Arvad bazarı  

HÜRRƏM SULTANIN HİKKƏSİ

 

 

Hürrəm Sultan tarixdə iz qoyan qadınlardandır. Ancaq mənim üçün nə əsirlikdən necə xilas olmağı, nə Osmanlı tarixində nikah bağladan ilk qadın sayılmağı, nə də Sultan Süleyman ilə dillərə dastan sevgi yaşamağı maraqlı olub. Onun həyatını araşdırarkən sadəcə bir şey düşünmüşəm: bir insan necə bu qədər intriqa düşkünü ola bilər? Qana susamışlıqla, "övladlarım üçün..." deyərək başqalarının övladlarına qıymaqla, "ancaq mən, sadəcə mən, mən, mən..." deyərək necə hüzurlu həyat sürmək olar? Təbii ki, rahat ömür sürməyib. Özü həyatda ikən iki gənc övladının -  Mehmet və Cihangirin ölümünə şahid olub. Bəyazitlə Səlimin bir-biri ilə qanlı-bıçaq olmasını görüb. Qızını sevmədiyi Rüstəm Paşaya ərə verərək bədbəxt etdiyini başa düşüb. Sual yaranır: onda bu qədər vurhavur nə üçün idi, bu qədər qan, gözyaşı, savaş, kimə və nəyə görə idi? Özü də hikkəsindən çox erkən yaşda öldü. Ürək xəstəsi olduğunu deyirlər. Bu boyda həngamələrə ürəkmi tab gətirərdi? Hikkə qədər insanı sürətli şəkildə tükəndirən ikinci bir hiss yoxdur. İnsanı məhvə sürükləyir və öz əli ilə özünü yox edir. Hər şeyə rəğmən, bir həqiqət var: Hürrəm Sultan tarixdə önəmli qadın fiqurlarından biridir. Ona görə də, bu dəfə yolumu Hasekidən saldım.

İstanbulun təməlinin atıldığı nöqtə

Haseki - Fateh bölgəsinin qədim səmtlərindən biridir. Fındıqzadə ilə Ağsarayın arasında yerləşir. On altıncı əsrin ortalarına qədər bu səmt qadınlar üçün qurulan bazar idi. Ona görə də, ərazi həm də Arvad bazarı adı ilə tanınır. 1550-ci ildə Qanuni Sultan Süleymanın həyat yoldaşı olan Hürrəm sultan tərəfindən bu səmtdə inşa edilən Haseki Sultan məscidi və Haseki külliyəsinin burada tikilməsinə görə bu ərazi Haseki səmtinə çevrildi. Əslində ərazinin dərin keçmişi var. Bu gün Haseki səmtinin olduğu nöqtə əvvəllər Arkadios Formu idi. Yəni Konstantinapol (bugünkü İstanbul) şəhərinin təməli 1403-cü ildə burada atılmışdı. Şərqi Romanın ilk imperatoru Arkadius zəfərlərinin adını daşıyan bir sütun ucaldır və şəhər qurulmağa başlayır.

Arvad bazarı

Sonralar sütunların yaxınlığında Arvad bazarı qurulur. Alıcısı da, satıcısı da qadınlar olur. Qadınların ehtiyaclarının qarşılandığı, kişilərin girməyi qadağan olunan arvad bazarı sistemi XIX əsrə qədər davam edir. Külliyənin şöhrəti bölgənin əsas adını vurub keçir və ərazi Haseki adlanır.

Yeri gəlmişkən, Bizans dönəmində buradan xalq tərəfindən bazar yeri olaraq istifadə edilirdi. İstanbulun fəthindən sonra səmt osmanlıların əlinə keçdi. Ondan sonra qadınların öz əl işlərini, meyvə-tərəvəz satdıqları, alıcıların da, satıcıların da qadın olduğu bazarların sayı artmağa başladı. Buna görə də, səmtə zaman içində Arvad bazarı deyilməyə başlandı. Bəzi əcnəbi tarixçilər və elçilərin yazdıqlarına görə, Arvad bazarı əsir alınan kölə qadınların satıldığı yer idi. Rəvayətə görə, Hürrəm sultanın burada külliyə və məscid tikdirməsi təsadüf deyil. Özü də kölə bazarından satın alındığı üçün taleyinə meydan oxumaq məqsədi ilə bu işə qol qoyub. Övliya Çələbi deyir ki, Şahzadələr anası Haseki Sultan məscidi Qanuni Sultan Süleymanın Hürrəm sultana etdiyi jestdir. Çələbi də haqlıdır, çünki bu abidə bənzərsizdir. Təbii ki, belə gözəlliyin memarı Sinan olar. Abidə memar Sinanın İstanbuldakı ilk əsəridir. Sonralar Sinan klassikinə çevriləcək olan ardıcıllıq buradan başlayır, plana mədrəsə, məktəb də əlavə edilir və külliyəyə çevirirlər. Memar Sinan fərqini bu ilk işində bütün çılpaqlığı ilə ortalığa qoyur.

İçindən yol keçən külliyə

Məscid kiçik, amma olduqca fərqlidir. Topqapı sarayındakı Çinili köşkdə saxlanan çini kitabəsindəki məlumata görə, inşa işləri 1538-ci ildə başlayır bir il sonra tamamlanır. 1613-cü ildə məscidin qəyyumu Həsən bəyin səyləri ilə soldakı divarı yox edir, yerinə iki sütuna oturan tağlar qoyur. Eyni böyüklükdə ikinci "qübbəli ziyarətgah"la məscid böyüyür. Mehrab bu sütunların ardında qaldığı üçün standartdan kənar görüntü qazanır. Girişdəki beş qübbəli son camaat yerinin ilk inşa edilən qisimdə olmağının səbəbi də budur. Ənənəvi olan paxlava motivli sütun başlıqları və qırmızı kərpicdən qurulan tağlı son camaat yerindən məscidə daxil olunur. Yeri gəlmişkən, son camaat yeri məscidin girişində insanları ibadət etməsi nəzərdə tutulan yerdir.

Qapının hər iki yanında kufi yazıları var. Memar Sinanın baş memar olduqdan sonra inşa edilən "ilk böyük abidələr toplusu" olan Haseki külliyəsi həqiqətən də möhtəşəmdir. Külliyə ilə məscidin ortasından yol keçir. Yolun bir tərəfində sübyan məktəbi, mədrəsə, imarət, şəfaxana, digər tərəfdə isə məsciddir. Sübyan məktəbi Sinanın ərsəyə gətirdiyi məktəblər içində ən gözəli sayılır. İki mərtəbədən ibarət bu geniş bina yalın memarlığa sahibdir. İmarət sübyan məktəbinin arxasında yerləşir. Əsas giriş qapısının açıldığı keçidin sonunda ağaclarla dolu atriumu var. Qübbəli və bacalı mətbəxlər bu atriumun əhatəsində yerləşir.

Osmanlının ilk xəstəxanası

Darüşşəfa - tərkibində iki ümumi həkim, bir göz həkimi, bir cərrah, dörd xəstə baxıcısı ilə idrar şüşələrinə baxan iki xidmətçinin qeydə alındığı və işçi sayının 28 nəfərə yaxın olduğu şəfaxana olub. 1558-ci ildə şəfaxananın xərci 114 min 550 sikkə təşkil edib. Bura Osmanlı torpaqlarının ən qədim xəstəxanalarından biri sayılır.

Mədrəsə məscidin qarşısındadır. Dərsxana və otaqlarla əhatələnən eyvanlı atrium bir-birinə uyğun detalları ilə diqqət çəkir. Başak Oğuzun İstanbulun "Yüz Memar Sinan əsəri" kitabında Haseki külliyəsini "Sinanın külliyə abidələrindən olan "Haseki külliyəsi"nə baxanda arada qalan dar keçid və boşluqların necə təbii üsullarla işlədiyini, zəngin perspektivlər yaratdığını görməmək mümkün deyil" deyir. Haqlıdır. Buranın özünəməxsus, ovsunlayan ab-havası var. Yorucu deyil, insanda həyəcan yaradır. Bəlkə də, Hürrəm sultan fərqinin külliyəyə yansımasıdır bu mistik duyğu.

Külliyənin incəlikləri

İbadətgahı işıqlandıran iki sıralı pəncərələrdən altdakılar dirəkli, üstdəkilər kəskin kəmərlidir. Dəbdəbəli olmayan mehrab gipsdən düzəldilib. Bu gün isə ağ mərmər görüntüsü verəcək şəkildə boyanıb. Minbər mərmərdən hazırlanıb və çox sadədir. Tavan tamamilə qələm ilə işlənib. Qübbədə göy, qırmızı və yaşıl rəngin hakim olduğu şəmsə və ulduz motivləri ilə arabesklər, divarlarda isə qəliblə divarda açılan oyuq işləmələr gözə dəyir. Hökmdar məqsurəsində qiblə yönünü göstərən pərdə motivli qələm içi mehrab dizaynı nəzərə çarpır. Şərəfə altında nişli çıxıntılar, barmaqlıqların daş lövhələrində geometrik dizaynlı qabarıq işləmələr var. Fəvvarənin isə heç bir memarlıq üstünlüyü yoxdur.

Külliyənin girişində üç qapı mövcuddur. Bunlardan biri mədrəsəyə, ortadakı sıbyan məktəbinə, digəri isə imarətə aiddir. İmarət və sıbyan məktəbi arasında XVI əsr abidəsi olan kəsmə daşdan çeşmə mövcuddur. Məscidin qarşısındakı mədrəsə 1539-1540-cı illərdə inşa edilib, klassik tərzdədir. Qapısının qarşısında sütunlu eyvanı var.

Hardan haraya...

Külliyə 1660, 1918 yanğınlarında və 1894 zəlzələsində ciddi zərər görüb. Bu günədək yanlış təmirlər, düzəltmələr səbəbi ilə özünəməxsus görüntüsünü xeyli itirib.

Son olaraq 1963-1974-cü illərdə Vəqflər müdirliyi ilə "Klub Mediterreneen" arasında müqavilə imzalanır, məscid istisna olmaqla digər abidələr turizm məqsədilə istifadə üçün restavrasiya edilir. Fəqət xüsusilə səmt sakinlərinin etirazına əsasən bu qərar ləğv olunur, dini təhsil məqsədi ilə Diyanət İşləri İdarəsinə verilir. 1976-cı ildən bəri "İstanbul Haseki Təhsil Mərkəzi" adı ilə fəaliyyət göstərən külliyədə müftilik və vaizlik üzrə peşə təhsili verilir. Bu gün külliyənin mədrəsəsi yataqxana, qapalı dərs yeri məscid, imarəti yeməkxana, sıbyan məktəbi iclas zalı, şəfaxanası təhsil və idarə binası kimi istifadə edilməkdədir.

 

Türkan TURAN

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.21.