Ölü leylək

 

Hekayə

 

İclasdakı həngamədən sonra beyninə sıçramış ağrı nəfəsini kəssə də, həkimə müraciət etmədi. Yəqin "Bir azdan toxtayar" - deyə düşündü. Hər ehtimala qarşı, öz "resept"i üzrə yüngülvari "müalicə" aldı. Evə gedərkən, yolunu həmişə yeyib-içdiyi kafedən salıb, sevimli "dərman"ından iki "çappa" ötürdü...

Qapıdan girən kimi, erkən dönüşünə təəccüblənən ailə üzvlərinin sorğulu  baxışları altında birbaşa yataq otağına keçdi. Qalstukunu belə çıxarmadan, kostyumdaca yerinə uzandı... Ancaq hər nə qədər yatmağa çalışdısa da, heç mürgüləyə bilmədi. Ta hava işıqlaşanacan nırra vura-vura sağa-sola çöyrükdü...

Bir qayda olaraq, evə gec, çox vaxt sərxoş halda gəldiyindən həyat yoldaşı səhərlər onu güc-bəla ilə oyadırdı. Özünə gətirib dikəldənəcən yarı qatı gedirdi. İndi isə, uzun illərdən bəri ilk dəfə "könüllü" qalxdı. Əlbəttə, yuxudan yox, çarpayıdan. Həm də, sübhün gözü tam açılmamış...

Ayaqyolunda xeyli yubandı və oradan mızıldana-mızıldana qayıtdı: "Elə bir girgimiz çatmırdı. Axı baş hara, qarın hara?!." Ağrı bədəninin hər tərəfinə yayılmışdı. Mədəsi, bağırsaqları sancıdan doğranırdı.

"Bəlkə soyuq araq?.." Tez də, əziz "dost"undan şübhələndiyi üçün özünü qınayıb, fikrində "düzəliş" elədi: "Birinci kərə deyil ki, buzxanaya qoydurub içirəm..."

Yarıbükülü vəziyyətdə əlüzyuyana yaxınlaşdı. Kranı aça-aça, sabunqabı ilə yanaşı bərkidilmiş balaca güzgüyə baxdı. Bir neçə dəfə suyu ovuclayıb gözlərinə çırpsa da, sifətini görə bilmədi. "Bu niyə qudurub belə?.." Az qaldı, üstünə qışqırsın ki, göstərməyin öhdəsindən gələ bilmədiyinə görə səni çıxarıram işdən, qovuram evimdən... Amma həmin andaca qərarından daşındı. Dünənki iclası xatırlayıb, səsini içində boğdu. Güzgünün vida əmrini imzalamadı... Özünü vəzifədən kənarlaşdırmışdılar.

Qırışmış pencəyinin döş cibindən çıxartdığı darağı möhür kimi bərk-bərk sıxmağına da utandı. Saçına aparanda isə çox qəraib hadisə törədi. Tüklərinin arasından qovaq əvəzinə, daş, kərpic yağırdı yerə. Suvaq, beton ovulub tökülürdü. Şalban, şifer qopub düşürdü. Dövlətdən çırpışdırdığı növbənöv tikinti materialları sanki indicə canlanacaqdı. Qarabalıq tək yavaş-yavaş mühasirəni daraldıb, dörd yandan bədənini dartışdıracaqdı.

Durumunun çıxılmazlığını dərk edincə vahimələndi. Ürəyi sıxıldı. Təngişdi. Şəhadət və orta barmağını qoşalayaraq, dünəndən boynunda qalan qalstukunu boşaltmaq istədi. Amma dərhal da əlini geri çəkdi. Hətta cızılıb-cızılmamasına baxdı. Elə bil ipək parçaya yox, çalınmış mismarlar o tərəfinə keçmiş taxta qırığına toxunmuşdu: "Nə baş verir axı?!."

Çözüb-çözələyib sual cavablandırmağın məqamı deyildi. İlk növbədə bağrını çatladan bu mübhəmlikdən canını qurtarmalı idi... "Qaçmaq" sözünü şəninə sığışdırmayıb yumşaltdı: Getmək lazımdır"... Ancaq hara?

Həftənin beş günü hər səhər nəfsini itiləyib yollandığı idarənin qapısı birdəfəlik üzünə bağlanmışdı. Restoranların, barların müştəri qəbuluna hələ saatlar qalırdı. Yır-yığış elənməmiş peyda olan qonağı isə heç doğmaca qardaş da isti qarşılamazdı... Nə qədər fikirləşdi, bunlardan savayı ərk edə biləcəyi məhrəm ünvan ağlına gəlmədi...

Dünən, o məşum iclas başlayarkən, sədrin iştirakçılardan tələbinə əməl edərək söndürdüyü telefonunu açdı. Arayıb-axtaran yox idi. Təkcə, daha ondan ötrü nazəndəliyi keçmişdə qalmış katibə iş vaxtı bitənə yaxın  səs atmışdı. Salamsız-kəlamsız, zərrəcə təskinlik vermədən, bir quru cümlə ilə kifayətlənmişdi: "Sizi sabah saat doqquza prokurorluğa çağırıblar"...

Xoflandı. İşdən çıxarıldığına görə keçirdiyi təəssüf hissini həyəcan əvəzlədi: "Başımın üstünü nə tez aldırdılar?!."

Xəbər xoş olmasa da, hər halda, getməyə yer tapılmışdı.

Tələsik əynini dəyişib evdən çıxdı. Həm də son iyirmi ildə ilk dəfə pay-piyada. Bərayi-ehtiyat üç gün əvvəl yüz min dollara aldığı maşını minmədi. "Allah eləməmiş, birdən..."

Alaqapıdan keçib əsas küçəyə buruldu. On-on iki addım atmışdı ki, ayaq saxladı. Xəndəyin döşünə yapıxmış ağ topacıq diqqətini çəkmişdi. Lap yaxına gəlib, nə olduğunu dəqiqləşdirdi. Leylək idi. Tükünün tökülməsi, üfunət saçması çoxdan öldüyünü göstərirdi. Araşdırma aparırmış kimi ətrafa göz gəzdirdi. Yuxarı baxanda hər şeyi anladı. Başının üstündən yüksək gərginlikli elektrik xətti keçirdi: "Tok vurub, cərəyan qurudub zavallını". Tamahı ucbatından, onunla oxşar tale yaşamasaydı, ölü leyləyi danlayardı da: "Bu genişlikdə səma sənə darlıq eləyirdi? Nə itiyin azmışdı məftillər arasında..."

Prokurorluğa geciksə də, oradan heç cür uzaqlaşa bilmirdi. Elə bil ölü leyləyin tilsiminə düşmüşdü: "Mən ki hər gün bu yolla gedib-gəlirəm. Necə olub, belə bir müsibəti görməmişəm?!."

Sualı cavablandırmağa macal tapmamış, ikincisi şüurunu haqladı: "Bəs necə oldu indi, gördüm?.."

Nədən uzaqlaşıb, nəyə yaxınlaşdığının fərqinə varmadan, yeyin addımlarla irəliləyirdi. Yaxşı anlayırdı ki, getdiyi yer sonuncu deyil...

 

Arif FƏRZƏLİ

525-ci qəzet.-2024.- 12 sentyabr (№165).-S.15.