DASTANA DÖNÜB YAŞAMAQ HAQQI
Ona şeirləri toplanmış kitabını
görmək nəsib olmadı. Hər ədib
üçünsə təzə kitabı dünyaya yeni gələn
övladı qədər sevinc bağışlaya bilir.
İllah da ki, ana dilimizdə nəşr edilmiş kitabların
hələ tək-tək rast gəlindiyi ondoqquzuncu yüzilin
ortaları olmuş ola. Tarixin elə dövrü idi ki,
artıq əlyazma əyyamları bitir, kitab dövrü
getdikcə daha artıq sürət yığırdı.
Zakir "Divan"ının ilk naşiri Mümtaz
yox, Mirzə Fətəli ola bilərdi. Yəqin ki, daha əvvəl
baş verə biləcək həmin nəşrə, sonra
Mümtazın etdiyi kimi, Mirzə Fətəli də müqəddimə
yazacaqmış. Bu önsözü yazmaqçün Mirzə
Fətəlinin xüsusi hazırlaşmağa da ehtiyacı
yoxdu. Zakir şeirlərinin bir çoxunun necə
yaranmasına şahiddi, elə şairlə şeirli məktublaşmalarında
artıq həmin önsözün tədarükləri
vardı. Kitabı buraxmaq niyyəti də qəti idi.
Əlyazmasını Qasım bəydən özü istəmişdi,
o da sevincək təqdim etmişdi, Mirzə Fətəli
"Divan"ı çapa da hazırlayırdı. Sanki bu
xeyir işə mane olası heç bir əngəl yoxdu. Bəlkə
də Mirzə Fətəli mətbəəsinin
buraxacağı nubar kitab elə Zakirin şeirlər toplusu
olacaqdı. Çətini litoqrafiya açılmasına icazə
almaqdı, onu da vermişdilər. Ancaq Mirzə Fətəli mətbəənin
işini başlaya bilmir. Çünki o, icazə almaq ərizəsi
ilə müraciət edəndə bir sıra güzəşt
və imtiyazlar da istəmişdi. İzin verilsə də, mətbəə
işə ona görə başlaya bilmədi ki, Mirzə Fətəli
bir sıra güzəştlər istəmişdi, ancaq
rüsxət verilmədi, həmin güzəştlər edilmədikdə
isə xeyli əlavə məsrəflər yaranacaqdı, odur
ki, belə şəraitdə iş görməyi
mümkünsüz sayan Axundzadə ilk növbədə maddi
imkanların məhdudluğu ucbatından litoqrafiyanı hərəkətə
gətirməkdən özü vaz keçdi. Fəqət
Qasım bəy Zakirin əlyazması üzərində hələ
1840-cı ildə xeyli işləmişdi. Birincisi, təsnifat
aparmışdı, şeirləri mövzularına görə
ayırıb sıralamışdı. Şeirlərdə
keçən adların əksəri ilə bağlı
izahları yazmışdı. Zakirin məcmuəsi o vaxt
işıq üzü görsəydi, naşiri yeni bu qəbil
kitablar buraxmağa da həvəsləndirərdi, elə
Qasım bəyin özünü də ruhlandırıb yeni-yeni
əsərlər yazmağa kökləyərdi. Ancaq hər
halda Mirzə Fətəli şair dostunun ilk kitabını
buraxmağa fürsət tapmadısa da, onun mətbuata
çıxmasının - şeirinin "Qafqaz"da dərc
edilməsinin səbəbkarı oldu.
1888-ci ildə Aleksey Çernyayevski məşhur
"Vətən dili"ni yazır. Həmin dərsliyə
Zakirdən də şeirlər daxil etmişdi. Vaxt
ötür, Firidun bəy Köçərli "Balalara hədiyyə"ni
yazır. Orada da Zakirin şeirləri vardı. "Vətən
dili" də, "Balalara hədiyyə" də əslində
yeni zaman içində ilk əlifba kitablarımız idi. Onillər
keçəcək, Köçərlinin hələ 1912-ci
ildə "Balalara hədiyyə"yə daxil elədiyi
"Durnalar" yenə məktəb dərsliklərində
yer alacaq.
Təcrübəli müəllimlər
Çernyayevskinin də, Köçərlinin də Zakir
şeirlərini məktəb dərsliklərinə, həm də
başlanğıc sinif dərsliklərinə daxil etməsinin
bir başqa hikməti də var. Onlar təlimin, tədrisin
mahiyyətini gərəyincə bilən, bu işin incəliklərinə
bələd insanlardılar. Onlar Zakirin şeirlərini əllərinin
altındakı başqa bolluca nümunələrdən ona
görə daha münasib saymışdılar ki, bu
qoşqularda dilimizin ruhunu daha artıq hiss eləmişdilər.
Duymuşdular ki, məhz bu cür aydın, duru, el dilində
yazılmış şeirlər balaca uşaqların ürəyinə
də, zehninə də daha tez yol tapar.
Zakirlə Mirzə Fətəli imkan düşdükcə
ara-sıra görüşürlərmiş də. Ancaq
görüşlərinin ən qısa və mütəmadi
yolu məktublar idi. O məktublar da indi ayrı bir tarixə
çevrilib. Bu şeir-məktublara elə adətkərdə
olublarmış ki, onun buna, bunun ona cavabı azacıq ləngiyəndə
nigaran qalırmışlar. Bunun elə sadə fərzetmə
olmamasının sübutu aşkar izi ilə elə həmin məktublarda
qalmaqdadır. Zakir ərklə gileylənir ki, insana dost, həmsöhbət,
qonşu dada yetməkçün lazımdır və səndən
mənə qızıl-gümüş gərək deyil, elə
yazışman dünyaya bərabərdir:
Gözüm yolda qalıb, könül intizar,
Gəlməyir cavab-i namələr səndən.
Aşina, müsahib, yar ü həmsayə;
Kitabətin dəyər mülk-i dünyayə,
Nə hacət istəmək sim ü zər səndən?
Bir zamanlar Mirzə Fətəlinin mənzilində olan
əşya itib-batmayıb. Elə köhnə səliqə-sahmanında
qalmaqdadır. İnsanın alıb istifadə etdiyi, istəsə
qırağa atıb başqa təzəsini ala biləcəyi
əşyanın ömrü onun öz ömründən
qat-qat uzun ola bilir. İnsan sanki elə öz diri həyatını
da zərrə-zərrə bu cansız əşyaya səpərək
gedir. Elə olmasaydı, sahibsiz qalan şeylər illər və
onillər sonra istər-istəməz yiyəsini yada sala, dil
açırmış kimi xatirələri canlandıra da bilməzdi.
Mirzə Fətəlinin masası ortalıqda, o yanda
bir kreslo, bu yanda digəri. Onların böyründə divardan
köhnə bir güzgü asılıb. Hər günmü,
günaşırımı (bilmirik axı Axundzadə
güzgüyə çox baxanmış, ya yox) o
güzgünün qarşısında Mirzə Fətəli də
dayanıb. Bəlkə haçansa bu mənzilə elə
Qasım bəy Zakir də qonaq olub, bu güzgüyə o da
baxıb, bu masanın arxasında o kreslolardan birində Mirzə
Fətəli ilə üzbəüz o da əyləşib.
Masa qalır, masanın yanındakı kreslolar
qalır, güzgü qalır, güzgüyə düşən
şəkilləri vaxt silib aparıb. Maddi olmayan hesab edilən
sözsə zamana ömür kimi asanlıqla təslim olmur.
Yenə üz-üzədirlər. Bu, Zakirdir ki, dostuna pərişan-pərişan
ürəyini boşaldır:
Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər, cana yetdim ta.
Gör nə oyun oldu, əzizim Mirza,
Zakirə. Təqdir-i qəzayə bir bax!
Bu isə zəmanədən elə özü kimi
yanıqlı olan dostuna şikayətlənərək dərd
bölüşən Mirzə Fətəli:
Ey Qasım bəy, əcəb dövranə
çatdıq,
Mərdə indi olmaz baş ü can gərək.
Ancaq Zakirlə Mirzə Fətəlinin üz-üzə
olduqları başqa şeirlər də var ki, orada yalnız
ikiləri deyillər - üçüncü adam da var. O
şeirlərin hər ikisinin ünvanı ortaqdır -
Xurşidbanu Natəvan!
Qarabağın son xanı Mehdiqulu xanın qızı
Xurşidbanu ilə Qasım bəyin qohumluğu öz yerində,
ancaq axı bu, Zakir, o, Natəvan idi, bu tərəfdən -
ruhca da qan qohumu idilər.
1854-cü ildə, Zakirlə Mirzə Fətəli bu məktubları
bir-birinə yazanda Xurşidbanu sözün birbaşa mənasında
natəvan idi - taqətsiz, yorğun, yataq xəstəsi idi.
O günlər idi ki, Mirzə Fətəliylə Xan
qızı arasında soyuqluq vardı, Zakirsə elə həmin
dövrdə Xurşidbanuya əvvəlki çağlardan da
artıq minnətdar idi. Çünki həyatının
sıxıntılı və dayağa ehtiyacı olan
dövründə Natəvandan hər qohumun hər qohuma etməyəcəyi
böyük kömək görmüşdü.
Şikəstə Zakirə veribsiz əmək,
Əmək bilməyəni kor etsin nəmək.
Necə ki baqidir həyatı, gərək
Unutmaya xeyir-duadan səni.
İndi Xurşidbanu özü canıyla əlləşirdi.
Uşaq dünyaya gətirməkçün gah o, gah bu təbibin
qapısını döyən, bir ara Tiflisdə də
müalicə alan cavan xanımın səhhətinə dava-dərmanmı,
doğru aparılmayan müalicəmi pis təsir edibmiş, vəziyyəti
xeyli ağırlaşıbmış.
Bu nisgilli günlərində Qasım bəy ovutmaq,
ürəyini oxşamaqçün Xurşidbanuya
ardıcıl şeirlər həsr edirmiş və Mirzə Fətəlinin
Natəvandan incikliyini bildiyindən belə şeir-məktublardan
növbətisini yeyib-içə, yata bilməyən
Xurşidbanuyla yanaşı Mirzə Fətəliyə də
yollayır.
Bəstər-i möhnətdə bixurd ü bixab,
Kim razı olur ki, çəkəsən əzab?
Ol saqi-yi Kövsər eyləsin siyrab,
Əzizim, daru-yi şəfadan səni!
Mirzə Fətəli Qasım bəyin Natəvanı
öyən və Xan qızının ağsaqqal şairə
göstərdiyi haqq-sayı ehtiramla dilə gətirən
şeirini oxuyunca bunu bir ismarış kimi qəbul edir və
yaddaşındakı incikliklərin üstündən
çalın-çarpaz xətt çəkir. Amma yəqin
ki, "dost arası pak olar" niyyəti ilə
üstüörtülü də olsa Natəvanla aralarında
olan umu-küsünün haradan törəndiyinə də
işarə edir. Belə anlaşılır ki, deyəsən,
Mirzə Fətəli Tiflisdən Xurşidbanunun toyuna gələndə
ona layiqincə diqqət göstərilməyibmiş və o
da çox pərt olubmuş:
Özgə cəfalarım dursun kənarə,
Nə lazım hər birin salım şümarə,
Xeyr işinə onun mən o diyarə
Şad ü xürrəm getdim, qayıtdım bəs
xar.
Tarixi öyüd var bu şeirdə - sənə
"ata" deyirəmsə, səni əsl dost kimi qəbul
etmişəmsə, sənin əziz bildiyin, özünü
borclu sandığın kəslə kin saxlamağım
düz olmaz, bağışlamalıyam, ona elə sənin
kimi alxış deməliyəm:
O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər.
Növcavandır, təkdir, İyzəd-i davər,
Eyləsin ömründən onu kamgar.
Və daha bir kübarlıq göstərir, Zakirdən
rica edir ki, baş çək, Xurşidbanuya mənim də əvəzimdən
dil-ağız elə, söylə ki, ondan şikayətlənməklərimə
görə məni əfv etsin:
Mənim də var gərçi bir az günahım,
Sən get hüzuruna, ol üzrxahım.
Söylə ki, ey şahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar.
...Bir payız günü idi, gözlərini
dikmişdi göylərə. Lap uzaqlarda görünən
durna qatarına baxırdı. Baxırdı və onlarla bir
insanla söhbət eləyən kimi dərdləşirdi:
Bir saat havada qanad saxlayın,
Nizam ilə uçan qoşa durnalar.
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa durnalar?
Nə qədər ki əlində qələm
vardı, beləcə göyün quşuyla, yerin
ağacıyla, budağıyla, yarpağıyla, gülüylə,
çiçəyi ilə söhbətləşdi, gözəllərə
baxdı, vəcdə gəldi, coşan duyğuları
misra-misra şeirlərə çevrildi.
Hər yaradıcının davam eləyən
ömrü onun doğurduqlarıdır. Ömür müvəqqətidir,
günlərin birində başlandığı kimi bitir.
Yaxşılı-yamanlı günlər, o günləri
dolduran acılı-şirinli hadisələr qalır dünənin
içərisində. Qələm və düşüncə
adamını gələcək içərisində də
canlı saxlayan yadigar qoyub getdikləri olur. Zakir
sıra-sıra qəzəllər, qoşmalar, gəraylılar,
təcnislər qoşdu. Onların hamısında
çırpınan qəlbi, duyğu dünyası var.
Oxuyursan, şairin o zaman yaşadığı hisslər
ürəyimizlə həmahəng çırpınır, nəbzimizlə
qoşa vurur. Ancaq o qəzəllərdə, qoşmalarda, gəraylılarda,
təcnislərdə vaxt görünməyən kimidir. Yəni
min il əvvəlin, 500 il qabağın, 300 il öncənin qəzəli
ilə 100 il əvvəl yazılmış qəzəl
arasında elə bir ciddi fərq yoxdur. Vaxt yalnız dildə
hiss edilir. Ancaq Azərbaycan ədəbiyyatının tarixində
silinməz imzasını qoymuş Zakir bunların yanında
elə qoşqular da yaratdı ki, onlarda zəmanənin mənzərələri
bir güzgüdəki kimi əks olunmaqdadır. O şeirlər
də bizə digər tərənnüm şeirləri kimi ləzzət
verir. O ləzzəti ki qəzəllərindən, gəraylılarından,
təxmislərindən alırıq, bunlardan da alırıq.
Ancaq bu şeirlərin hər birinin zamanının saatı
qurulub. Bu şeirlər bizə Zakir əyyamlarını lap
yaxınlaşdıraraq içindəymişik kimi göstərdiyi
sayaq, onlarda bugünə və sabaha aid olan ibrətlər də
var.
...İllərin üstünə gələn hər
yeni il Qasım bəy Zakiri bizdən vaxtca daha da
uzaqlaşdırır. 50-60 il bundan öncə Zakir sanki bizə
daha yovuq idi. Qarabağlı qocaman insanlar hələ həyatda
idilər. Biri atasından, biri əmisindən, digəri bir
qocamandan eşitdiyi Zakirli əhvalatları söyləyirdi.
Onların qohumlarından hansılarısa Qasım bəylə
əl tutmuşdu, söhbətləşmişdi, eyni məclislərdə
oturub-durmuşdular. Xatirələrini söyləyirdilər və
Zakir də həmin zamandan XX yüzilə qayıdırdı.
İndi o insanlar da keçmişə çevrilib, yeganə etibarlı
şahid olaraq Zakiri zəmanəsindən qoparıb bizim
günlərə gətirən və sabahlara aparan, hər
yeni nəsillə çağdaş eləyən şeirlər
qalıb.
Qasım bəy Zakirin fotoları da bizə
çatıb, Azərbaycanın müxtəlif nəsil rəssamları
da onun portretini yaratmağa cəhd edib. Amma yalnız bəlli
fotolarda gördükləri Zakiri rəsmləşdirməyə
çalışmayıblar, şeirlərini də oxuyublar,
oradakı Zakir çöhrəsini də ən xırda cizgiləriylə
görməyə səy ediblər. Əvvəl fotonu əsas
götürsələr də, şeirlərinə nüfuz
etdikcə fotolara daha az inanmağa başlayıblar. Və ən
düzgün çıxış yolunu bunda tapıblar ki,
şeirlərində gördükləri Zakirlə fotodakı
Qasım bəyi qovuşduraraq onun büsbütün yeni surətini
yaradıblar. Elə həmin təhər də bu gün və
sabahlarda Azərbaycan insanı Zakirin şeirlərini oxuyandan
sonra onu duyğu süzgəcindən necə keçirəcəksə,
o cür də görəcək, inanacaq ki, Zakir məhz belə
olub.
...O insanlar ki işıq
daşıyıcıları, millət çıraqları
olublar, yaratdıqlarıyla millətin qəlbində özlərinə
əbədi yuva qurublar və həyatları da asan keçməyib,
layiq olmadıqları halda min bir əziyyətlə üzləşiblər
- sağlıqlarında da, həyatda olmadıqları vaxtlarda
da onlara diqqət göstərən, nəvazişini çəkənlərin
hər biri ən yüksək hörmətə layiqdir.
Amma Zakirdən söz açılarkən bu gün də,
sabah da daim ən başda anılmalı ad Mirzə Fətəlidir.
Qasım bəyi simsar, məhrəm, ağsaqqalı sayaraq bəslədiyi
doğma münasibət, özünə və ailəsinə
göstərdiyi qardaşlıq qayğıları və
köməkləri bir yana, ədəbiyyatşünas, söz
bilicisi, zövq əhli olaraq da Axundzadənin Zakirə
yanaşma və dəyərləndirmələri çox cəlbedicidir.
Həm də ilk qiymətvermə olduğu üçün
digərlərinə də səmt küləyinə
çevrilməsi ilə diqqətəlayiqdir.
Mirzə Fətəli Zakiri də, onun qocaman müasiri
Molla Pənahı da çox sevirdi və səbəbsiz deyil
ki, litoqrafiyası niyyət edildiyi kimi fəaliyyətə
başlasaydı, ilk nəşr etməyi nəzərdə
tutduğu məhz bu iki şairin kitabı idi.
Mirzə Fətəli iki güclünü - Vaqiflə
Zakiri tutuşdurur, hər birinin məziyyətlərini
sadalayır və Molla Pənahın Qasım bəydən daha
yaşlı və yolaçan olmasını təsdiqləməklə
bərabər Zakirin şeirindəki gözəlliyin daha
çox olması qənaətinə gəlirdi: "Əgərçi
Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənnidə
(şeirdə, poeziyada - R.H.) Qasım bəyə nisbətən
rəhnumadır, lakin ləzzət, təsir və mühəssənat-i
nəzmiyyə (şeiriyyatın gözəlliyi - R.H.)
Qasım bəyin xəyalatında çoxdur". Davam edir və
niyə belə yüksək qiyməti verməsini də aydınlaşdırır:
"Qasım bəy qafiyatında öz məhbubəsi ilə
bir növ müxatibə və mükalimə edir ki, adam valeh
olur. Vəqayi və güzarişati (hadisələri, olub
keçənləri - R.H.) əhval-i müasirin və ətvari
pir ü cavani (müasirlərinin vəziyyətini və
cavanların, yaşlıların ömründən keçənləri
- R.H.) bir növ elə bəyan edir ki, insan vəcdə və
zövqə gəlir. Bütün xəyalatı binəzirdir".
Bəs Mirzə Fətəlinin nəzərincə
Zakir Azərbaycan ədəbiyyatında hansı mərtəbədədir?
Axundzadəyə görə, Qasım bəyin şeiri o
ucalıqdadır ki, insanlara poeziyanın həqiqətən ləzzət
qaynağı olduğu həqiqətini inandıra bilir:
"Ancaq bunun əşarını oxuyanda müstəmi inana
bilir ki, şeir vaqiən ləzzətə bais olurmuş".
Qasım bəy Zakir hansı parçalarısa rahat,
hansı hissələrisə səksəkəli həyat
yaşayıb və həndir-hamar ömrünə uyğun gələn
də bir irs doğurub. Elə bir ədəbi yatır ki, Azərbaycan
insanı kitab oxuduqca Zakir mütləq yaddaşında, ürəyində,
gözünün qarşısında dikələcək.
Zakiri zamanında bu millətə daha yaxın etmək yolunda
çalışanların sırasında Hüseyn Əfəndi
Qayıbov kimi nurlu bir insan var. "Qafqazda məşhur olan
şüəranın əşarına məcmuədir"
adlı təzkirə düzəldirdi. Qasım bəy Zakirin
bütün şeirlərinin tən yarısını təzkirəsinə
daxil etmişdi.
Əlbəttə ki, Zakirə bu diqqəti və
qayğısına görə Hüseyn Əfəndi
Qayıbov təzimə layiqdir.
Şərqşünas alim Adolf Berje zamanında
"Qafqaz" qəzetində Qasım bəy Zakir haqqında
ilk məqaləni dərc etdirmişdi. Əlbəttə ki,
ruhunu alqışlayırıq.
Mir Möhsün Nəvvab - Qasım bəy Zakirə
yolunun lap başlanğıcından bələd olan bu
ensiklopedik zəkalı misilsiz maarifçi Zakir haqqında məlumatları
toplamışdı, öz gördüklərinə
başqalarından eşitdiklərini də əlavə
etmişdi, şairin ədəbi mirasından seçmə
örnəkləri təzkirəsinə salmışdı.
Əlbəttə ki, bu zəhmətlər
unudulmamalıdır.
Azərbaycanın istedadlı qələm sahiblərinin
hər birinə sonsuz istəklə yanaşmış,
kitablarında onların haqqında sevərək yazmış
Firidun bəy Köçərlinin də bəyəndiyi
bütün ədiblər arasında Zakirə münasibəti
məxsusi idi. Onun Qasım bəy haqqında yazdığı
cümlələrin biri də köhnəlməyib, gələcəkdə
də Zakirdən yazacaqların iqtibas edəcəyi sərrast
müşahidələrdir. Əlbəttə ki, Firidun bəy
də Zakirə həssas və məhəbbətli münasibətinə
görə sayğıya layiqdir.
1925-ci ildə Bakıda Qasım bəyin şeirlər
toplusunu buraxan söz loğmanımız Salman Mümtaz bu kitaba
"Zakirin külliyyatı" adı qoymuşdu, onu küll
halında bu millətinki etmək yolunda ilk ən əhəmiyyətli
işi yerinə yetirmişdi və ümumi mənzərəsini
yaxşı gördüyü ədəbiyyatımızda ilk
dəfə olaraq bəhrələndikləri və
ardıcıllarını bir-bir sadalamaqla onu Məktəb adlandırmışdı:
"Bəzi şeirlərində Şah Xətayi, Ruhi,
Qövsi, Nişat, Ağa Məsih, Şəkili Süleyman,
Aciz və Vidadidən mütəəssir olan Zakir bu gün əlimizdə
bulunan vəsiqələrə binaən qəzəllərində
Füzuli, mürəbbelərində Vaqif, həcvlərində
Ağa Bağır və Fədai təsirində bulunur.
Bununla bərabər, Zakir Azərbaycan ədəbiyyatında
yeni bir məktəb təsis edərək adlı-sanlı
şagirdlər yetirməyə də müvəffəq
olmuşdur. Onların görkəmliləri Aşiq, Zəbih,
Zuyi, Didə, Qasir, Mirzə Mehdi, Asi, Vəfa, Ləli, Yusifi,
Hacı Seyid Əzim və Sabirdir. Əsas, şəkil və
fikir etibarı ilə əski "Molla Nəsrəddin" məcmuəsinin
heyət-i təhririyyəsi və o məsləkdə
çıxmış digər xırda kitabça və
jurnallar, onlarda iştirak edən məzhəkənəvis
şair və mühərrirlər belə Zakir məktəbinin
müdavimi və pərvəridirlər".
Salman Mümtazın ədəbiyyatımız və
millətimiz qarşısında savab əməlləri
saysız olsa da, Qasım bəyə özündən əvvəlki
və sonrakı araşdırıcıların
hamısından seçkin incələməsinə,
şairin söz tariximizdəki əsl çəkisi və
yerini ədalət və dəqiqliklə nişan verməsinə,
Zakirə bir övladca xidmətinə görə ən dərin
minnətdarlıq düşür.
Zakirin "son övladı" dəyərli ədəbiyyatşünas
alim Kamran Məmmədov (1922-1989) idi. Kamran ustad yalnız
Qarabağ ədəbi mirasının vurğunu və kamil
araşdırıcısı deyil, bütövlükdə
Qarabağ torpağının ən qaynar təəssübkeşi
idi və onun ağır xəstə düşərək həyatdan
erkən getməsinə səbəb də erməniçiliyin
yurdumuza qarşı əvvəlcə mətbuatdan,
"Oçaq" kimi zəhərli kitablardan başlanan təcavüzü
oldu. Zakirə 28-29 yaşından bağlanan, onun haqqında
ilk sanballı monoqrafiyanı yazan, əsərlərini nəşr
etdirən Kamran Məmmədov əsəblərini gərən
erməni qəsbkarlığının onu iflic edərək
sevimli işlərindən ayırdığı son
çağlarınacan Qasım bəyə sadiq qalaraq onun tədqiqi
və təbliği səmtində bacardığını əsirgəmədi,
daim şairin ömür hekayəti ilə bağlı yeni naməlum
bilgiləri toplamağa can atdı və axırıncı
xidməti də bu idi ki, şairin 200 illiyi yubileyinin dövlət
səviyyəsində keçirilməsinin əsas təşəbbüskarı
oldu. Əlbəttə, Zakir anıldıqca həmişə rəhmətlərlə
xatırlanmaq haqqını qazanmışlardandır. Nə
heyif ki, ədəbiyyatçılarımızın o nəslindən
sonra klassiklərimizə övladca yanaşmaq hissi də
sozalan kimi oldu.
Vaxtilə Qasım bəy Zakirin yazdıqlarını
oxuyub təhlil edən, onun haqqında köhnə
qarabağlılardan çox əhvalatları eşitmiş
Yusif Vəzir Çəmənzəminli şair
haqqındakı yazısına şairin şəxsiyyəti və
yaradıcılıq təpərinə tən gələn
ünvan qoymuşdu: "Qasım bəy Zakirin inqilab əndişəsi".
Yazısının içərisində də Zakiri sadəcə
söz ustası kimi deyil, etirazçı, xalqın səsini
ifadə eləyən mübariz kimi təsvir edirdi.
Doğrudan da belə imiş. Əvvələn, Zakir həm
xatirələrin təsdiqincə, həm də
özünün şeirlərində çaparaq verdiyi
soraqlara görə, ötkəm, cəsur, qüvvətli bir
insanmış. Rzaqulu bəy Vəzirovun xəbərinə
görə, polkovnik Miklaçevskinin sərkərdəliyi
altında Zaqatalaya gedən atlı qoşunun içərisində
Zakir də varmış və bir gün bir ləzgi tüfəngini
tuşlayıb Miklaçevskini vurmaq istərkən Qasım bəy
at səyirdərək atəş açılmadan ləzgini
tutub əsir etmişdi. Şahidin nəql etdiyini və
qorxmazlığını şeirində Zakir özü də
təsvir edir:
Mən özüm də bir gün çıxdım
cövlana,
Göz dəyməsin, yolum düşdü o yana.
Bir tüfəngli ləzgi mərd ü mərdana
Tutulub əlimdə oldu giriftar.
Rah-i müsibətdə keçmişəm candan,
Müxənnəsdir qorxan bir qaşıq qandan.
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şir ü nər məni.
O satiralar, o həcvlər, o məktublar ki Zakir zəmanəsinin
vaqiələrini əks etdirirdi, onların heç biri səbəbsiz
yaranmayıb və bunlar sadəcə dövrün ədəbi
xronikası deyil, bilavasitə şiarin özünün
yaşadıqlarıdır, ondan keçən zəmanədir.
...Qasım bəy Zakir köklü-köməcli bəy
idi və o zaman Qarabağda da, digər xanlıqlarda da bəylər
az deyildi, ancaq bəydən bəyə də fərq vardı.
Zakir bəylik məqamının ona verdiyi imtiyazlardan heç
vaxt özünü başqalarından seçdirmək,
xüsusən də üstün tutmaqçün istifadə
etməzmiş. Köhnə qarabağlılardan
yaddaşında bu da qalmışdı ki, əkin-biçin
vaxtı Qasım bəy dönüb olarmış adi kənd
adamı, Xındırıstanda əkini sulamaq məqamı
yetəndə özü də bel götürüb arx qazar,
qoyun qırxımı vaxtı əsla əmr etməz,
göstəriş verməz, qolunu çırmalayaraq o da eyni
işi görərmiş. Bir çox bəylər,
varlılarsa belə deyildilər axı! Özlərini ağa
kimi aparar, rəiyyətdən bir baş uca olmalarını elə
təbii hal kimi, bütün davranışlarında ortaya
qoyarmışlar.
Bu əhvalatı Zakir məftunu mərhum alimimiz Kamran
Məmmədov söyləyirdi və bu
danışdıqlarını daha yığcam şəkildə
yazıya da almışdı. Deyirdi ki, bunu 1954-cü ildə,
özünün də cavan vaxtında, artıq yaşı
yetmişə çatmış bir qarabağlıdan
eşidib, onasa həmin söhbəti 1934-cü ildə 97
yaşında vəfat etmiş atası, göytəpəli
Hüseyn kişi nağıl edibmiş.
Göytəpə camaatı naçar
qalıbmış. Bəy arxın qabağını kəsərək
suyun səmtini öz əkin sahələrinə yönəldibmiş.
Kənd adamı anlayırmış ki, bəyin beli
yuxarılara bağlıdır, hökm sahibləri ilə əlaqələri
var, gedib hökumətə şikayət etməklə
müşkül həll olan deyil, onsuz da nəticədə
yenə bəy deyən olacaq. Ona görə köməkçün
Qasım bəyə üz tuturlar. Zakir də həmin bəyə
yaxşı bələdmiş, bilirmiş ki, bu həpənd
sözlə-filanla düzələn, islah olası adam deyil.
Ona görə təklif edir ki, şikayətə lüzum
yoxdur, birləşin, qalxın ayağa, bəy görəndə
ki, hamınız bir yerdəsiniz, məcbur qalacaq, siz deyəni
eləyəcək. Camaat elə Zakir deyən kimi birləşib
qalxır, gedib zorla arxın səmtini dəyişir, suyu
öz əkinləri sarı döndərirlər. Bəy və
onun adamlarına camaatın bu dikbaş hərəkətinə
gendən baxmaq qalır. Yəni Zakir yalnız şeirləriylə
deyil, elə şəxsiyyəti ilə də insanları səfərbər
etməyə, ardınca aparmağa, haqq uğrunda mübarizəyə
yönəltməyə qadirmiş.
...XIX yüzildə dünyanın çox yerində
olduğu kimi, Azərbaycanda da poçt işi, məktublaşma
ənənəsi geniş yayılmışdı.
Ziyalılar, yazı-pozu bilənlər bir-birinə tez-tez məktub
yollayardılar və indi üstündən zaman keçəndən
sonra həmin yazıları qaldırdıqca şahid olursan
ki, insanlar bir-birinə kağız göndərməyə bir
çox hallarda yalnız elə quruca hal-əhval tutmaq girəvəsi
kimi baxmayıblar. İstər dünyanın müxtəlif
ölkələrində yaşamış
yazıçıların, alimlərin, düşüncə
adamlarının, ziyalıların, istərsə də bizim
özümüzün seçkinlərimizin məktublarını
oxuduqca şahid kəsilirsən ki, onların hərəsi bir əsərdir.
O məktublarda yalnız həmin insanların şəxsi
hissiyyatı, fərdi qayğıları əks olunmayıb. O
məktubların hər birinin sətirlərində səciyyəvi
əlamətləri ilə dövr da yaşamaqdadır.
Zakir də çox adamla məktublaşıb. Həm
müxtəlif ünvanlara rəsmi məktublar göndərib,
həm də ayrı-ayrı insanlara kağız yazıb.
Ancaq nəsrlə, elə hamı kimi yazdığı məktublardan
savayı onun şeir-məktubları sayca elə çox olub
ki, "Divan"ında ayrıca bölməyə
çevrilib. Şeirin bir gücü də budur ki, Zakirin nəsrlə
yazdığı digər məktublarından, təəssüf
ki, bizə bir-ikisi gəlib çatıbsa, şeirli namələrinin
təqribən hamısı əldədir.
Zakir şeirlə yazdığı məktubların
hansılarısa elə adi qaydada zərfə qoyaraq
poçtlamı, ya bir gedənləmi göndərib. Ancaq elə
mənzum məktubları da var ki, onları bəlli
adamların adına yazsa da, şəxsən göndərməyi
heç ağlına gətirməyib. Başqa şeirləri
kimi, o məktubları da el içərisinə
çıxarıb, o biri şeirləri kimi, bunlar da
yayılıb, çatası adamına da yetişib, şairin
məqsədinə uyğun olaraq da tək həmin şəxs
deyil, hamı tərəfindən oxunub. O vaxt Qasım bəyin
əslində sabaha göndərdiyi məktublar olan o namələr
indi bizi şairin yaşadığı təlatümlü
günlərə aparan bələdçilərdir.
İsmayıl bəy Qutqaşınlıya, Baba bəy
Şakirə, İbrahim bəy Azərə, knyaz Xasay xan
Usmiyevə, Gövhər Ağaya, Əli bəy Fuladova, Rus vələhdinə,
Mirzə Mehdiyə, Məhəmməd bəyə, Bəylər
bəyə, Əta xana, Mixail Kolyubakinə, Qarabağ qazisinə
və daha neçələrinə yazıb. Bəzilərinə
bir yox, bir neçə kərə. Hər məktubda bir ovqat
var. Hansılarındasa Zakir ürəyini açır, məsləhətləşir,
gördüyü yaxşı-yamandan bəhs edir, dərd,
fikir bölüşür, hansılarındasa qəzəblidir,
qarşı tərəfi ittiham edir, qınayır. Qasım bəy
Zakirin mənzum məktublarını oxuyanda sanki o
dövrün qəzetlərini vərəqləyirsən.
Qarabağ həyatının ağlı-qaralı
olmuşlarının hamısının həmin məktublarda
əks-sədası var.
Mirzə Fətəliyə göndərdiyi məktublardan
birinin üstünə sərlövhə də qoyub:
"Vilayətin məxşuşluğu haqqında", yəni
Qarabağdakı qatışıqlıqlar barədə.
Xəbər alsan, bu vilanın əhvalın,
Bir özgədir keyfiyyət-i Qarabağ.
Həqdir, bundan əqdəm görübsən sən
də
Yoxdur o qaidə, o qanun sayaq.
Şikayətlənir - o, bir qədər əvvəlki
vaxtı da görüb. Qayda-qanunun, nizam-intizamın var
olduğu çağlara da şahiddir. Amma indi Qarabağda
baş verən qatışıqlığın səbəbi
ayrı-ayrı insanların cızığından
çıxması, qayda-qanuna məhəl qoymaması, xalqa hərəsinin
öz məkri çatan qədər əzab-əziyyət
verməsidir. Zakir onların birini də
bağışlamır. Həm də mücərrəd
yazmır, Dədə Ələsgərdəki kimi
"adını demirəm, filankəsin filanı" söyləmir,
suçlunun birbaşa adını çəkir, bununla da həmin
adamcığazlara daha silinməyəcək
damğasını basır, onlarabənzərlərə
eyhamını edir, bəri başdan qaxıncını vurur
ki, farağat durun, siz də bu kökə düşə bilərsiniz,
qələm də, söz də müntəzirdir, sabah bunlara
tay bir başqası burcudanda onun da qabağına
çıxan bir ayrı qələm, bir başqa Zakir olacaq, o
da deşici misraları ilə qamçılayacaq, baisin şəcərəsinə
bağlı insanları da gələcəkdə
başıaşağı edəcək, tarixləşdirəcək:
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti,
malı.
Xandəmirov çaldı-çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.
Xandəmirov çar məmuru idi, əlində səlahiyyət
olan adamdı, "burda mənəm, Bağdadda kor xəlifə"
deyib haqsız əməlləriylə camaatı cana doydururdu.
Onun sümüyü də çoxdan çürüyüb
gedib. Vaxtilə onun əziyyət verdiyi adamların da
hamısı həyatdan köçüb. Ancaq şeir
yaşayır, imkan vermir ki, müddətlər öncə
mahalı çalıb-çapmış, elə-elata qənim
kəsilmiş Xandəmirov ölüb getsin. Onu hər gün
təzədən öldürmək üçün diri
saxlayır.
Əgər xəbər alsan Molla Səfini,
Oğru-dürüst qarışdırıb kefini.
Dilimizdə oturuşmuş "molla" kəlməsi
"mövlana" sözünün müxəfəfidir. Azərbaycanda
və müsəlman Şərqində mollaya əskilərdən
üzü bu yana sadəcə hüzr məclislərini yola
verən din adamı kimi baxmayıblar. Onu münsif, haqqı, ədaləti
tənzimləyən kimi görüblər. Ancaq o yerdə ki
bu cür adamlar elə olmaq əvəzinə tərəzinin
gözünü əyməyə başlayıblar, bir Zakir
hökmən meydana çıxaraq onların cəzasını
verib. Molla Səfi də, bir zamanlar kəf gəldiyi adamlar
kimi, çoxdan həyatda yoxdur. Ancaq o da Zakirin
basdırılmağa qoymadıqlarındandır. Bu şeir
varsa, bu misralar oxunmaqda davam edirsə, Molla Səfi
canını necə qurtara bilər?! O misralar var olduqca həm
Molla Səfini, həm də o cür
zatıqırıqları, haqqa zor etmişləri xortladacaq,
belələrini başqalarından daha əvvəl onlara
görə xəcalət çəkməkdə davam edən
törəmələri töhmətləyəcəklər
ki, niyə bizə belə ağır mirası və
qarğanmış adı miras qoyub gedibsiniz.
Həq bilir ki, beli şallı hacılar
Zəhrimartək xalqın ağzın acılar.
Qasım bəy Zakir belə yazırdı və o vaxt
onun misralarına xalqın ağzını acı edənlər,
gününü qara əsgiyə bükənlər
düşürdü. Bu isə həmin adamların özlərinin
ağzının bütün gələcək boyu acı
olacağının amansız hökmü idi. İlahinin, ən
Ali Qələm Sahibinin sözə və qələmə bəxş
etdiyi qüdrət elə budur - həm yazanı
yaşadır, həm də yazanın sevdiyi və sevmədiklərini.
Mirzə Fətəliyə göndərdiyi,
Qarabağdakı vəziyyəti təsvir eləyən və
60 bəndə yaxın olan bu mənzum məktub bir sənədli
film kimidir. Qarabağın, kənd-kəsəyin ictimai-siyasi həyatını
əyan edən bir kitab kimidir.
Və bütün bunları yazandan, ifşa etdiyini
ifşa, biabır etdiyini biabır edəndən sonra Qasım
bəy bəhs etdiklərinin hələ vilayətdə
baş verənlərin cüzi bir hissəsi olmasını
vurğulayaraq Axundzadədən rica edir ki, bütün bunlar
öz aramızda qalsın:
Gəl ki, vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edim əlhal.
Bir parasın yazıb eylədim irsal,
Amma nə diş bilsin, nə də ki dodaq.
Ancaq dil də bilib, dodaq da bilib, bütün aləm də
agah olub. Çünki iki məslək qardaşı
arasında olan belə dərdləşmələr millət
qarşısında hesabat demək idi:
Dərdbilməzlər qınar məni, heç deməz
Dərd ilən doludur döşüm, ağlaram.
Çərxin sitəmindən, dövrün
zülmündən
Tökülər dəmbədəm yaşım,
ağlaram.
Bu misralar Zakirinki deyil, bir el dastanındandır. Kim ki
xalqa, yurda təmənnasız məhəbbət bəsləyir,
ona ürəkdən xidmət edir, xalq heç vaxt bunu unutmur,
mütləq əvəzini verir. Qasım bəy el adamı,
xalqın canıyananıydı. Və xalq o minnətsiz
sevginin mükafatını Zakirin adına
bağladığı bir dastanla qaytardı. Azərbaycanın
az bilinən, amma bilinməsi gərək olan dastanlarından
birinin adı elə "Zakir"dir. O dastanı XIX
yüzilliyin sonlarında, XX əsrin əvvəllərində
Azərbaycan boyu el məclislərində aşıqlar,
nağılçılar söylərdi. XX əsrin
ortalarında el sözümüzün qayğıkeşlərindən
olan Məmmədhüseyn Təhmasib o çağın qocaman
aşıqlarının dilindən həmin dastanı
yazıya da almışdı. İçərisində bizim
köhnə məhəbbət dastanlarına xas olan məhəbbət
də var, macəralar da var, elə gerçəkdən
Qasım bəyin başından keçənlər də.
Ancaq dastan dilinin hənginə uyğun olaraq burada Zakirin
ömrünün əhvalatları müəyyən qədər
dəyişdirilib. Gerçəkdə Qasım bəyi
Bakıya sürgün etmişdilər və burada da bir
neçə ay qaldı. Amma dastanda onu Nargin adasına sürgün
edirlər və ömrünün yeddi məşəqqətli
ili orada keçir. Dastanda Qasım bəyin təmas qurduğu,
qəlbən bağlı olduğu insanların surətləri
də sıralanıb. Adı çəkilmir, amma o dastanda
Mirzə Fətəli də "görünür",
şairin Gürcüstanda yaşayan dostu kimi təqdim olunur və
dastan öz dilinə müvafiq olaraq onun qiymətini də
verir: "O, bütün biliklərin açarını cibinə
qoymuş bir insan idi".
Azərbaycan el ədəbiyyatının ən dəyərli
incilərindən olan "Zakir" dastanı, heyiflər ki,
çoxdandır unudulan kimidir. Bu, dastanların taleyidir. Müəyyən
bir zamanda yaranırlar, hansısa vaxtda üzə
çıxırlar, qabarıb-çəkilən dəniz
kimi haçansa dildə, ağızda dolaşırlar, sonra
sanki yaddaşların alt qatına keçirlər. Amma yenə
vaxtı gəlir, təzədən qayıdırlar, yenə
sevilirlər.
İndi o "Zakir" dastanı da, ona bənzəyən
bir başqası - "Vaqif" dastanı da sanki unudulan
kimidir. Ancaq Qasım bəy özü - elin
yaratdığı o dastandan daha ucalarda dayanan Xalq Adamı və
Xalq Şairi Zakir gərək heç vaxt yaddaşın alt
qatında olmasın, həmişə göz önündə
dikəlsin. Çünki onun şeirlərində yalnız
köhnə zaman yox, bu gün də var, gələcək də.
Qasım bəy Zakir kimi həyatı da,
yaratdıqları da dastana bənzəyənlərin
unudulmamaq, həmişə dastan kimi yaşamaq və
yaddaşın üst qatında olmaq həm xoşbəxtliyi,
həm də haqqıdır!
6 sentyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.-11 sentyabr №(164).- S.12-13.