Şuşa küləyi, Şuşa yağışı

 

Bakıda Şuşa küləkləri əsir hərdən,

Şuşa yağışları yağır...

 

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

 

Bir qərib umud közərir

vətən həsrətli baxışlarda.

 

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı...

Bir qərib oğlan dumana qarışır,

çənə qarışır.

 

Duman nə gözəldi, İlahi,

külək nə gözəldi, İlahi,

yağış nə gözəldi -

oğlan nə qəribdi, İlahi!..

 

lll

 

Atam üçün rekviyem

Əkdiyin qələmlər

çinar oldu, söyüd oldu...

Nəvələrin çoxaldı,

böyüdü,

umud oldu...

Səndən sonra bu ömür də bulud oldu, Ata...

Evimizin damında quruldaşan qumrular

ovcun üçün darıxıblar,

ovcundakı dənlər üçün,

yemlər üçün darıxıblar.

Darıxıb sənin üçün

sabahlar da,

gecələr də...

Səninlə çəkdirdiyim şəkillər də!..

...mən təzə şəkillər çəkdirmirəm,

köhnə şəkillərlə ovunuram.

Səninlə çəkdirdiyim şəkillər

indi məndən xoşbəxtdilər.

Şəkillərdə nə gözəl varsan,

gözlərin gülür,

üzün gülür,

şəkillər gülür... mən ağlayıram.

Təsəllim şəkillərindi, Ata!

Amma,

şəkillərinə deməmişəm öldüyünü.

 

Ömür

 

 

 

Bir yuxuydu, danışdım da

sular aparıb getdi.

Heç bilirsən o sular

nələri aparıb getdi...

 

Bir də gördüm yağış yağır,

sular yağışla danışır.

Yağış səsi, su səsi

bir-birinə qarışır.

 

Bir də gördüm yuxularım,

sulardan axır su kimi.

Dalğalar atlana-atlana

yuyub aparır şəklimi.

 

Yüyürdüm yuxumun dalınca,

yüyürdüm, çatmadım, çatmadım.

Bir ovuc su götürdüm,

baxdım, yuxumu tapmadım.

 

Bir yuxuydu, ömür kimi,

ömrümü sular apardı.

Düzünə-tərsinə yozub,

axırda buluda qaytardı.

 

 

Unuda

 

 

Ürək də dönüb-dolana,

vaxt gələ qəmi unuda.

Dərdi də dərdin özü

elə dərd kimi unuda.

 

Yol ola, çıxıb getməyə,

yolları yığıb getməyə.

içinə sığıb getməyə, -

gözlərin nəmi unuda.

 

Yox ola ağrın-acın da,

sevinə qapın-bacan da,

dünyanın o biri ucunda,

ölüm də səni unuda!..

 

Bilirsənmi?!.

 

Bir umuddu bəlkə də,

yuvasından ayağının ucuna

yıxılan sərçə balası.

Quş dilində ağlayır civildiyə-civildiyə,

sanki deyir;

- quş dilini bilirsənmi?!.

 

Soyuqdu, elə soyuqdu,

hava da, yuva da, yer də.

Nə gəzirsən bir balaca sərçə kimi

bu şəhərdə, bu küçədə, bu ömürdə.

Gəzdiyin nədi ki, elə,

gözünün yaşından keçir,

üzünün yaşından keçir.

Yaşın da öz dili var,

gözlərinlə danışır,

əllərinlə danışır,

Danışır ki,

- yaş dilini bilirsənmi?

 

O ətcə quş balası tək,

gələnə-gedənə baxma,

baxma gözlərin qaralar.

Baxma, baxdığın ömür də solar,

baxdığın gün də saralar...

Bir qış kəsdirər qapını,

Qapında, bacanda, ömründə

küləklər səs salar ki,

- qış dilini bilirsənmi?!.

 

Bilirsənsə... o qışdan keç,

umud olan o quşdan keç,

gözündəki yağışdan keç,

Keç, nə varsa hamısından,

qarasından, sarısından,

keç illərin arasından,

gör ki, səni nə gözləyir,

nə gözləyir yolun üstə.

Yolun üstə bir qara daş,

sənə qardaş,

Hara getsən ən sonunda,

sənə yoldaş.

- daş dilini bilirsənmi?

 

Kəndimizdən ötəri

 

Kəndimizin ağacını

ağacına bənzədirəm bu şəhərin,

küləyini küləyinə,

göyünü göyünə.

 

Bənzədib də... darıxıram

o qədər darıxıram ki,

 

birdən elə bilirəm

bu şəhər də darıxır

kəndimizdən ötəri...

 

Ölü quşların xatirəsi

 

Payızında köçən quş

yazında dönmürsə yuvasına...

Demək,

hardasa başqa quşlar

quş tüklərindən yuva qururlar.

 

Görmüşəm...

ölən quşların tükləri havada uçuşanda,

quşlar göydə qapıb quş tüklərini

yuva qurur ətcə balalarına.

 

Sarıdimdik quş balaları da

yumşaq yuvalarında böyüyürlər, -

Bütün yuvalar ölü quşların xatirəsidi.

 

Göylərə

 

O yuxu kimiydi, canım,

o qoxu kimiydi, canım,

o oxu kimiydi canım -

oxudum, üzü göylərə...

 

O uzaq kimiydi, sözüm,

o uşaq kimiydi, özüm,

o islaq kimiydi, gözüm -

ağladım, gözü göylərə...

 

 

O şüa kimiydi, dostum,o röya kimiydi, dostum,

o dua kimiydi, dostum

çağırdı bizi göylərə

 

Şuşadakı evimizin uçuqlarına noktürn

Əllərim

qapımızın tutacağında qaldı...

Səsim qapımızın cırıltısına qarışdı,

gözlərim pəncərəmizdən asıldı...

 

Xəyallarım hardasa yol gözləyir,

mənim yolumu...

 

Evimizin uçuq, sökük daşları,

ürəyimi əzir indi...

 

Daha...

ürəyim yeriyir uçulmuş yurd yerlərində...

 

"Xarıbülbül" otelinin pəncərəsindən baxarkən

 

Pəncərələr bir umuduydu, onda,

hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,

hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən...

Bir ürək şəkli cizilərdi,

cızıqlarından şeh daman...

sonra o ürək də süzülüb gedərdi,

yerində ağlayan şüşələr qalardı...

Bir umud yeriydi pəncərələr quşların

ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,

əvvəl qorxardı quşlar,

sonra öyrənərdilər ovucdan yem yeməyə.

Quşlar da sevda quşlarıydı, sanki,

pəncərələr də,

küçələr də.

Pəncərələr yola açılırdı, onda,

sevdaya açılırdı.

İndi aytrılığın gözləri kimi

 

baxır pəncərələr -

içindən bütün ayrılıqlar keçir.

 

Şuşam

 

Şuşam, Şuşam, ay Şuşam

bu növrağın mübarək!

 

Hər tərəfə yayılan

səs-sorağın mübarək!

 

Durnalarla qayıdan,

dünyalarla qayıdan,

 

ayla-nurla qayıdan

çilçırağın mübarək!

 

Alovlanır atəşin-

atəşin necə gözəl.

 

Gülümsəyir günəşin-

günəşin necə gözəl.

 

Çiçək açır gülüşün-

gülüşün necə gözəl...

 

Bu gözəllik içində

təmtərağın mübarək!

 

Şuşam, Şuşam, ay Şuşam

belə çağın mübarək!

 

Dumanları çəkilən

çölün, dağın mübarək!

 

İndi qış da bahardı -

baharın gülə bənddi.

 

Nəğmələrin sevdalı,

ən şirin dilə bənddi.

 

Daşaltın, Cıdır düzün,

Topxanan elə bənddi.

 

Gözəl günlərə çıxan

yol-yolağın mübarək!

 

Şuşam, Şuşam, ay Şuşam

bu növrağın mübarək!

 

Bir ovuc

 

Dodaqlarımda iki-üç şeirlik pıçıltı,

barmaqlarımın arasından süzülən sözlər.

 

Hərfləri tütün kimi sarıyıram vərəqə...

Xəbərim var ki, ayağımın altında

yer yarpaqlayır,

yarpaqların üstündə kölgəm gedir.

 

Udqunduğum günlər dolaşır boğazımda...

qəhərdi, bilirəm.

Hər şeir qəhərdi,

hər qəhər bir nəmli baxış.

 

Üzümü dəyişdirmək istəyirəm

bir ovuc suda...

Bir ovuc suda axır ulduzlar.

 

Hər şey ulduz kimi ölür,

ulduzlar şeir kimi.

 

Ölü şeirlər yazıram bir ovuc suda...

bir ovuc adamlar qalıb oxumağa.

 

Ovcumu yumuram bərk-bərk,

adamları qoymuram getməyə.

 

Sol

 

Küləklər də sol tərəfindən əsir adamın,

yağışlar da soldan yağır.

 

Atılan daşa sağ çiynini döndərirsən,

daş da sağdan adlayıb sola dəyir.

 

Kürəyindəki yükləri sanma kürəyin daşıyır,

sol tərəfin daşıyır o yükləri də,

o sancıları, o ağırlıqları da.

 

Hara dönsən sol tərəfindi...

sağından vursalar da,

adam solundan ölür.

 

Elçin İSGƏNDƏRZADƏ

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.23.