İnsan gözəlliyin
vurğunu və yaradıcısıdır
Nəsr
(Əvvəli ötən çərşənbə
sayımızda)
Misirdə rəngkarlıq və heykəltaraşlıq
tam fərqli idi. Onlar sərdabələrdə - mastabalarda
çəkilirdi və qoyulurdu ki, sehrli funksiya yerinə
yetirsinlər. Bu rəsmlər və heykəllər faraonun o
dünyadakı həyatına xidmət etməli idi. Bəzi məqbərələrdə
erotik rəsmlərə də rast gəlinir. Misirlilər təbiəti
çox diqqətlə müşahidə edirdilər, ona
görə də heyvan rəsmləri çox realistik olurdu. Rəsmlərdə
heç bir ikimənalılıq yox idi, hər şey daimi
formada təsvir edilirdi ki, həyat əbədi davam etsin. Sərdabəyə
bol miqdarda yemək şeyləri qoyulurdu ki, faraon yaxşı
qidalansın. Faraon burada da yeməli, içməli, məhəbbətlə
məşğul olmalı, bir sözlə, canlı həyatda
etdiyi bütün şeyləri ordada da təkrar etməli idi.
Sarkofaqda isə faraonun mumiyalanmış cəsədi
qoyulurdu. Sərdabədə çəkilən hər bir təsvir,
simvol xarakteri daşıyırdı. Burada yazılan mətnlərə
cürbəcür heyvan rəsmləri əlavə olunurdu. Ona
görə də məqbərədə çox sayda rəsmlər
olurdu. Rəsmləri çəkmək üçün mineral piqmentlərdən istifadə
olunurdu, oxra ən davamlı rəsm vasitəsi idi. Bəzi sərdabələrdə
isə rənglər polifoniyası diqqəti cəlb edir.
Rəsmin icra aspekti, məqbərədə yatana
xoş həyat bəxş etməkdən ibarət idi. Təsvir
edilən səhnələr canlanmalı idi ki, faraon cənnətdə
yaşaya bilsin.
Misir rəngkarlığı həmçinin
formullaşırdı. Rəssamlar və heykəltaraşlar
proporsiyanın ciddi qanunlarına riayət edirdilər, bunlar isə
həm formanı, həm də təqdim olunmanı müəyyən
edirdi. Buna görə də min illər ərzində Misir rəssamlığına
bu qanun xüsusi fərqlilik vermişdi. Onun spesifik əlaməti,
insan bədəninin müxtəlif pozalardakı
baxışlarının birliyini dərinləşdirirdi. Bədənin
hər bir hissəsi çox diqqətlə təqdim olunurdu.
Bu üslub, yüksək dərəcədə stilistik olan rəssamlıq
yaratdı, bu həm də portretin cizgilərinin fərqli
olmasına, fərdi xüsusiyyətləri əks etdirməsinə
imkan verirdi.
Yazı Misirdə ilk iki sülalənin dövründə
meydana gəldi. Bu yazını sonralar yunanlar heroqlif
adlandırdılar, həmin söz “Keşiş nəqş
edir” və ya “müqəddəs yazı” mənasını
verirdi. Heroqlif sonralar inkişaf etsə də, sadələşdirilsə
də, heç vaxt əlifbaya malik olmadı. Misir heroqlifləri
əvvəllər daşda nəqş edilirdi, lakin sonralar
papirusda yazılmağa başlandı. Həmin kağız
növü Nil boyu bitən papirus qamışından hazırlanırdı.
Bizim dövrə gəlib çıxmış qədim Misir ədəbiyyatı
boru şəklində bükülmüş papirusda və
taxta cədvəllərdə yazılmışdır.
Yeni Babilistan imperiyası
Yeni Babilistan çarı Nabuhodonosor (b.e.ə. VII əsr,
625-605-ci illər) öz paytaxtı Babili yenidən tikməklə
və abadlaşdırmaqla, onu həmin dövr
dünyasının ən gözəl şəhərinə
çevirmişdi. Həmin vaxt semit dilində danışan
xalq olan xaldeanlar Mesopotamiyada assuriyalıların nəzarətinə
müqavimət göstərən qüvvəyə
çevrilmişdi. Nabuhodonosor Midiya ilə qüvvələrini
birləşdirib, Assuriya paytaxtı Ninevanı b.e.ə. 612-ci
ildə işğal etdi və Yeni Babilistan monarxiyasını
yaratdı. Köhnə Babilistan isə b.e.ə. XVIII əsrdə
mövcud olmuşdu, onun ən məşhur çarı
Hammurabi idi və ondan Hammurabi kodeksi kimi böyük bir irs
qalmışdı.
Nabuhodnosorun hökmranlığı dövründə
Babilistan kənd təsərrüfatı torpaqları, həm
də gəmilərlə ticarət yolları və sənətkarlığın
inkişafı hesabına varlandı. Xüsusən toxuculuq və
metal emalına əsaslanan mülkiyyət növlərini yeniləşdirdi.
Çar, Babil şəhərini imperiyanın mərkəzində
tikdirməklə, qədim dünyanın ən böyük
şəhərlərindən birinə çevirdi. Babil 8 mil
uzunluğunda qülləli divarlarla əhatə olunmuşdu, həm
də Fərat çayı ilə dövrələnmişdi.
Şəhərin 8 qapısından biri olan İştar
qapısı (babillilərin sitayiş etdiyi ilahənin şərəfinə
belə adlanmışdı) Zəfər yoluna
açılırdı. Bu yol Marduk adlı məhdudlaşdırılmış
bir müqəddəs əraziyə aparırdı. Marduk isə
Babilistanın baş allahı idi.
Babil çox sayda məbədlərlə və
saraylarla bəzədilmişdi. Məbədlərinin
çoxluğuna görə Yaponiyanın müasir Kioto şəhəri
Babili yada salır. Burada mindən artıq məbəd
vardır.
Nabuhodonosorun yaratdığı bütün abidələrdən
ən məşhuru Asılı Bağlar idi. O, qədim
dünyada Yeddi Möcüzədən biri hesab olunurdu. Bu
bağ çarın Midiyadan olan arvadının vətəninin
dağları və bağları üçün
darıxdığını yüngülləşdirmək
üçün saldırılmışdı. Təəssüf
ki, səhv nəticəsində Babilistan çarının
saldırdığı bağ Semiramida bağları kimi
tanınmışdı, b.e.ə. IX əsrin sonunda Assuriya
çariçası olan Semiramidaya isə Asılı Bağlara
heç bir aidiyyəti yox idi, bu bağ ondan iki əsr sonra
meydana gəlmişdi.
Bağın görünüşündə terraslar
seriyası süni dağ kimi platoya aparırdı və
sıx bağlar yuxarıdan borularla axan su ilə
suvarılırdı. B.e. I əsrində bir müəllifin
yazdığına görə, uzaqdan bağlar olduqca gözəl
təəssürat yaradırdı: “Bu ərazinin
başında Asılı Bağlar yerləşirdi, yunan rəvayətlərində
onlar möcüzə kimi xarakterizə olunurdu. Daş
sütunlar bütün bağ ərazisini əhatə edirdi,
struktura iri həcmdə olan ağaclara dəstək verirdi.
Qüllələrin hündürlüyü 50 futa
çatırdı və bağlar torpaqda bitən
ağaclardan ibarət olmaqla, çoxlu bəhrə verirdilər.
Uzaqdan bağı müşahidə edənlərə real
ağaclar, onların öz doğma dağlarından
asılmış kimi görünürdü”.
Nabuhodonosor Babili öz imperiyasının paytaxtı kimi
yenidən tikmişdi və onu İştar qapısı kimi
bir arxitektura möcüzəsi ilə bəzəmişdi.
Qapı mavi qlazurlu (şirli) kərpiclərdən tikilməklə,
Zəfər yoluna açılırdı. Kərpiclər
ayrıca hazırlanırdı və sonra qapı
divarlarına qaldırılırdı. Mardukun müqəddəs
heyvanı olan əjdaha fiqurları (baş allahın müqəddəs
heyvanlarından biri də öküz idi) qapının səthində
alternativ kimi nümayiş etdirilirdi. Qapının mavi səthini
həm də buynuzlu marala bənzər heyvan şəkilləri
bəzəyirdi.
İştar Babilistanın müharibə və virtual
məhəbbət ilahəsi idi. İştar qapısı
hazırda Berlinin Perqam muzeyində saxlanılır.
Yunanların sivilizasiyası
Qaranlıq eradan sonrakı dövr, yunan həyatının
canlanmasını göstərir. Yunan incəsənəti və
ədəbiyyatı, arxaik yunan mədəniyyətinin
dulusçuluq və heykəltaraşlıq kimi bəzi cəhətləri
xüsusilə Şərqin təsirinə məruz
qalmışdı.
Yunan heykəltaraşlığı, xüsusən
Kiçik Asiyanın cənubi-şərqində yaşayan
(indiki Türkiyə ərazisi) İon yunan sakinləri, qədim
Misir sivilizasiyası ilə xeyli əlaqədə olduğuna
görə, onun təsirinə məruz qalmışdı. Təbii
ölçüdə olan gənc yunanların daş heykəlləri
çılpaq təsvir edilən fiqurlar idi. Fiqurlar real
olmasalar da, onların bir ayağı digərindən qabaqda
olurdu. Əlləri isə sərbəst qaydada bədənin
yanında tutulurdu.
B.e.ə. VIII əsrdə Homerin məşhur
“İliada” və “Odisseya” poemaları meydana gəlmişdi.
Onlar Troya müharibəsinə və onun qəhrəmanlarına
həsr olunmuşdu.
Krit adasındakı Knossos sarayında həm təbiət
mənzərəsinin, həm də gənclərin idmanla məşğul
olmasını təsvir edən rəsmlər, çəkildiyi
vaxtdan 3, 4 min il keçməsinə baxmayaraq, adamı heyran
edir. Oradakı divar üzərindəki bir freskada “Öküz
üzərindən tullanmaq” kimi Minoy idmanı təsvir
edilmişdir. Qadın və kişi akrobatlardan biri
öküzün belinin üstündən tullanır. Digəri
isə öküzün arxasında dayanıb ki, tullananı
tutsun. Başqa bir rəsmdə qara qıvrım
saçlı, albalı rəngindəki qalın, cazibədar
dodaqları olan qızın portreti o qədər real idi ki,
Knossos sarayında onu görən fransız turist, Parisdə
özünün qonşuluğunda yaşayan qıza bənzədib,
onu “parizian qız” adlandırmışdı.
Qədim sənət əsərlərindən biri
mikenalılara məxsus qızıldan olan ölüm
maskasıdır. Qızıl lövhədə olduqca real
cizgiləri olan maska döyülmüşdür.
Afinada Praksitel tərəfindən yaradılan “Venera
Kindli” heykəli qadın bədəninin gözəlliyini əks
etdirir. Digər bir heykəl isə “Apollon Belvederli” adlanır,
onda isə kişi bədəninin məğrurluğu, hər
cür fədakarlığa hazır olduğu təsvir olunur.
Ümumiyyətlə, ilahə Afinanın himayə etdiyi məşhur
şəhərdə arxitektura ilə yanaşı, heykəltaraşlıq
da çox inkişaf etmişdi. Praksitel tişəsindən
çıxan fiqurları çılpaq təsvir edirdi. Onun
“Venera Kindli” heykəli çılpaq qadın bədənini
ağ mərmərdə təsvir edir. Heykəl XV əsrin
sonunda Romada tapılmışdır, hazırda Vatikanda
saxlanılır.
Fidi Delfidə Zevsin, Akropoldakı Parfenonda isə
Afinanın qızıldan və fil sümüyündən
möhtəşəm heykəllərini yaratmışdı.
B.e.ə. II və I əsrlərdə yaradılan
Böyük Aleksandrın başının heykəl təsvirində,
sərkərdə allaha bənzədilir. Axı o,
özünü Heraklın törəməsi hesab edirdi.
Anası Olimpiyada isə onun əri II Filippdən deyil, Zevsdən
doğulduğunu iddia edirdi.
O, Misirdə də ilahi qüvvə kimi etiraf edildikdən
sonra, ona faraon kimi sitayiş edilirdi. Heykəldə isə
Aleksandrın üzünün ifadəsi Zevsin
baxışı nümunəsində göstərilir. Ona
görə də heykəlin təməlində
yazılmşdı: “Mən Yer üzünü öz hakimiyyətim
altında birləşdirdim, ey yalnız Olimpiyanı tutan Zevs!”
O, özünü Zevsdən də qüvvətli və məharətli
hesab edirdi.
B.e.ə. VII əsrin yunan ədəbiyyatı,
onların lirik poeziyası güman ki, başqaları ilə
müqayisədə daha yaxşı məlumdur. Lirika epik
poeziyadan xeyli dərəcədə qısa idi. Sonralar yunanlar
Sapfonu (b.e.ə. VII əsr) özlərinin ən böyük
qadın lirik şairi kimi qiymətləndirirdilər. Sapfo Egey
dənizindəki Lesbos adasında yaşamışdı, orada
o, öz gənc rəfiqələrinə musiqi və poeziya dərsləri
keçirdi. Onun şeirlərinin çoxu öz qız tələbələrinə
həsr olunmuş məhəbbət mahnıları idi.
İndiki “lesbiyanka” sözü də Sapfonun Lesbos adasından
gəlir. Sapfo yunan yuxarı sinfinə məxsus olan digərləri
kimi, homoseksualizmin və heteroseksual hisslərin eyni fərddə
mövcudluğunu qəbul edirdi. Sapfo ailədə ərinin
qanuni arvadı olmaqla yanaşı, həm də ana idi. O, həmçinin
kişilər arasında və həm də qadınlar
arasında baş verən hisslərə, yəni eyni cinsdən
olanların məhəbbətinə həsr olunmuş
şeirlər yazırdı.
Arxaik Yunanıstan həmçinin kübarların və
kəndlilərin həyat tərzini əks etdirən şairləri
tanıyırdı. Yunanıstanın mərkəzindəki
Beotiyadan olan Hesiod b.e.ə. 700-cü il ətrafında
yaşamışdı. Onun iki əsərindən biri
“Teoqonika” adlanırdı, “Zəhmətlər və günlər”
adlanan ikinci əsəri uzun epik poema idi. Özü əkinçi
olmaqla, Hespod kübarlara inanmırdı və onlara
yuxarıdan aşağı baxırdı. Onun məqsədlərindən
biri allahların ədalətini izləmək, cəzalandırmanın
mənbəyinin və ömürün uzun yolunun mahiyyətinin
zəhmət olduğunu göstərmək idi. “Aclıq və
xəstəlik” yorulmadan işləyənləri və bayram
edənləri yaxalamayacaqdır. Torpaq onları həm də əliaçıqlıqla
dəstəkləyir.
Hespadun “Zəhmətlər və günlər”
poeması Qərb ədəbiyyatında əməyə həsr
olunmuş ilk əsər kimi tanınır.
Meqaradan olan Feonis Hesioddan fərqli olaraq, kübar idi.
O, b.e.ə. VI əsrdə yaşamış və
yaratmışdı.
Ellinist incəsənəti
Ellin monarxları ədəbiyyatın hamiləri
olmaqla yanaşı, öz pullarını gözəlliyə
xərcləyirdilər və şəhərlərini
onların köməyi ilə bəzəyirdilər. Yeni
salınan şəhərlər və bəzi köhnələrin
yenidən bərpası yunan arxitekturası və heykəltaraşlığı
üçün çox sayda yaxşı şərait
yaradırdı. Bəlkə də, utopik sosialist Tommazo
Kompanella özünün “Günəş şəhəri” əsərindən
bu yaşayış yerinin, uşaqlar üçün təhsil
mənbəyi olan monumental heykəllərlə bəzədilməsini
təsvir edərkən, ellinist şəhərlərin
nümunəvi təcrübəsinə əsaslanmışdı.
Lenin də “Günəş şəhəri”nə bəzəyən
monumental heykəlləri Rusiya şəhərlərinə
qoymağı məsləhət görmüşdü.
SSRİ-də monumental heykəltaraşlığa loyal
münasibət bəslənirdi, lakin onlar əsasən inqilab
xadimlərinin şərəfinə həsr olunurdu.
Çox sayda tikilən məbədlərin isə
sütunları əsasən Korinf ordeni ilə bəzədilirdi.
Axı bu, digər dorik və ion ordenlərindən daha gözəl
görünürdü, kapitelin üzərindəki vazadan
çiçəklər ətrafa səpələnirdi. Ona
görə də Korinf ordeni ellin şəhərlərində
daha populyar idi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.-11 sentyabr ¹(164).- S.14.