Cəmo bəy Cəbrayılbəyli:
imperiyanın imperativ maarifçisi
(Əvvəli ötən sayımızda)
Cəmo bəy Cəbrayılbəylinin həmin
dövrdə zəmanədən şikayət ruhlu ilk mənzum
məktubu əziz dostu və yaxın həmdəmi
dövrün və insanlığın səhhəti olan Abbas
Səhhətə ünvanlanıb. A.Səhhət də dostunu
cavabsız qoymamışdı. Mənzum məktub “Bir məktuba
cavab” (Cəmo bəy Cəbrayılbəyli Acizə)
adlanırdı:
Mən bu cahan içrə vəfa görmədim,
Seyri-sülukunda səfa görmədim.
Aciz, yazıq bəşərlərə rəhm etməyən
qəza...
Səndən məni ayırmağı da etmiş
iqtiza.
...Dünyadə hiss eylədigim ibtilaların,
Ən cangüdazdır bu təmamən bəlaların.
Amalü arzularımız qaldı natamam,
Zalımdən adil Allah özü alsun intiqam!
(Abbas Səhhət. “Sınıq saz”.
Bakı, 1912, səh. 17).
Abbas Səhhətin Bakıda Orucov
qardaşlarının elektrik mətbəəsində 1912-ci
ildə nəşr edilən “Sınıq saz” adlı
“Əşar məcmuəsi”ndə çaplanan “Bir məktuba
cavab” mənzum məktubunda, Cəmo bəy Acizə müraciətində
dövrün, mühitin özbaşınalığı, ədalətsizliyi,
qəddarlığı öz əksini tapıb.
Bu şeirdə eyni zamanda Səhhətin həssas qəlbini,
dostluqda səmimiyyətini və
etibarlılığını, Cəmo bəyə dəyərli
insani münasibətini görürük. Məlumdur ki, müəllif
Abdulla Şaiqə, Firidun bəy Köçərliyə və
başqalarına da mənzum məktublar yazıb. Cəmo bəy
Acizə yazdığı əsərdə “Mən bu cahan
içrə vəfa görmədim” - deyən Səhhət Acizə
müraciətində “Tək bir səninlə Haqq mənə
qılmışdı mərhəmət” düşüncəsiylə
fəna, vəfasız dünyada təsəlli
tapdığını bildirməklə yanaşı, cahanda
yaxşı insanların çox az olduğunu təəssüf
hissi ilə qeyd edirdi. Şairlər yurdu olan Şamaxıda
Abbas Səhhət kimi məşhur ədibin gənc Cəmo bəyə
şeir həsr etməsi yaddaqalan hadisə idi. Dövrün,
zamanın eybəcərlikləri haqqında düşüncələrini
yaxın dostu ilə bölüşmək şairin içindən,
daxilindən gəlirdi. Çünki onun gənc dostu
sözün geniş mənasında hal əhli idi. Ona üz
tutub söz demək olardı.
Gənc Cəmo bəy Cəbrayılbəylinin
Şamaxı şəhər Birinci rusi-müsəlmani məktəbinə
müdir təyin edilməsi dövrün maarifpərvər
insanları, ziyalıları arasında müsbət hadisə
kimi qarşılandı. Dünyəvi elmlərin tədrisi səviyyəsi
yüksəldildi, dərslərdə nizam-intizam
artırıldı, şagirdlərin kitabxanadan və qiraətxanadan
sərbəst istifadəsi üçün xüsusi şərait
yaradıldı, Şərq, rus və Avropa klassiklərinin əsərlərinin
öyrənilməsinə maraq artırıldı.
Cəmo bəyin məktəbində əlifba, hesab,
ana dili, ədəbiyyat, təbiyyat, rus dili dərslərinə
xüsusi diqqət yetirilirdi. Yaz, yay aylarının gözəl
vaxtlarında sinif otağı təbiətin dilbər guşələri
ilə əvəzlənirdi. Xüsusilə təbiyyat,
botanika, zoologiya dərsləri açıq havada təcrübi
xarakter daşıyırdı. Bayram və yubileylərdə Cəmo
bəyin rəhbərliyi ilə şagirdlər şeirlər əzbərləyir,
mahnılar oxuyur və səhnəciklər
hazırlayırdılar. O dövrün mətbuat səhifərərində
mədəniyyət yönümlü xəbərlərdə
bu barədə məlumatlar tez-tez yer alırdı. Onlardan
birində yazılırdı: “1912, 8 mart Şamaxı.
Ziyalıların iştirakı ilə məktəb şagirdləri
üçün birinci şəhər məktəbi
zalında biletsiz, pulsuz dörd pərdəli tamaşa
verilmişdir. Müəssislər: Cəmo bəy Cəbrayılbəyli
və Məmmədhəsən Atamalıbəyov” (“Azərbaycan
teatrının salnaməsi”, tərtibçi Qulam Məmmədli,
Bakı, Azərnəşr, 1975, səh. 361).
XX yüzilliyin əvvəllərində imperiyanın
ikili, şovinist siyasətinə rəğmən, teatr
insanların bir yerə toplaşması üçün
mövcud olan yeganə, birləşdirici mədəni-kütləvi
məkan idi və bu imkandan ziyalılar yetərincə, səmərəli
faydalanmağı bacarırdılar.
Şamaxıda “Xonça bayramı” milli ruhlu
ziyalıların, qəlbindən qara qanlar axan xalqın sevgi və
sayğısı ilə qarşılansa da, şəhərin
qeyri-milli inzibati qurum məmurlarının süngü və
sünbəsinə tuş gəldi. Şamaxı qəza rəisi
Jupranski qəddarlığı ilə tanınır, yerli
ziyalıları təqib edir, onları yerli-yersiz təhqir etməkdən
çəkinmir, bəzən də işdən
çıxartmağa, doğma yurdlarından sürgün etməyə
nail olurdu. Jupranskinin ilk qurbanlarından biri, Şamaxı qəza
məhkəməsində katib işləyən, “Naseh” təxəllüsü
ilə şeirlər yazan Ağaəli Hacı Məhəmməd
oğlu Əfəndizadə (1856-1914) olmuşdur. Dövrün
haqsızlıqlarını əsərlərində tənqid
edən, “Basıb aləmləri bidadü, ədalət yoxdur”
- deyə hayqıran mübariz sənətkar Ağaəli
Naseh 1914-cü ildə əsassız olaraq Jupranski tərəfindən
təhqir olunaraq xidmətdən kənarlaşdırılmış
və çox keçmir ki, şair ağır xəstəlik
taparaq vəfat etmişdir.
Qəza rəisinin təqib
etdiyi gənc mütəxəssislərdən biri də,
Birinci rusi-müsəlmani məktəbinin müdiri C.Cəbrayılbəyli
idi. Şamaxıda polis özbaşınalığı
haqqında Cəmo bəy yazırdı: “Polis gəncləri
ciddi surətdə təqib edirdi. “Şübhəli”
görünən bəzi adamların, o cümlədən, mənim
Şamaxıdan sürgün edilməm haqqında məsələ
qaldırdı və buna nail oldu... Lakin xoşbəxtlikdən
mən uzaqlara deyil, vicdanlı, namuslu və insanpərvər
olan xalq məktəbləri inspektoru Yevqraf Rozinin köməyi
ilə 1914-cü ildə Bakıya təyin olundum” (C.Cəbrayılbəyli.
“Xatirələrim”, Bakı, Azərnəşr, 1966, səh.
95).
Cəmo bəy qəza rəisi Jupranskinin təzyiqi və
təpkiləri ilə 1914-cü ilin oktyabr ayında
Şamaxı Birinci rusi-müsəlmani məktəbinin
müdirliyindən azad edildi və elə həmin vaxt o
doğma yurdu Şamaxı şəhərindən
uzaqlaşdırıldı.
Doqquzuncu rusi-müsəlmani məktəbi Bakıda
yeni yaradılsa da, kollektiv məşhur və təcrübəli
pedaqoqlardan ibarət idi. Məktəbə Mirzə Məhəmməd
Tağı Atakişiyev müdirlik edirdi. Məşhur
pedaqoqlardan Süleyman Sani Axundov, Mahmud bəy Mahmudbəyov, Bədəl
bəy Bədəlbəyov, Əbdüləli bəy Vəlibəyov
və b. 9-cu rusi-müsəlmani məktəbində
çalışırdı. Cəmo bəy bu məktəbin
kollektivinə az müddət içərisində
qaynayıb-qarışır, həmkarlarının təcrübəsindən
faydalandı və onlar ilə sıx dostluq əlaqələri
yaradır.
Cəmo bəy “Məktəb” jurnalı ilə də əlaqələrini
intensivləşdirirdi. Yaxın dostları Abbas Səhhət,
Ağa Həsən Mirzəzadə, Abid Mütəllibzadə,
Əli Rai Yusifzadə və b. ilə didaktik mahiyyət
daşıyan, əsasən yeniyetmələr, məktəblilər
üçün nəzərdə tutulan əsərlərini
dövrün mətbuat orqanlarında, xüsusilə də “Məktəb”
jurnalında nəşr etdirirdilər. Abbas Səhhətin “Vətən”,
Cəmo bəy “Aciz” Şirvaninin “Qənbər və Heydər”,
“Nəğmə”, Ağa Həsən Mirzəzadənin
“Gülməli nağıllar”, “Allah düz adamı sevər”,
“Midhət”, “Ayının səhvi”, Əli Rai Yusifzadənin
“Son nəğmə” və b. əsərlər
həmin dövrün dəyərli ədəbi nümunələri
idi.
...1915-ci ilin yayında Cəmo bəy Zülfüqar bəy
Hacıbəyli ilə Şamaxıda “Nicat” maarif cəmiyyətinin
şöbəsini açmaq və “Arşın mal alan” operettasını
tamaşaya qoymaq qərarına gəlirlər. Üzeyir bəy
və “Nicat”ın sədri Mehdi bəy Hacınski təşəbbüsü
dəstəkləyir. İyul ayının əvvəlləri
Zülfüqar bəy ailəsi və oğlu Niyazi ilə
Şamaxıya gəlir. İki-üç gün Cəmo bəyin
qonağı olur və sonra isə ev kirayələyərək
ora köçür. “Arşın mal alan”ı hazırlamaq
üçün Realnı məktəbin müəllim və
şagirdlərinə müraciət olunur. Tamaşaya ümumi
rəhbərliyi Zülfüqar bəy öz üzərinə
götürür. Tar çalan gənclərdən ibarət
musiqi dəstəsi yaradılır. Soltan bəy rolu - Cəmo
bəyə, Telli rolu - Cəmo bəyin bacısı oğlu
Ağa İsa Əbdürrəhmanova, Gülçöhrə
rolu - gənc müğənni Hüseynağa Hacıbababəyova,
Əsgərin rolu - Məmmədhəsən Atamalıbəyova,
Süleymanın rolu - Məmmədbağır Mutuquluya həvalə
edilir. İki həftə ciddi məşq gedir. Son məşq
klubun binasında aparılır. Tamaşa anşlaqla
keçir və böyük uğur qazanır. Bu əsərin
uğurla nümayiş etdirilməsi Zülfüqar bəy
Hacıbəyli və Cəmo bəy Cəbrayılbəyli əməkdaşlığının,
birliyinin, həmrəyliyinin, dostluğunun bariz və
danılmaz təzahürü idi.
Cəmo bəy müəllimlik
fəaliyyətini Bakıda davam etdirdiyi dönəmdə
Üzeyir bəy Hacıbəyli ilə də yaxından
tanış olur. Bu işdə ona Şəfiqə Cəbrayılbəylinin
şagird yoldaşı, Üzeyir bəyin bacısı
qızı Sehrən vasitəçi olur. Bir gün o, Sehrənlə
Üzeyir bəyin evinə gəlir və onunla ilk
görüş haqqında söz açaraq yazırdı:
“...Üzeyirgilə gəldik. Onlar indiki Kamo küçəsində
(hazırda Süleyman Rəhimov küçəsi - A.R.)
yaşayırdılar. Qapını gülərüzlü bir
qadın açıb bizi içəri buraxdı. Sonradan
öyrəndim ki, bu, Üzeyir bəyin anası imiş.
Otağa daxil olduqda Üzeyir bəyin pianino
qarşısında əyləşdiyini və klavişlərin
üzərində barmaq gəzdirdiyini gördüm. Məni
çox mehriban qarşıladı, əl verib yanında
oturtdu. Məleykə xanım da mənimlə çox səmimi
görüşdü. ...Üzeyirlə söhbətimiz xeyli
uzandı. Söhbətarası mən Seyid Şuşinskinin
Şamaxıdakı hörmət və şöhrətindən
danışdım. Muğamatdan az-çox xəbərdar
olduğumu bildikdə çox sevindi. Məni ötürərkən:
“Cəmo bəy, arabir gəl, həmsöhbət olaq,
yaxınlaşaq” - dedi.
Beləliklə, qızların vasitəsilə biz ailəvi
tanış və dost olduq. Bundan sonra daha tez-tez
görüşürdük” (C.Cəbrayılbəyli. “Xatirələrim”,
Bakı, Azərnəşr, 1966, səh. 131-132).
Üzeyir bəyin həmsöhbət olmaq istəyi Cəmo
bəy tərəfindən hər zaman dəstəkləndi və
bu yaxınlaşma tədricən yaxın dostluğa
çevrilirdi...
Cəmo bəyin yaxın dostu, “Məktəb”
jurnalından yaxşı tanıdığı Ağa Həsən
Mirzəzadə 1916-cı il 1 sentyabr tarixindən “siyasi, ədəbi,
ictimai və iqtisadi gündəlik türk qəzetəsi” olan
“Sovqat”ın müdir və sahibi imtiyaz (redaktoru və
naşiri) vəzifəsini icra etməyə başladı.
Dövrün görkəmli ziyalılarından Məhəmməd
Hadi, Abbas Səhhət, Məhəmməd Əli Sidqi və b.
bu qəzetdə əsərlərini dərc etdirirdi. Qafur Rəşad
və Ağa Həsən Mirzəzadələr 1917-ci ildə
“...mərhum Haşım bəy Vəzirovun “Səda” mətbəəsini
təmam və kəmal al” araq (bax: “Sovqat” qəz., Bakı,
1917, ¹103) “Sovqat”ın basıldığı “Məktəb” mətbəəsinin
texniki imkanlarını genişləndirmiş, çap məhsullarının
çeşidini çoxaltmış, keyfiyyətini və sürətini yüksəltmişdir.
Poliqrafik səviyyəsi ilə seçilən “Sovqat”
qəzetinin 1917-ci il 3 mart sayında Cəmo bəy Cəbrayılbəylinin
dram əsərləri haqqında yığcam məlumat
vermişdir. Mədəniyyət xəbərlərində
deyilirdi: “Tazə dram və məzhəkələr. Bakı
şəhər Rusi - müsəlmani məktəblərinin
müəllimlərindən Cəmo bəy Cəbrayılbəyli
cənablarının yazmış olduğu (5) pərdəli
“Şərarət qurbanları” və bir pərdədən
ibarət olan “Qramofon”, “Vəhşi”, “Kəmsüxən” və
“Tiryakilər” adlı məzhəkələri və bundan əlavə,
tərcümə etdigi, bəylər və kəndlilər məişətindən
götürülmüş “Monna və Anna” adlı bir drama səhnəmizdə
oynanılmaq üçün senzora getmişdir. Məzkur əsərlərə
izn verildikdən sonra səhnəmizdə oynanılmağa
başlanılacaqdır” (Tazə dram və məzhəkələr.
“Sovqat” qəz., 1917. 03. mart. ¹151).
“Sovqat”ın Cəmo bəy Cəbrayılbəylinin
dram əsərləri və onların səhnələsdirilməsinə
icazə (lisenziya) alınması üçün senzura idarəsinə
göndərilməsi xəbəri Rusiya imperiyasının
dağılması dönəminə təsadüf etdiyinə
görə əsərlərin
lisenziyalaşdırılması ilə əlaqədar
sonrakı taleyi barədə səhih məlumat əldə etmək
müşkül məsələyə çevrildi.
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2024.-11 sentyabr ¹(164).- S.15.