"Qibləgahım - göz açdığım torpağım..."

"Qələm əlimdə, xəstəm qəlbimdə" deyən həkim-şair Sevil Sadıxovanın şeirləri haqında düşündüklərim

 

 

Dünyanı dərindən duyan, dilə gətirərək sözə çevirənlər Allahın seçilmiş, sevimli bəndələridirlər. Sözü dilə gətirənlər, nəzmə çəkənlər həm də düşüncələrini, qəlbinin, ruhunun səsini misralara çevirərək aydınladan, yol göstərən, ibrət verənlərdir. Həkim-kardioloq Sevil Sadıxova da sözün sehrinə düşüb onu sevənlərdən, sözlə yaşayanlardan biridir. Hələ kiçik yaşlarından şeirə, ədəbiyyata böyük marağı olub Sevil xanımın. Əslində hər şey uşaqlıqdan, ailə, məktəb tərbiyəsindən başlayır. Sevil ziyalı ailəsində böyüyüb, boya-başa çatıb. Sahib olduğu mənəvi, mental dəyərləri Tofiq atadan, Gülarə anadan əxz edib. Elə sözə, ədəbiyyata, vətənə, doğma ata-baba ocağına sevgini də. Orta məktəbi əla qiymətlərlə bitirən Sevil həkimlik sənətini seçir. Tibb Universitetində oxuduğu illərdə bu peşənin sirlərini dərindən öyrənir, təhsilini müvəffəqiyyətlə başa vurur. Hipokrat andı içərək əyninə ağ xalat geyinir, həkimliyə başlayır. Qəlbinin səsi onu birbaşqa aləmə də səsləyir, "ürəyinin sözü əlinə qələm" almağa məcbur edir.

Təbabətlə poeziyanı qoşa qanad hesab edənlər yanılmırlar. İnsanın ovqatına, ruhuna müsbət təsir edən söz məlhəmdir. İncə ruhlu, sözün dəyərini bilən, sözün gücü ilə şəfalandıran Sevil xanım təbabətə də, poeziyaya da ürəkdən bağlıdır:

Dolaşıram çarpayıların arasında

 

sərsəm kimi,

pıçıldaşıram Tanrımla...

hazıram ürəyimdən paya

aortamdan calağatəki,

Yaradan yaşatsın yaratdığını.

 

O, həkim kimi insanın fiziologiyasını dərindən bildiyi qədər, ruh aləminə, mənəvi-psixoloji varlığına da yaxşı bələddir. Bu aləmi duyur, sözün ecazkar gücü ilə müdaxilə etməyi bacarır. Sevil həkim ürəyin kardioqrammasındakı hər cizgini, enən, yüksələn xətləri diqqətlə izləyib düzgün diaqnoz təyin edə bildiyi kimi, onun ruhsal halını da poetik dillə çözməyi bacarır:

 

Ürək tövşüyür,

doludur içi,

Yüklüdür deyə

ağır gəlir çəkisi.

 

"Tibbə məlum olmayan ürək" şeirində:

 

Eh, fağır ürək,

dil deyil ki,

deyinə-deyinə boşala.

Göz deyil ki, yuma-aça,

dərdini yaşla yuya.

Dözməli, yükü çiyin deyil,

ürək çəkməli!

 

Sevil xanım xəstənin ağrı-acılarına şərik olmağı, onlara şəfa verməyi özünün müqəddəs borcu bilir. "Xatircəm xəstənin sağalmaq eşqi cənnəti vəd edir", "bircə kəlməm ümid verir neçəsinə" - deyərək həkimlik peşəsindən aldığı mənəvi rahatlığı misralara çevirir:

 

Əslində mən yox,

Onlar gərəkdir mənə:

Qələm əlimdə, xəstəm qəlbimdə...

 

Ağ xalatlı Sevil həkimin rəngarəng qəlb dünyası var. Bu dünyanın acısı, şirini var. Qüzeyi, güneyi, buludlu, yağmurlu günləri, tutqun gecələri, günəşli, işıqlı gündüzləri, xoşbəxt anları var. Qəlbində baş qaldıran duyğular bəzən onu daxildən titrədir. Özünə çəkilməyə, ürəyini boşaltmağa ehtiyac hiss edir. Bu zaman sanki gözə görünməz qüvvə onu sirli, sehirli bir aləmə çəkir. Bu aləmdə o özünü daha yaxşı ifadə edə bilir. Düşündüklərini, qəlbindən keçənləri daha rahat söyləyə, daha səmimi etiraf edə bilir. Kəlmələr sətirləri, misralar bəndləri yaradır. Onun ərki kağıza, vərəqə çatır. Qələm Sevil xanımın həmdərdidir. Sevincinin, qəminin ortağı, duyğularını, düşüncələrini ifadə edən, sözlərə çevirən ürək həmdəmi, sirdaşıdır:

 

Boşaldıqca ürəyim

dolur nimdaş üzlü dəftərim.

Bura yığmışam

dərdimi, sevincimi,

xəlvəti məqamımı.

Gəzməyin məni

biyabanda -  məzarda.

Axtarın heca-misramda.

Dolasın sətirləri,

bölüşün bahalı miras kimi.

 

Sevil xanımın könül dünyası, mənəvi mühiti, ictimai amal və qayəsi, şəxsi ləyaqəti onun qələmində təcəssüm tapır. Bu qələm vasitəsi ilə o, istək və arzularını, onu düşündürən, narahat edən əxlaqi-etik, sosial problemləri şeirə gətirir. Özünü şair adlandırmaqdan çəkinən, "bitməz əbədiyyətə bir damla, ümman şeirə, sənətə bir damcı" hesab edən Sevil xanım hər şeydən öncə, onu duyacaq kəsləri, düşüncələrinə həmfikir axtarır:

 

Bəyənmədən də oxuyun,

tənqid-təhlillə qələmimə də toxunun.

Eybi nə?

Bircə,

lojaya kuponu olan

yabançı tamaşaçı kimi

baxmayın

Ümumi Təlaş adlı drama!!!

 

Sevil xanımın şeirlərində məqamında və yerində deyilən sözlər, ifadələr oxucunu düşündürür, nəticə çıxarmağına imkan yaradır. Onun şeirləri təkcə müəllifin fərdi düşüncələrinin, hiss və duyğularının məhsulu olaraq qalmır, oxucusunun qəlbinə yol tapır, könlünü, ruhunu oxşayır, onu daxilən saflaşdırır, mənəvi-əxlaqi təkamülə səsləyir.

Həkim-şair iki şeir kitabının müəllifidir. Həyatının müxtəlif mərhələlərində qələmə aldığı şeirləri "Açıq alınla, ağ vüqarımla" (2016), "Mən dedim, güzgü dedi, haqqı olan ürək susdu" (2022) adlı kitablarda toplanıb. Bu kitablardakı şeirlərin mövzu dairəsi genişdir. Şairin oxucuya təqdim etdiyi poetik qəhrəman həssas qəlbə, zəngin mənəvi aləmə, aydın ictimai məqama malik bir şəxsiyyətdir:

 

Səpələndim mərcan kimi,

Paralandım kal nar kimi,

Havalandım ozan kimi,

Dönmədim, dönmədim ki

özümdən...

Cızılan yoldan,

kəsilən nandan,

bir də Yaradandan

Mən ki dönmədim.

 

Tanrıya, torpağına, ocağına sədaqət lirik qəhrəmanın xarakterik xüsusiyyətləridir. O, namusla yaşamağı, vicdanla ömür sürməyi hər şeydən üstün tutur. Vüqarlı, əyilməz, çətinliklərə sinə gərəndir.

 

Səcdəgahım - halal yanan ocağım,

Qibləgahım - göz açdığım torpağım,

Könül sevdam usanmayan Pənahım,

Mən yox, qoca dünya "mənim qonağım".

 

Sevil xanım kövrək, sevgi dolu bir ürək sahibidir. Onun könül dünyası Tanrıya, Vətəninə, xalqına, milli köklərə, mənəvi dəyərlərə, ailə ənənələrinə dərindən bağlıdır.

 

Şairin lirik qəhrəmanının ən böyük məramı Vətənə layiq övlad kimi ona sonsuz məhəbbətlə, qəlbən bağlı olmaqdır. Vətənə xidmət, təmanasız məhəbbət, sədaqət onun hər daşını, havasını, suyunu, torpağını, sərhəddini, dilini, "babaların keçmişini", "nəvələrin ümidini, gələcəyini" qorumaqdır. "Yolunda can qanını tökməkdir". "Elmlə ucaltsan, Vətən adını, şöhrətini, bu depozitdir, xərclənməyən sərvətdir". Bütün bunlar şairin vətəndaşlıq qayəsi, Vətən məhəbbətindən yoğrulmuş amalıdır. Onun qələmində Vətən hər zaman öz ünvanı, qədim köklərə bağlı tarixi, mədəniyyəti, soydaşları, təbii gözəllikləri, mənəvi dəyərləri, adət-ənənələri olan ulu bir məkandır. Şair üçün Vətən Zəngilandan başlanan Qarabağlı, o taylı-bu taylı bütöv Azərbaycandır. "Yuxularda gedirəm Zəngilana, əl edirəm ağ yaylıqlı dağlara" - şair xəyalən doğma torpaqları dolaşırdı. "Zəngilanım, öpəydim kaş torpağını, qoxlayaydım örpəyini" - arzusu ilə ana yurda xitab edir, otuz illik həsrətin yanğısı ilə dilə gəlirdi:

 

Sinəmə çəksəm, dərman havanı,

doymadan içsəm,

Kinavdakı bulaq suyunu,

donumu sındırsa,

Süsəndən süzülən günəş məşəli

əbədi vida etmək üçün

hicranımla, qübarımla,

dönərəm yurduma niyazımla,

qurbanımla!

 

Nəhayət, uzun yol gələn Qələbə xəbəri həsrətə son qoydu. 44 günlük Vətən Müharibəsinin gətirdiyi şanlı Zəfər şairin dərdlərinə məlhəm oldu. Ali Baş Komandanın qətiyyəti, dəmir yumruğu, müzəffər ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına azad olunan Vətən torpaqlarında üçrəngli bayrağımız bütün torpaqlarımızda göylərə ucaldı. Böyük Zəfərin yaratdığı ehtişamlı ovqat, nikbin əhval-ruhiyyə, qürur hissi, şəhidlərimizin ruhuna dərin ehtiram Sevil xanımın son illərdə yazdığı şeirlərdə mühüm yer tutur.

Onun qələmə aldığı şeirlərin bir çoxu ata-anaya olan müqəddəs sevgi hisslərinin, övlad məhəbbətinin tərənnümünə həsr olunub. Bu şeirlərdə atalı-analı illərin xoşbəxt, sevinc dolu günlərini yaşayan övladın pak, səmimi fikir və duyğuları, onları itirdikdən sonra keçirdiyi iztirab, nisgil, kədər hissəri öz bədii əksini tapıb. Vaxtsız ata itkisindən doğan kədər, atasızlıq dərdi şairi bir an tərk etmir. O, xəyalən atalı günlərə qayıdır, xoşbəxt, qayğısız, fərəh dolu anları yada salır. Ata həsrəti qəlbində qübar bağlasa da, bu xatirələr ona olan sevgisi qədər əziz və əvəzolunmazdır:

 

Uşaqlığım bir, xatirəsi min,

dönüb xınalı hophopa

uçar bizim köhnə bağa.

Hasarı yox, barı yox bu bağın

Yiyəsi yox, bağrında dağı var

bu tifağın.

Özü gedib, adı qalıb o Tofiqin

Eşidirəm şən səsləri,

qulağım uzaqdan alan

şaqraq gülüşləri.

Görünər gözümə həsrət-adam...

 

Sevil xanım "tanıyanların fəxrlə andığı" atasını "savadı, zəhmətsevərliyi ilə cəmiyyətdə müəyyən məqama yüksəlmiş", səxavətli, həqiqətpərəst, ocağına sədaqətli bir insan, qayğıkeş ailə başçısı kimi xatırlayır. Bir övlad kimi "43 illik həyatında çoxlarının həsəd aparacağı mənalı ömrə sahib olmuş" atasının təmiz adı, vətənpərvərliyi, dövlətsevərliyi ilə fəxr edir. Atasının unudulmaz obrazını yaratdığı şeirlərdə sadəcə qəlbindən doğan səmimi duyğuları ifadə etmir, belə bir həyat həqiqətini də dilə gətirir, valideynin ruhu o zaman rahatdır ki, övladlar onun qoyduğu yolu, əməllərini ləyaqətlə davam etdirirlər.

 

Adın özümüzdə, qəlbimizdə

Bilən bilir, dəyərini, qədrini.

Bizə düşən ruhunu hüznlə,

hüzurla anmaq...

 

Şair anasına olan ülvi məhəbbəti də həmişə ürəyində gəzdirir, zaman-zaman saf, səmimi hiss və duyğularını sətirlərə köçürür. Ana Tanrıdan sonra səcdə etdiyi yeganə varlıqdır. Onun "könül məlhəmi", "ruhunun şəfasıdır". Ömür yoluna işıq tutan, nur ələyən, dünyanı duyub dərk etməkdə yol göstərənidir. Sevil xanıma görə "heç bir hikmət "Ana" kəlməsindən yüksəyə qalxa bilmir":

 

Təbiətdir sənlə bəhsə girən,

torpaqdır səni təkrar edən...

Vətəndir səndən başlayan,

həyatdır sənlə yaşanan.

Sənin hər qəlbdə özəl yerin,

əksilməyən əzəmətin var.

 

O, ana həsrətini, keçirdiyi hissləri özünəməxsus, səmimi, ürək yanğısı ilə ifadə edir. Ataya, anaya məhəbbət, ehtiram, övladlıq borcu, itkilərdən doğan kədər - qələmə aldığı bu mövzulu şeirlərin hər birində yenə də Sevil xanımın həssas, sevgi dolu ürəyi, qəlbinin sevinci, harayı, həzin pıçıltıları, ailə ənənələrinə, milli-mənəvi köklərə bağlılıq öz əksini tapır.

Şair və həkim-kardioloq Sevil xanım məsləyinə, qələminə hər zaman sadiqdir. Yenə də "Qələmi əlində, xəstəsi qəlbində"dir. İnanıram ki, hələ uzun illər onun həkimlik məsləyi ilə ruh məsləyi - şairliyi insanlığa, şeiriyyətə, ruhun və bədənin şəfalanmasına birgə xidmət edəcək.

 

Rəfayət ƏLİMİRZƏYEVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.-2024.- 12 sentyabr,(№165).-S.12.