"Qəmərin toyu"  

YAXUD ZAVALLI QADININ HEKAYƏTİ

 

 

Mirzə Cəlilin köməyi və fəal iştirakı ilə Həmidə xanımın ata mülkündə açdığı oğlanlarla qızların birgə oxuyacaqları məktəbə şagird toplanışından qabaq ümumi yığıncaq keçirildi. Hər ikisi elmin, təhsilin nə olduğunu, əhəmiyyətini, xalqa hansı fayda gətirəcəyini valideynlərə başa salaraq uşaqlarını oxumağa qoymaq üçün onları yola gətirməyə çalışdı. Kəhrizlilər Mirzə Cəlilə də, Həmidə xanıma da böyük hörmət və ehtiram bəslədiklərinə görə tərəddüd etmədən övladlarının, xüsusilə də, qızlarının məktəbə getməsinə həvəslə razılıq verdilər. Həmidə xanımın əmisi oğlu Əliş bəy Cavanşir isə hamıya nümunə olsun deyə, altı yaşlı qızı Qəmərin əlindən tutub, özü məktəbə apardı. Sentyabrın 1-də məktəb otuz oğlan və on qızla fəaliyyətə başladı. Qızlar arasında sinif jurnalına birinci Qəmərin adı yazıldı. Onda 1909-cu il idi...

Qəmər Kəhrizlidə cəmi bircə il oxudu. Həmidə xanım Tiflisə gedərkən onu da özüylə apardı və Qəmər təhsilini orda davam etdirdi. Onun dərslərinə çox vaxt Mirzə Cəlil özü nəzarət edirdi. Başı çox qarışıq olanda isə ədib bu işi həmin vaxtlar onun evində yaşayan Əziz Şərifə və Əhməd Perinova tapşırırdı. Qəmər iki ilə yaxın Tiflisdə yaşayıb-oxudu. Hələ kiçik qızcığaz ikən çoxlu tarixi günlərə şahidlik elədi, maraqlı hadisələrlə qarşılaşdı. Burda dahi Sabiri gördü, onun həmsöhbəti oldu. Tiflisə müalicəyə gələn Mirzə Ələkbər Sabir dostu Cəlil Məmmədquluzadənin evində xəstə yatırdı. Həmin vaxtlar onunla elədiyi bir söhbəti Qəmər heç vaxt yadından çıxara bilmirdi, həmin anları belə xatırlayırdı: "Sabir əminin o mehriban surəti indi də gözlərimin qabağındadır. Bir dəfə məktəbdən gəlib, gördüm ki, evdə ondan başqa, heç kəs yoxdur. Mirzə uşaqları götürüb, harasa getmişdi. Fikirləşdim ki, yəqin harasa qonaq gediblər. Çox məyus oldum. Mənim bu halımı görən Sabir əmi soruşdu:

- Bala, niyə bikefsən?

Ağlamsına-ağlamsına dedim:

- Gediblər, məni aparmayıblar!

Dedi:

- Sən uşaqsan axı!

Dedim:

- Sabir əmi, sən ki böyüksən, bəs səni niyə aparmayıblar?

- Mən də naxoşam, ona görə.

Yadımdadır, Tiflisdə məşhur Azərbaycan artistlərindən olan Göyərçin xanım Sabiri yoluxmağa gələr, onun üçün konfet gətirərdi. Xəstə şair bu konfetdən biz uşaqlara da paylardı..." (Qəmər xanım Cavanşir. "Böyük ədib, böyük mürəbbi". "Bakı" qəzeti, 29 yanvar 1966-cı il, № 24)

1910-cu ilin sonlarında Cəlil Məmmədquluzadə bir sıra obyektiv səbəblərə görə "Molla Nəsrəddin" jurnalının redaktorluğunu müvəqqəti olaraq Məmmədəli Sidqiyə tapşırıb, Qarabağa dönəndə qızı Münəvvəri, onunla gimnaziyada bir yerdə oxuyan rəfiqəsi Mariya Jukovanı və Qəməri də özü ilə Kəhrizliyə gətirdi. Qəmər təhsilini kənddə davam etdirməyə başladı. Həmin vaxt çoxları qızlarını artıq məktəbə qoymaq istəmirdi. Amma Qəmərin yenidən burda oxuması bəzi valideynləri öz övladlarını məktəbə göndərməyə vadar elədi. Məktəbdə dərsləri Molla Səfi Axundov, Olqa Alekseyevna, Mariya Afanasyeva, arabir Mirzə Cəlil özü və o vaxtlar on altı-on yeddi yaşlarında olan Münəvvər xanım deyirdi.

Mirzə Cəlilin qardaşı həbsxanadan yenicə azad olunmuş Mirzə Ələkbər Məmmədquluzadə, şair Mustafa bəy Behbudov, həkim Əbdülkərim bəy Mehmandarov və ümumiyyətlə, dövrün bir çox tanınmış ziyalıları vaxtaşırı Kəhrizliyə gəlir, Həmidə xanımın qonağı olurdular. Və gənc Qəmər də Həmidə xanıma hayan duraraq gəlib-gedənlərə qulluq göstərməkdə əlindən gələni edirdi. Mirzə Ələkbər Şuşa bəylərindən olan dostu Bəhram bəy Vəzirovu da özüylə arabir Mirzə Cəlilgilin məclislərinə gətirirdi. Bəhram bəyin gözəl tar çalmağı, Mirzə Ələkbərin isə pəsdən oxumağı vardı və onlar öz ifaları ilə dinləyiciləri feyziyab edirdilər. Bəzən Mirzə Cəlil də kamançasını götürüb, bu "musiqiçilər"ə qoşularaq məclisi daha da rövnəqləndirirdi.

Qəmər xanım demək olar ki, Həmidə xanımın mülkündə qurulan bu məclislərin hamısında iştirak edirdi. Bir gün isə... Bir gün Bəhram bəyin adamları ona elçi düşdülər. Anası qızının çox kiçik olduğunu bildirib, qəti etiraz elədi. Həlledici söz isə atasının idi. Əliş bəy "hə" dedi və az sonra on dörd yaşlı zavallı qızcığaz Bəhram bəyin evinə gəlin köçdü. Vaxtı çatanda ailədə bir oğlan uşağı dünyaya gəldi. Ona ulu babası "Batmanqılınc" ləqəbli Məmməd bəyin adını verdilər...

Çox çəkmədən Nikolay hökuməti öz ömrünü başa vurdu. Ölkənin hər yerində olduğu kimi Qarabağda da hərc-mərclik dövrü başlandı. Sonra Sovet hakimiyyəti quruldu və Qarabağdan çoxlu ailə təzə hökumətdən ehtiyatlanıb, Arazın o tayına üz tutdu. Mirzə Cəlil Həmidə xanımla, övladları Münəvvər, Müzəffər, Midhət, Ənvərlə birlikdə qardaşı Mirzə Ələkbəri, bacısı Səkinənin oğlu Teymuru, Həmayılı, Bəhramı, onun ata-anasını, qulluqçuları Xanımcanı, Nağını, Şirini, Qönçəni, Qəməri və başqalarını da götürüb, özüylə apardı. Onlar yolda böyük çətinliklərlə qarşılaşdılar. Qaçaq-quldurlardan qoruna-qoruna, gizlənə-gizlənə özlərini birtəhər Əhərə çatdıra bildilər. Xoşbəxtlikdən, şəhərin hakimi Mirhəbib ağa Mirhaşım ağa oğlu Bəhram bəy Vəzirovla tanış çıxdı. Daha doğrusu, vaxtilə onlar Tiflis gimnaziyasında bir yerdə oxumuşdular.

Mirhəbib ağa çoxsaylı qonaqlarını hörmət-izzətlə qarşılayıb, bir neçə gün evində saxladı. Əhər şəhərində onlar bir çox maraqlı əhvalatların şahidi oldular. Mirzə Cəlil sonralar özünün "Xanın təsbehi" hekayəsində bu hadisələrdən birini qələmə almışdı...

Bir neçə gündən sonra Qarabağdan gələn köçkün dəstəsi Təbrizə varid oldu. Yerbəyer olandan sonra Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrini bərpa eləmək fikrinə düşdü. Xeyli müddət hazırlıq işləri görüldü. Jurnal özünün Təbriz nəşrinə başladı. "Molla Nəsrəddin"in nəşr olunmasında İranın bir çox mütərəqqi adamları yaxından iştirak edir və əllərindən gələn köməyi əsirgəmirdilər. Qəmər xanım və digər gənclər jurnalın xırda-para işlərində Mirzə Cəlilin ən yaxın köməkçilərinə çevrilmişdilər.

Günlərin bir günü Mirzə Cəlil teleqram aldı ki, onu Bakıya işləməyə dəvət edirlər. Elə bu zaman Qəmərin atası Əliş bəy də Təbrizə gəlib-çıxdı və gətirdiyi məktubları Həmidə xanıma verdi. Onlardan birini Şuşadan bu ailənin ən yaxın dostu, həkim Əbdülkərim bə Mehmandarov yazmışdı. O, Mirzə Cəlili də, Həmidə xanımı da məsləhətləşmədən İrana getdikləri üçün ərkyana qınayır və tezliklə Qarabağa qayıtmalarını xahiş edirdi. Məktubların birində isə deyilirdi ki, Həmidə xanımın öz evinə qayıtmasına və mülkünü yenə özünün idarə etməsinə təzə hökumət icazə verir...

Nəhayət, bir neçə dəfə məsləhət-məşvərət etdikdən sonra, 1921-ci ilin may ayında Mirzə Cəlilgil vətənə döndülər. Lakin Bəhram bəy Vəzirov həmişəlik Arazın o tayında qalmağı üstün tutdu. Qəmər xanım isə ərinin orda qalmaq təklifini qəbul etmədi, üçyaşlı oğlu Məmmədi də götürüb, Həmidə xanımgillə birlikdə Qarabağa qayıtdı.

...Həmidə xanımla Qəmər xanım qohumluqdan əlavə, aralarında otuz il yaş fərqi olmasına baxmayaraq, həm də yaxın rəfiqə, ayrılmaz dost idilər. Sözün həqiqi mənasında, onlar bir-birindən ayrı dura bilmirdilər. Həmidə xanım hara gedirdisə, Qəməri də özüylə aparırdı.

1928-ci ilin yayında Qəmər xanım da, oğlu Məmməd də ağır malyariya xəstəliyinə tutulmuşdu. Hər ikisinin həm havalarını dəyişməyə, həm də ciddi müalicəyə ehtiyacı vardı. Həmidə xanım ailəlikcə Şuşaya istirahətə gedəndə onları da özü ilə apardı. Şəhər bazarına yaxın bir yerdə şirniçi Rza İbrahimovun (tarzən, respublikanın əməkdar artisti Sərvər İbrahimovun atası - V.Q.) evində iki otaq kirayə elədi. Qəməri və doqquz yaşlı oğlu Məmmədi həm uzun müddət müalicə etdirmək, həm də oxutmaq, onlara əməlli-başlı savad vermək də lazım gəlirdi.

Şuşada Qəmər xanım həm məişət işlərində Həmidə xanıma kömək edir, həm də müəyyən olunmuş vaxtlarda xəstəxanaya iynə vurdurmağa gedirdi. Xəstəxananın diş həkimi Raxil Lvovna Leven-Berlin Qəmər xanıma səliqəli və təmizkar olduğuna görə ürəkdən vurulmuşdu. Ona görə də onu yanında işə düzəltmişdi. Sonralar Qəmər xanım tibb bacısı kursunu da bitirmişdi. Artıq o, həkimlərin tapşırığı ilə evlərə gedir, xəstələrə iynə vurur, onların qayğısına qalırdı.

Həmidə xanım isə işdən sonra Qəmərlə şəxsi məşğul olur, Kəhrizli məktəbində və Tiflisdə az-çox öyrəndiklərini təkrarladır, onu rus və Azərbaycan dillərində sərbəst yazıb-oxumağa alışdırırdı. Qəmər asudə vaxtlarında mütaliə də edir, savadını, biliyini bacardıqca artırmağa çalışırdı. Çox çəkmədən bu gənc qadın çadrasını da atdı, fəal bir ictimaiyyətçi kimi Şuşanın mədəni həyatının inkişafında öz sözünü dedi.

Həmidə xanım şəhərdə səhiyyə işçilərindən ibarət kiçik bir dərnək də yaratmışdı. Bura, əsasən, həkimlər, tibb bacıları, əczaçılar daxil idi. Dərnək üzvləri vaxtaşırı İsa bulağına, Daşaltıya, Səkili bulağa və başqa səfalı, görməli yerlərə gəzməyə çıxır, axşamlar isə növbə ilə bir-birlərinin evinə yığışaraq teatr tamaşalarından parçalar göstərir, konsertlər verir, rəqs gecələri təşkil edirdilər. Bu tədbirlərin ən fəal iştirakçılarından və öndə gedənlərdən biri də heç şübhəsiz, Qəmər xanım idi.

Qəmər xanımgil xeyli müddət Şuşada qaldılar. Buranın təmiz, büllur kimi saf havasının təsiri və aldıqları müalicələrin nəticəsində o da, oğlu da getdikcə yaxşılaşmağa başladı. Artıq bir neçə aydan sonra hər ikisində bu xəstəlikdən heç bir əsər-əlamət qalmamışdı.

Mirzə Cəlilin xəstəliyi ilə əlaqədar Həmidə xanım Bakıya getməliydi. Lakin bütün varlığı ilə ona bağlanmış Qəməri və oğlu Məmmədi tək qoyub, daha doğrusu, talelərinin ümidinə buraxıb, getmək istəmirdi. Ona görə də Mirzə Cəlilə məktub yazıb, onlar üçün ayrıca bir mənzil kirələməyi xahiş elədi. Amma münasib bir ev tapılmadığından Qəmər xanımgil istər-istəməz bir müddət də Şuşada qalmalı oldular. Bu başıkəsik ailəni tək qoymayan Həmidə xanımın bir ayağı Bakıda, bir ayağı isə Şuşada idi. Nəhayət, o, Qəmərlə oğlunu götürüb, Bakıya apardı və ana-bala Mirzə Cəlilin evində yaşamağa başladı, onun ailə üzvlərinə çevrildilər.

Dövrün yazıçıları, şairləri, dramaturqları, aktyorları, ümumiyyətlə, müxtəlif sahələrdə çalışan ziyalılar tez-tez Mirzə Cəlilin qonağı olur, saatlarla yaradıcılıq söhbətləri edirdilər. Heç şübhəsiz ki, onlar ədibin ailə üzvlərini də yaxından tanıyırdılar. Gənc Cəfər Cabbarlı da həmin vaxtlar Cəlil Məmmədquluzadə ilə dostluq edir, yeri gələndə böyük dramaturqdan məsləhətlər alırdı. O, Qəmər xanımın çadrasını atan ilk fəal qadınlardan biri olduğunu bilirdi. Ona görə də gənc dramaturq və ssenariçi 1928-ci ildə azərbaycanlı qadınların azadlığa çıxmasından bəhs edən "Sevil" əsərini ekranlaşdırarkən Qəmər xanımı baş rolda çəkilməyə dəvət elədi. Mirzə Cəlil gənc dostunun bu fikrini bəyənib alqışlasa da, Qəmərin atası Əliş bəy bu işə qəti və kəskin etirazını bildirdi.

Qəmər xanım evdə Həmidə xanımın ən yaxın köməkçisi idi. Həm də rəfiqələri Qönçə, Gülşən və Suruş Vəzirovlarla birlikdə "Molla Nəsrəddin" jurnalının nüsxələrini abunəçilər üçün büküb hazırlayırdı. Mirzə Cəlil masa arxasında oturub işlərkən Qəmər ona qulluq edir, çay-çörəyini verirdi. Bir dəfə Qəmər çay gətirərkən Mirzə Cəlil gözlənilmədən üzünü ona tutub dedi: "Qəmər, qızım, axı mənim bu bacoğlum Teymur səninlə ailə həyatı qurmaq istəyir, nə deyirsən?! Razısan?" Qəmər utancaqlıqla başını aşağı salıb, razılıq əlaməti olaraq susdu... Sən demə... Teymur hələ neçə il bundan əvvəl Xan kəndində hərbi qulluqda olarkən tez-tez Şuşaya Həmidə xanımgilə gəlirdi. O, Qəmərə vurulmuş, hələlik isə bunu heç kəsə bildirməmişdi. Yalnız 1930-cu ildə əsgərliyini başa vurub, Bakıya qayıdanda ürəyindəkiləri açıb dayısına bildirmişdi. Və nəhayət, Teymurla Qəmərin izdivacı baş tutdu. Toyqabağı Mirzə Cəlil özlərinə pal-paltar almaq üçün onlara pul verdi.

Cəlil Məmmədquluzadə hələ 1918-ci ildə bu zavallı qadının uğursuz ailə həyatından bəhs edən "Qəmərin toyu" adlı bir pyes yazmışdı. Hətta əsərin bəzi hissələrini Həmidə xanıma oxumuşdu. Bacısı oğlu ilə Qəmərin toyundan sonra nə fikirləşmişdisə, çap olunmamış pyesinin yeganə nüsxəsini - əlyazmasını cırıb sobaya ataraq yandırmışdı. Həmidə xanım isə bundan çox mütəəssir olmuş və ərinə kəskin şəkildə etirazını bildirmişdi.

Artıq Qəmər xanım Cavanşir (1903-1988) tibb bacısı, Teymur Kəngərli (1907-1944) isə Bakı ət kombinatında texnoloq işləyirdi. Xoşbəxt ömür sürürdülər. Lakin bu xoşbəxtlik də uzun sürmədi. Teymur İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollandı və 1944-cü ildə qara kağızı gəldi.

...1932-ci ilin yanvar ayı çovğunlu günlərlə başlamışdı. Hər yer qarla örtülmüş, yollar buz bağlamışdı. Soyuq adamı qılınc kimi kəsirdi. Bu cür hava yaxşı heç bir şey vəd eləmirdi. Mirzə Cəlilin başağrıları yenə də başlamışdı. Gecəni yatmamışdı, özünü çox pis hiss edirdi. Həmidə xanım stulda oturmuş ərinin əllərini əlinə alanda onun barmaqlarının gərildiyini hiss elədi. Tez Qəməri səslədi. Köməkləşib Mirzə Cəlili oturduğu stuldan götürərək yatağa uzatdılar, ayaqlarını isti suya saldılar, əllərini, üzünü yudular, başına dəsmal bağladılar və sonra həkim çağırdılar. Həkim huşsuz halda uzanan Mirzə Cəlili müayinədən keçirib dedi: - Beyninə qan sızıb... Qəmər xanım özünün "Böyük ədib, böyük mürəbbi" adlı xatirəsində ("Bakı" qəzeti, 29 yanvar 1966-cı il, N-24) həmin günü, həmin anları belə xatırlayırdı: "Vəfatına bir neçə gün qalmış Mirzənin halı büsbütün xarablaşdı. Gecələr sübhədək yata bilmirdi. Teymurla dərdləşəndə o mənə dedi: - Kişinin ürəyinə damıb ki, bu gün-sabah öləcək. Məndən xahiş elədi ki, nəbadə onun düşmənlərini - mollaları cənazəsinin yaxınına buraxaq.

Vəfat edən günü, 1932-ci il yanvarın 4-də dostlarından biri onu plova qonaq çağırmışdı. Küçələrdə çoxlu qar vardı, bərk soyuq idi. O günlər mən xəstə olduğuma görə yatağımdan durmamalı idim. Amma durmuşdum. Mirzə bundan xoşlanmayıb, məni məzəmmətləyəndə mən də cəsarətə gəlib, ona dedim ki, onda siz də küçəyə çıxmayın, xəstəsiniz.

Yaxşı ki, getmədi. Bu, onun axırıncı günü imiş. Saat 4-də beyninə qan sızdı, ayaq üstə dayana bilməyib, yerə yıxıldı. Dərhal ona iki kamfora iynəsi vurdum. Zorla gözünü açıb dedi:

- Midhəti çağırın!

Bir az sonra Midhətin işlədiyi yerin adını söylədi.

- Qos-plan...

Zəng vurub, çağırdıq. Həmidə xanımla mən və qonşu arvad Mirzənin başı üstə durub danışanda o, güclə eşidilən bir səslə:

- Pı-çıl-daş-mayın!

Bu, onun son sözü oldu. Əzizimiz, atamız, mürəbbimiz, "Mirzə dayı"mız bizdən həmişəlik ayrıldı... Çox çəkmədən Midhətlə həkim, Ənvər, Teymur, Faiq Əfəndi (Ömər Faiq Nemanzadə - V.Q.), daha sonra Əbdürrəhim bəy Haqverdiyev gəldilər..."

 

Vasif QULİYEV

525-ci qəzet.-2024.- 12 sentyabr,(№165).-S.14;15.