El-oba sevgisi ilə
xatırlanmaq
Tanıdığın adamlar haqqında
keçmiş zamanda danışmaq çətindir.
Ömrünün ağsaqqallıq çağında hər
sözü bir kəlam qüdrətində olanları
xatırlayanda, onun dediklərini yada salanda, yadına
düşənlərin həyat gerçəklikləri ilə
necə səsləşdiyini düşünəndə
acı bir təəssüf də yaşayırsan: Əcəl
aldı, Yer gizlədi. Ancaq fani dünya xoş əməllərə
qalır, yaxşı ada qalır, el üçün
yaşanılan illərə qalır, illəri ömürləşdirənlərin
kəlamlarına qalır. İmran Həbib oğlunu - məndən
36 yaş böyük olan el ağsaqqalı kimi
tanıdığım, ağsaqqal kimi də sevdiyim insanı
da həmişə duru xatirələrlə anmışam.
Tanıyanların hamısı onu belə anır, belə
anacaq...
Zəngilan elinin güvənc yeri, inam, ümid
ünvanı olan Seyid Həsən ağa İmran Həbib
oğlunu dürüst ömürlü bir kişi kimi dəyərləndirirmiş.
Seyid Həsən ağa İmran kişinin oğlu
Vidadiyə Müqəddəsov deyərmiş və dediyini əsaslandırarmış:
"Müqəddəs adam Allahın qoyduğu qanunlara riayət
edənlərdir, harama tamah salmayanlardır, paklığı
sevənlərdir, halal insanlardır. Sənin atan belə
kişidir..." 22-23 yaşlı cavan atası haqqında
deyilən bu xoş kəlmələri hansı ovqatla dinləmişdisə,
bu günəcən İmran Həbib oğlu həmin ovqatla
xatırlanır...
1920-ci ildə Zəngilanın Zəngilan kəndində
anadan olub. Zəngilan kənd 7 illik məktəbini, sonra
mühasibatlıq kursunu bitirib. Mühasibat üzrə kadr
idi...
İmran kasıb ailədə böyüyüb.
Güzəranın çətinliyi onun düşüncələrində
halallıq cücərdib. Göz açıb, halal yaşayan
ailənin çörəyini yeyib, halal kişinin halal
öyüdlərini eşidib. Böyüyüb,
halallığı ömrünün işığı
bilib.
İmran Hacıyev 1939-cu ilin dekabrından 1941-ci ilin
yanvarınadək Zəngilan rayon komsomol komitəsində
texniki katib işləyib. O illərdə gənclərlə
ünsiyyət yarada bilməyən, kifayət qədər
geniş dünyagörüşə malik olmayan, siyasi
düşüncələri dövlətçiliklə səsləşməyən
gənci bu sistemdə işə təyin etməzdilər; o
illər siyasətin illəriydi, siyasi illəriydi. İmran
Hacıyev işlədiyi müddətdə partiyanın
idelogiyasını yerinə yetirirdi. Dövrünün gənci
idi və dövrünün gənci olmayanların aqibətinin
sonluğunu da yaxşı bilirdi. "Məqam
çatmamış çayın axınına qarşı
üzənləri sellər aparır, səbirlə işlə,
dünya belə qalmaz...", - ağsaqqalların məsləhətlərini
düşüncələrinə hopdurardı, həm də
bu məsləhətlərin niyə deyildiyini dərk edərək
hopdurardı...
Müharibə başlayanda İmrana "bron"
verilmişdi. İşinə görə, qabiliyyətinə
görə tanınmışdı. Onun rayonda neçə-neçə
işçini əvəz edə biləcəyinə
inanıb saxlamışdılar. İmran Həbib oğlu
1941-ci ilin yanvarından 1944-cü ilin avqustunadək rayon partiya
komitəsində (RPK-də) kadrların uçotu üzrə
katib, statistik, Maşın-Traktor Stansiyasında siyası
şöbə rəisinin
komsomol işi üzrə müavini və Lenin adına kolxozda
hesabdar işləyib.
İlk tikinti işləri 1938-ci ildə başlayan
Sumqayıtın tikintisi müharibənin başlaması ilə
əlaqədar səngisə də, şəhər tikilirdi.
Cavan şəhər bina-bina böyüyürdü. Şəhərsalmada
müxtəlif peşə sahibləri də iştirak edirdi.
Kimisi göndərişlə, kimisi könüllü.
1944-cü ilin avqustundan İmran Hacıyev də onların
sırasındaydı. Zaqafqaziya Sənaye Tikinti İdarəsi
Sumqayıt şöbəsində fəhlə, sonra
kadrların uçotu üzrə təlimatçı işləyib.
Göz tutduqca uzanan ərazidə şəhər
olacağına inanmaya-inanmaya şəhər
salırdılar. Ailə vəziyyətinə görə orda
çox qala bilməyib, 1946-cı ilin fevralında Zəngilana
qayıdıb; Zəngilandan ayrı yaşamağı
bacarmayan zəngilanlılardan biri olub...
1946-cı ilin fevralından 1953-cü ilin fevralınadək
Vejnəli kəndində Stepan Şaumyan adına kolxozda, Bartaz
kəndində H.Hacıyev adına kolxozda, Lenin adına
sovxozda, Dəlləkli kəndində S.Kirov adına kolxozda və
Pirçıvan kəndində (indiki Zəngilan şəhərində)
Oktyabr adına kolxozda hesabdar işləyib.
1953-cü ilin fevralında Zəngilan RPK-də təlimatçı
vəzifəsinə irəli çəkilib. Zəmanəti
dürüstlüyü olub, məsuliyyətliyi olub,
dünyaduyumu olub, dövlətə sədaqəti olub. Aradan
on illər keçəndən sonra bu ifadənin səmimiliyinə
inanmayanlar da ola bilər. O illərdə ideologiyaya inanmaq cəmiyyətin
ehtiramı ilə əhatələnmək idi. Ehtiramı kim
arzulamazdı ki?!
İmran Həbib oğlu müxtəlif vəzifələrdə
işləyib. Əsasən hesabdar və partiya işçisi
kimi. Harda işləyibsə, işi bəyənilib. Ona
görə də dövrün yaxşı kadrlarından biri
kimi tanınıb. 1957-ci ilin oktyabr ayında Lenin adına
kolxoz partiya komitəsinin katibi seçilib. Bu, inam idi, etimad
idi, etibar idi. O dövrün seçiminə görə
dövlətə gərəkli vətəndaş idi. Beş
il bu vəzifədə işlədi. İşini bəyənirdilər.
Kolxozçular arasında ideoloji işin səviyyəsi də
yüksək dəyərləndirilirdi. Bunlar İmran
Hacıyevin yeni vəzifəyə təyinatında
mühüm əhəmiyyətə malik olmuşdu. 1962-ci ilin
iyul ayında rayon partiya komitəsinin təlimatçısı
təyin olundu. Bu vəzifədə iki il işlədi...
Bakı Ali Partiya Məktəbini qiyabi bitirərək
ali siyasi təhsil alan İmran Hacıyev sonralar
ayrı-ayrı vəzifələrdə də
dürüstlüklə işləyib. Baytar müalicəxanasının
baş mühasibi də, RPK-nin təlimatçısı da,
rayon plan komissiaysının sədri də, Kalinin adına
sovxoz partiya komitəsinin katibi də olub, Zəngilan kənd
sovetinin sədri də. Onun işindən hökumət də
razı qalıb, camaat da. El sevib onu. Öz zəhməti və
mənəvi saflığı ilə pillə-pillə
ucalıb. Bu ucalma mənəvi ehtiram idi, xətir-hörmət
idi. İmran Həbib oğlunun ömrü
ağsaqqallığa bu yoldan keçmişdi, o da belə
ağsaqqallaşmışdı.
Bir xatirə: Bir dəfə onu Zəngilan rayon
İstehlak Cəmiyyəti idarə heyətinin sədri təyin
etmək istəyiblər, sözarası soruşublar ki, təyin
olunsan, nədən başlayarsan. İmran Həbib oğlu deyib
ki, yoldaş katib, yeyintilərin qarşısını alaram,
haramlığa imkan vermərəm. Söhbət bununla bitib. Və
İmran Həbib oğlu həmin vəzifəyə təyin
olunmayıb. Həmin vaxtlarda onu qınayanlar da olub, qərarını
bəyənənlər də, onun bu vəzifəyə təyin
olunmamasına təəssüflənənlər də.
"Halallıqla haramlıq arasında bir nəfs qədər
yol var. Bu yol ömür deməkdir..." - kəlamı hər
kişini ər kişi edib həmişə; İmran Həbib
oğlu Zəngilanda ər kişi kimi tanınırdı...
Daha bir xatirə: 1970-ci il idi. Kolxozlar dövlət təsərrüfatına
çevrilirdi (camaatın varı-halı idi kolxoz, bir qərarla
bu var-dövlət dövlətin balansına keçirilirdi.
Dinib etirazını bildirən olmurdu, bildirən olsaydı,
son kəlmələrini tamamlamamış damlanardı...).
İmran Hacıyevi Lenin adına sovxoza direktor göndərmək
istəmişdilər. İmran yenə etiraz etmişdi. Kəndin
ağsaqqallarından biri qınamışdı onu: "Bu vəzifəyə
təyin olunması üçün filan qədər pul verənlər
var, səni pulsuz-parasız təyin edirlər. Niyə
Tanrına təpik atırsan, ay İmran?" - deyib. İmran
deyib ki, saxtakarlığı bacarmaram, o vəzifədə
işləyə bilmərəm, Mənim kimisinin yolu ordan
türməyədir...
Mütaliəni çox sevib. Klassiklərimizin əsərlərinə
düşüncələrinin "havası" deyərmiş.
Folklorumuzu sevə-sevə sevdirərmiş, söhbətlərində
folklora söykənərmiş, bu və ya digər hadisəyə
münasib misal çəkməyi də özünə vətəndaşlıq
borcu bilərmiş - bu şakər həm də min illərin
o üzündən gələn folklorumuzu yaşatma niyyətiydi.
Nağıllarımızı da oxumuşdu, "Kəlilə
və Dimnə"ni də, "Qabusnamə"ni də,
Nizamini də, Füzulini də, Nəsimini də, Vurğunu
da. Səməd Vurğunun "Vaxtsız əcəl, məndən
uzaq dolan, dur, Qürbət yerdə can vermərəm
ölümə..." misralarını
pıçıldadığı vaxtlar da olub. Vətənə
görə...
Vətənpərvərlik təkcə Vətəni
sevmək deyil. Vətəni sevən Vətənin vətəndaşını
da sevməlidir, onun heysiyyətini öz heysiyyəti bilməlidir.
Birinci Qarabağ müharibəsində İmran Hacıyev
döyüşənləri də, şəhid olanları da əzizi
bilirdi. Zəngilan mühasirədə olan vaxtlarda sovxozda
mühasib işləyirdi, yarı canı döyüşənlərin
yanındaydı. Onlara imkanı çatan qədər kömək
də edirdi. "Ən böyük, ən gərəkli
köməyimiz mənəvi köməkdir. Döyüşənlər
hiss edəndə ki, camaat onların arxasında mətin
dayanıb, onun döyüş əzmi də, qələbə
ruhu da yüksəlir..." - İmran Hacıyev söhbətləşdiklərinə
belə də deyirdi. Döyüşənlər, onun dediklərini
eşidən döyüşçülər deyərmiş
ki, belə kişiləri də sıramızda bilirik.
Ancaq könül daşlarına dediyi misralar da olub
İmran Həbib oğlunun:
Məndən ötən sənə dəydi,
Səndən ötən mənə dəydi.
Məndən, səndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi...
(Məmməd Araz)
Vətənə bunca sevgi ilə yaşayırdı.
Ərki çatanların da belə bir sevgi ilə
yaşamasını arzulayırdı. Yeddi övladını
bu düşüncələrin işığında
böyütmüşdü. Onlardan beşi ali təhsil
alıb, ikisi orta ixtisas təhsili. Hər biri də ata
adına ehtiram gətirməklə cəmiyyət
üçün gərəkli işlərdə
çalışır. Böyük oğlu Vidadi qürurla
deyir ki, atamızdan bizə qalan ən dəyərli miras təmiz,
duru adıdır. Biz bu adı ömrümüzün
işığı bilirik. "Atamdan sonra mən də rayon
partiya komitəsində işləmişəm. Rayonun
bütün kəndlərində olmuşam, adamlarla söhbətləşəndə
atamdan da söz düşüb. Hamı onun təmiz insan
olduğunu, Vətəni sevdiyini, insanları sevdiyini,
insanlığı sevdiyini deyirdi. Xəyalən "atama
narahatlıq gətirmərəm, ata!" deyərdim"...
Zəngilan işğal olunanda gözləri dolub,
çarəsizliklə balalarına, sonra göy üzünə
baxıb, əlini evimizin daşına-divarına
sürtüb. Bir "ah" çəkib, kəlmələr
dodaqlarını yandıra-yandıra "Ya qismət..."
deyib. Üzü naməlumluğa yol alanların
sırasına qarışıb...
Bakıda məskunlaşmışdı. Zəngilan
gündüzlər xəyallarında, gecələr
yuxularındaydı. Darıxanda üzü Zəngilana sarı
boylanardı. İmran Həbib oğlu da ürəyinə
yük olan bir həsrət yaşadırdı.
Dost-tanışına "Bu həsrət insafsız həsrətdir"
deyərdi...
Zəngilanın işğaldan qurtuluşunu görə
bilmədi. 2002-ci il dekabrın 6-da nisgilli köçdü
dünyadan. İnanırdı ki, Zəngilan da işğaldan
azad olunacaq. Elə bu inama görə o da "Qalmaz belə,
qalmaz dünya..!" deyirdi...
Tanıyanlar Seyid Həsən Ağanın
sözünün dürüstlüyünə həmişə
inam gətirirdi. İmran Həbib oğlunu
adlandırdığı "Müqəddəsov"
tanıtma soyadına da inam gətirirdi. Seyidin "Müqəddəsov"
kimi tanıdığı (və tanıtdığı) bir
insan ömrünün son illərini doğma ocağından
iraqda yaşadı. Hər gecəsi ömür qədər
uzun olan doqquz ili müqəddəs saydığı Zəngilandan
uzaqda belə yaşadı. "Həsrət" sənədli
filmindən yaddaşına bir misra hopmuşdu:
Sənsiz mənə haram olar günüm, anım, Zəngilanım...
Ömrü haqq-ədalət, düzlük
üçün yaşayanlardan biri də İmran Həbib
oğlu olub. Hər işdə bir nizam görərdi,
nizamsız işi qətiyyən sevməzdi, sevdiyi bir kəlam
da vardı: "Düzlüyün əsgəri olmayan əyriliyin
qulu olur". Əzizlərinə də, doğmalarına da
belə deyərdi.
İmran Hacıyev 1971-ci il oktyabrın 25-də "1941-1945-ci illərdə
İkinci Dünya müharibəsində rəşadətli əməyə
görə" medalına,1970-ci il oktyabrın 12-də "Rəşadətli
əməyə görə" V.İ.Leninin anadan
olmasının 100 illiyi yubiley medalına,1971-ci il aprelin 8-də
"Qırmızı Əmək Bayrağı" ordeninə,
əmək veteranı adına və digər mükafatlara
layiq görülüb, sonralar neçə-neçə
medalla da təltif edilib. Ən böyük təltifi el-oba
sevgisi idi İmran Həbib oğlunun. Bu sevgi ilə də
xatırlanır...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .-2024.-13 sentyabr (№165).- S.14.