İstanbulda bir qürub vaxtı
Esse
Qürub vaxtı Üsküdarda səssiz-səmirsiz
oturub Qız qülləsinə baxdıq. İstanbulda bərabər
keçən beş günün ən sakit, ən lal
günü olmuşdu o gün. Heç nə demirdi, mən də
danışmırdım. Önümüzdən sevgililər,
ailələr, dostlar keçir, bəzən isti çay, qəhvə,
şirniyyat satan adamlar ayaq saxlayıb bizə də təklif
edirdilər. Qüllənin fonunda şəkil çəkdirənlərin
isə sayı-hesabı yox idi.
Başını astaca çiynimə qoyub
mürgülədi. Mən də fikrə getdim. Fikirləşirdim
ki, indi məlul-məlul, kirimişcə çiynimdə
mürgüləyənlə hekayəmiz harada başladı,
harada bitəcəkdi. Elə kəslər var ki, bilmirsən, həyatın
hansı anında gəlib səni tapıb və hansı
anında eləcə boynu bükük qoyub gedəcək.
Qülləyə baxdım. İçimdə Boğazın
ortasında yalqız qalmış bu binanın hekayəsini
özümə danışdım. Bəlkə soruşsa, ona
da danışaram, amma indi İstanbulun uzaqlardakı göydələnləri
arasında itən günəşin rəngi gözlərini
bir az da yorur, getdikcə başını çiynimə daha
çox sıxırdı. Onu çox gözləmişdim,
indi də yuxusunu almasını gözləyərdim.
lll
Qüllə ilə bağlı ən məşhur əfsanə
"Padşahın qızı" əfsanəsidir.
Falçının qızının ilan sancmasından öləcəyi
xəbərdarlığını alan padşah,
qızını qorumaq üçün Salacak sahilindəki
qayalıqlar üzərində Qız qülləsi
tikdirmiş və qızını da bu qüllədə gizlətmişdi.
Kral müəyyən vaxtlarda qızına müxtəlif yeməklər
göndərirmiş. Və bir gün meyvə səbətində
gizlənən ilan padşahın qızını zəhərləyərək
onun ölümünə səbəb olur.
Başqa bir əfsanə isə Battal Qazi ilə
bağlıdır. Battal Qazinin şəhərin hər tərəfində
onu tapa biləcəyini görən Bizanslı Tekfur təşvişə
düşür və xəzinələrini və
qızını bu qüllədə gizlədir. Amma qülləni
tapan və içinə girən Battal Qazi həm xəzinəni,
həm də şahzadəni götürərək atına
minib Üsküdarı keçərək yoluna davam edir. Bu
hadisənin "Atı alan Üsküdarı keçdi"
("Bu günün işini sabaha saxlama" deyimimizə bənzər
məna daşıyır) deyiminin qaynağı olduğunu deyənlər
də var.
Qız qülləsi haqqında ilk əfsanə əslində,
Ovidius tərəfindən qeydə alınıb. Rəvayətə
görə, Çanaqqalanın qərb tərəfindəki
Sestosdakı Afrodita məbədinin rahibəsi Hero Abidosda yaşayan
Leandrosa aşiq olur. Leandros hər gecə üzür və
Heronu görmək üçün Sestosa gedir. Bir gün tufan
qopanda qüllədəki fənər işığı
sönür və o, yolunu azaraq boğulub ölür. Ertəsi
gün sahildə Leandrosun cansız bədənini görən
Hero da özünü suya ataraq intihar edir.
Əslində, Çanaqqalada yaşanan bu əfsanə
18-ci əsrdə İstanbula gələn avropalı səyyahlar
tərəfindən dövrün "antik dəbinə"
uyğun olaraq məşhurlaşan Boğaziçi Qız
qülləsinə uyğunlaşdırılıb və
qüllə "Leandros qülləsi" ("Tour de
Leandre" və ya "Leandre Tower") kimi
adlandırılmağa başlayıb.
Qız qülləsi Boğazda tənha, sadəlövh,
lakin İstanbulun göbəyində yerləşən inci
kimi füsunkar dərəcədə zərifdir. Qalata Qülləsi
isə İstanbulu təpədən seyr edən heyrətamiz,
məğrur duruşlu bir Rum əsgəri kimidir. Qız
qülləsi Boğazda təkbaşına üzərkən,
Qalata əzəmətli və valehedici duruşu ilə düz
onun qarşısında görünür. İki qüllə
İstanbulun hüzurunda bir-birinə aşiq olur, lakin
görüşə bilmir. Çünki onların
arasındakı bu qədim sevgiyə Boğaz əngəldir.
Qalata imkansız sevgisi üzündən günü-gündən
əriyən Qız qülləsinə məktublar, şeirlər
yazır.
Bir gün Əhməd Çələbi Qalatanın
zirvəsinə qalxır. Məqsədi oradan Üsküdara
uçmaqdır. Çələbi Qalata qülləsinin təkidinə
baxmayaraq, əsrlərdir yazıb göndərmədiyi məktubları
da götürərək uçmağa qərar verir. Salacak
çimərliyinə yaxınlaşdıqca küləyin təsirindən
məktublar dağılır, amma yenə də dalğalar məktubları
Qız qülləsinə çatdırır. Sonra Qız
qülləsi Qalatanın da ona nə qədər aşiq
olduğunu anlayır. Sevgilərinin qarşılıqlı
olduğunu başa düşürlər və daha da gözəlləşirlər.
Görüşmək mümkün olmasa da, əsrlər boyu
bir-birlərinə baxaraq sevgilərini yaşayırlar.
Nəsildən-nəslə keçən bu əfsanəvi
sevgi İstanbulun gözəlliyinə füsunkar abu-hava gətirdi
və indi də hekayələrindəki kimi rəngarəng fənərləri
ilə eyni eşqi ifadə edir və bir-birlərinə Morze əlifbası
ilə "səni sevirəm" deyirlər.
Qüllənin gerçək tarixi bilinmir. Miladdan
öncə V əsrdə bu gün qüllənin yerləşdiyi
adada gömrük məntəqəsi qurulub, Qara dənizdən
gələn gəmiləri yoxlamaq və vergi toplamaq
üçün qüllə tikilib. XII əsrdə Şərqi
Roma İmperatoru I Manuel Komnenos tərəfindən adada
müdafiə qülləsi ucaldılıb. Bu qüllə ilə
Sarayburnundakı Manqana monastırının yanındakı
qüllə (Dəniz divarlarının bərpa olunduğu
hissə) arasında zəncir çəkilərək gəmilərin
Boğaza giriş-çıxışı nəzarətə
götürülüb. İstanbulun fəthindən sonra Fateh
Sultan Mehmet burada yeni bir qüllə tikdirdi. Qüllədə
mühafizə dəstəsi yerləşdirdi. Hər axşam
işadan sonra və sübh çağı tezdən mehtər
gözətçiləri qaravul qaydası ilə dəyişirdi.
Bayram günlərində, sultanlar taxta çıxanda, dənizkənarı
sarayları ziyarət edəndə Qız qülləsindən
top atəşi ilə şəhərə xəbər vermək
də o vaxtlar yaranan bir ənənə idi. Sultan III Əhmədin
baş vəziri Nevşehirli Damat İbrahim Paşa gecə
saatlarında yol göstərmək üçün Qara dəniz
və Mərmərədən gələn gəmilər
üçün burada mayak yerləşdirdi. Bu tarixdən
etibarən qüllə mayak kimi xidmət etməyə
başladı. 1830-1831-ci illər arasında vəba
epidemiyasının şəhərə yayılmasının
qarşısını almaq üçün karantin xəstəxanasına
çevrildi. 1836-1837-ci illərdə 20-30 min insanın
öldüyü vəba epidemiyası zamanı da xəstələrin
bir hissəsi buradakı xəstəxanada təcrid olunmuş vəziyyətdə
saxlanılırdı. 1847-ci ildə yenidən Trabzonda
başlayan vəba epidemiyasına görə də sərnişinlər
və xəstələr Qız qülləsində müalicə
olunurdu. Cümhuriyyət dövründən etibarən isə
Qız qülləsi memarlıq abidəsi və muzey kimi
qorunmağa başlayır. Günümüzdə
İstanbulun ən az Aya Sofya, Qalata qədər məşhur
simvoluna çevirilən qüllə haqqında
saysız-hesabsız şeir, nəğmə, hekayə var.
lll
Oyandı. Birdən ayağa qalxıb qülləni
göstərdi. Günəş solğun rəngi ilə hələ
də səmadan asılı qalmışdı. "Gəl sənin
şəklini çəkim", - dedi. Sağımda qüllə,
solumda qürub. Gözlərimi yumdum, həmin o məşhur
şeirdəki kimi. Gülümsə dedi, güldüm. Sabah,
ya da biri gün o, İstanbuldan gedəcəkdi və mən
bir də yəqin heç vaxt qüllənin önündə
belə xoşbəxt dayanmayacaqdım.
Rəvan
525-ci qəzet .- 2024.- 14
sentyabr №(167).- S.24.