Ömrümün
qızıl dövründən gələn insan...
Elə insanlar var ki, onları tanımağa uzun zaman gərək
deyil. Görən kimi gözəl qəlbli, xeyirxah, tərbiyəli, yüksək mədəniyyət
sahibi olduğunu anlayırsan. Hətta şəkillərindən
seçilir belələri. Belə adamların yeriyəndə
torpaq nədir,
qarışqanı da incitməməklərinə əmin
olursan. Onlarla min il yol yoldaşı, min il iş yoldaşı
olmaq keçir ürəyindən...
Onun şəkillərini feysbukda hər gördükcə
gəncliyimi, ömrümün
qızıl fəslini xatırlayıram. Nələr
keçmir ürəyimdən... Oturduğumuz auditoriyalar, tələbə
yoldaşlarımızla söhbətlərimiz, gözəl
müəllimlərimizin dərsləri. Daha nələr, daha nələr...
Tələbələrlə mehriban
salamlaşdığı, imtahan zamanı baş verən
söhbətimiz gəlir gözümün önünə...
Həmişə soyadım birinci beşlikdə olduğundan
ilk imtahana girənlərdən olurdum. Ən xoşuma gəlməyən
anlardı tələbə həyatında. Hamı
gedişatı öyrəndikdən,
mövzuları təkrarladıqdan sonra girirdi auditoriyaya.
Mənsə gələn kimi,
yuxulu-yuxulu cavab verməli olurdum...
Jurnalistika tarixindən imtahan gedirdi. İçəri
girən kimi bileti götürüb, baxdım. Sualların
hamısını bilsəm də, özümü yoxlamaq
üçün kitaba baxmağa çalışdım. Təəssüf
ki, bunu da heç zaman bacarmadım. Elə qonşu partada
oturan tələbə yoldaşımdan əyilib kitabı
almaq istəyirdim ki, başımı qaldıranda Akif müəllimin
üzümə baxıb, gülümsədiyini gördüm.
Çox pərt oldum. Onun belə səbirli
davranması, etikası, tənbeh etmək əvəzinə
baxıb, gülümsəməsi, məni həyəcanladırmaq
istəməməsi çox pis gəldi mənə. O, bunu
hiss edib dedi:
- Sən bu suallara seminarlarda cavab vermisən axı. Bir
də heç vaxt köçürməyi bacarmırsan, bilirəm.
Məncə, əla cavab verəcəksən.
Nə deyəcəyimi bilmədim. Susdum...
Əslində haqlıydı. Məni məndən
yaxşı bilirdi müəllimim. Nəyi bilirdimsə, onunla
da qiymət alırdım. Sonradan heç nə əldə edə
bilmirdim. Növbəm gələndə yenə gülümsədi.
Sakitcə cavablarımı dinləyib,
qiymətimi yazdı. Heç bir əlavə sual da vermədi.
Və dedi:
- Bax, görürsən, əla cavab verdin...
Bilmirəm, doğrudan əla cavab vermişdim, yoxsa
Akif müəllim məni pərt etməmək
üçün mənə "əla" yazdı...
Ömrümün qızıl dövrünün adamı,
gözəl, sadə insan, dəyərli müəllim Akif
Rüstəmov...
Bakı Dövlət Universitetinin Jurnalistika nəzəriyyəsi
və təcrübəsi kafedrasının professoru Akif
Rüstəmov Ağdamda ziyalı ailəsində dünyaya
göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Universitetin Jurnalistika fakültəsinə
üz tutub. Sözə əsir düşənlərdən
olub...
İlk qələm təcrübəsi də
Ağdamda çıxan
"Lenin yolu" qəzetində dərc olunub, orta məktəbdə
oxuyanda. Həm də qəribədir ki, nə sahədə
çalışanlardan bəhs edib, nə də fəhlələrdən.
Standartlardan qaçıb.
"Uzaq sahillərdə" filmindən yazıb. Vətən sevdalı, vətən
aşiqi bir qəhrəmandan. Qorxmaz, cəsur, düşmənləri
lərzəyə gətirən igiddən - Azərbaycanın
unudulmaz, əfsanəvi övladı Mehdi Hüseynzadədən.
Sonra müxtəlif mətbuat orqanlarında müxtəlif
mövzularda bir-birindən rəngarəng yazıları, elmi
məqalələri işıq üzü görüb...
Kitabları, jurnalistikaya aid dərslikləri çapdan
çıxıb. Bir pedaqoq kimi, bir müəllim kimi saysız mükafatlara layiq
görülüb.
Filologiya üzrə fəlsəfə doktoru, professordu
Akif Rüstəmov. Jurnalistika fakültəsində
laborantlıqdan başlayıb
professorluğa qədər ucalıb...
Kimdən soruşdumsa, kimi dindirdimsə, hamı "mələk
kimi insandır" dedi. Qayəsi dürüstlük,
xeyirxahlıq, sadəlikdir. Bir də jurnalistika fakültəsinin
dekanı işləyəndə öz dedikləri, öz
sözləri düşdü
yadıma: "Elə işləmək lazımdı kir, vəzifədən
getdikdən sonra salam verənlərinin sayı
azalmasın..."
Bu da Tahir Aydınoğlunun dedikləridir:
"Jurnalistika fakültəsinin tələbələri
üçün Akif müəllim sadəcə "nurlu
adam"dır. Təbəssümü, səmimiyyəti,
mehribanlığı, qayğıkeşliyi, təmizliyi ilə.
Bəlkə də Akif müəllim özü də bilmir ki,
necə xoşbəxtdir. Çünki tələbələri
onu çox sevirlər. Akif müəllim elə
insanlardandır ki, yaşının hansı dönəmində
olsa belə, adama elə gəlir ki, o, heç dəyişmir.
Cavanlığında da belə imiş, indi də belədir,
lap qocalanda da belə olacaq...
Bir də istəyirik, sizə bir sirr açaq.
Jurnalistika fakültəsinə yolumuz düşəndə
gözümüz birinci Sizi gəzir..."
Bax, bu, doğrudan da əsl xoşbəxtlikdir, ən
böyük, əvəzedilməz mükafatdır, Akif müəllim!
Müxtəlif orqanlardan
mükafatlar almaq olar. Ancaq tələbələrin
sevgisini, hörmətini, sayğısını qazanmaq ən
ucasıdır, ən üstünüdür...
Hər dəfə sizi görəndə o illərin
bütün günləri səhifələnir, xatirələr
qəlbimi incidir. Şirini də, acısı da yada
düşür. Əlim çatmır nə şirininə,
nə də acısına... Bir zamanlar jurnalistika fakültəsinin yerləşdiyi binanın yerində
indi nə yerləşdiyini bilmirəm. Amma mənim
üçün Bakı şəhərində o bina ən əziz,
ən unudulmaz, ən gözəl, əvəzedilməz
tikilidir... Hərdən ayağım Bakıya düşəndə bilərəkdən yolumu ordan
salıram, ordan keçirəm. Bir şeyi bəhanə edib o
yerləri görməyə gedirəm. Hər dəfə də gözlərim
yaşarır. Özümə
sual veririrəm: Niyə keçən günün bircə
anını geri döndərmək olmur? Axı möcüzələr
baş verir dünyada...
Elə bir an olsaydı, sadəcə həmin binaya gedərdim.
O bircə anı yaşamaq üçün. Dostlarımı,
tələbə yoldaşlarımı, müəllimlərimi
görmək üçün...
O fakültədə heç sevilməyən müəllim
yox idi. Sevilənlər və ən çox sevilənlər
vardı. Famil müəllim, Şirməmməd müəllim,
Tofiq müəllim, Nurəddin müəllim, Nəriman müəllim, Ceyran xanım, Seyfulla müəllim, Əliş müəllim,
Yalçın müəllim, Cahangir müəllim, Nəsir
müəllim... Gözəl insanlar, gözəl müəllimlər,
gözəl alimlər. Qızıl əyarlı adamlar... Azərbaycan
jurnalistika tarixində önəmli yer tutan insanlar. Mətbuatımızı
inkişaf etdirən insanları yetişdirənlər...
Bir də Akif Rüstəmov... Siz, ən çox sevilənlərdənsiniz,
həyatımın qızıl dövrünün adamı!
Yeriyəndə yeri incitməyən müəllimim, mələk
kimi insan, nurlu adam...
Mən sakit insanları, baş verənləri,
ağrılarını, acılarını içində
çəkənləri çox sevirəm. Öz problemlərini,
acılarını
başqalarına yükləyənlər təbiətimə
yaddır. Siz də heç zaman üzərinizdəki
yükü kimsəyə yükləmirsiniz. İçinizdə, ürəyinizdə çəkirsiniz.
Özünüz hər şeyin həllini
tapırsınız, yoluna qoyursunuz. Tələbələrinizə
də, yoldaşlarınıza da kömək əli
uzadırsınız.
Siz məni xatırlamazsınız. Adi bir
qızdım. Elə gözə girmək, özünü
tanıtmağa çalışmaq bacarığım da
yoxdur. Dekanatlığa da gəlməzdim. Auditoryanın bir
küncündə oturardım dərslərim bitənə qədər.
Boş zamanlarımda yazardım. Bir də ki, yüzlərlə
mənim kimi tələbələr gəlib-gedib jurnalistika
fakültəsinə. Hamını yadda saxlamaq zorunda deyilsiniz.
Amma mən sizi çox yaxşı xatırlayıram.
Hər zaman da hörmətlə, sayğıyla yada
salıram. Çox yaşayın deyirəm. İndi bizə dərs
deməsəniz də, sizi görmək,
yazılarınızı oxumaq qəlbimizi sızladan tələbəlik
illərimizi xatırladır bizə. Xatirələrlə,
sevgilərlə dolu insan...
Görən, ömrümüzün o qızıl illərinə
bir an da olsa qayıda bilərik? Nə deyirsiniz, Akif müəllim?
Axı bizim bütün bilmədiyimiz suallarımıza
cavabları müəllimlərimiz
verirdi...
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
525-ci qəzet.-2024.- 12 sentyabr (¹165).-S.10.