Ömrümün
Moskva illəri
(Əvvəli ötən sayımızda)
İrakli Andronnikov şəxsiyyətinin
unikallığı onda idi ki, belə parlaq artistlik,
yamsılamaq istedadına malik olmaqla bərabər, həm də
çox ciddi ədəbiyyatşünas idi. M.Lermontovun
yaradıcılığı üzrə ən mötəbər
tədqiqatçı idi.
Mən Moskvada ssenari kurslarını bitirib Bakıya
qayıdandan sonra bir gün İrakli Andronnikovdan məktub
aldım. Yazırdı:
Əziz Anar! Sizdən böyük bir xahişim var.
1968-ci ildə Bakıda S.Yaqubovanın «Xalq dastanı
Aşıq Qərib» kitabı çıxıb (Az. SSR Elmlər
Akademiyasının nəşri). Müəllif mənim fərziyyəmi
təsdiq edir ki, Lermontova bu dastanı danışan adam
M.F.Axundov ola bilərdi. Təsəvvür edirsinizmi bu, mənimçün
necə vacibdir!
Kitabın çıxması haqqında «Voprosı
literaturı» jurnalında retsenziyadan xəbər tutdum. Amma
kitabın özünü Moskvada tapa bilmirəm. Ona görə
də Sizi narahat edirəm – bu kitabı Bakıda tapa bilərəmmi?
Fürsətdən istifadə edib Sizə ən
yaxşı hisslərimi bildirirəm. Sizi və ailənizi
Yeni il münasibəti ilə təbrik etmək, xoşbəxtlik,
rifah və uğurlar arzulamaq istəyirəm. Atanıza xüsusi
salamlarımı yetirin. Moskvaya yolunuz düşəndə bizə
gəlin. Sizi görməyə həmişə şadıq.
Ünvanınınızı Mananadan öyrəndim, o da Sizə
salam göndərir.
Sizin İrakli Andronnikov
25 dekabr 1968.
Təbii ki, həmin kitabı tapıb
İ.L.Andronnikova göndərdim.
Manana ilə də məktublaşırdıq. Məktublarının
birində Lado adlı gürcü cərraha ərə
getdiyini yazırdı.
Moskvaya yolum düşəndə Mananagildə –
artıq atasının yox, özünün Aeroport metrosu
yaxınlığındakı evində qonaq oldum, əri Lado
və qayınatası ilə tanış oldum. Mananadan xeyli
cavan olan Lado xoş sifətli, qılıqlı bir gəncdi,
atası, uca boylu, bazburtlu memar Aleksi Mesxişvili oğlunun tam əksi
idi – təkəbbürlü, özündən razı. Bir
neçə dəfə Qafqazda ən hündür binanı
Tiflisdə mən ucaltmışam – dedi. Nədənsə
Mayakovskidən söz düşəndə: «Mayakovski
qadınlarla rəftar etməyi bilmirdi – dedi – hərif idi».
Rusca danışsa da məhz «hərif» sözünü
işlətməsi yadımda qalıb. Həmin bu memarın
arvadı (təbii ki, Ladonun anası yox) məşhur
kinorejissor Lana Qoqoberidze idi. Çox illər sonra bu ər-arvadla
kino işçiləri heyəti tərkibində ABŞ-da
olduq. Memar özünü elə göstərdi ki, guya məni
tanımır. Təbii ki, mən də özümü eyni
cür apardım.
Müstəqillik illərində isə Lana Qoqoberidze
Gürcüstan Parlamentinin spikeri Jvaniya ilə Bakıya gəlmişdi,
Yazıçılar Birliyində də oldular.
Gürcü şairi Simon Çikovani, Mixail Svetlov, Rəsul
Rza.
Andronnikovlar ailəsi ilə bağlı bu söhbəti
kədərli bir məlumatla bitirməliyəm. Hələ
sovet dövründə bir gün Moskvadan acıdan acı xəbər
gəldi. Manana həmin o Aeroport metrosunun
yaxınlığındakı evlərinin pəncərəsindən
özünü atıb, intihar edib.
Lado hamamda çimirmiş, bir də qış
günü otaqdan soyuq yel əsdiyini hiss edib,
çıxıb və açıq pəncərəni
görüb.
Kinoşünas aspirantlardan
biri də gürcü qızı Natiya Amirdcibi idi. Natiya
Gürcüstanın tanınmış zadəgən nəslindən
di. Zarafatla ona Gürcüstanın kraliçası deyirdik.
Böyük bacısı gözəllər gözəli Radam
Mixail Svetlovun arvadı idi. Svetlovun Gürcüstanla
bağlı qoşduğu və danışdığı
anekdotların çoxu Radamın gürcü qohumları ilə
bağlı idi. Radamın kiçik, Natiyanın böyük
qardaşları Çabua Amiradcibi gənc yaşlarında
Stalin sürgünlərindən keçmiş
yazıçı, məşhur «Data Tutuşqiya»
romanının müəllifi idi. M.Svetlovun mənzili Qorki
küçəsində Baş teleqrafla üzbəüz
binada idi. Heç vaxt zarafatından qalmayan Svetlov deyirmiş
ki, mən öləndən sonra bu binaya xatirə lövhəsi
vuracaqlar: «Bu evdə Mixail Svetlov yaşayıb və işləməyib».
Atamın və anamın şeirlərini çevirən,
gənclik illərindən onlarla xoş münasibətdə
olan Svetlovun bəzi zarafatlarını valideynlərimdən
eşitmişdim.
Hansı respublikadasa tərcümələrinin
qonorarını gecikdirdikləri üçün ora belə
teleqram vurub: “Təcili qonorarımı göndərin, yoxsa
sizi geri çevirərəm”. Başqa bir respublikaya isə
eyni səbəbdən ikibaşlı teleqram göndərir:
“Qonararın çatmaması narahat edir sizin ananızı”.
Bir dəfə anamdan xəbər
alıb: «Старушка, ч тебя есть орден?» Anam “yoxdur” cavabını verəndə
«Ничего. Вот я получу орден Ленина, разменяю на два Знак почета. Один тебе,
один мне».
Svetlovun dilindən eşitdiyim «musiqili» qamma cümləsini
də xatırlayıram:«До ре (Дора), ми фа сол я си-годня будем
есть?»
Bakıda atamgildə və Buzovna bağımızda
qonaq olmasını da yaxşı xatırlayıram. Buzovnada dənizdə
gündən qaralıb, qayıdanda: «Хотите видеть жаренного
еврея» deyə yaxasını
açması da yadımda qalıb. Bir çox yəhudilər
kimi, bu məsələ Svetlovun da yaralı yeriydi. Bu mətləbi
ona xas olan orijinallıqla gizlətməyə
çalışsa da, bir dəfə Buzovnada atamla içki
söhbətində: «Какой то Алымов издевается над моим еврейским
акцентом» - deyirdi.
Mayakovski ilə görüşlərindən
danışırdı. Bir dəfə Mayakovski ona «dəlləkxanada
növbəmi gözləyərkən «Oqonyok» jurnalını
vərəqləməyə başladım – deyib və dərhal
əlavə edib: – Elə bilmə ki, mən həmişə
bu zibili (yəni jurnalı - A.) oxuyuram. Amma bu nömrədə
gözüm sənin şeirlərinə sataşdı. Bəyəndim».
Bu, Mayakovskinin dilində ən yüksək tərif idi, belə
sözləri nadir hallarda deyirdi.
«Proletar şairlərinə məktub» şeirində
Mayakovski Jarov və Utkinlə birlikdə Svetlova da müraciət
edir.
Son dəfə Svetlovu Peredelkinoda gördüm. Elə
Selvinskigildə qonaq olduğumuz gün ordan çıxanda
atam «Gəl bir Mişaya da dəyək – dedi – deyirlər
ağır xəstədir».
Svetlovun bağ evinə gəldik. Eyvanda oturmuşdu.
Bizi görüb gülümsədi. Taqətsiz olduğu
aydın görünürdü, amma zarafatından da
qalmırdı: «Рак есть, принесли пиво?» («Xərçəng var,
pivə gətirmisiz?»)
Görünür, xərçəng xəstəliyinə
tutulandan sonra bu zarafatı dəfələrlə edibmiş,
çünki bu sözləri moskvalıların dilində
idi.
Svetlovun baldızı Natiya Moskvada aspiranturada oxuyarkən
onların Qorki küçəsindəki evlərində
qalırdı, Maqsudla, Amiranla, Erlomla bir neçə dəfə
bu evin qonağı olmuşduq. Radam Anastas Mikoyandan Səməd
Vurğuna qədər bir çox məşhur adamlar
haqqında xatirələr danışırdı. Bir dəfə
bu evdə məşhur müğənni Nani Breqvadzenin
«Kalitka» adlı rus romansını ifa etməsini unutmuram. Bu
yaxınlarda Nani Bakıya gəlmişdi Kitab Mərkəzində
ona yanaşdım.
Svetlovgildə «Kalinkanı» oxumanızı
unutmamışam – dedim. Çox məmnun qaldı, amma səhvimi
düzəltdi: «Kalinkanı» yox, «Kalitkanı».
Özüm də təəccüb
qalmışdım ki, necə oldu bu iki məşhur
mahnını qarışdırdım. Axı bu romansdakı
«отвари калитку» (alaqapını aç) misrasından istifadə
etməklə lətifə də qoşmuşdular:
«Rusların sevimli yeməyi: «Oтвари калитку» (alaqapını
pörtdət).
Radamla Mixail Arkadyeviçin oğlu Sandro uşaq
vaxtı çaşıb mürəkkəb içib. Rodam təlaşla
ərinə xəbər verəndə: «Sandro çernil
içib, neyləyək» sualına Sveitlov: «Пусть закусывает прома
кашкой» cavabını verir.
Natiya danışırdı ki, bir dəfə duş
qəbul edərkən nədənsə Sovet
İttifaqının himnini zümzümə edirmiş. Mixail
Arkadyeviç vanna otağının qapısını
döyüb: «Старушка перестань, мы уже полчаса на ногах стоим» – deyib.
Ara bir Natiyadan soruşurmuş «Ну что старушка, завела с кем
нибудь роман?» Daima «yox» cavabın alanda «Ну хотя бы повесть, на худой
конец очерк».
SSRİ dağılandan, əlaqələr
qırılandan sonra gürcüstanlı dostlarımdan demək
olar ki, xəbərim yoxdu, Amiranın, Erlomun, Armenin vəfatlarını
eşitmişdim. Bu yaxınlarda Bakıya Nodar Dumbadzenin
qızı gəlmişdi. Yazıçılar Birliyində
görüşdük. Atasıyla tanış olduğumu
dedim. Nodardan soruşmuşdum: – Heç Bakıda olmusunuzmu?
- Olmuşam, - demişdi, - Bayıl türməsində
yatmışam.
Çox istedadlı yazıçı olan Nodarın
moskvalılarla bir zarafatı da dillərdə gəzirdi.
Ədəbiyyat evində rus və gürcü
yazıçıları yeyib-içirmiş. Gürcülərin
vətənə qayıtmaq saatı çatanda durub
vidalaşır, qapıya doğru gedirlər. Artıq yetərincə
dəm olan bir rus yazıçısı: onlara söz
atır: А... бежали робкие грузины...
Nodar Dumbadze qapıda ayaq saxlayıb vidalaşır:
– Прощай немытая Россия.
Nodarın
qızından Tbilisidəki başqa
dost-tanışlarımı xəbər aldım..
Natiyanın adını çəkəndə, kədərlə:
– vəfat edib – dedi, çox təəsüfləndim.
Yenə də kino təhsili aldığım illərə
qayıdım. Kurslarda görüşə gələnlərin
maraqlı söhbətlərindən başqa, öz
aramızdakı ünsiyyətdən də mənəvi
zövq alırdıq, faktik bilgilərlə zənginləşirdik.
Məhz elə o illərdə mən müxtəlif
respublikalarda hansı ağrılı problemlərin
olduğunu daha ətraflı və müfəssəl öyrənə
bildim, İvan Draç mənə Ukraynanın, Ales
Adamoviç Belorusiyanın problemlərindən, Mar Baycifev
Qırğızıstanın özəlliklərindən,
İlya Averbax, Tolya Nayman, Jenya Reyn isə daima İosif Brodskidən
danışırdılar. Tiflis ermənisi, xoş hisslərlə
xatırladığım və qarşılıqlı
hörmətimiz olan Armen Zurabov Ermənistanda millətçiliyin
Gürcüstandan da betər olduğundan şikayətlənirdi.
Fridrix Qorenşteyn nədənsə mənə «На наших-курсах
ты самый достойный человек из за Кавказских гор» deyirdi, Yura Klepikov rus
şovinistlərindən gileylənirdi və bu acı
etiraflarda heç bir saxtakarlıq, riyakarlıq yoxdu. Hə,
bir də litvalı Pranası unutsam olmaz. Çar
vaxtının rus tacirləri kimi troyka – üçlük
(şalvar, pencək, jilet, jiletin cibindən də zəncirli
saat sallanır) geyinən və həqiqətən də o
tacirlərə bənzəyən tosqun, ağbəniz Pranas hər
səhər «Pravda» qəzetini açır, yazılara göz
atdıqca mətnləri oxumadan «правда, все чистая правда» deyə məzələnirdi,
Pranas da, Maqsud və Literaturnı institutda oxuyan Fikrət Qoca
kimi institutun yataqxanasında qalırdı. Bir gün nədənsə
sözləri çəp düşüb, Fikrət Qoca
Pranasa bıçaq çəkib. Ümumiyətlə,
bıçaqlaşmaq, dalaşmaq, ya ən azı bir dəfə
intihar təşəbbüsündə bulunmaq bu
yataqxananın dəyişməz ənənələrindəndi.
Pranas bu Fikrət Qoca olayını Maqsuda danışanda Maqsud
deyib ki, Fikrət bizim ən istedadlı gənc şairlərimizdəndi.
Pranas mötəbər «tacir» əhvalını pozmadan «bizim
cavan şairlər ya onanist, ya pederast olurlar – deyib – sizinkilər
əsl bandit imiş».
Kursların rəhbəri «Podviq razvedçika» («Kəşfiyyatçının
hünəri») adlı məşhur sovet filminin ssenaristi, eyni
zamanda qart çekist Mixail Borisoviç Maklyarski idi. Vanya
Draç deyirdi ki, Maklyarski Ukraynada Banderanın
öldürülməsinin əsas təşkilatçısıdır.
İvana xüsusi diqqətlə yanaşırdı, Ukraynada
Draçı yerli çekistlər təqib edərkən
Maklyarski onu qanadının altına alıb, Moskvaya, kurslara gətirərək
bəlalardan uzaqlaşdırmışdı. İvan Draç
özü Bakıda mənim ad günümdə
çıxış edərkən bu barədə
danışdı.
Maklyarski Qatır Məmməd haqqında filmin
ssenarisini yazmaq üçün bizim studiya ilə müqavilə
bağlamışdı. Bir dəfə məndən xəbər
aldı: Кем по вашему был Катыр Мамед?
- Обыкновенным разбойником с большой дороги – dedim (Adi
quldurbaşı).
Maklyarski heç bir reaksiya vermədi. Elə o illər
məni Bakıda Komsomolun Mərkəzi Komitəsinə
üzv seçmişdilər. Bunu hardansa bilən Maklyarski mənə:
Как же выбрали членом ЦК Комсомола вас, человека с такими настроениями? – dedi
- С какими настроениями?
- Я помню как вы официального народного героя назвали бандитом.
Xatırlamaların qəribə məntiqi, daha
doğrusu məntiqsizliyi var. Maklyarskiylə bu dialoq mənə
başqa bir hadisəni xatırlatdı. Əvvəllərdə
yazdığım kimi, bizdən sonrakı kusrlarda Rüstəmgillə
oxuyanlardan biri də Andrey Bitov idi. Bir ildən - iki ildən bir
kursların əvvəlki və hazırkı müdavimlərini
Moskva yaxınlığında Bolşevoda, ya Leninqrada
yaxın Repinoda seminara yığırdılar. Belə
seminarlardan birində Bitovla tanış oldum. O məni
oxumuşdu, mən də onu. Söhbətimiz tutdu. Andreyin ədəbiyyat
və siyasət haqqında dediklərindən bir fikir
yadımda qalıb. Deyirdi ki, rəsmi təbliğat nə
yazır yazsın, nə qədər ki kitabxanalarda rus klassiklərinin
əsərlərini alıb oxuyacaqlar, mənəvi dəyərlər
də yaşayacaq. Bitov sağ olsaydı və bir də
görüşmək bizə nəsib olsaydı, bu fikrini
yadına salardım və soruşardım: yenədəmi belə
düşünürsən?
Ssenari kurslarının müəllimləri və tələbələri.
Moskva 1962, son sırada soldan üçüncü, İvan
Draç, Anar.
Repinoda son gün səhərdən axşama bir yerdə
olduq və bütün gün ərzində Andrey içirdi.
Məni təəccüb qoyan o idi ki, səhərisi gün
Leninqrada gəldik və hamımız yenə bütün
günü birlikdə olduq. Bitov Leninqradda bir qram da içməmişdi,
amma axşama kimi dünənki sərxoşluğunun təsirindən
çıxmırdı. Bu fenomeni mən Azərbaycanın bir
görkəmli sənətkarında da şəxsən
müşahidə etmişdim. Əvvəlki gecənin sərxoşluq
xumarı səhərisi içkisiz günün ərzində
keçmirdi.. Nə isə... Axşam Andrey bizi evlərinə
çağırdı. Moskvalılardan fərqli olaraq
leninqradlılar daha qonaqpərvərdirlər. Moskvalı kurs
dostlarımızın heç birinin evində olmasam da,
Leninqrada yolum düşəndə bir dəfə İlya Averbax,
bir dəfə də Andrey Bitov məni qonaq
çağırıb.
«Literaturnaya qazeta»nın Bakıda keçirdiyi
müşavirəyə gələnlərdən Andrey Bitovu,
Qrant Matevosyanı, Nəfi Cusoytunu, Lev Anninskini Əkrəm
Əylisliylə birlikdə nahara dəvət etdim, sonra da bizim
Vaqif küçəsindəki yarızirzəmi evimizdə
qonaq oldular. Bitov hətta gecə bizdə qaldı.
«Kənd yazarı» Əkrəmlə ovaxtkı
dostluğumuza qibtə edən Andreyin acı etirafı
yadımdadır: Təəssüf ki, mən Rusiyada kənd
yazıçıları arasında belə yaxın dost tapa
bilmədim. «Kənd yazıçısı» Vasili Belovun onun
haqqında pis danışmasını təəssüflə
yada saldı.
Sonra Q.Matevosyanı göstərərək «mən
dost kənd yazıçısını Ermənistanda
tapdım» dedi. Kursları bitirəndən sonra Qrant Bitovu Ermənistana
dəvət etmişdi və Andrey bu ölkə haqqında
heyranlıqla dolu «Uroki Armenii» adlı yazı
yazmışdı. Bitovu İrəvan aeroportunda
qarşılayan Qrant: «Ой, опять придеться говорить на русском языке»
deyib (Oy, yenə də rus dilində danışmalı olacam).
Bitov mövzusunu burda – Maklyarski ilə mükalimə
dolayısı ilə xatırlamağımın səbəbi
odur ki, qoca çekistin peşəkarcasına sezdiyi kimi
«başqa ovqatda olanlardan biri də elə Andrey Bitov idi. Sonralar
Andrey asilərin çıxardığı «Metropol»
almanaxının təşkilatçılarından və
müəlliflərindən biri oldu. Kursları bitirməyimizdən
çox sonra bir dəfə Moskvada Ədəbiyyatçılar
evinin restoranında Andreyə rast gəldim. Birlikdə nahar
etdik, Bitov: yaxşı ki, sənə rast gəldim – dedi, bir məcmuə
hazırlamaq istəyirəm. Azərbaycandan da sən
iştirak etsən, yaxşı olar.
- Nə məcmuə?
- Oktyabr inqilabının yubileyinə həsr
olunmuş hekayələr məcmuəsi.
Qulaqlarıma inanmadım. Bitov kimi dissident ruhlu
yazıçı hara, Oktyabra həsr olunmuş kitab hara?
- Məzmunu bilirsən necə olacaq? Oktyabr bayramı ərəfəsində
müxtəlif respublikalardan Moskvaya cavanlar gəlir. Müxtəlif
səbəblərdən hamısı vıtrezvitelə (sərxoşluqdan
ayıltma məntəqəsinə) düşür, orda
bir-biriylə tanış olur və bayramı qeyd edirlər.
- Gözəl təşəbbüsdür, Andrey, -
dedim, - Oktyabr bayramı üçün Suslov yoldaşa bundan
yaxşı hədiyyə ola bilməz.
Şübhəsiz, Bitov bu niyyətini həyata
keçirə bilmədi, amma bu olay Maklyarskinin çekist
sayıqlığını yadıma saldı.
Mən «Дом в котором я живу» və «А если это любовь?»
adlı o vaxt çox populyar olan filmlərin ssenaristi İosif
Qriqoryeviç Olşanskinin emalatxanasına düşmüşdüm.
Məndən başqa emalatxana da daha üç nəfər
müdavim vardı – geniş erudisayılı, təhsili
etibarilə həkim olan, ssenari kurslarından sonra rejissor kimi
uğurlu filmlər çəkmiş İlya Averbax,
bolqarıstanlı yazıçı Todor Monov və
moskvalı Svelana Şenbrun. Dərslərimiz (fikir mübadilələrimizə
dərslər demək olarsa) kurslarda, bəzən də
Olşanskinin evində olurdu. İlk mərhələdə
yazmaq istədiyimiz diplom ssenarisi haqqında niyyətimizi bildirməliydik.
Mən elə ilk günlərdən «Torpaq. Dəniz. Od. Səma»
adlı filmin ssenarisini yazmaq istədiyimi bildirdim. Todor və
İlya da mövzularını açıqladılar. Svetlana
isə «mən bir yəhudi mühəndisdən yazmaq istəyirəm»
– dedi.
Özü də yəhudi olan Olşanski bu məsələyə
xüsusi həssaslıqla və müəyyən ehtiyatla
yanaşırdı. Dərhal ürkərək:
- Niyə məhz yəhudi? - deyə xəbər
aldı - Almaniyada yaşayan bir yəhudi, Faşist
Almaniyasında onu çox incidirlər.
Olşanskinin necə deyərlər, çiçəyi
çırtladı: Hə, bu, başqa məsələ – dedi
- davam et.
- Orda o qədər əzab çəkir ki,
qaçıb Sovet İttifaqına gəlməyi qərara
alır.
- Aha, çox gözəl...
- Bura gələ bilir, yaxşı işə düzəlir,
həyatı xoş keçir.
Olşanskinin üzü gülürdü.
- Əla. Əla, çox yaxşı...
- Svetlana eyni sakit tonla:
- Amma bir gün onu tutub güllələyirlər, ailəsini
də Sibirə sürgün edirlər.
Bu dəqiqə Olşanskinin sifətini görmək
lazım idi.
Başını tutub: Боже мой, Светлана, что вы со мной
делаете? – deyə fəryad edirdi.
(“Aman Allah Svetlana, siz mənim
başıma nə oyun açırsınız?”)
İndi Svetlana Şenbrun İsraildə yaşayır.
Bir neçə il bundan əvvəl İsrail
yazıçıları ilə birlikdə Bakıya gəlmişdi.
Birliyimizdə də oldular. Svetlanayla mehriban
görüşdük.
Dünyasını dəyişmiş Olşanskini
xoş hisslərlə xatırlayıram. İlk ssenarimi diplom
işi kimi müdafiə edib kinostudiyamıza təhvil verdim.
Ssenariyə çox soyuq münasibət göstərdilər.
Təkcə Yusif Səmədoğlunun müdafiə etdiyi
ssenarini redaksiya kollegiyası yaxın buraxmırdı, çəkilməsindən
heç söhbət getmirdi. Olşanskini bu barədə məlumatlandırdım
və o, studiyanın müdriyyətinə və Kino komitəsinə
ssenarinin dəyərini lazımınca açan məktub
yazdı.
Bir də altını cızmaq istəyirəm ki,
kursların ən vacib dərslərindən biri müxtəlif
respublikalardan gəlmiş, müxtəlif millətlərə,
müxtəlif dinlərə mənsub olan gənclərin
bir-birinə son dərəcə mehriban, mərhəm, tolerant
münasibəti idi. Müxtəlif yerlərdən gələn
müdavimlər bura öz xalqlarının nəfəsini,
problemlərini, ağrı-acılarını və ümidlərini
gətirmişdilər. Tutalım, mən özüm başqa
respublikalar haqqında nə bilirdim? Ancaq onların çap
olunan ədəbi əsərlərindən, mətbuatdan
oxuduqlarımı. Amma burda rəsmi təbliğatdan yox,
canlı insanlardan doğru-dürüst həqiqətləri
eşidirdim. İndi Moldovada, ya məsələn, Baltik ölkələrində
gedən proseslərin kökünü biz artıq o zaman
bilirdik. İqtisadi problemlər, milli problemlər, tarixə aid
məsələlər, ana dili, əlifba məsələləri
– bütün bu ağrılı söhbətlər ölkənin
nəbzini tutmağa kömək edirdi. Çünki
hamımızın bir-birimizə etibarı vardı, ən
qapalı milli problemləri bir-birimizlə tərəddüdsüz
bölüşürdük. Bizi ayıracaq heç bir məsələ
yoxdu. Hər halda o vaxt bizə elə gəlirdi. Sonrakı
hadisələr insanları pərən-pərən salsa da,
bizim kurs qardaşlığımızı sarsıtmadı
(Perç Zeytunsyanın mənə sonrakı düşmən
münasibəti – istisnadır). Doğrudur, çox vaxt
bir-birimizdən xəbər tutmaq imkanımız olmadı,
kimin öldüyünü, kimin qaldığını bilmədik.
Amma məsələn, mənim yolum Ukraynaya düşəndə
İvan Draç, Gürcüstana gələndə Erlomla
Amiran, Qırğızıstanda yubileyim keçiriləndə
Mar Bayciyev məni doğma qardaşları kimi
qarşılayırdılar. Onlar da Bakıya gələndə
eyni münasibəti görürdülər. Bakıda
yubileyimi geniş şəkildə keçirmədiyim və
heç yerdən qonaq çağırmadığım halda
qəfildən İvan Draçın məhz bu münasibətlə
Bakıya gəlməsini unuda bilərəmmi?
Bir də axı biz elə bir dövrdə
yetişmiş və formalaşmışdıq ki,
keçmiş sovet xalqları arasında – ən azı
açıq şəkildə – indiki
dözümsüzlük, ədavət, kin-küdurət yoxdu.
Kimin ağlına gələrdi ki, iki slavyan xalqı
arasında qanlı qarşıdırma baş verəcək,
yüz minlərlə insan qırılacaq. O cümlədən,
dinc əhali-qadınlar, körpə uşaqlar...
(Ardı var)
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.-2024.-10 sentyabr №(163).- S.8-9.