Dəhşətlər
və bədbəxtliklər ləyaqət və iradə
xilaskar rolunda
(Əvvəli ötən şənbə
sayımızda)
1940-cı il iyulun sonunda Hitler artıq
özünün ordu liderliyinə dedi ki, onlar Sovet
İttifaqına müdaxiləyə hazırlaşsınlar.
İki cəbhədə vuruşacağı ehtimalına
baxmayaraq, Hitler inandırılmışdı ki, Britaniya əgər
Sovetlərə kömək etsə, onunla müharibə yenə
qüvvədə qalacaqdır. Sovet İttifaqı məhv
edildikdən sonra isə Britaniyanın axırıncı
ümidi də yoxa çıxacaqdır. Həm də Hitler
özünü inandırmışdı ki, Sovet
İttifaqını, onun yəhudi bolşevik liderlərini, zəif
ordusu ilə birlikdə sürətlə və qəti şəkildə
məğlubiyyətə uğradacaqdır.
Sovet İttifaqına 1941-ci ilin erkən yazında
hücum etmək nəzərdə tutulmuşdu, lakin
Balkanlardakı problemlərə görə müdaxilə
gecikməli oldu. Hitler Macarıstan, Bolqarıstan və
Rumıniya ilə siyasi ittifaq bağladı. Mussolini isə
Balkanları italyan sferasına daxil etmək istəyirdi. O,
Yunanıstana 1940-cı ilin oktyabrında hücuma
başladı. Lakin italyanlar hərbi cəhətdən
hazırlıqlı deyildilər və onların müdaxiləsi
tezliklə dayandırıldı. Hitler Yunanıstana hücumun
baş tutmamasından hiddətlənmişdi. Balkan
flanqını qoruyub saxlamaq üçün Hitler 1941-ci ilin
aprelində Yuqoslaviyaya müdaxilə etdi və o təslim
olduqdan sonra Şərqə tərəf döndü və
Sovet İttifaqına müdaxilə etdi. Alman rəhbərliyi
inanırdı ki, qışa qədər Sovetlər qəti məğlubiyyətə
uğrayacaqdır.
22 iyun 1941-ci ildə Nasist Almaniyası Sovet
İttifaqına hücum etdi, bu, almanların ən iri
miqyaslı müdaxiləsi idi. Alman qüvvələri 180
diviziyadan ibarət idi, buna həmçinin 20 pantser (alman tank
növü) diviziyası da daxil idi. 8 min tank və 3,2 min təyyarə
hücumda iştirak edirdi.
Hücum sərhəd perimetri üzrə 1,8 min mil məsafədə
həyata keçirilmişdi. Sovetlər isə 160 piyada
diviziyasına malik idi, həmçinin yarım il ərzində
digər 300 ehtiyat diviziyasını səfərbər edə
bilərdi. Hitler Sovetlərin malik olduğu potensial qüvvələri
çox pis hesablamışdı.
Alman qoşunları sürətlə irəliləyib,
2 milyon nəfər sovet əsgərini əsir
götürdü. Noyabra qədər bir alman ordu qrupu
Ukraynanı bütünlüklə işğal etmişdi, digəri
Leninqradı mühasirəyə almışdı,
üçüncü isə noyabrda Moskvadan 25 mil aralı olan
bir mövqeyə gəlib çıxmışdı. Lakin
almanlar özlərinin birinci məqsədlərinə nail ola
bilməmişdilər. Sovet ordusunu məhv etmək
mümkün olmamışdı, nə də bir neçə
ay ərzində ümid etdiklərinin əksinə, Sovet
hökuməti süqut etməmişdi. Hansı ki, Hitler
düşünürdü ki, bu hadisə hökmən baş
verəcəkdir.
Erkən qış və Sovetlərin gözlənilməyən
müqaviməti almanların irəliləməsini
dayandırdı. Zirehli texnika və nəqliyyat 20 dərəcə
şaxtada yerindən tərpənə bilmirdi. Əsgərlər
rus qışına uyğun gəlməyən nazik döyüş
formasında vuruşurdular. Hitlerin hərbi komandanları geri
çəkilmək və sonrakı ilin yazında yenidən
qruplaşmaq istəyirdilər. Lakin Hitler bu təklifləri rədd
edirdi. O, israr edirdi ki, heç bir geri çəkilmə olmaz,
1941-ci ilin dekabrında Sovet əks-hücumu, nasistlərin qələbələrini
tıxaca saldı və SSRİ ilə müharibənin ilk ili
də bütövlükdə bu qaydada başa çatdı.
Alman ordusunda intizam pozulmuşdu, əsgərlər
silahsız qaydada Qərbə tərəf dönürdü.
Yollar davam edən hücumlar altında idi. Bombardmandan ölənlər
artıq dəfn edilmirdi. Lyuftvaffe ac qalan qoşunlara göydən
ərzaq tökürdü. 1941-ci ilin dekabrından Hitlerin digər
bir qərarı - Birləşmiş Ştatlara müharibə
elan etməsi, güman ki, onun məğlubiyyətini zəruri
etdi və digər Avropa münaqişəsi olan I Dünya
müharibəsində olduğu kimi, artıq qlobal müharibəyə
və ondan miqyasca daha böyük olanına çevrildi.
1941-ci il dekabrın 7-də yapon aviasiyası Birləşmiş
Ştatların Havay adalarındakı hərbi-dəniz
bazasına hücum etdi və onu böyük itkilərlə
dağılmağa məruz qoydu. Yaponlar bu adalara Yaponiyanın
ürəyinə tuşlanmış güllə kimi
baxırdılar, baxmayaraq ki, Havay adaları ilə
Yaponiyanın ən şimal nöqtəsi arasındakı məsafə
6 min kilometrə bərabər idi. Onlar əsl cənnət
olan bu arxipelaqı cəhənnəmə döndərmək
istəyirdilər və hava hücumu olduqca ağır nəticələrə
səbəb oldu. Havay adalarının üstündə
artıq mavi səma yox idi. Lakin məşhur yapon admiralı,
Pyorl-Harbora hücumun bilavasitə təşkilatçısı
Yamomoto təəssüf hissi ilə qeyd etmişdi ki, biz
yatmış nəhəngi oyatdıq. O, xəbərdar edirdi
ki, müharibə 2-3 il davam etsə, biz ABŞ-a qalib gələ
bilməyəcəyik. Çünki Yaponiyada resurslar
çatışmırdı, ölkə tədricən
quruyan göldə üzən balığa bənzəyirdi.
Amerikan generalı isə bu vaxt öz məqsədləri barədə
demişdi ki, biz qalib gələndə, yapon dili yalnız cəhənnəmdə
işlənəcəkdir. Həqiqətən, yaponların
hücumu amerikanlara güclü təsir göstərdi, onlar məğlubiyyətdən
yaxşı dərs aldıqları halda, yaponlar öz qələbələrindən
düzgün nəticə çıxara bilmədilər.
Gözlənilməyən uğurdan qürrələnən
yaponlar həmin gün digər bir qoşunla üstəlik,
Filippinə hücum etdi və Britaniya müstəmləkəsi
olan Malayyaya doğru irəlilədi.
Sabahısı gün, 8 dekabrda Birləşmiş
Ştatlar Yaponiyaya müharibə elan etdi. Prezident Ruzvelt
Pyorl-Harbora hücumu özü
üçün biabırçılıq
adlandırıb, amerikanların birləşib, düşmənə
hökmən qalib gələcəklərini bildirdi.
Üç gün sonra Hitler Birləşmiş Ştatlarla
müharibəyə girdiyini elan etdi, baxmayaraq ki, ondan belə
bir xahiş edilməmişdi. Çünki Almaniya Yaponiya ilə
ancaq sərbəst xarakterli bir alyansa malik idi. Bu hərəkət
prezident Franklin D.Ruzvelti, izolyasiyanı davam etdirmək sahəsindəki
amerikanların güclü hisslərinə məhəl
qoymamağa qadir etdi və Birləşmiş Ştatların
birbaşa Avropa münaqişəsinə girməsinə gətirib
çıxardı. Beləliklə, müharibə artıq
qlobal xarakter daşıyırdı.
Amerikalıların müharibəyə daxil
olmasından az sonra yapon qüvvələri Holland Şərqi
İndiyalarına (İndoneziyaya) müdaxilə etdi və
Sakit okeandakı bir neçə adanı işğal etdi.
1942-ci ilin yazında, demək olar ki, Cənubi-Şərqi
Asiya ölkələrinin hamısı və Sakit okeanın qərbinin
çox hissəsi yaponların əlinə keçmişdi.
Yaponiya, Böyük Şərqi Asiya həmmülkiyyət
sferasının yaradıldığını elan etdi.
Bütöv regionlar artıq yapon ağalığı
altında idi və bəyan edildi ki, onların məqsədi Cənubi-Şərqi
Asiyanın müstəmləkə zonalarını Qərblilərin
hökmranlığından azad etməkdir. Həmin vaxt həm
də Yaponiya hərb maşını regionun resurslarına
möhtac idi, bu ölkələrdə isə qalay, kaçuk
və neft nisbətən bol idi. Onlar həmin ölkələri,
özlərinin müharibə işlərindəki bazaları
kimi tam hökmranlıqları altına saldılar.
Yaponiya liderləri ümid edirdilər ki, Amerika
bazasına onların ilk nisbətən yüngül
miqyaslı zərbəsi, Birləşmiş Ştatları az
qala darmadağın edəcəkdir. Onlar Sakit okean
donanmasını və Ruzvelt administrasiyasını inandırmağa
çalışırdılar ki, onlar Sakit okeanda yapon
ağalığını qəbul etsinlər. Amerikan
xalqı yapon liderlərinin gözündə zəif materialdan
hazırlanmış yumşaq insanlar idi. Lakin Tokio öz
hesablamasında səhvə yol vermişdi, Pyorl Harbora hücum
amerikan rəyini qalvanizasiya etmişdi və Ruzveltin müharibəyə
girmək siyasəti geniş dəstək
qazanmışdı. Birləşmiş Ştatların məqsədi
bu vaxt Avropa xalqları və həmçinin millətçi
Çin ilə birləşmək cəhdləri hesabına,
Yaponiyanı məğlub etmək və Sakit okeanda onun
hegemonluğuna son qoymaq idi.
1942-1943-cü illərdə müharibədə
dönüş nöqtəsi baş verdi. 1942-ci 18 aprelində,
müharibənin ilk günündə Ruzveltin səsləndirdiyi,
Tokionu bombardman etmək barədəki fantastik kimi görünən
çağırışı yerinə yetirildi. B-25
"Mitçell" aviadaşıyan gəmisindən
polkovnik- leytenant Ceyms Dulittlin başçılıq etdiyi təyyarəçilər
16 bombarmandçı təyyarədə 650 mil məsafəni
qət edib, yapon şəhərlərini və Tokionu bombardman
etdilər. Həmin ilin yayında amerikan dəniz qüvvələri,
yaponların irəliləmələrini dayandırdılar.
İyun ayında Miduey atollu döyüşündə amerikan
təyyarələri 4 yapon aviasiya daşıyan gəmisini məhv
etdi, amerikanların özləri isə bu tipli yalnız bir gəmilərini
itirmişdilər. Bu qələbə ilə Sakit okeanda
amerikanların dəniz ağalığı quruldu.
Britaniyalılar El Alameyndə 1942-ci ilin yayında
"Forch" - ("Məşəl") əməliyyatını
həyata keçirməklə, Rommellin komandanlığı
altında olan alman və italyan ordularını noyabrın əvvəlində
məğlub etdilər. Almanların döyüşü
uduzmasının əsas səbəbi yanacağın və hərbi
texnikanın çatışmaması oldu, ingilis ordusunun
komandanı general B.Montqomerinin hərbi istedadı bunda nisbətən
az rol oynamışdı. 1943-cü ilin fevralında Stalinqrad
döyüşü almanların ağır məğlubiyyəti
və 300 min alman əsgəri və zabitinin əsir
götürülməsi ilə nəticələndi. Bu məğlubiyyət
təkcə hərbi xarakter daşımırdı, həm də
almanlar üçün ağır mənəvi zərbəyə
çevrildi. 1943-cü ilin iyununda isə sovet ordusu nəhəng
tank döyüşündə almanları həmçinin
böyük məğlubiyyətə düçar etdi.
Kurskın Proxorovka kəndi yaxınlığında gedən
döyüş almanların cəbhədəki qələbələrinə
son qoydu, sovet ordusunun isə sonrakı qələbələrinə
zəmin yaratdı.
Müttəfiqlər 1943-cü ilin əvvəlindən
razılaşmışdılar ki, Ox qüvvələri tam təslim
olana qədər onlarla vuruşacaqlar. Almanların və
yaponların qeyd-şərtsiz təslim olması,
razılığa əsasən başlıca əsas prinsipə
çevrilmişdi.
Müttəfiqlər öz razılaşmalarına
ardıcıl olaraq əməl edirdilər. 1943-cü ilin
mayında Ox qüvvələri Tunisdə məğlub olduqdan
sonra, Müttəfiqlər Aralıq dənizini adlayıb,
müharibə teatrını İtaliya ərazisinə
keçirdilər. U.Çörçill bu zonanı
Avropanın "yumşaq qarınaltısı"
adlandırmışdı. Siciliya tutulduqdan sonra Müttəfiq
qoşunları İtaliyanın qitə ərazisinə
nüdaxilə etdilər. Bu vaxt Mussolini həbs edildi. Yeni
italiyan hökuməti təslim olmaq təklifi ilə Müttəfiq
qüvvələrinə müraciət etdi.
Lakin almanlar Mussolinini, Otto Skortseninin planerlərdən
istifadə etməklə, ağlasığmaz əməliyatı
hesabına azad etdilər., sonra isə onu Almaniyanın
yaratdığı kukla hökumətinə başçı
təyin etdilər. Almanlar Şimali İtaliya ilə hərəkət
edib, ölkənin çox hissəsini zəbt etdilər.
Paytaxt Roma isə 1944-cü ilin 4 iyununa qədər hələ
Müttəfiqlərə təslim edilməmişdi, 5 mayda isə
Roma alman işğalından azad edilmiş ilk paytaxt şəhəri
oldu. Əbədi şəhərin azad edilməsindən iki
gün sonra, 6 iyunda Müttəfiqlər çoxdan gözlənilən
"İkinci Cəbhəni" açdılar.
Hələ 1943-cü ilin noyabrında
Üçlüyün Tehran konfransı, cəbhələrdə
qazanılan qələbələrin təsiri altında
"İkinci Cəbhənin" Fransa ərazisində,
1944-cü ilin yazında baş tutmasını
planlaşdırmışdı. Sovet qoşunları ilə
Britaniya və Amerika orduları Almaniyada görüşəcək,
Şərqi Avropanı isə Sovet silahlı qüvvələri
azad edəcəkdi. Müharibədən sonrakı
Almaniyanın parçalanması variantını da Müttəfiqlər
razılaşmışdılar. Konfransın əhval-ruhiyyəsi
böyük ümidlər doğururdu. ABŞ prezidenti Franklin
D.Ruzveltin müşaviri və çox etibar etdiyi məsləhətçisi
Harri Hopkins konfrans barədə nikbin düşüncəsini
belə ifadə edirdi: "Biz öz ürəyimizdə həqiqətən
inanırdıq ki, bu, yeni bir günün dan şəfəqidir".
1944-cü ilin 6 iyununda Britaniya və ABŞ qüvvələri
amerikan generalı Duayt Eyshauerin komandanlığı
altında Normandiyaya ağır desant çıxarmaqla,
İkinci Cəbhəni açdılar. Avropanın qərbində
artıq Müttəfiqlər irəliləyirdilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 14
sentyabr №(167).- S.22.