Nağıl qədər şirin ömrün işığında

 

Nağılların əvvəli necə başlanır, biri varmış, biri yoxmuş... Xoşbəxt bir ailədə bir körpə tər fidan kimi böyüyüb yaşa dolurmuş. Bir gün əcəl qəfil əsən rüzgar kimi qızcığazın gülüşünü susdurmuş, anasını əlindən almış, xırdaca qəlbini pərişan etmişdi...

Dərd gələndə batmanla gəlir deyirlər. Az keçmir daha bir fəlakət qapını döyür. Nə yazıq ki, körpə bu dəfə atasını da itirir. Talehin gərdişinə bax da... Yazılan pozulmur ki!

Amma nə yaxşı ki, pasibanı olacaq əmisi varmış. Körpə elə onun qayğısı ilə böyüyüb yaşa dolur.

Yaxın keçmişdə həyata əlvida demiş, haqqa qovuşmuş mələk simalı hacıxanım Şərqiyyənin ömür yolu doğrudan da şirin nağıla bənzəyir. Yaddaşımı çözələyəndə nur üzlü, mehriban baxışlı, balaları üçün nanə yarpağı tək əsən ana gözümdə canlanır. Onunla tanışlığım, görüşdüyüm, söhbətləşdiyim günlər birər-birər yadıma düşür və doğmam qədər yoxluğuna təəssüflənir, dərindən köks ötürürəm...

Şərqiyyə anadan yaddaşımda həkk olmuş xatirələrdən... "Allahın mənə bəxş etdiyi xoşbəxtlik, səadət bir ömür boyu sirdaşım oldu. Ata-anamı əvəz edən Abdulla əmimin qayğısı ilə yaşa dolmuşam. Kənd məktəbini bitirəndən sonra Lənkəranda tibb məktəbində təhsil almışam. Artıq yaşa dolmuş bir qız idim. Elçilərim gəlirdi, Abdulla əmi isə hər kəsə "qız məktəbi bitirsin, sonra danışarıq" - deyib yola salırdı.

Bir gün rəfiqəmlə mənə xəbər göndərən oğlan çox israr etdi, onunla görüşüm. Ailə tərbiyəmə görə elə rəfiqəmlə onunla görüşüb tanış oldum. Qonşu kənddən olan gənc məsul vəzifədə çalışırdı. Onun "səni ömür boyu xoşbəxt edəcəyəm" sözü bu gün də qulağımda bir dua kimi səslənir.

Bəli, həmin gəncin evlənmək təklifini bir qədər düşünəndən sonra qərara gəldim və məsələni əmimgilə açdım. 1949-cu il oktyabrın 18-də Ərçivandan Təngərüdə gəlin köçdüm. Məmmədqulu necə demişdisə, eləcə də andına sadiq qaldı. Birgə yaşadığımız 50 il ərzində bircə dəfə ondan acı söz eşitmədim. O, müxtəlif rayonlarda müxtəlif vəzifələrdə çalışdığından məni də özü ilə aparırdı. Çox mərifətli, mehriban, qayğıkeş insan idi.

Gəlin düşdüyüm evdə qayınatamgil Quran oxuyan, ibadət əhli olduğundan mən də könlümcə ibadətə başladım. Rəhmətlik mənə evdə hər cür şərait yaratmışdı. Özüm kənd xəstəxanasında mama-tibb bacısı işləyirdim. Rəfiqələrim tez-tez mənə dəyirdilər. Yoldaşım onlar gələndə salamlaşıb, kənara çəkilərdi ki, qızlar utanmasınlar Onlar "xoş halına Şərqiyyə, nə yaxşı insan baxtına çıxıb" deyəndə Allahıma şükür edirdim ki, belə bir nəcib insanla ulduzum birləşib.

İnanın ki, həyat yoldaşımın mənə göstərdiyi hörmət, məhəbbət uşaq ikən yaşadığım qəm-qüssəli, ata-anasızlıq günlərimi unutdurmuşdu.

Məmmədqulu ilə on uşaq böyüdüb, tərbiyələndirdik, oxutdurduq, ali təhsil aldılar, işə girdilər. Ailəmiz böyüdükcə səadətimiz də artırdı. Gün oldu ki, nəvə sevincini daddıq. Şükürlər olsun ki, övladlarımız da bizi eşidən oldu, ailə tərbiyəsindən kənara heç zaman çıxmadılar.

Həyat yoldaşımı itirəndən sonra övladlarım mənə daha çox qayğı ilə yanaşırlar. Axı, Məmmədqulu tək həyat yoldaşım deyil, dostum, sirdaşım, arxam idi. Düzü, övladlarım nə qədər həssaslıqla mənə qayğı göstərsələr də, ömür-gün yoldaşımın yoxluğunu mənə unutdura bilmirlər.

Uşaqlardan bir neçəsi şəhərdə yaşadığından məni də özləri ilə bəzən şəhərə aparırlar. Amma orada çox qala bilmirəm, doğma ocağım üçün, xatirəyə dönmüş həyatım üçün darıxıram. Sanki hər an həyat yoldaşımın "Şərqiyyə, namazı evdə qılacaqsan, ya məsciddə?" sədası qulağımda səslənir. Allahımdan çox razıyam. Mənə sədaqətli, qədir bilən həyat yoldaşı, gözəl ağıllı övladlar bəxş edib. Zamanım çatanda mən də köç edəcəyəm həyatdan. Gözüm arxada qalmayacaq, əminəm ki, övladlarımız bizim tövsiyələrimizi, öyüdlərimizi unutmaz, cəmiyyətimiz üçün əsl insan kimi yola davam edəcəklər.

Övladlarımızın uğuru bir valideyn kimi qəlbimizi dağa döndərirdi. Heyif ki, sonbeşik balam - Rəşadımın uğurlarını yoldaşım tam doymadan haqq dünyasına qovuşdu.

Məmmədqulu sonbeşiyimizə Allahın bizə bəxş etdiyi ən gözəl hədiyyə kimi baxırdı. Çünki Rəşad axrıncı övladımdan 6 il sonra dünyaya gəlib. Düzü, ona görə də bir qədər həya edirdim, utanırdım, sıxılırdım, amma mənə dəstək olan qayğımı çəkən Məmmədqulu "Şərqiyyə, bu, Allahın verdiyi paydı, inşallah hər şey yaxşı olacaq" deyərək mənə təsəlli verirdi. İnan ki, körpəni dünyaya gətirənə qədər uşaqlarımın üzünə baxmağa həya edirdim. Onlar yarızarafat yarıciddi, "ana, deyəsən, bu körpə nadir tapıntı olacaq ha!" - deyib mənə sataşırdılar.

Bir qış axşamında ağrılarım başlandı, sabahısı körpəmi dünyaya gətirdim. Adını Rəşad qoyduq, elə şirin göyçək uşaq idi ki, istər qardaş-bacıları, istərsə də qohum-əqraba onu sevib, əzizləyirdilər. Amma həyat yoldaşım onunla daha çox vaxt keçirirdi. Onlar ata-bala məhəbbətindən əlavə, dostcasına bir-birinə bağlı idilər.

Rəşad balam məktəbə ayaq açdı, o, sinif yoldaşları arasında da sevildi. Dərslərindən əla qiymətlər alırdı, hər dəfə müəllimləri valideynlər iclasında Rəşadımı nümunə göstərəndə sevincim köksümə sığmırdı.

Rəşadım doğulanda hər yan bəmbəyaz qarla örtülmüşdü. Bəlkə də, ona görə balam həkim peşəsini özünə seçdi. Bəyazlığın işığında insanların ömrünə ömür calayan Rəşad həmişə sevilir, məhəbbət qazanır, çox heyif ki, atası bu günləri doyunca yaşamadı. Bir Allah bilir, onun uğurunu görəndə necə xoşbəxt olacaqdı...

Haşiyə: Məmmədqulu ailədə gözəl insan olduğu qədər çalışdığı, məsuliyyət daşıdığı işində də hörmətli, izzətli, işçi kimi sevilirdi. Astaranın sayılı şəxsiyyətlərindən olmuş Məmmədqulu Mahmudov haqqında xoş sözlər eşitmişəm. Bir dəfə hüquqşünas Natiq qardaşımla Hacıxanımdan danışırdıq. Ruhu şad olmuş qardaşım "bacı, kaş onun yoldaşını həyatda tanımış olsaydın, əsl ziyalı, etibarlı şəxsiyyət, əməlləri işıqlı insan idi" söyləyəndə "ot kökü üstə bitər" el məsəlini xatırladım.

Müxtəlif məsul vəzifələrdə çalışmış bu insan harada olursa olsun, ədalətin, haqqın tərəfdarı kimi sevilmiş, insanlardan məhəbbət, hörmət qazanmışdı. Bir ömür boyu bir-birini tamamlamış cütlüyün işığı övladlarına da sirayət etmiş, onlar da hörmətə, məhəbbətə layiq övlad kimi tanınırlar.

Hacıxanım Şərqiyyə ana ilə aramızda yaş fərqli olsa da, bu nur üzlü qadını özümə dost, sirdaş sanırdım. Onunla hər dəfə telefonda danışanda, ya görüşüb söhbətləşəndə içimdə rahatlıq duyurdum. Anamla eyni məktəbdə, eyni sinifdə oxuyublar. Bəlkə də, ona vurğunluğumun bir səbəbi də elə buradan doğurdu. O, çox sadə, mehriban və təvazökar qadın idi.

Bir dəfə xanım Fatimeyi Zəhranın (s) mövludu ilə bağlı evdə məclis qurmuşdum. İbadət əhli olan qadınları dəvət etmişdim. Şərqiyyə xanım da evimizə təşrif buyurmuşdu. Süfrəmizin başında oturdu, sinif yoldaşı anamla dərdləşib söhbətləşdilər. Həmin gün olduqca maraqlı bir həyat yaşandı. Dəvət edilmiş qadınlar Hacıxanımın gəlişinə çox sevindilər. Onun maraqlı söhbətləri məclisimizi daha da mənalandırdı.

Anamı qəflətən itirəndə telefonda mənə başsağlığı verdi, "darıxma, gəlib sənə dəyəcəyəm" dedi. Gəldi də, məclisdə xeyli oturub anam üçün dualar etdi, qəm-qüssəmi azaltdı, pərişan halıma rəng qatdı.

Mən onun vurğunu olduğum üçün onu özümə əziz, əsl dost, sirdaş kimi görürdüm.

Bir dəfə xəstə olduğunu eşitdim, ona dəyməyə getdim. Məni görcək əl-ayağa düşdü. Elə dadlı ləvəngi badımcan hazırladı və "qızım yeyib gedərsən" deyib məni saxladı. Həmin gün xeyli söhbətləşdik. Öyüdlərini, nəsihətlərini dinlədim.

Şərqiyyə xanım əsl ədəbiyyatçı idi, çoxlu mütaliə etdiyindən oxuduğu kitabları mənə də verər, oxumağı tövsiyə edərdi. Onun məndən başqa şair, yazıçı dostları var idi. Hər kəs onu sevir, hörmət, məhəbbət bəsləyirdi. O, dünyagörmüş ziyalı qadın kimi könlümü ovsunlayırdı.

Bir dəfə Həcc ziyarətinin arzusunda olduğumu ona söylədim. O, "qızım, qismətin olsa gedəcəksən, sən yuxarı təşkilatlara müraciət elə, bəlkə jurnalist kimi səni göndərsinlər, inşallah yaxşı olar" söylədi. Şərqiyyə xanım azacıq düşünəndən sonra "lazım olsa təqaüd kartımı sənə verəcəyəm, özün üçün pul yığarsan, halal pulumla gedəcəksən" deyəndə qürurlandım və sevincdən gözlərim yaşardı, ayağa durub bu müdrik xanımı bağrıma basdım.

Dünya malında gözü olmayan Şərqiyyə xanımın bu diləyi qəlbimi oxşadı.

 Anamı itirəndən sonra meylimi ona salmışdım. Onu özümə mənəvi ana sayırdım.

Tale elə gətirdi ki, yolum açıldı. Xeyirxah insanların sahəsində Həcc ziyarətinə getdim. İllər boyu arzusunda olduğum hacətim həyata keçdi, amma içimdə püskürən sevincimdən nə anamın, nə də Hacıxanımın xəbəri oldu. Anam haqq dünyasına qovuşmuşdu, Şərqiyyə xanım isə səhhəti ilə əlaqədar müalicədə idi. Çox heyifsiləndim ki, bu iki müdrik insanın, iffətli anaların mənə səslənən "Hacıxanım" sözünü eşitmədim...

Bir jurnalist kimi düşünürəm ki, həyatın mənası yaxşı əməllərlə yaşamaqla yanaşı, haqq yolunda olan etibarlı şəxsiyyətlərlə, xeyirxah insanlarla bir çevrədə olmaqdan ibarətdir. Şükürlər olsun ki, belə insanlarla tez-tez təmasda oluram.

Mahmudovlar ailəsində məhəbbətlə böyümüş Şərqiyyə xanımın sonbeşik övladı Rəşad Mahmudov bu gün dünya miqyasında xoş sədası eşidilən, duyulan hörmətli şəxsiyyətdir. Düşünürəm ki, o, həyata göz açarkən ana qəlbindən övladı üçün edilmiş "balamın aqibəti inşallah parlaq olacaq" duası artıq gerçəkləşibdi.

İnsan orqanizmində ürək bioloji baxımdan savayı, həssas, məhəbbət simvolu, arzularla aşıb-daşan bir nəsnədir. Bəşər övladı ömür boyu ürəyinin əsiridir. "Ürəyimdə bir arzu var", "Ürəyim həyəcanla döyünür", "Ürəkdən vurulmuşam", "Ürəyimlə bacarmıram neyləyim" və sair bu kimi şirin duyğular ürəyimizin, necə deyərlər, əsarıdır.

Qədim məxəzlərin birində deyilir ki, dərdinə çarə tapılmayan gəncin xəstəliyi ürəyinin döyüntülərindən anlaşılıb.

Haşiyə: Loğman gecə-gündüz saralıb-solan cavanla söhbətləşəndə anlayır ki, o, qəlbən kiməsə vurulub. Ona görə atasından qonşuluqda yaşayan qızların adını soruşur. Gəncin nəbzini yoxlayarkən sonuncu qızın adı çəkiləndə onun ürək döyüntüsünün sürətləndiyini görür və atasına deyir ki, oğlun vüsal həsrəti ilə yatağa düşüb.

Bəli, bu gün respublikamızda hörmətli şəxsiyyət, əsl loğman kimi tanınan Rəşad Mahmudov orqanizmin bütün ağrı-acısını, həyəcanını, sevincini, təlatümünü özündə yaşadan ürəyin təbibidir, loğmanıdır.

Ulu babası Cənubi Azərbaycanın məşhur təbibi kimi şöhrət qazanmış şəxsiyyət olub. Yəqin ki, bu qismət ulu babasından gəlmə tale yazısıdır.

Deyirlər, cənnət anaların ayağı altındadır, tam qətiyyətlə bunu Şərqiyyə xanıma aid etmək olar. O, yüzlərlə kənd qadınlarından biri idi, amma müdrikliyi, kübarlığı, iç dünyasının gözəlliyi adamı heyran edirdi. El arasında belə bir məsəl var "filankəs halal süd əmmişdir". Bu qiymətli sözün işığında Şərqiyyə xanımın əziz balası Rəşad doktor bariz nümunədir.

Rəşad Mahmudov ulu babası, anası kimi islam dinimizə məhəbbət, rəğbət bəsləyən, islamı dəyərlərə önəm verən ziyalı şəxsiyyətdir. Elə müqəddəs kitabımıza olan sevgidən dolayı ilk övladının adını Qurani Kərimin 20-ci sürəsi ilə "Taha" qoyubdur.

Rəşad Mahmudov Azərbaycanda yeni məktəbin - açıq ürək əməliyyatının yaradıcısı kimi ürəyində əməliyyat apardığı yüzlərlə insanın qəlbində məhəbbət yaşadan təbibdir.

 

Gülnar ƏSƏDLİ

Astara

525-ci qəzet .-2024.-13 sentyabr (№165).- S.10.