Cəmo bəy Cəbrayılbəyli:
imperiyanın imperativ maarifçisi
(Əvvəli ötən sayımızda)
1917-ci il fevral çevrilişindən və çar
II Nikolayın imperiya taxtından kənarlaşdırıldıqdan
sonra bədii əsərlər üzərində senzura nəzarətinin
öz əhəmiyyətini itirməsi təbii və labüd
proses idi. Senzura qərarının nəticəsindən
asılı olmayaraq Cəmo bəy Cəbrayılbəylinin
beş dram və bir tərcümə əsərini milli səhnəmizin
ehtiyacları üçün yazıb təqdim etməsini
dövrün mütərəqqi ədəbi-mədəni
hadisəsi adlandırmaq olar.
C.Cəbrayılbəyli 9-cu us-müsəlman məktəbində
üç illik səmərəli müəllimlik fəaliyyətindən
sonra 1917-ci ildə Alekseyev adına 3-cü ali-ibtidai məktəbə
təbiyyat müəllimi təyin edilir. Altı sinifli bu məktəb
Şamaxı yolu - indiki Cəfər Cabbarlı küçəsində
yerləşir, ona rüşdiyyə - natamam orta məktəb
də deyilirdi. Bu təhsil ocağı yüksək
nizam-intizamı, peşəkar və təcrübəli
pedaqoji kollektivi və ünlü yetirmələri ilə
ölkədə yaxşı tanınırdı. Vaxtilə bu
məktəbdə görkəmli dramaturq Cəfər
Cabbarlı, Cümhuriyyətin ideoloqlarından olan Mirzə
Bala Məhəmmədzadə təhsil almışdır.
Üçüncü ali-ibtidai məktəbin müdiri, Qori
Müəllimlər Seminariyasının məzunu, milli ruhlu, təcrübəli
pedaqoq Səməd bəy Hacıəliyev (Acalov) idi.
Cəmo bəyin yeni məktəbdə sevincinə rəng
qatan səbəblərdən biri də, Şamaxı şəhər
məktəbində ilk müəllimi, unudulmaz xeyirxahı,
Seyid Əzim Şirvaninin oğlu, Mir Cəfər Seyidzadə
ilə bərabər, çiyin-çiyinə işləyəcək,
onun məsləhət və tövsiyələrindən bəhrələnəcəkdi...
Məktəbdə Üzeyir bəy Hacıbəyli, Müslim
Maqomayev, Pənah Qasımov, Əli Cabbar Orucəliyev, Hənəfi
Terequlov, Əli Hüseynov, Əli Terequlov kimi məşhur
pedaqoqların çalışması Cəmo bəy kimi gənc
müəllim üçün ürəkaçan və
tarixi hadisə idi.
1917-ci ilin şimal nəsimi Azərbaycanın ictimai-mədəni
həyatına bahar nəfəsi gətirdi, xalqı dəyənəklə
idarə edən, milli oyanışı süngü ilə
qarşılayan şovinist Jupranskilərin kürkünə
birə saldı...
Tədrisin ana dilində aparılması təşəbbüsünə
ilk olaraq 3-cü ali-ibtidai məktəb qoşuldu. 1917-ci ilin
sentyabr ayında pedaqoji kollektivin qərarına Bakı bələdiyyəsi
və "Məktəb komissiyası" biganə yanaşsa
da, ana dilində fənlərin tədrisinə uğurla
başlanıldı. Üzeyir bəy Hacıbəyli, Pənah
Qasımov, Cəmo bəy Cəbrayılbəyli və digər
müəllimlərin bu işin çətin və mürəkkəb
bir şəraitda gerçəkləşməsi
üçün fədakarlıq, cəsarət, məsuliyyət
nümayiş etdirmələri, eyni zamanda Səməd bəy
Hacıəliyevin milli təhsil yönümündə
müstəsna xidmətləri danılmazdır.
1918-ci ilin mart ayında erməni-bolşevik hərbi
hissələrinin Şamaxı, Bakı, Quba şəhərlərində
və ölkənin digər ərazilərində azərbaycanlılara
qarşı törətdikləri kütləvi
qırğınlar, qətliam və soyqırımları
xalqın tarixinə və yaddaşına qanla yazıldı.
Həmin faciəli günlərdə Cəmo bəy ən
yaxın qohumlarının və əzizlərinin
yaşadığı, top atəşləri ilə viranəyə
çevrilmiş Şamaxı şəhərinə üz
tutur. Gördükləri mənzərələr onu dəhşətə
gətirir:
Vətəni görcək olmadım xürrəm,
Daha da artdı dildəki qüssəm.
...Qanlı düşmən kəsüb, yaxıb
buraxıb,
Dopdolu küçələrlə qanlar axıb...
Məscidi atəşə edib suzan,
Vətəni topla eyləmiş viran -
- deyə fəryad qoparır (Cəmo Cəbrayıl.
Annamə. "Övraqi-nəfisə" jur., Bakı, 1919, №
3, səh. 9-10).
Şamaxının Cümə məscidində
qadın, uşaq və qocalara fərq qoymadan, acımadan
insanların diri-diri yandırılmasını, müqəddəs
məkanların, ibadət yerlərinin, yaşayış evlərinin
dağıdılmasını, məhv edilməsini
gördükcə, ağrılı-acılı dəhşətli
mənzərəni seyr etdikcə Cəmo bəyin qəlbindən
qara qanlar axırdı. Düşünürdü ki, erməni
vandalları törətdikləri vəhşiliklər ilə
1902-ci il Şamaxı zəlzələsindən daha
güclü, rəhmsiz və dağıdıcı imiş.
Günahsız insanların yalnız milli mənsubiyyətinə
görə qəddarlıqla qətlə yetirilməsi
burunlarının ucunu görməyən siyasi avantüristlərin
böyük və məkrli planlarının tərkib hissəsi
olsa da, xalqı milli istiqlal yolundan qorxudub çəkindirə
bilmədi. Əksinə, Azərbaycan türklərinin
özünəgüvənini, mübarizlik əzmini
artırdı, birliyini, diriliyini daha da möhkəmləndirdi.
Azadlığa, müstəqilliyə, demokratiyaya olan ehtiyac
hissini qabartdı, gücləndirdi.
Cəmo bəy Cəbrayilbəyli
Cümhuriyyət dönəmində
Mart soyqırımı şəhidlərinin
küçələrdən axan qanları hələ
qurumamış, milli ağrı-acıların,
sızıltıların hələ qövr etdiyi bir vaxtda -
28 may 1918-ci ildə Azərbaycan Milli Şurası ölkəmiz
və millətimiz üçün taleyüklü olan tarixi sənədə
imza atdı - Tiflis şəhərindəki Qafqaz Canişininin
sarayında Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıldığını elan etdi.
Bakı uğrunda, milli istiqlal yolunda aparılan
ölüm-dirim mübarizəsində on mindən çox
şəhid versək də, 1918-ci il 15 sentyabr qələbəsi,
paytaxtın daşnak-bolşevik antimilli qüvvələrindən
qurtuluşu - gözlərinə kədər buludu
çökmüş insanların çöhrəsində təbəssüm
oyatdı. Əzizlərini, yaxınlarını itirmiş bir
çox insanlar Bakı zəfərini soyqırımı faciəsinin
qisası, bədəli kimi də qəbul edirdi...
İstiqlal gününə bərabər tutulan
Bakının qurtuluş günü xalq tərəfindən
toy-bayram kimi qarşılandı. Qafqaz İslam Ordusunun zabit və
əsgərlərinin şərəfinə dualar,
alqışlar səsləndirilir, mahnılar qoşulur,
şeirlər yazılır, kitabçalar
yayımlanırdı. Xalq sevgisinin, sevincinin
aşıb-daşdığı, milli birliyin, dövlətçiliyin,
vətənin öyüldüyü, vəsf edildiyi günlərdə
Cəmo bəy də qələminə sarıldı, qəlbindən
keçən poetik duyğular selini kağıza
köçürdü, milli marş motivləri üzərində
düzənlədiyi şeirinin adını "Vətənim"
qoydu. Bu şeirində vətənin (Azərbaycanın) şərəfli
tarixini, "Al rəngli bayrağını" (Cümhuriyyətin
bayrağı 1918-ci il 9 noyabra qədər al rəngli idi -
A.R.), qəhrəman övladlarını qeyri-adi bir sevgi, atəşin
bir məhəbbət ilə tərənnüm edirdi.
Cəmo bəyin "Vətənim" əsəri həqiqətən
zamanında yazılmış və çox uğurlu
alınmışdı. Müəllif şeirin
misralarını dodaqaltı zümzümə etməkdən
yorulmazdı, uşaqlar üçün vətənpərvərlik
mövzusunda sevilən nəğmə ola biləcəyini
düşünərək mətni müəllim dostu
Üzeyir bəy Hacıbəyliyə də təqdim
etmişdi.
Ağa Həsən Mirzəzadə Cəmo bəylə
həmin ərəfədə görüşündə vətən,
məktəb, maarif, cocuqlar haqqında yazılmış şeirlər, nəğmələr
toplayıb nəşr etdirmək niyyətində olduğunu,
hətta bu mövzuda Abbas Səhhət, Mirzə Ələkbər
Sabir, Ağaəli Naseh, Məhəmməd Hadi, Əli bəy
Hüseynzadə, Əli Abbas Müznib, Əli Yusifzadə və
b. şairlərin əsərlərindən poetik nümunələr
seçdiyini və onun da nəğməsini məmnunluqla
topluya salmaq arzusunda olduğunu bildirdi. C.Cəbrayılbəyli
dostunun elə bil onun ürəyini oxuduğuna sevindi və
yenicə yazdığı "Vətənim" şeirinin əlyazmasını
poeziya almanaxında çıxması üçün
Ağa Həsən Mirzəzadəyə təqdim etdi. Cəmo
bəy dərsliklərin qıt olduğu, nadirəyə
çevrildiyi bir zamanda poeziya almanaxının xüsusilə
rüşdiyyə məktəblərinin şagirdləri
üçün əlavə oxu vəsaiti olaraq əhəmiyyətini
və gərəkliliyini xüsusi vurğuladı...
"Milli nəğmələr" adlı
almanaxın nəşrini yaxın dostların gözlədiyi
günlərdə kitabdakı şeirlərin
toplayıcısı və tərtibçisi,
tanınmış nasir, istedadlı publisist, pedaqoq, mühərrir
Ağa Həsən Mirzəzadə, təəssüflər
olsun ki, ömrünün çox gənc vaxtında - 27
yaşında, vərəm xəstəliyinin
əzablı ağrıları ilə dünyasını dəyişdi.
Ədəbi ictimaiyyət üçün ağır itki olan
Ağa Həsən Mirzəzadə haqqında "Azərbaycan"
qəzeti dərc etdiyi başsağlığı-bildirişdə
yazırdı: "Qafur Rəşad Mirzəzadə kəmali
yas və təhəssürlə öz sevgili qardaşı,
müəllim və mühərrir Ağa Həsən Mirzəzadənin
ölüm xəbərini qövm-əqrəba və
dost-aşnalarına xəbər veriyor. Təşyiye-cənazə
bu gün çəharşənbə günü, sübh saət
10-da Nijni Tazəpirski küçədə 25 nömrəli
evdən götürülüb Tazəpir məscidinə aparılacaqdır"
("Azərbaycan" qəz., 1918, 20 təşrini-sani
(noyabr), № 45).
Həmin gün, noyabr ayının 20-də səhər
saatlarında Tazəpir məscidinin ətrafı qələbəlik
idi. Cümhuriyyətin qurucuları, görkəmli
ziyalılar, şairlər, teatr işçiləri, maarif
xadimləri, mətbuat nümayəndələri
sırasında mərhumun yaxın dostları - Cəmo bəy
Cəbrayılbəyli, Əmin Abid Mütəllibzadə,
Əli Rai Yusifzadə, Əli Abbas Müznib və b. yas mərasiminə,
mərhumu son mənzilə yola salmağa gəlmişdilər.
İstedadlı bir publisistin, yazarın, ədibin gənc yaşında
dünyasını dəyişməsi hamını
ağrıdırdı, göynədirdi, təəssüf
hissi doğururdu.
Qafur Rəşad Mirzəzadə qardaşının həyat
yolu və fəaliyyəti barədə "Q.R." imzası
ilə "Azərbaycan" qəzetinin 1918-ci il 20 təşrini-sani
(noyabr) tarixli 45-ci sayında "Ağa Həsən Mirzəzadə"
adlı məqalə dərc etdirdi. Qafur Rəşad
yazırdı ki, "Müəllim və mühərrir
Ağa Həsən Mirzəzadə 27 yaşında ikən
millətinə əlvida etdi".
Ağa Həsən Mirzəzadə eyni zamanda opera
müəllifi idi. Onun "Tənbəl" adlı musiqili və
iki məclisli operası 1917-ci ildə "Məktəb"
elektrik mətbəəsində çap edilmişdi.
Ağa Həsənin vəfatından sonra
yarımçıq qalmış işlərinin həyata
keçirilməsi, xüsusilə "Milli Nəğmələr"
lirik şeirlər toplusunun nəşri onun böyük
qardaşı Qafur Rəşad Mirzəzadənin öhdəsinə
düşdü. Almanaxın çap versiyası qismən
gecikdi və 1919-cu ilin ikinci yarısında işıq
üzü gördü. Qafur Rəşadın redaktorluğu
ilə çıxan topluya Cəmo bəyin "Vətənim"
şeiri də cüzi dəyişiklik edilərək "Vətən
marşı" adı ilə daxil olundu. Çünki
artıq Üzeyir bəy Hacıbəyli dostu Cəmo bəyin
"Vətənim"inə marş bəsləmişdi...
C.Cəbrayılbəyli böyük
yaradıcılıq əzmi, şövqü ilə Alekseyev
adına altıillik 3-cü ali-ibtidai məktəbdə
pedaqoji fəaliyyətini davam etdirsə də, cəmi bir tədris
ilindən sonra - 1918-ci ilin noyabr ayında onun iş yerini şəhərin
daha qabaqcıl təhsil müəssisələrindən birinə
- Bakı Birinci Realnı məktəbinə dəyişilməsi
ilə bağlı əmr verildi. O, Nikolayev küçəsi
6 ünvanında (indiki İstiqlaliyyət küçəsi)
yerləşən Bakı Realnı məktəbinə Təbiyyat
müəllimi vəzifəsinə göndərildi.
Məktəbin direktoru o vaxt böyük pedaqoji təcrübəyə
malik, tanınmış maarif işçisi İvan
Viktoroviç Denfer idi. C.Cəbrayılbəyli ilə eyni
zamanda Birinci Realnı məktəbinə Qafur Rəşad Mirzəzadə,
Ağa Əli Rağib Qasımzadə, Xudaverdi Kələntərli,
İbrahim Səfərov və digər ziyalılar müəllim
vəzifəsinə təyin edildilər. Abdulla Şaiq və
Əbdül Əli bəy Cəbibəyov isə bu məktəbdə,
artıq bir neçə il idi ki,
çalışırdılar.
Cəmo bəy Cəbrayılbəyli və yaxın
dostları üçün 1919-cu il xüsusilə uğurlu
oldu. Edadi və rüşdiyyə məktəbləri
üçün Abdulla Şaiqin "Ədəbiyyat dərsləri"
(H.Cavidlə müştərək), "Türk çələngi",
Ağa Əli Rağib Qasımzadənin "Hesab məsələləri
məcmuəsi", Səməd bəy Hacıəlizadənin
"Rəhbəri-cəbr", Cəmo bəyin "Tarixi-təbii"
kitabları Xalq Cümhuriyyətinin "Hökumət mətbəəsi"ndə
böyük tirajla nəşr edildi.
Cəmo bəy Cəbrayılbəylinin yaxın
dostlarından biri də görkəmli filosof-şair,
böyük müəllim Hüseyn Cavid əfəndi idi.
1916-cı ildə indiki Filarmoniyanın bağında onu
H.Cavidlə Abdulla Şaiq tanış etmişdi.
1921-1933-cü illərdə Darülmüəllimində
(Pedaqoji texnikumda) Cəmo bəy biologiya fənnini, Hüseyn
Cavid isə türk (Azərbaycan) dili və ədəbiyyatını
tədris edirdi. Onun müəllimliyi, xoş xasiyyəti,
qonşuluq münasibətləri haqqında Cəmo bəy
yazırdı: "Mən, Cavidlə 1921-ci ildən 1933-cü
ilə kimi bir yerdə işlədim. Darülmüəllimin
Kommunist küçəsindəki binasında (indiki
Əlyazmalar İnstitutunda -A.R.)... müəllimlərdən
bir neçəsinə ev verilmişdi. Mən binanın ikinci
mərtəbəsində, Cavid isə üçüncü mərtəbəsində
yaşayırdıq. Beləliklə, mən Cavidlə 8 il
qonşu olmuşam. Öz ailəsinə mehriban olan,
uşaqlarını, arvadı Müşkinaz xanımı dərin
məhəbbətlə sevən Hüseyn Cavid, bizim ailənin
də əzizi idi" (C.Cəbrayılbəyli. "Xatirələrim",
Bakı, Azərnəşr, 1966, səh.164-165).
Cəmo bəy xatirələrində böyük ədibin
pedaqoji düşüncələrindən, sadəliyindən,
səmimiliyindən sevgisindən, təvazökarlığından,
diqqətcilliyindən, mehriban qonşuluq münasibətlərindən
söz açaraq onu sevimli dramaturq, nüfuz sahibi, vətənpərvər
şəxsiyyət kimi təqdim etməyi bacarıb.
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-2024.- 12 sentyabr,(№165).-S.13.