Azərbaycan pediatriyasının
qüruru
Yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı
pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı
kimi xatırlanan Adilə Namazova nümunə ola biləcək
bir ömür yaşayıb.
Bu il tibb elmləri doktoru, professor, Azərbaycan Milli
EImlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb
Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər
Akademiyasının üzvü, Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, "Şöhrət"
və "Şərəf" ordenli Adilə Namazovanın
anadan olmasının 98-ci ili tamam olur.
Adilə xanım Namazova vaxtını, biliyini cəmiyyətin
xeyrinə təqdim etməyə hazır olan böyük
xeyriyyəçi idi. O, milli genofondumuzun sərvəti olan
uşaqlarımızın sağlam gələcəyi
üçün qəhrəmancasına mübarizə
aparırdı.
Adilə xanım 1926-cı ilin sentyabrında Ağdam
rayonunun Seyidli kəndində dünyaya göz açıb.
Həkim olmaq arzusu ilə gənc qız orta təhsilini
müvəffəqiyyətlə başa vurur və 1944-cü
ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya
fakültəsinə daxil olur. Gənc həkimin gələcəyini
təyin edən o gün yaxınlaşırdı. 1949-cu ildə
Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma
yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının
rəhbəri kimi çalışır. Fədakar həkim təkcə
doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində
peşəkarlığı və xəstələrinə
qayğıkeş yanaşması ilə tanınır və
sevilir.
Heç də təsadüfi deyil ki, Adilə xanım
Namazova səhiyyə sahəsindəki xidmətlərinə və
tibb elminə verdiyi töhfələrinə görə 1971-ci
ildə keçmiş SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı
qadın alim olur.
Ulu öndər Heydər Əliyev akademik Adilə
Namazovanın fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi,
onu Azərbaycanda elmi pediatriyanın banisi
adlandırırdı. Bir zamanlar Heydər Əliyev ölkəmizdə
səhiyyə sahəsində çatışmazlıqlarla
bağlı bəzi məsələlərin həlli məqsədi
ilə Adilə xanımla görüşdə onun fikirlərini
öyrənmişdi. 1976-cı ildə olan görüşdə
akademik müəyyən elmi istiqamətlərdə elmlər
doktorlarının olmamasını, tibb üzrə elmi-tədqiqat
institutlarının aşağı kateqoriyalı olduğunu əsas
problemlər kimi Heydər Əliyevin diqqətinə
çatdırır. Ulu öndər hər iki məsələnin
həll üçün təcili və ciddi
tapşırıqlar verir.
Akademik Adilə Namazova xatirələrində bildirirdi
ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə
akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.
Müstəqillik dövründə Ulu öndər
Heydər Əliyev Adilə xanımın sədri olduğu Azərbaycan
Pediatrlar Assosiasiyasının fəaliyyətini də yüksək
səviyyədə dəstəkləyib. Ümummilli liderin
uzaqgörən, müdrik siyasətinin nəticəsi olaraq bu
gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə
təşkilatlarına inteqrasiya olunmuş ən köklü
təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə
ləyaqətlə təmsil edir.
Adilə Namazova Azərbaycan torpaqlarının erməni
vandalları tərəfindən işğalı, bunun nəticəsində
bir milyondan artıq soydaşımızın qaçqın və
məcburi köçkün vəziyyətinə
düşdüyü dövrdə keçmiş SSRİ-nin
sonuncu millət vəkili kimi yüksək kürsülərdə
hər zaman öz sözünü deyib. O, erməni
işğalçılarının Dağlıq Qarabağla
bağlı əsassız iddialarının puçluğunu
tutarlı faktlarla sübuta yetirməyə səy göstərib.
Ermənistanın Azərbaycana qarşı apardığı
işğalçı, qanlı müharibəyə son
qoyması barədə dəfələrlə keçmiş
SSRİ rəhbərliyi və deputatları ilə
görüşüb tələbkar söhbətlər
aparıb.
Keçmiş sovet ordusunun 1990-cı il yanvar
ayının 19-dan 20-nə keçən gecə Bakıda və
ətraf bölgələrdə amansız vəhşiliklər,
qırğınlar törətdiyi zaman Adilə xanım
Namazova qaniçənlərə qarşı fəal
mübarizə aparıb. O, Xalq artisti, bəstəkar Arif Məlikov
və fəhlə Sara Vəzirova ilə birlikdə
"Salyan" kazarmasına və digər yerlərə gedərək
sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək
zirzəmilərə salınan 300-dən çox Azərbaycan
əsgərinin azad edilmələrinə nail olub.
Adilə xanım 350-dən çox məqalənin,
30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda
MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin
müəllifidir.
Akademik Adilə Namazovanın elmi-tədqiqat işlərinin
nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub,
Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair,
Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya,
İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər
xarici ölkələrdə keçirilən elmi konqres və
konfranslarda dinlənilərək yüksək qiymətləndirilib.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə və
xidmətlərinə görə Ulu öndər Heydər
Əliyevin Sərəncamı ilə 1996-cı ildə
"Şöhrət" ordeni, 2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə "Şərəf" ordeni və Azərbaycanda tibb
elminin inkişafında roluna, tibb kadrlarının
yetişdirilməsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif
edilib.
2020-ci il dekabrın 16-da tanınmış elm xadimi,
ictimai xadim, minlərlə anaya körpələri ilə
birlikdə şəfa verən təbib Adilə Namazova
dünyasını dəyişib.
O, bilik və bacarıqlarına, zəngin təcrübəsinə
ehtiyac duyulan bütün sahələrdə faydalı
olmağa çalışırdı.
Gənc təbibi ölkəmizdə pediatriya elmi məktəbinin
olmaması problemi uzun müddət idi ki, narahat edirdi. Bu məqsədlə
alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2
saylı şəhər xəstəxanasında xüsusi
biokimyəvi laboratoriya və ürək, tənəffüs
sisteminin funksional fəaliyyətini müəyyənləşdirən
elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri,
tələbələri mərkəzdə elmi fəaliyyətə
cəlb edir. Bununla Azərbaycanda yeni pediatriya elmi məktəbi
formalaşmağa başlayır.
Azərbaycanda ilk dəfə olaraq Adilə
Namazovanın rəhbərliyi ilə pediatriya elmi məktəbi
inkişaf yoluna qədəm qoyur.
Anadangəlmə ürək qüsurlarının tədqiqinə
töhfələr
Adilə xanım uşaqlarda ürək, qan-damar
sistemi xəstəliklərinin öyrənilməsi,
profilaktikası və səmərəli müalicə
üsullarının tapılması ilə dərindən
maraqlanırdı.
O, 1954-1957-ci illərdə Moskva şəhərində
müəllimi G.N.Speranskinin elmi rəhbərliyi ilə tədqiqat
iş üzərində gərgin əmək sərf edir və
çalışdığı uşaq xəstəlikləri
kafedrasında bu istiqamətdə təcrübəsini
artırır.
Alim öz tədqiqatında yeni kompleks elektrofizioloji
üsullar - oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya
və s. istifadə edərək ilk dəfə uşaqlarda
revmatizmin fəal mərhələsində ürək və
qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində
baş vermiş, o dövrə qədər öyrənilməmiş
patoloji dəyişikliklərin mərhələsini, dərəcəsini
öyrənir, şərhini verir, rasional müalicə
üsullarını təklif edir.
Həmyerlimiz Moskvanın dünya şöhrətli
elm mərkəzində xəstə uşaqların gələcəkdə
sağlam, cəmiyyətə yararlı olması
üçün fərdi həyat şəraitini qurması,
davranışı, ixtisas, sənət seçməsi
haqqında tədbirlər kompleksi tərtib edir, səmərəli
təkliflər irəli sürür.
Bu tədqiqatların yekunlarını ümumiləşdirməklə
Adilə Namazova SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi
Şurasında müdafiə etdiyi dissertasiya işi ilə
diqqət mərkəzində olur, dünyanın görkəmli
alimləri bu elmi işi yüksək qiymətləndirir.
Adilə xanımn XX əsrin altmışıncı
illərinə qədər hələ də öyrənilməmiş
və tam ümidsiz hesab olunan anadangəlmə ürək
qüsurlarının müəyyən edilməsində ciddi
səy göstərərək tədqiqatlar həyata
keçirir.
Azərbaycanın pediatrı alimi bu axtarışları
ilə dünyada, ilk olaraq, uşaqlarda vektorkardioqrafiya,
rentgen-elektrokimoqrafiya tətbiq edərək, ürəkdaxili və
böyük damarların zondlaşmasından,
angiokardioqrafiyadan istifadə edərək ürəyin
ayrı-ayrı boşluqlarında qan təzyiqinin səviyyəsini,
oksigen, karbon qazının tutumunu öyrənməklə
ağ ciyər damarlarının müqavimətini müəyyənləşdirir.
Adilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən
5 ixtira vəsiqəsini elmdəki bu yeniliklərinə görə
əldə edir. Elmi araşdırma əsasında anadangəlmə
ürək qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək
Adilə xanım kiçik qan dövranında
durğunluğun dərəcəsini, qan təzyiqinin səviyyəsini
öyrənir, ilk dəfə olaraq ürək cərrahlarına
və pediatrlara gündəlik işlərində istifadə
etmələri üçün öz təsnifatını,
konsepsiyasını tərtib edir.
Bütün bunlara əsaslanaraq yenilikçi alim
ürək üzərində cərrahi əməliyyatın
aparılmasına göstəriş və əks göstərişi
təyin edir, cərrahiyyədə isə hansı əməliyyat
üsulunun uşaq orqanizmi və ürək üçün
zərərsiz aparılmasını və əlverişli
olduğunu sübuta yetirir.
Adilə Namazova dünyada ilk və yeganə pediatr idi
ki, uşaqlarda anadangəlmə ürək qüsurları
zamanı belə sanballı, çoxtərəfli, dərin
elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə
üsullarını işləyir, fəsadların
qarşısını almaq tədbirlərini təklif edir,
ürək üzərində aparılası cərrahi əməliyyatın
proqnozunu verir, cərrahi əməliyyatdan sonrakı yaxın və
uzaq dövrlərdə (1 ilə qədər, 5 ildən sonra)
olan müsbət və mənfi dəyişiklikləri
bütün dəqiqliyi ilə ətraflı öyrənir.
Azərbaycanda bioetikanın aktuallığı
artır
Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin
inteqrassiyası və tətbiqi işində də akademik Adilə
xanım Namzaovanın xidmətləri danılmazdır. Onun rəhbərliyi
ilə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) bu istiqamətdə
fəaliyyəti xüsuilə diqqət çəkir.
Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan
dilində nəşri və bir sıra digər tədbirlərin
reallaşdırılmasında APA-nın o zamankı rəhbəri,
akademik Adilə Namazovanın böyük əməyi olub,
bununla Azərbaycanda bioetikanın aktuallığının
artamasına zəmin yaranıb.
Adilə xanım uzun illər AMEA-nın Tibbi Bioetika
Komitəsinin, ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi
öhdəsinə düşən ictimai işləri də
bacarıqla yerinə yetirib.
1999-2000-ci illərdə Assosiasiya ABŞ təhsil
qrantını qazanır, tibbi bioetika üzrə təhsil
proqramı və tədris materialları tərtib olunur. Proqram
UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər
mötəbər beynəlxalq tədbirlərdə, eləcə
də Təhsil Nazirliyində təqdim edilir.
Azərbaycan Pediatrlar Assosiasiyası sağlam cəmiyyət
quruculuğu yolunda
Adilə xanım 1972-ci ildə Azərbaycan Pediatrlar
Assosiasiyasının prezidenti, 1995-ci ildə Türkdilli
Ölkələrin Pediatrlar Assosiasiyasının
vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə
Heyətinin üzvü seçilib, 1997-ci ildə Türkiyə,
Azərbaycan, Mərkəzi Asiya və başqa Türkdilli
ölkə Pediatrlarının IV Beynəlxalq Konqresinin
prezidenti olub. Hələ keçmiş SSRİ dövründə
bir çox görkəmli alimlərlə dostluq əlaqələri
Azərbaycanda pediatriya elminin inkişafına əlverişli zəmin
yaradıb.
Müstəqillik dövründə Ulu öndər
Heydər Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində Azərbaycan Pediatrlar
Assosiasiyasının fəaliyyəti də yüksək səviyyədə
dəstəklənib
Eyni zamanda, akademik Adilə Namazovanın Türkiyənin
görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın
və Ulu öndər Heydər Əliyevin səmimi ürək
dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri,
professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri
Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə
ölkəmizi təmsil etməsinə əlverişli zəmin
yaradıb.
Assosiasiyanın fəliyyətinə belə rəğbətin
nəticəsidir ki, bu gün Azərbaycan Pediatrlar
Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına
inteqrasiya olunmuş ən köklü təşkilatlardandır
və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə
təmsil edir.
Ömrünün 70 ilə yaxın bir
dövrünü səhiyyəmizin, tibb elminin
inkişafına, şəxsi nümunəsində yeni həkim
nəslinin, yüksək ixtisaslı tibb mütəxəssislərinin
yetişdirilməsinə həsr edən, insanlara şəfqət
sovqatı bəxş edən pediatr alim bu yolda səmimiyyətlə,
ardıcıl və yorulmadan fəaliyyət göstərib.
Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin
yetirməsi olan 60-dan artıq alim namizədlik və doktorluq
dissertasiyasını müdafiə edərək, təkcə
Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də
həkimlik və elmi fəaliyyətlərini uğurla davam
etdirirlər.
Akademik Adilə Namazovanın böyük məktəbini
keçən həkim nəsli bu gün də
sağlamlığın keşiyindədir.
Təranə TAĞI-ZADƏ
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının
vitse-prezidenti, ATU-nun dosenti, tibb üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-2024.-10 sentyabr №(163).- S.12.