Kal nar Şəhidlərimizin əziz xatirəsinə

 

Uşaqlıqdan bəri dənələri hələ ağ mirvari tək olandan başlayıram nar yeməyə, ta ki sovuşana qədər! Yenə uşaqlıq adəti başımda yetişməmiş bir nar dərib həyətdəki masanın kənarında oturub, yeyirdim. Bu vaxt yoldaşım işdən gəldi. Sentyabr ayının əvvəlləri idi. Onda biz təzə evlənmişdik... Təəccüb edərək, güldü və soruşdu:- Bu ki hələ yetişməyib, dənələri ağappaqdır, onu necə yeyə bilirsən?..

- Gəl sən də ye, çox qəşəngdir, sənin də xoşuna gələcək.

- Gözlə, bu dəqiqə gəlirəm, - deyib bağçaya getdi. Qayıdanda ovcunda gətirdiyi bir cüt çəhrayı qabıqlı narı masanın üzərinə qoydu. Al, bunların dadında bax, fərqi görəcəksən, bu narın yerini ancaq mən bilirəm, həmin ağacdan xüsusi olaraq sənin üçün öz əllərimlə dərdim, - dedi.

Kal olsa da, muncuq dənələrində bir az irilik, azca da qızarmışlıq olan bu narların fərqli dadı həqiqətən də insana xüsusi zövq verirdi.

Həyətimizdə xeyli sayda nar ağacları vardı. Soruşdum ki, hansı ağacdan dərirsən, yerini mənə də göstər. Gülümsədi, könlünə nə vaxt nar düşsə, sən istə, özüm şəxsən dərib gətirəcəm sənə... O gündən sonra hər gün bir nar dərib gətirərdi. Mən də zarafatla, - O ağacın dibində xəzinə var, yəqin, ona görə yerini mənə göstərmirsən, - deyirdim. İçi ağ narları yeməkdən daha əl çək, deyib, - o da zarafatından qalmırdı.

Bu günlərə payız öz qırqınlığını, solğunluğunu qatana qədər, beləcə sadə, xoş günlər bir-birini əvəz edirdi. 26 sentyabr bütün xoş günlərin nöqtəsini qoyub, içimizdəki ahların nidasına çevrildi. Onu əllərimlə yola saldım cəbhəyə. Müharibənin 15-ci günündən sonra ondan xəbər tuta bilməmək, mənə hər şeyi unutdurmuşdu...

Məni elə öyrətmişdi ki, əlləri ilə dərib gətirdiyi narın gözəlliyinə, şirinliyinə... Ondan xəbər ala bilmədikcə düyünlənmiş  boğazımdan heç keçərmi nar dənəsi? Elə o gündən niyyət etdim ki, O özü sağ-salamat gəlib öz əlləri ilə bu həyətdəki ağacdan mənə nar dərib verənə qədər yeməyəcəm.

Nar yetişdi, dərildi, sovuşdu, ağaclar yarpaqlarını tökdü, yeni mövsümə hazırlaşırdı, amma bizim gözümüz yollardan yığılmadı. Mənim niyyətim həyata keçmədi, eləcə ürəyimdə köhnəldi.

Həyat çox qəribə deyilmi?! Bəzən insanın bütöv bir taleyinə çevrilən xoşbəxtliyin ömrü bir nar mövsümü qədər olmur. Həyat o qədər qısadır ki, onun əllərindən yetişmiş nar alıb yeməyimə ömür vəfa etmədi.

Gələn il bir də süfrədə görəndə bildim, artıq, nar yetişib. Gözlərim zillənib qaldı narın gözəlliyində, nəfsim çəkmirdi, əllərim uzanmırdı, ürəyim istəmirdi ən sevdiyim meyvəni. Sanki niyyətim məni həm möhkəmləndirmiş, həm də inamlı tuturdu. O gələcək və yenə mənə öz əlləri ilə həmin ağacdan nar dərib gətirəcək. Sonra düşdüm baxçaya nar ağaclarına nəzər saldım. Çiçək açandan meyvə olacağı günü səbirsizliklə gözləməyə başladığım o ağacın, o meyvənin necə yetişdiyinin fərqində belə olmamışam.

İnsanın arzularına zidd, qəbul etmədiyi, yaşamaq istəməyib də, içində oluğu bir hadisənin əksini ümid etmək, sanki həyatın günahlarına göz yummaq, baş verənlərin geriyə qayıtması üçün həyata bir şans verməkdir. Həyata, yaşananlara üsyan isə ümidlər son nəfəsini verdiyi an baş qaldırır. Mənim də ümidlərim son nəfəsini verirdi, acı həqiqətlə barışmağa qərar vermək də əzizinin ölüm ağrısı qədər ağırdır. İllər sonra nəfsim çəkməsə də, niyyətimi pozaraq, narı yedikcə yedim, hər dəfə narı böldükcə sanki, ümidlə dolu, həyəcanlı, ağrılı-acılı günlərimin xatirələri, sıx dənələrin içindən ayrılıb üstümə dağılır. Və hər dağılan nar dənələri ilə mən həyata üsyan edirəm.

İllərdir yaşamaq sevgisi, uşaqlıq həvəsi məni tərk etdiyi üçün, artıq, kal nar yemirəm. Çünki bilirəm heç biri onun dərib gətirdiyi o kal narın dadını verməyəcək.

 

Xalisə MƏMMƏDOVA

525-ci qəzet.-2024.- 12 sentyabr,(№165).-S.11.