Cəmo bəy Cəbrayılbəyli: imperiyanın imperativ maarifçisi

 

(Əvvəli ötən sayımızda)

 

Cəmo bəy Cəbrayılbəyli 1950-ci ilin sentyabr ayında Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru vəzifəsindən azad olunur və onu İnstitut direktorunun müavini Mərdan Muradxanov müvəqqəti əvəz edir. 1950-ci il 30 sentyabr tarixində professor M.Muradxanovun imzası ilə Cəmo Adil oğlu Cəbrayılbəyliyə verilən arayışa əsasən, o, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda 14.10.1938-ci ildən başlayaraq böyük elmi işçi əvəzi, fərdi metodiki kabinetin müdiri, elmi katib, institutun direktoru vəzifələrində işləyib.

Cəmo bəyin 1957-ci ildə "Botanika dərslərində yerli materiallardan istifadə yolları" adlı müəllimlər üçün metodik vəsaiti nəşr edildi. Bu metodik vəsaiti müəllifin 70 illik yubileyinə avtohədiyyəsi də hesab etmək olar. O, yanvar ayının 29-da dünyaya təşrif gətirsə də, 70 illik yubileyi Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru Məmməd Ələkbərovun təşəbbüsü ilə 6 mart 1957-ci ildə kollektivdə təntənəli surətdə qeyd edildi. İnstitut kollektivinin yubilyara ünvanladığı təbrikdə yazılırdı: "Azərbaycanın əməkdar müəllimi, pedaqoji elmlər namizədi, dosent Cəmo Cəbrayılbəylinin anadan olmasının 70 illiyi münasibətilə.

Əziz və hörmətli Cəmo müəllim! Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun kollektivi Sizi - respublikamızın qocaman maarif xadimini anadan olmanızın 70 illiyi və elmi-pedaqoji fəaliyyətinizin 50 illiyi münasibətilə ürəkdən təbrik edir.

Siz öz mənalı həyatınızın yarım əsrini xalq maarifinin inkişafına həsr etmisiniz. İnqilabdan əvvəl, ağır irtica illərində xalqımızın Sabir, Səhhət, Şaiq, Üzeyir Hacıbəyov kimi görkəmli xadimləri ilə yanaşı, Siz də cəhalətə, nadanlığa qarşı fəal mübarizə aparmış və gəncliyinizi xalqın maariflənməsinə həsr etmişsiniz. Siz fəxr edə bilərsiniz ki, hazırda gəncliyi tərbiyə edən müəllimlər ordusu içərisində çoxlu yetirmələriniz vardır. Hökumətimiz nəcib xidmətlərinizi yüksək qiymətləndirərək Sizə Əməkdar müəllim fəxri adını vermiş, orden və medallarla təltif etmişdir.

Əziz Cəmo müəllim! İnstitutumuzun kollektivi Sizə cansağlığı, uzun ömür, pedaqogika elminin inkişafı sahəsində yeni yaradıcılıq müvəffəqiyyətləri arzu edir. Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu. 06.03.1957".

Cəmo Cəbrayılbəyli İnstitutda yarımştat əvəzçilik üzrə işlədiyinə baxmayaraq, ona rəhbərlik tərəfindən həssaslıq, diqqət və qayğı göstərilməsi yubliyarı riqqətə gətirmiş, qəlbini sevinc və fərəh hissi ilə doldurmuşdu.

70 yaşın zirvəsində ötən onilliklərə boylananda həqiqətən də Azərbaycan təhsilinin yeni tipli təşəkkülündə və tərəqqisində Cəmo bəyin təmənnasız xidmətləri əvəzsizdir. İnstitut kollektivinin ona göstərdiyi diqqət, səmimiyyət, ehtiram Cəmo Cəbrayılbəylinin halalca haqqı idi. Yubilyar əslində pedaqoji kollektivin xüsusilə gənc əməkdaşları üçün nümunə məktəbi sayılırdı.

 

lll

 

Mirzə Məmmədov 1938-1942-ci illərdə Xalq Maarif Komissarı və 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi vəzifəsində işlədiyi illərdə Cəmo Cəbrayılbəylini çox yaxından tanıyır, maarif, tədris, dərslik və dərs vəsaitlərinin nəşri sahəsindəki xidmətlərini yüksək qiymətləndirirdi. O, 1959-cu ilin sentyabrında Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna direktor təyin edildiyi vaxt Cəmo bəyi yenidən doğma kollektivinə dəvət etdi. Bununla bağlı imzaladığı "Əmr"də yazılırdı: "Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu üzrə Əmr № 141. Bakı şəhəri, 5 sentyabr 1959-cu il.

Dosent Cəmo Cəbrayılbəyli Adil oğlu 1959-cu il sentyabrın 1-dən etibarən Təbiyyat-kimya bölməsinə baş elmi işçi (1 ştat) vəzifəsinə təyin edilsin" (ETN Təhsil İnstitutunun arxivi, fond 1, siyahı 13, saxlama vahidi 155).

Cəmo bəy onun üçün doğma, dəyərli olan İnstitutda tam ştata qəbul olunduqdan beş ay sonra Mirzə Məmmədovun 1 fevral 1960-cı il tarixli əmri ilə C.Cəbrayılbəyli Təbiyyat-kimya bölməsinin müdiri təyin edilir. Eyni zamanda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu Elmi Şurasının üzvü seçilir.

C.Cəbrayılbəylinin 1962-ci ildən başlayaraq səhhətində problemlər yaranır, tez-tez xəstələnir, könüllü olaraq şöbə müdiri vəzifəsindən imtina etmək istəyir. Öncə düşüncələrini İnstitutun direktoru Mirzə Məmmədovla bölüşür. Mirzə müəllim Cəmo bəy kimi təcrübəli və məsuliyyətli bir işçini şöbə müdiri vəzifəsindən azad etmək istəmir. Amma onun sağlamlıq durumu da göz önündə idi. Həm də Cəmo bəyin 75 yaşı tamam olmuşdu. Elmi-pedaqoji yükünü qismən yüngülləşdirmək üçün 1962-ci il 23 noyabr tarixli İnstitut Elmi Şurasının protokoluna əsasən Cəmo bəy Kimya-biologiyanın metodikası şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilir. 1962-ci ildə onun "Botanikadan praktika və təcrübə" adlı kitabı nəşr edilir. Müsbət impluslara baxmayaraq, yaş öz sözünü deyir. Nəhayət Cəmo bəy Mirzə müəllimə rəsmi olaraq ərizə ilə müraciət edir: "Azərbaycan ETP İnstitutunun direktoruna. Təbiyyat-Kimya şöbəsinin müdiri Cəbrayılbəyli C. tərəfindən

Ərizə

Vücudca zəif olduğuma və ağır xəstəliyə tutulduğuma görə gərgin işləyə bilmirəm.

Rica edirəm məni vəzifədən azad edəsiniz. Əməkdar müəllim C.Cəbrayılbəyli. 12 mart 1963" (ETN Təhsil İnstitutu. Arxiv, fond 1, siyahı 13, saxlama vahidi 155)".

C.Cəbrayılbəylinin xəstəliyi onun işləmək, yazmaq qabiliyyətini xeyli aşağı salmışdı. Hətta nitqində ciddi problemlər yaranmışdı. Mütəmadi müalicə alsa da, istənilən nəticə qənaətbəxş olmurdu. Amma İnstituta gəlib-getməkdən qalmır, köhnə dostları, yetirmələri ilə hal-əhval tutmaqdan zövq alırdı.

AETP İnstitutunun direktoru Mirzə Məmmədov C.Cəbrayılbəylidən ərizəni qəbul etsə də, müvafiq əmr vermədi, onu şəxsi işə əlavə etmək üçün Kadrlar şöbəsinə göndərdi. Cəmo bəy ilə görüşən direktor onu çox mehriban, gülərüz qarşıladı, giley-güzarını zarafata saldı, elmi-pedaqoji fəaliyyətə, yazıb yaratmağa bir daha ruhlandırdı. Hətta ona elmi-tədqiqat işlərini evdə yerinə yetirməyə icazə verdi.  Bu mövzuya ilyarım qayıtmadılar. Təəssüf ki, xəstəlik də öz mənfur işini görür, Cəmo bəyi ürək ağrıları taqətdən salırdı...

1964-cü il noyabr ayının 3-də C.Cəbrayılbəyli Mirzə müəllimə təfsilatlı bir məktub yazıb göndərdi. Məktubda yazılırdı:

"Hörmətli Mirzə müəllim, səmimi salam!

Vücudca zəif olduğum bir yana qalsın, ən adi söhbəti belə gərəkli şəkildə ifadə edə bilmirəm. Ona görə Sizə müraciətimi yazılı şəkildə təqdim etməyi qərara aldım. Mənim Sizə o qədər hörmət və məhəbbətim var ki, hətta ürəkdən qucaqlamaq istərdim. Sizinlə bərabər mehriban kollektivimizə izhar etməyi özümə borc bilirəm.

Haqqımda Sizə bir neçə sətir məlumat verməyi lazım zənn etdim. Oktyabrın 31-də Nazirlər Soveti tərəfindən mənə 120 man. personal pensiya (fərdi təqaüd - A.R.) təyin olunmuşdur. Lakin qərar belədir ki, pensiyanı mənə ancaq işdən çıxdıqdan sonra versinlər. Ona görə işdən azad olunmam xüsusda Sizə ərizə verməliyəm.

Maddi cəhətdən birdən-birə çətinliyə düşməmək üçün arzu edirəm ki, bir ay, yaxud yarım ay da olsa maaşımı almaq xüsusda sərəncam verəsiniz. O zamana qədər Mərkəzi Komitə tərəfindən 7 çap listindən ibarət "Xatirələrim"in nəşrə qoyulması qərara alınmışdır. Nəşriyyat mənimlə doqovor (müqavilə) bağlayıb, qonorarın yarısını verməli olacaq. Demək ki, o zaman bir növ darısqallıq çəkməli olmaram. Rəy və məsləhətiniz nə cür olsa icra etməliyəm.

İmza... 03.11.1964" (ETN Təhsil İnstitutunun arxivi, fond 1, siyahı 13, saxlama vahidi 155).

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun direktoru Mirzə Məmmədov ilk növbədə Cəmo Cəbrayılbəylinin arzusunu yerinə yetirərək onun fərdi təqaüdə çıxması üçün əmrinin verilməsini bir ay gecikdirdi. Məktubun sonunda kargüzarlıq tərəfindən imzasız belə bir qeyd vardır: "2 dekabr 1964-cü il tarixli, 155 №-li əmrlə 30 noyabrdan pensiyaya çıxdığı üçün azad edilmişdir".

Məktubda, ömrünü xalq maarifinə, milli təhsilə şərəflə, ləyaqətlə həsr etmiş bir alimin sıxıntıları, ağrı-acıları özünü büruzə verir. O alimin ki, üç nəfər pedaqoji elmlər namizədi yetirmiş, Az.MİK-in "Fəxri fərman"ı (1935), Azərbaycanın "Əməkdar müəllimi" (1942), "Qafqazın müdafiəsi uğrunda" medalı (1945), "İgidliyə və fədakarlığa görə" medalı (1946), "Şərəf nişanı" ordeni (1946), "Xalq maarifi əlaçısı" nişanı (1950) və digər fəxri adlar, orden və medallarla təltif edilmişdi... Ömrünün 55 ildən çoxunu xalq maarifinə həsr etmiş Cəmo bəy Cəbrayılbəylinin pedaqoji xidmətlərinin müqabilində Nazirlər Sovetinin müəyyənləşdirdiyi ayda 120 manat "personal pensiya" məbləği sovet rejiminin dövrün ali kateqoriyalı ziyalılarına qarşı acı ironiyası idi.

"Maddi cəhətdən birdən-birə çətinliyə düşməmək üçün" Cəmo bəy yazdığı "Xatirələrim"in (Bakı, Azərnəşr, 1966, 192 s.) qonorarına ümidlər bəsləyirdi və təəssüf ki, sağlığında bu kitabın nəşrini görmək ona qismət olmadı... Kolumbiyalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin "Polkovnikə məktub yoxdur" povestinin qəhrəmanı yada düşür... Görünür, ədalətsiz dünyada haqqın, ədalətin tapdanması, məntiqsiz dəyərləndirmə meyarları yüzilliklərin dərinliklərindən süzülüb gələn həqiqətlərdi.

 

Cəmo Cəbrayılbəyli 1964-cü il noyabr ayının 30-da 77 yaşında uzun illər elmi-pedaqoji fəaliyyət göstərdiyi kollektivdən - Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan, dostlarından, yetirmələrindən ayrıldı... və uzun müddət yaşaya bilmədi...

Görkəmli ictimai xadim, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 30 iyul 1965-ci ildə Şamaxı yaxınlığındakı Çuxuryurd qəsəbəsində istirahət edərkən 78 yaşında ürək xəstəliyindən vəfat edib, Şamaxıdakı "Yeddi günbəz" qəbiristanlığında, yaxın dostu, böyük satirik şair Mirzə Ələkbər Sabirin məqbərəsinin bir neçə metrliyində dəfn olunub.

Cəmo bəy Cəbrayılbəylinin nümunəvi həyat yolu, pedaqoji fəaliyyəti, elmi və bədii yaradıcılığı aktuallığını, elmi və bədii siqlətini bu gün də qoruyub saxlayır. Onun şərəfli ömür yolu, silinməz iz buraxmış xidmətləri qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Asif RÜSTƏMLİ

Filologiya elmləri doktoru, professor

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.20.