsində dünyaya göz açıb. Cəmo
bəyin atası Adil bəy Cəbrayılbəyli
Şamaxıda Quberniya Məclisinin Ruhani İdarəsində
mirzə vəzifəsində işləyirdi. Onun bir oğlu,
beş nəfər qızı var idi.
Cəmo bəyin yazdığı "Tərcümeyi-hal"ına
əsasən o, 1898-ci ildə - 11 yaşında Şamaxı
şəhər ali-ibtidai məktəbinə daxil olur. Bu məktəbdə
Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadə Cəmo
bəyin ana dili və şəriət müəllimi olub. Həqiqətən
Mir Cəfər müəllim Cəmo bəyin təhsil
almasında və ödənişdən azad edilməsində
mühüm rol oynayıb, məktəbdən kənarlaşdırılmasına
imkan verməyib.
C.Cəbrayılbəyli hələ 10-12
yaşından xalq musiqisini, muğamları çox sevirdi, o
qeyd edirdi ki, "tar çalmağı və muğamatı
da mənə ilk dəfə Naseh öyrətmişdir". O
sonralar məşhur şamaxılı xanəndə Mirzə
Məmmədhəsəni toylarda, məclislərdə dinləməkdən
yorulmazdı. Cəmo bəy Şamaxı şəhər 6
sinifli ali-ibtidai məktəbində rus dilini mükəmməl
öyrənir, tanınmış tarzən Mehdiqulunun dəstəyilə
tar çalmaq sahəsində təcrübəsini təkmilləşdirir,
musiqi müəllimi Avtandil Qriqoryeviçin köməkliyi ilə
musiqi alətlərindən skripka, gitara və mandolinada Azərbaycan,
rus və Avropa musiqilərini ifa
etməyi çox sevirdi. Təhsil illəri şəhər məktəbində
görkəmli maarif xadimi Qafur Rəşad Mirzəzadə
(1884-1943) ilə bərabər keçir, yaxından dostluq
edirlər. Hər iki gənc oxuyub müəllim olmaq, maarif
işinə töhfələr vermək arzusu ilə
çalışırdılar. Qafur Rəşadla Cəmo bəy
1902-ci ildən müəllimlik təcrübəsinə, tədris
metodikasının sirlərinə dərindən bələd
olmaq üçün Şamaxı Realnı məktəbinə
bərabər gedib-gələrdilər...
Cəmo bəy 1902-ci il 31 yanvar tarixində günorta
"İmamzadə" pirinin yaxınlığında yerləşən
evlərində məşhur Şamaxı zəlzələsinin
dəhşətini yaşamışdı. Xoşbəxtlikdən
Cəbrayılbəyli ailəsinin üzvlərindən
heç kəs dağıdıcı zəlzələnin
şiddətindən ciddi zədə almamış, amma evləri
tamamilə dağılmışdı. 15 yaşlı Cəmo
bəy böyük şücaət göstərərək
bu dəhşətli zəlzələ vaxtı iki nəfəri
dağıntıların altından xilas etmişdi: onlardan
biri öz nənəsi, digəri isə öz əmisi
oğlu Əli Əşrəfin qızı, 3 yaşlı
Şəfiqə Cəbrayılbəyli idi (Sonralar Şəfiqə
xanımla Cəmo bəy ailə həyatı qurublar - A.R.).
Dağıdıcı zəlzələ Şamaxının
iqtisadi, ictimai və mədəni həyatına sağalmaz yaralar
vurmuş, insanları evlərindən, doğma yurdlarından
didərgin saldı. Şamaxıda tarixi abidələrin, mədəni-maarif
ocaqlarının bərpasına, insanlarda qorxu, həyəcan
stixiyasının dəf edilməsinə uzun illər vaxt tələb
olunurdu.
C.Cəbrayılbəyli şəhər ali-ibtidai məktəbini
bitirdikdən sonra - 1904-cü ildən fərdi təcrübəsi
əsasında "üç-dörd şagirdin"
repetitorluğu ilə məşğul olmağa
başlayır. O 1907-1908-ci illərdə müvafiq fənlər
üzrə ciddi hazırlaşır və Şamaxı
Realnı məktəbində imtahanları verərək
ibtidai məktəb müəllimi dərəcəsi alır.
Təxminən bir ildən sonra, 1909-cu ilin oktyabr ayında Cəmo
bəyi vaxtilə təhsil aldığı Şamaxı
şəhər ali-ibtidai məktəbinin əlifba sinfinə
müəllim təyin edirlər. Onun sevincli günləri yenə
də uzun sürmür. Bir ay sonra C.Cəbrayılbəylinin əvəzinə
Nikolayev soyadlı bir müəllimi dərs demək
üçün Şamaxıya göndərirlər. Cəmo
bəy əlacsız qalıb bir müddət repetitorluq fəaliyyətini
davam etdirdikdən sonra yenidən sevimli məktəbinə
qayıdır və müəllimlik işinə bərpa
olunur. O şəhər ali-ibtidai məktəbində 1912-ci ilədək
böyük həvəs və səy göstərərək
işləməklə yanaşı, Şamaxının
ictimai-mədəni həyatında da fəal iştirak edir.
Xüsusilə, 1907-ci ildə Şamaxıda kitabxana və qiraətxananın
açılışında, savad kurslarının
yaradılmasında, teatr səhnəciklərinin göstərilməsində
Cəmo bəyin müstəsna xidmətləri olmuşdur.
1907-ci il iyul ayında Şamaxıda kitabxana və qiraətxananın
təntənəli açılışı ilə
bağlı Cəmo bəy Cəbrayılbəyli
yazırdı: "Teymur ağa Xudaverdiyev (Bələdiyyə
sədri - A.R.) Şamaxının tarixindən, kitabxana və
qiraətxananın mədəni ocaq olduğundan, əhəmiyyətindən
danışdı. Əziz şairimiz Abbas Səhhət söz
alıb qismən nəsr, qismən də nəzm ilə
gözəl çıxış etdi. Sonra da söz mərhum
Mirzə Ələkbər Sabirə verildi. Şair utana-utana, əli
əsə-əsə, cibindən uzun lent şəkilli
kağızını çıxartdı. Həmin
kağıza yazmış olduğu "Elm" adlı
şeirini oxudu...
O zamanlar qəza rəisi Fyodorov familiyalı, nisbətən
maarifpərvər bir şəxs idi. O da çıxış
etdi və qısa təbrik sözündən sonra dedi:
"Ümidvaram ki, burası ancaq mədəniyyət
ocağı olacaq və başqa təşəbbüslərə
burada meydan verilməyəcək. Abbas Minasazov, Nəcəf
Sadıqov, Əli İsmayılov və mən
çıxış edib kitabxananın inkişafı
üçün əlimizdən gələni əsirgəməyəcəyimizə
söz verdik" (C.Cəbrayılbəyli. "Xatirələrim",
Bakı, Azərnəşr, 1966, səh.66).
Cəmo bəy söz verdiyi kimi həqiqətən də
əlindən gələni əsirgəmədi, kitabxananın
kitab və qəzet fondunun zənginləşdirilməsində,
oxucuların cəlb olunmasında, mətbuat orqanlarına,
xüsusilə "Molla Nəsrəddin" jurnalına abunə
yazılışında şövqlə
çalışır və şəhərdə mədəni-maarif
işinin tərəqqisinə əmək sərf edirdi. Onun həmin
dövrdə xeyriyyə cəmiyyətləri ilə isti fəaliyyəti,
mesenatlarla, ziyalılarla mehriban şəxsi əlaqəsi,
ictimaiyyət arasında nüfuz qazanması təlim və tədris
sahəsində də uğurlarını şərtləndirirdi.
Görkəmli şairlərimizdən Mirzə Ələkbər
Sabir, Abbas Səhhət Cəmo bəyə hər zaman diqqət
və qayğı göstərirdi. Onlar saf, möhkəm təməl
üzərində dayanan əməl, əqidə dostları
idi. Bu sarsılmaz dostluq barədə görkəmli maarif
xadimi, ədib Abdulla Şaiq xatirələrində rəğbət
hissi ilə yazmışdı: "Sabir və Səhhəti
uşaq ədəbiyyatı ilə də maraqlandıran Mahmud əmi
(Mahmud bəy Mahmudbəyov - A.R.) olmuşdur. Mahmud əmi hər
iki şairin uşaqlar üçün yazdıqları əsərləri
və tərcümələrini öz dərsliklərində
çap etdirirdi. Mahmud əmidən başqa Sabirin və Səhhətin
Əlicabbar Orucəliyev, Cəmo Cəbrayılbəyli və
Firidun bəy Köçərli ilə də dostluq əlaqələri
var idi" (Abdulla Şaiq. Əsərləri, V cild, Bakı,
"Yazıçı", 1978, səh. 201).
Şair, qəzəl ustası Ağaəli Naseh isə
Cəmo bəy Cəbrayılbəylinin yeznəsi,
böyük bacısı Sultanxanımın həyat
yoldaşı, yaxın məsləkdaşı və dostu kimi
ondan diqqət və qayğısını heç vaxt əsirgəməzdi.
Sabir Şamaxıda "Ümid" məktəbini
açanda ora dəvət etdiyi ilk müəllimlərdən
biri gənc Cəmo bəy olur, ona sinif otaqlarını,
"parta"ları, yazı taxtasını göstərmiş,
"Məktəb, məktəb nə dilguşəsən"
misraları ilə başlayan şeirini burada Cəbrayılbəyliyə
oxumuşdu. Cəmo bəylə Sabirin yaxın dostluq əlaqələri
6 il - böyük satrik şairin vəfatına qədər
davam edib. Bu ünsiyyətlərdən, təmaslardan,
qonaqlıq məclislərindən Sabirin görüşlərinə,
məclislərinə can atan gənc müəllim, təbii
ki, daha çox faydalanıb
C.Cəbrayılbəyli 1912-ci ilin oktyabr ayında
şəhər ali-ibtidai məktəbindən azad olunur və
Şamaxıda ilk dəfə yaradılan Birinci rus-tatar məktəbinə
(Bu məktəblərə bəzən "Müsəlmani və
rusi məktəbi" də deyilirdi - A.R.) müdir təyin
edilir. Həmin il Azərbaycanda yeni tədris üsulu ilə
tanınan "rus-tatar" məktəblərinin
yaradılmasının 25 illik yubileyi keçirilirdi. Bakı
şəhərində keçirilən yubiley tədbirlərinə
Cəmo bəy Şamaxıdan nümayəndə olaraq
göndərilmişdi. Yubiley haqqında Firidun bəy
Köçərlinin məzmunlu, tutumlu bir məqaləsi
"Məktəb" jurnalında dərc edilib. 25 illik yubiley
Şamaxı şəhərində də təşkil
edilmiş, məktəbin yaradıcılarından biri,
Bakı quberniyası və Dağıstan vilayəti məktəblərinin
müfəttişi Sultan Məcid Qənizadə də tədbirə
dəvət olunub. Yubiley 1912-ci il iyul ayının bir bazar
günü şəhər klubunda 50 nəfərə qədər
qonağın iştirakı ilə keçirilmişdi. Yubiley
tədbirində S.M.Qənizadə, Şamaxı realnı məktəbinin
direktoru, general Sizemski çıxış etmiş, Cəmo bəy
məclisdə məktəbin yaradıcıları Sultan Məcid
Qənizadəyə və Həbib bəy Mahmudbəyova həsr
etdiyi şeirini oxumuşdu:
Biri Sultan Məciddir eydə səbəb,
Digəri Həbib bəy ali nəsəb.
Çünki siz Şirvanın fəxarətisiz,
O solğun günəşin şətarətisiz.
Əhli-Şirvan edir sizi təbrik,
Qəlbən olmuş bu ehtirama şərik.
Cəmo bəyin rus-tatar məktəblərinin 25
illiyinə həsr etdiyi mənzuməsindən bir parça
onu deməyə əsas verir ki, müəllifin şeiri duymaq
və səriştəli yazmaq təcrübəsi var idi. Onun
Sabir, Səhhət, Naseh kimi ünlü şamaxılı
şairlərlə səmimi dostluq əlaqələri təsadüfi
deyildi. Cəmo bəyin sonlar mətbuat orqanlarında mütəmadi
dərc edilən ədəbi-bədii əsərləri də
bu düşüncəni təsdiqləyir.
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-2024.-10 sentyabr №(163).- S.15.