Ömrümün Moskva illəri  

 

 

Kurslardan başqa, məni mənəvi cəhətdən ən çox zənginləşdirən nadir kitabları mütaliə etmək fürsəti oldu.

Lenin kitabxasında otuzuncu illərdə çap olunmuş, sonralar yasaq edilmiş Qərb yazıçılarının əsərləri ilə tanış olurdum. Eləcə də Samizdat vasitəsi ilə nəşr edilmiş mətnlərlə F.Kafkanın “Proses”, E.Heminqueyin “Çan kiminçün çalınır”, A.Kamyunun “Taun”, İoneskonun “Kərgədan”, B.Pasternakın “Doktor Jivaqo” əsərləriylə. Bəzilərini bir-iki günlük əldə edirdim, bütün gecə oxumalı olurdum. Bəzlərinin üzünü çıxarıb Bakıya gətirmişdim. “Proses”, “Çan kiminçün çalınır” romanlarını atama, Ənvər Məmmədxanlıya, Qara Qarayevə oxumağa vermişdim. Qısa müddətlə Qara Qarayevin qızıyla evli olan Vaqif Səmədoğlu danışırdı ki, Qarayev bu mətnləri oxuduqca cib dəftərində ətraflı qeydlər edirmiş. Hardadırlar indi o cib dəftərləri? Tapılsaydı, böyük bəstəkarın bu əsərlərə münasibətini bilmək necə də maraqlı olardı.

Amma söz yox ki, bütün bu çoxçeşidli və zəngin mənəvi qida mənbələrindən hamımızın formalaşmasında ən böyük qazancı baxdığımız kino əsərləridir. O vaxt SSRİ-də bu sahənin bəzi mütəxəssislərindən və kino yaradıcılarından başqa, heç kəsin görmədiyi ekran klassikası...

Kurslar bizə dünya kinosunun geniş və zəngin xəzinəsini açdı. Çaplindən Felliniyə, Antoniyoniyə qədər, otuzuncu illərin incə ruhlu fransız filmləri - Renuarın, Marsel Karnenin, Rene Klerin ekran əsərləri, sərt, acı gerçəkçi italyan neorealizmi - Roberto Rosselininin, Vittorio de Sikanının, Cuzeppe de Santisin, Lukino Viskontinin, Cerminin, Pazolinin filmləri, 50-60-cı illərdə meydana çıxan fransız “Yeni dalğası” Alan Renenin, Jan Lyuk Qodarın, çox bəyəndiyim Fransua Trüffonun filmləri, eləcə də ispan Bünyuelin, isveçli İnqmar Bermanın, polyaklar Andjey Vayla və Munkin, yaponlar Kendzi Midzoqutinin və Akira Kurasavanın ölməz ekran əsərləri... Və əlbəttə, Qriffitdən tutmuş, Çaplin daxil, Orson Uelsin, Xiçkokun, Disneyin, Fordun, Frenk Kapranın yaratdıqları bənzərsiz Amerikan filmləri... Kurslarda hətta o vaxt unudulmuş (Barnetin “Okraina”. Kalatozovun “Sol Svaneti”), ya yasaq olunmuş (Xutsiyevin “Zastava İliça”) sovet filmlərini də görə bildik.

Bu yaxınlarda unudulmaz dostum Araz Dadaşzadənin qızı Zümrüd atasının arxivindən ona yazdığım məktubun surətini mənə verdi. O illərdə Moskvadan göndərdiyim məktubdan mətləbə dəxli olduğu üçün bu sətirləri köçürürəm:

“Bizə maraqlı filmlər göstərirlər. Melyes, Qriffit, Vertov, Kuleşov, Protozanov, Çaplin - bunlar hamısı böyük sənətkarlardır və kinonun ataları, babalarıdır. Ancaq onların çəkdiklərinin heç birini, hətta “Neterpimost” kimi maraqlı filmin müəllifi D.Qriffiti Çaplinin ən adi qısametrajlı filminə dəyişmək olmaz. Bizə çoxlu Çaplin göstərirlər və mən yalnız indi onun nə qədər nəhəng sənətkar olduğunu dərk edirəm. Bütün səssiz filmlərdə səs üçün darıxırsan. Çaplinin filmlərinlə səssizliyi heç hiss etmirsən. Onun ən köhnə filmləri belə zərrə qədər köhnəlməyib. Ən müasir sənət əsərləriylə rəqabət elə bilər. Bəlkə yalnız tək bir Çaplin kinonun köhnəlmədiyini sübut edir. Qalanları isə əksinə. “Sirk” filmində güldüyüm qədər heç vaxt gülməmişdim. Yaxşı ki, Çaplinin gülüşü düşündürmür. Mən nədənsə düşündürən gülüşə bir az şübhəylə baxıram. Çaplin güldürür, vəssəlam. Heç bir problem, ya tərbiyəvi əhəmiyyəti olan məsələlər qoymur (indi bu cür düşünmürəm, amma Araza yazdığım mətni olduğu kimi gətirirəm - A.)

Amma onun yaratdığı obraz, folklor və böyük ədəbi əsərlərin qəhrəmanları kimi o qədər parlaq və çoxcəhətli, canlıdılar ki hər xalq, hər nəsil, hər zümrə, hər şəxs onu öz istədiyi kimi açır, icad edir, ondan öz istədiyini çıxarır. Görürsən Araz, az qala Çaplin haqqında bir leksiya oxudum, amma Çaplin haqqında o qədər leksiya oxunub, o qədər kitab yazılıb ki, indi mənim dediklərim də müxtəlif variantlarda yüz dəfə deyilib. Baxdıqlarımızdan 40-cı illərdə çəkilmiş Amerika filmi “Tabaçnaya doroqa” (Kolduelin əsəri üzrə rejissor Ford) və Polşa filmi “Pepel i almaz” (rejissoru “Kanal”ın müəllifi Vaydadır). Bu filmlər yaxşı filmlərdir, nöqsanları da var. Amma Alan Renenin “Xirosima lyubov moya” filmində şəxsən mən heç bir nöqsan görmürəm. Bu o qədər kamil, o qədər dərin filmdir ki, müasir dövrün ən yüksək nailiyyəti sayıla bilər. “Stol dolqoe otsutstvie” filmi haqqında sənin fikrinlə şərikəm. Yaxşı filmdir.

Anar

8 dekabr 1962

Rejissor emalatxanasının müdavimləri. Soldan Fikrət Əliyev, Əbdül Mahmudov, Anar, Rüstəm İbrahimbəyov, Yuli Qusman, Teymur.   

Kurslarda oxuduğumuz zaman bir anket paylamışdılar. O cümlədən, belə bir sual vardı: Ən çox sevdiyiniz beş şəhərin adını çəkin. Mən yazdım:

“Bakı, Moskva, İstanbul, Paris, Şuşa”.

1964-cü ilin may ayında kursları bitirib Moskvadan ayrılırdıq. Dostlarla birlikdə mənim kirayə qaldığım mənzildə vida axşamı təşkil etmişdik. Məclisdə o vaxt Moskvada olan Vaqif Səmədoğlu, eləcə də Maqsudla birlikdə İvan Draç, İlya Averbax, Manana Andronnikova, Amiran Çiçinadze, Erlom Axvlediani, Natiya Amiradcibi, Armen Zurabov, Mar Bayciyev, Yunna Morits və Yunnanın ürək dostu Leon Toom iştirak edirdilər. O vaxt liberal, indi isə “derjavnik” (“dövlətçi”) olan şairə Yunna Moritsdən başqa, o qonaqlarımın hamısı ölüblər, ikisi isə - Manana və Leon intihar etdilər.

İkinci dəfə Mokvada uzunmüddətli yaşamağım 1974-76-cı illərə aiddir.

Artıq ekrana çıxmış bir neçə filmin ssenari müəllifi idim. Bu filmləri çəkən rejissorlara nə qədər minnətdar olsam da, müəllif kimi həmin əsərləri bir qədər başqa cür görürdüm. Rejissor peşəsinə yiyələnmək cəhdi bu istəkdən doğuldu. Bu işə məni o vaxtlar əsasən Moskvada yaşayan Rüstəm İbrahimbəyov da həvəsləndirirdi. L.Trauberqin rəhbərlik etdiyi rejissor emalatxanasına Rüstəm İbrahimbəyovun özündən başqa, Yuli Qusman, Əbdül Mahmudov, mərhum Teymur Bəkirzadə, mərhum Fikrət Əliyev və mən daxil idik.

Bu emalatxanada daha filmlərə baxmağa o qədər də zaman ayırmırdıq, o vaxta qədər görməli filmlərin hamısını görmüşdük. Əsasən təcrübəli kinorejissorların rəhbərliyi ilə ssenari və pyesləri təhlil edirdik, onları necə qurmaq və necə lentə almaq barədə danışırdıq. Bizə rejissorluq dərsləri deyənlərdən Taşkovu və Karasiki xatırlayıram. Bir neçə ildən sonra Taşkovla Daşkənddə kinofestivalda rastlaşdıq. Jürinin sədri idi. Bir-iki dəfə onu ermənilərlə yeyib-içən görmüşdüm. Mənim “Üzeyir ömrü” filmim ən yaxşı musiqili film nominasiyasında mükafata təqdim edilmişdi. Taşkov qəti şəkildə buna imkan vermədi.

“Altı iyul” filminin rejissoru Yuli Karasiklə zend buddizm haqqında maraqlı söhbətlərimiz olurdu. Kurs işi kimi Karasik Çexovun “Qağayı” pyesini qurmağı təklif etdi. Əvvəlcə: - Bu əsər nə barədədir? - sualına cavab tapmalıydıq.

Mən: - “Qağayı” sənətin qəddarlığı haqqındadır - dedim. Karasik təəccüb qaldı, amma fikrimi əsaslandırandan sonra: - Belə versiya da ola bilər - deyə məhz bu fikirdən çıxış edərək əsəri təhlil etməyə başladıq.

Aktyor işi kimi artıq Bakıda - mənim təklifimlə Mirzə Cəlilin “Yığıncaq” pyesini ekranda canlandırdıq. Quruluşu Adil İsgəndərov verdi, rollarda biz hamımız çəkilmişdik. Lenti durur. Rüstəmin, mənim kəndçi qiyafəsində personajlarımız, Qusmanın azərbaycanca danışması məzəli effekt yaradır. Qısametrajlı film Bakıdan gəlmiş lektorun kənd əhlinə “Allah yoxdur” “xəbərini” çatdırması və mənim personajımın bunun müqabilində “yəni tamam yoxdur, ya bir az var?” deməsi ilə bitir.

Bu illərdə artıq Rüstəm də, mən də həm Yazıçılar İttifaqının, həm də Kinematoqrafçılar İttifaqının üzvləri idik. Moskva mətbuatında gen-bol çap olunurduq.

“Mosfilm” “Nedelya” qəzetində dərc olunmuş “Mən, sən, o və telefon” hekayəm əsasında qətiyyən bəyənmədiyim, amma hələ də unudulmamış “Kajdıy veçer v odinnadsat” adlı bədii film çəkmişdi (Ssenarisi E.Radzinskinin, rejissoru S.Samsonov, baş rollarda Nojkin və Marqarita Volodina).

Mərkəzi televiziya həm bu hekayəni, həm də iki müxtəlif quruluşda, müxtəlif ifaçılarla “Keçən ilin son gecəsi” əsasında teletamaşaları Birinci proqramla göstərmişdi. Moskvada qalıb işləmək, ya ən azı Moskva ədəbi, kino və teatr mühiti ilə sıx əlaqədə olmaq təklifləri də alırdım. Amma bu, mənim seçimim deyildi. Elə Moskvada təhsil ala-ala ilin müəyyən vaxtını Bakıda keçirirdim. “Qobustan” toplusunun redaktoru olaraq işimi tam şəkildə icra edirdim.

Moskvada Üçüncü “ikilliyim” - 1989-1991-ci illər ömrümün, ömrümüzün ən çətin illəri sayıla bilər.

Moskva inanılmaz dərəcədə dəyişmişdi, “Macdonaldslar”, “Hamburgerlər” şəhərinə çevrilmişdi. Reklamların, şirkətlərin, dükanların çoxu kiril yox, latın əlifbası ilə yazılmış əcnəbi sözlər idi. Əvvəlki Moskvanın səciyyəvi Arbat küçəsindən indiki Arbatda əsər-əlamət qalmamışdı. Bulat Okudjavanın “Ax Arbat, moy Arbat, tı moe oteçestvo” deyə oxuduğu və vətən kimi vəsf etdiyi küçə indikindən zəmin-asiman fərqlənirdi. Rok qruplar, gitaralı ifaçılar, şəklini çəkib buradaca sənə satan saqqallı rəssamlar, bir sözlə, qaynayıb daşan bir həyat sərbəstliyin, azadlığın, asudəliyin, bir az da başıpozuqluğun rəmzi sayıla bilərdi. Bu gəlişimdə yalnız bir dəfə yolum düşdüyü indiki Arbatda keçmiş Arbat, sakit Moskva küçəsi, Okudjavanın vətən saydığı Arbat üçün nostalji hissləri keçirirdim.

Amma əslində bu hissləri keçirməyə də imkanım yoxdu. Bazar günündən başqa ömrümüz səhərdən axşamadək Kremldə keçirdi.

SSRİ Xalq deputatı, Ali Sovetin üzvü kimi daima iclaslarda idik. “Moskva” mehmanxanasında qalır, səhər 10-da Kremldə Ali Sovetin iclas salonunda yığışırdıq. Axşam nömrəyə qayıdandan sonra və səhər erkəndən Bakıdan, Moskvadan, İrəvandan dəqiqəbaşı aramsız telefon zəngləri gəlirdi. Hələ gündə aldığım yüzlərlə teleqramı demirəm, Azərbaycan deputatları arasında az-çox tanınanlardan biri mən idim. Odur ki, İrəvandan küçə söyüşləri, hədələr, Bakıdan bütün məsələləri həll edə bilmədiyimizə görə, iradlar, giley və şikayətlər... Bu çətindən-çətin illərin təəssüratları daha çox siyasi həyatıma aid olduğu üçün bu barədə geniş söz açmıram. Bu mövzuda başqa yazılarımda, özəlliklə “Əsrin əsiri” və “Yaşamaq haqqı” kitablarımda ətraflı bəhs etmişəm. Burda yalnız Ali Sovetin sessiya və qurultaylarında iştirak edən və mətbuatda işıqlandıran jurnalist Balaş Abbaszadənin təəssüratını gətirmək istəyirəm:

Rejissor emalatxanasının müəllimləri və müdavimləri. Soldan birinci Yuli Qusman, üçüncü M.Maklyariski, Teymur Bəkirzadə, Yuli Karasik, Rüstəm İbrahimbəyov, Anar, L.Trauberq

“Hər sahədə, hər şeyə görə məyus olan xalq bütün rəhbərliyin bacarmadığını yalnız Anardan gözləyirdi. Beləcə, hər şeyə qadir Anar haqqında mif yaransa da, aydınlaşdı ki, yox, o, sehrkar deyil ki, bütün problemləri bir dəfəyə həll etmək qabiliyyətinə malik olsun. Əgər ermənilər iki-üç adamı özlərinin ən qəddar düşməni sayırdılarsa, onlardan biri Ziya Bünyadov, biri isə Anardır. Onun dünya miqyasında ləkələnməsi ilə artıq uzun zamandır ki, məşğul olurlar. Anar öz deputatlığının ilk günündən oyuna cəlb olunub. Və bu oyun yaxşı ki, bir yazıçı kimi onun vətəndaş iradəsini sındıra bilməyib.

Deputatların fəaliyyətini xalq telekanallarda göstərilən kadrlara, ya da qəzet yayımlarına əsasən dəyərləndirir. Bir çox deputatlar məhz bundan yaralanaraq siyasi kapital toplayır, cəhd göstərirlər ki, imkan daxilində tez-tez çıxış etsinlər və imkan daxilində radikal mövqedən söz desinlər. Onların bir çoxu durğunluq illəri adlandırılan o dövrdə də həyatda bir cür idilər, tribunada başqa cür. Deputat fəaliyyətini yalnız çıxışlarına görə dəyərləndirənlər dərindən yanılırlar. Öz işimlə əlaqədar olaraq mən Moskvada tez-tez öz deputatlarımızla söhbətləşirdim. O günlərdə mən başqa bir deputat tanımıram ki, Anar qədər işləsin, Anar qədər zəhmət çəksin. Öz çıxışlarından əlavə, o, başqa deputatların da nitqi üçün mətnlər yazır, şəxsən tanış olduğu başqa qrupların nümayəndələri ilə aydınlaşdırıcı söhbətlər aparırdı. Haçansa bizim deputatlardan kimsə yorulduğunu, ya dil bilmədiyini səbəb kimi göstərib, ictimayyətdən yayınsa da, Anar belə görüşlərin hamısında iştirak edirdi və o heç zaman can atmrdı ki, onun fəaliyyətini Azərbaycanda bilsinlər. O, yalnız bir şeyə can atırdı, yavaş-yavaş, damla-damla mövcud hadisələrlə bağlı erməni versiyasını alt-üst etsin və insanlara Azərbaycan həqiqətini çatdırsın. Əgər Xalq deputatlarının Birinci qurultayında erməni nümayəndələrinin gündəlik məsələyə beş təklif etmək cəhdi baş tutmamışdısa, bu, bizim deputatların xidmətidir. 1990-cı ilin fevral-mart aylarında Anar öz çıxışlarında İttifaq hakimiyyətinin ünvanına söylədiyi kəskin ittihamları çoxları xatırlayır”.

Hadisələrin bilavasitə şahidi mərhum Balaş Abbaszadəyə bu sözlərinə görə minnətdaram. Amma əlavə etmək istərdim ki, deputatlarımızdan Tofiq İsmayılovun, Vəli Məmmədovun, Arif Məlikovun parlament fəaliyyətində aktiv rollarını, mühüm çıxışlarını unutmaq ədalətsizlik olardı. “Danışa bilən” Xalq deputatlarından Rüstəm İbrahimbəyov, Eldar Salayev, Müdhət Abbasov, Adilə xanım Namazova, Püstə xanım Əzizbəyova Ali Sovetin üzvləri deyildilər, onlar yalnız Qurultaylarda iştirak və çıxış edirdilər. Ali Sovetin iki palatasında çalışan deputatlardan isə “rusca danışa bilənlər” məhz biz idik - adlarını çəkdiyim məhrumlar və mən.

Qorbaçovla şəxsən görüşlərdə, ətraflı söhbətlərdə, habelə Yeltsinlə, Yakovlevlə, Lukyanovla, Marşal Axrameyevlə, Sobçakla qısa təmaslarda, yaxud uzun fikir mübadiləsində (özəlliklə Yakovlevlə bir neçə saat çəkən görüşdə) həm Qarabağ problemini, həm də 1990-cı ilin Qara yanvar müsibətini onlara çatdırmağa çalışırdım.

1991-ci ilin dekabrında SSRİ dağılandan sonra təbii ki, ölkənin Parlementinin də ömrü bitdi. Tamamilə başqa bir dövr başlandı, bütün başqa sovet respublikaları kimi, Azərbaycan da müstəqilliyinə nail oldu.

1991-ci ildə dağılmış ölkənin - “SSRİ” təxəllüsü daşısa da, məhz sırf Rus imperiyası olması indi heç kəsdə şübhə oyatmır. Bu ölkəni hələ sovet dövründə ilk dəfə imperiya adlandıran da elə rus yazıçıları oldu. Xatırlayıram, sovet dönəminin ədəbi iclaslarından birində Valentin Rasputin ölkənin böhran vəziyyətindən danışarkən “imperiya məhv olur”, - dedi.

Sonralar, postsovet illərində V.Rasputin istedadına malik olmayan, amma onun fikirlərini paylaşan Aleksandr Proxanov da “dağılmış tifaqın” məhz Rusiya imperiyası olduğunu dəfələrlə bəyan edir. Həmin bu imperialist yazıçı (İmperiya tərəfdarını imperialist adlandırmaq heç də onu təhqir etmək deyil) teleefirdə bildirdi ki, onun üçün ideal siyasi quruluş - Şimali Koreyanın kazarma rejimidir. Elə həmin verilişdə Proxanov bir əlamətdar fikir də səsləndirdi: “Azadlıqdansa, ölüm yaxşıdır” - dedi.

Tarix boyu istibdadı, tiraniyanı qəbul etməyən qiyamçılar “Azadlıq, ya ölüm” şüarını irəli sürüblər. Çağdaş rus yazıçısı isə ölümü azadlıqdan üstün sayır.

Ümumiyyətlə indiki rus ideologiyasının əsas şüarı belədir: “Biz Qərb deyilik, bizim öz yolumuz var”. Bu düsturu özləri belə açırlar:

“Biz qərb dəyərlərini - demokratiya və azadlıq dəyərlərini qəbul etmirik, biz hakimiyyəti - hansı hakimiyyət olur olsun, müti şəkildə qəbul etməliyik”.

Moskvada Yazıçılar İttifaqının Plenumunda. Oljas Süleymanov, Eduardas Mejelaytes və Anar. 1989-cu il.

Təki bu hakimiyyət patriotik şüarlar səsləndirsin. Qoy, bütün dünya bizi sevməsin, bizə hörmət etməsin, yetər ki, hamı bizdən qorxsun.

Doğrudan da, Qərbdən fərqlidirlər, özü də yalnız dəmiryol rels ölçülərinin uyğun gəlmədiyinə görə yox.

Rus imperiyasının parçalanmasını XX əsrin ən böyük faciəsi sayanların ağlına gəlmir ki, boyunduruqdan xilas olmuş, istiqlaliyyətinə qovuşmuş xalqlar üçün bu hadisə faciə deyil, böyük xoşbəxtlikdir.

1991-ci ilin avqustunda Rusiyanın mürtəce qüvvələri demokratikləşmə prosesinin qarşısını almaq üçün QKÇP adlanan bir qiyam təşəbbüsündə bulundular və məğlub oldular. İndi Moskva telekanallarına baxarkən belə təəssürat yaranır ki, bugünkü siyasət o vaxt məğlub olmuş QKÇP-nin qisasını almaqdır. Moskva telekanallarından bəyan edilən siyasi proqram nəinki Xruşovdan əvvəlki, ya Stalindən əvvəlki dövrə dönməkdir. Bu, hətta Birinci Pyotrdan əvvəlki dövrə qayıtmaq cəhdidir. Pyotr Avropaya pəncərə açmışdı. İndi bu pəncərəni kip qapatmağa çalışırlar. Məhz elə bu düşüncəyə uyğun olaraq Puşkinin dostları dekabristlər Qərb maraqlarının xidmətçiləri kimi qələmə verilir. Gerteni ingilis casusu adlandırırlar. Bu minvalla Tolstoyla Dostoyevskini də suçlayacaqlar, Türgenevi avropaçılıqda, Şedrini ifşaçılıqda, Çexovu dözümlülükdə ittiham edəcəklər. Beləliklə, Proxanov idealına - tarixdə ata, oğul, nəvə - üç Kimdən başqa heç kəsin adı çəkilməyən Şimali Koreya idealına qovuşacaqlar.

Mənim mənəvi yetişməyimdə doğma Azərbaycan türk ədəbiyyatından sonra ən güclü təsiri böyük rus ədəbiyyatı edib. Despotik hakimiyyətlərin girovuna çevrilmiş əzabkeş, bədbəxt rus xalqının aqibəti də, onun möhtəşəm ədəbiyyatının taleyi də düşüncələrimin, qayğılarımın ən ağrılı nöqtələrindəndir.

1989-1991-ci Moskva illərində Ali Sovetinin sessiyaları və qurultaylarından başqa, bir neçə dəfə Mərkəzi televiziyalar vasitəsilə çıxış etmişdim. SSRİ Yazıçılar İttifaqının Plenumlarında da iştirak və çıxış edirdim.

Yazıçı Plenumlarından birində Litva şairi Eduardas Mejelayteslə tanış oldum. Onun Rəsul Rzanın yaradıcılığını yüksək qiymətləndirdiyini bildiyim üçün özümü təqdim etdim. Atamla Vilnusda görüşlərini xatırladı, şeirləri haqqında xoş sözlər dedi. Məhz elə buna görə sonralar Bakıda Rəsul Rzanın “Eldən soruş” şeirini müxtəlif dillərdə bir kitabda buraxmaq fikrinə düşəndə Mejelaytesə də bu şeirin sətri tərcüməsini göndərdim və xahiş etdim ki, Litva dilinə çevirsin. Az sonra ondan belə bir məktub aldım:

Əziz Anar! Səmimi məktubunuza və yeni il təbrikinizə görə çox sağ olun. Mən də qarşılıqlı olaraq Sizə xoşbəxt 1983-cü il arzulayıram. Sevimli şairim Rəsul Rzanın şeirinin tərcüməsinə məmnuniyyətlə başladım. Amma dərhal çətinliklərlə üzləşdim. Sizin sətri tərcümənizdə ritm, ölçü, hansı sözün hansı sözlə qafiyələndiyi göstərilməyib. Bu, ancaq ümumi sxemdir (ancaq şeirin məzmunudur) Bəs forma? Şeirin ruscaya bədii tərcüməsinə baxmalı oldum. Bu tərcümə bəzi yerlərdə orijinala uyğun deyil. Bunu gərək etməyəydilər. Mən orijinala yaxın olmağa çalışdım. Düzmü etmişım, ya yox, bunu ancaq dili bilənlər deyə bilər. Bir sözlə, mən intuisiyama arxalandım və tərcümədə Litva şeirini yaratmağa çalışdım. Bununla belə, böyük sənətkarın şeirinin həm məzmununu, həm metoforikasını (və əlbəttə fəlsəfi fikrini) saxladım. Litva dilində alınıb, orijinala nə qədər yaxın olduğunu deyə bilmərəm. Özünüz qərar verin. Yararsa, çap edin, yaramırsa, qaytarın, üzərində yenə işləyə bilərəm. Cavabınızı gözləyirəm.

 

Sizin Eduardas Mejelaytes.

5 sentyabr 1983, Vilnus.   

 

Mən, təbii ki, dərhal təşəkkür məktubu göndərdim və tərcüməni olduğu kimi tərtib etdiyim kitaba saldım.

Bu yazımı bitirərkən hardansa köhnə şeirimdən bu misralar yadıma düşdü:

 

Gecələr xatirələr ulduzlar tək sayrışır

Tale ötən günlərlə gah küsür, gah barışır

Xatirələrdir ancaq gecələr bizə qalan

Sona səhər açılır - həyat adlı bir yalan.  

 

Mərdəkan, “Ağ liman” bağ evi.

İyul-avqust 2024 

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

(Əvvəli ötən saylarımızda)

525-ci qəzet .- 2024.-11 sentyabr ¹(164).- S.8-9.