Kərim xan Zənd

 

 "Qarabağın dostları və düşmənləri" silsiləsindən

 

 

Nadir şahın qətlindən sonra İranda yenidən hərc-mərclik başlandı. Demək olar ki, bütün vilayətlərin hakimləri bu qarışıqlıqdan istifadə edərək şahlıq taxt-tacı uğrunda mübarizəyə başladılar. Öz tayfaları arasında azacıq nüfuzu olanlar başlarına dəstə toplayıb, hakimiyyəti ələ almağa can atırdılar. Bu fürsətdən istifadə etməyə çalışanlardan biri də Nadir şah ordusunun keçmiş döyüşçüsü, şirazlı Kərim xan Zənd idi.

...Kərim xanın mənsub olduğu Zəndiyyə sülasəsi lap əvvəllərdən səfəvilərin tərəfdarı idi. Bir çox başqa tayfalar kimi bu tayfa da Nadir şahın hakimiyyətini qəbul etmək istəmirdi, lakin hərbi cəhətdən zəif olduğu üçün ona qarşı çıxa da bilmirdi. Bunu bilən Nadir şahın ona görə də bu sülaləyə qarşı münasibəti yaxşı deyildi.

Atası İnaq xanın vəfatından sonra Kərim xan tayfa başçısı seçildi. Və ölkədə iğtişaşlar başlanan kimi o da səltənət iddiası ilə siyasət meydanına atıldı. Amma Kərim xanın mübarizəsinin başqalarının mübarizəsindən fərqi onda idi ki, o, taxt-taca özü sahib olmaq fikrində deyildi, şahlıq tacını öz əli ilə səfəvilərdən kiminsə başına qoymaq istəyirdi...

Kərim xan Zənd əvvəlcə İranın cənub vilayətlərindəki Məlayer, Nəhavənd və Tuysərgan şəhərlərini ələ keçirib, Şirazda mövqeyni möhkəmlətdi. Siyasi və hərbi gücünü kifayət qədər artırandan sonra isə bir neçə vilayəti də özündən asılı vəziyyətə saldı. Son vaxtlar zəifləyən və nüfuzunu itirən Naxçıvan xanlığına hücum eləyib, Hacı xan Kəngərlini itaətə gətirdi və ərazisini xeyli genişləndirdi. Bu qələbədən sonra Kərim xanın səsi-sorağı ölkənin hüdudlarından kənarlarda da eşidilməyə başladı. Az müddət ərzində İranda, demək olar ki, hakimiyyəti ələ alan Kərim xan Zəndlə çoxları hesablaşır, ona hörmət və ehtiram göstərirdilər. Hətta uzaq Kartli-Kaxetiya çarı II İraklı birinci olaraq rəsmi surətdə onu İranın dövlət başçısı kimi tanıdı. Kərim xan da öz növbəsində, Kartli-Kaxetiyanı müstəqil bir dövlət kimi qəbul elədi.

Nüfuzunun və şöhrətinin bu cür artdığını və uzaqlara yayıldığını görən Kərim xan Zənd əvvəlki niyyətindən, yəni "şah səfəvilərdən olmalıdır" fikrindən daşınıb, özü üçün tacqoyma mərasimi keçirmək istədi. Lakin şiə məzhəbli xanlardan, xüsusən də, Mazandaran və Astrabad vilayətlərinin hakimi Məhəmmədhəsən xan Qacardan (Ağa Məhəmməd şah Qacarın atası) ehtiyat etdiyi üçün özünü şah elan edə bilmədi, əlacsız qalaraq yenə də əvvəlki fikrinin üstünə qayıtdı...

Kərim xan Zənd bəxtiyarilər tayfasının yaxından köməkliyi ilə səfəvilərin keçmiş paytaxtı İsfahan üzərinə hücum elədi. Şah İsmayıl nəslindən olan  Mirzə Əbuturab Mirzə Mürtəza adlı bir nəfəri hakimiyyətə gətirərək II Şah İsmayıl adıyla şahlıq taxtında oturtdu. Bundan sonra Kərim xan könüllü olaraq "şah" titulundan imtina elədi və bildirdi ki, İrana müstəqil şah gələnə qədər mən şahın vəkiliyəm. Elə bu vaxtdan da o, "İran şahının vəkili" adı ilə tanındı və ömrü boyu bu titulla da tarixdə qaldı.

Məqsədi İranın mərkəzi vilayətlərini, o cümlədən, Mazandaranı və Astrabadı işğal etmək olan Kərim xan Zənd 1752-ci ildə ölkənin şimalına doğru hərəkət elədi. Bundan duyuq düşən Məhəmmədhəsən xan Kərim xanı məğlub edib, onu öz vilayətlərindən xeyli uzaqlaşdırdı.

Kərim xan bu acı məğlubiyyətindən sonra bir çox qonşu tayfaları ələ alıb, onlardan xeyli qoşun topları və yenidən Məhəmmədhəsən xanın üzərinə hücum eləməyə hazırlaşdı və bunun üçün də əlverişli məqam gözləməyə başlandı.

Həmin vaxt Nadir şahın keçmiş sərkərdələrindən biri Azad xan Əfqanlı da şahlıq eşqinə düşüb, əsasən, əfqanlardan və özbəklərdən başına dəstə toplayaraq bir sıra xanlıqları ələ keçirdi. İsfahanı işğal edib, başına tac qoydu və özünü "şah" adlandırdı. Kərim xan "yadelli şahı" aradan götürmək üçün on minlik qoşunla onun üzərinə yeridi, ancaq məğlub oldu. Bir müddətdən sonra o, özünə gəlib, hərbi gücünü artırdı, yenidən İsfahana hücuma keçib, şəhəri geri aldı və üstəlik, Şirazı da ələ keçirə bildi.

...Kərim xan Zənd düşmənləri ilə bir neçə cəbhədə vuruşurdu. Ancaq onun ən qorxulu rəqibi Məhəmmədhəsən xan Qaçar idi. Onlar bir-biri ilə beş ilə yaxın mübarizə apardılar. Şəhərlər, kəndlər, vilayətlər əldən-ələ keçdi. Gah o, gah da bu, qələbə çaldı, ancaq heç biri istəyinə nail ola bilmədi. Bütün bu döyüşlər onları qatı düşmənə çevirdi... Lakin Kərim xan yaxşı bilirdi ki, İranda ikinci böyük hərbi sima olan Məhəmmədhəsən xan Qacara qalib gəlməsə, məqsədinə çata bilməyəcək. Ona görə də o, Məhəmmədhəsən xanın Arazboyu xanlıqlarda hərbi səfərdə olmasından istifadə edərək Astrabad, Mazandaran və Gilan vilayətlərini zəbt elədi. Bu xəbəri eşidən Məhəmmədhəsən xan dərhal qoşunlarını döyüş meydanlarından geri çəkib, birbaşa Kərim xanın üzərinə yeridi. Əvvəlki döyüşlərdə çoxlu itki verən Kərim xan müqavimət göstərmək iqtidarında olmadığından Kaşan və İsfahan şəhərlərini əldən verərək Fars və İraq vilayətlərinə çəkildi və qarşıdakı döyüşlərə hazırlaşmağa başladı.

Məhəmmədhəsən xan böyük qüvvə ilə Fars vilayətinə doğru irəlilədi. Lakin bu vaxt o, yaxın adamlarının xəyanətkar əlləri ilə qətlə yetirildi. Və bəxşişə sahib olmaq üçün Məhəmmədhəsən xanın başı kəsilib, Şiraza-Kərim xanın hüzuruna gətirildi. Eyni zamanda Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd xan və digər ailə üzvləri də əsir aparıldı. Amma Kərim xan Məhəmmədhəsən xanın yaxın adamlarının bu xəyanətkar hərəkətinə bəraət qazandırmadı, həmin şəxslərə ənam vermək əvəzinə, əksinə, başqalarına görk olsun deyə, onları cəzalandırdı.

Kərim xan Zəndin əsas rəqibi aradan götürüləndən sonra o, şimal xanlıqları ilə yaxın əlaqələr yaratmağa çalışırdı... Həmin vaxt Qarabağ xanlığı tərəqqi, inkişaf dövrünü keçirirdi. Pənahəli xanın güclənməsindən, gündən-günə artan hərbi və siyasi qüdrətindən qorxuya düşən bəzi xanlar ona xətər yetirmək, xanlığı zəiflətmək istəyirdi. Bəziləri isə gələcək talelərini düşünür, Pənahəli xanla ittifaq yaratmağa, dost olmağa çalışırdı.

Urmiya hakimi Fətəli xan Əfşarın da Pənahəli xanı gözü götürmürdü. Ona görə də o, 1762-ci ilin payızında çoxlu sayda seçmə qoşunla Şuşa qalası üzərinə yürüşə başladı. Ancaq biabırcasına məğlub olub, barışıq təklif elədi. Hiyləgərlikdə və məkrlilikdə ad çıxarmış Fətəli xan Qarabağ xanını aldatdı və sülh bağladıqdan sonra guya, şadyanalıq etmək üçün Pənahəli xanın oğlu İbrahimxəlil ağanı qonaq çağırdı. Ancaq o, namərdlik edərək İbrahimxəlil ağanı da götürüb, birbaşa Urmiyaya yola düşdü. Aldanıldığını görən Pənahəli xan qüvvələrini səfərbərliyə alıb, Urmiya üzərinə hücuma hazırlaşmağa başladı...

Fətəli xan Əfşar Qarabağdan geri qayıdan kimi Kərim xan Zəndlə mübarizəyə başladı. Kərim xan qardaşı İskəndər xanın başçılığı ilə Fətəli xanın üzərinə qoşun göndərdi. İsfahan yaxınlığında baş verən döyüşdə Kərim xanın qoşunları məğlub oldu, İsgəndər xan isə öldürüldü. Bundan qəzəblənən Kərim xan Fətəli xanla yeni döyüşə hazırlaşmağa başladı. Elə həmin vaxt Pənahəli xanın başına gəlmiş qəziyyəni eşidən Kərim xan bu hadisədən istifadə etmək qərarına gəldi.

Kərim xan Zənd Pənahəli xanın yanına elçi göndərdi, onunla dost və müttəfiq olmaq və Fətəli xan Əfşara qarşı birgə mübarizə aparmaq istəyini də bildirdi. Qarabağ xanına göndərdiyi məktubda Kərim xan yazırdı: "Fitnə və fəsad sahibi olan Fətəli xan indi bizimlə qan düşməni olub. Sizinlə də pis xasiyyətli bir düşməndir. Verdiyi söz və içdiyi andın əksinə olaraq hərəkət edib. İbrahimxəlil ağanı apararaq sizi dərd və qüssəyə salıb. Hər an bir fikirdə və hər gün də bir əmirlə hərb etməkdədir. Mən də "ey ağıl sahibləri, sizin üçün qisas almaqda həyat var" ayəsinin məzmununa əsasən intiqam almağı və ədavət qılıncını qınından çəkib, hərbə girişməyi qərara almışam. Buna görə cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan və təkid etmədən hökmünüz altında olan qalib qoşunlarınızla bizə yoldaşlıq edəsiniz. Çünki əsas məqsədim və günəş kimi işıqlı olan fikrim budur ki, həm sizin oğlunuzu xilas edim, həm də öz qardaşımın qanını alım". ("Qarabağnamə", Birinci kitab, Bakı, "Yazıçı" nəşriyyatı, 1989-cu il, səhifə 119).

Pənahəli xan da öz növbəsində, bu fürsəti fövtə vermədi. Qoşunlarını cəld Arazın o tayına - Azərbaycan vilayətinə yeritdi. Kərim xan Pənahəli xanı qarşılayıb, böyük hörmət və ehtiramla iqamətgahına apardı. Birlikdə döyüş planı hazırlayıb, Urmiya üzərinə hücuma keçdilər. Hər iki xanın qoşunları Fətəli xanın ordusu ilə üzləşdi. Amansız və qızğın döyüşlərdən sonra məğlub olacağını hiss edən Fətəli xan Urmiya qalasına çəkildi və təslim olduğunu bildirdi. Bütün dustaqlar, o cümlədən, İbrahimxəlil ağa da azad edildi. Bir neçə gündən sonra Kərim xan İbahimxəlil ağaya Qarabağ xanı təyin olunması barədə fərman verib, onu təntənəli surətdə Şuşa qalasına yola saldı. Pənahəli xana isə belə bir təklif elədi: "Mənə qarşı göstərdiyin sədaqətin və köməyin əvəzini çıxmaq üçün bir neçə müddət mənim yanımda qalmağınızı xahiş edirəm" (Yenə orda, səhifə 119). Kərim xan Pənahəli xanı öz paytaxtı Şiraza gətirdi. O, əsir aldığı Fətəli xan Əfşarı da özü ilə götürmüşdü. İsfahan yaxınlığından keçərkən Kərim xan öz rəqibini və qardaşının qatilini İsgəndər xanın öldürüldüyü yerdə qətlə yetirdi.

Bəzi məlumatlardan aydın olur ki, Kərim xan Zənd üzdə özünü Qarabağa qayıdandan sonra onun hakimiyyətə gedən yolunda maneə ola biləcək Pənahəli xana dost kimi göstərərək onu aradan götürmək üçün aldadıb, Şiraza aparmış, yanında girov saxlamışdı. Pənahəli xan gec də olsa, "dostu"nun gələcək fikrini başa düşmüş və tezliklə vətəninə dönmək üçün ondan icazə istəmişdi. Lakin güclü rəqibini aradan götürmək üçün bir də əlinə belə fürsət düşməyəcəyini anlayan Kərim xan ona Qarabağa qayıtmağa imkan vermədi. Və 1763-cü ildə Pənahəli xan Cavanşir Kərim xanın iqamətgahında müəmmalı şəkildə ömrünü başa vurdu. Kərim xan isə özünün gələcək taleyini düşünərək Pənahəli xanın cəsədini böyük ehtiramla Qarabağa göndərdi.

Kərim xan Zənd İran tarixində bir sərkərdə, elmə, sənətə qiymət verən, qurucu, yaradıcı bir şəxsiyyət kimi qalmışdır. O, Şiraz şəhərinin tikintisi ilə ciddi məşğul olmuş, böyük abadlıq işləri aparmışdır. Kərim xanın dahi fars şairləri Hafizin və Sədi Şirazinin qəbirləri üzərində ucaltdığı məqbərələr  indi də qalmaqdadır

1779-cu ilin fevral ayında yaşı səksəni haqlamış Kərim xan Zənd dünyasını dəyişdi. Onun ölümü İranda ixtişaşların yenidən başlanmasına səbəb oldu...

Ağa Məhəmməd xan Qacar səltənət taxtında oturandan sonra Kərim xan Zəndin cəsədini Şirazdan Tehrana gətirdib, şahlıq ərkinin pilləkənləri altında basdırdı ki, hər dəfə otağına girib-çıxanda ayağını Kərim xanın sümükləri üstə qoysun... Çox-çox sonralar Rza şahın dövründə isə Kərim xan Zəndin sümükləri çıxarılıb, yenidən Şiraza aparıldı.

 

Vasif QULİYEV

525-ci qəzet.-2024.-10 sentyabr №(163).- S.13.