Duman
Dəfələrlə boş - ağ vərəqlə
baş-başa qalmışam, amma heç vaxt belə çətinlik
çəkməmişəm.
Niyə? Özüm də bilmirəm. Yəqin ona
görə ki, bu dəfə nəsə uydurmaq və ya bədii
təxəyyüldən doğan obrazlar yaratmaq gərəkməyəcək.
Bu gün ömrümün sonunacan xatirələrimə,
yaddaşıma, qəlbimə həkk olunanları vərəqə
köçürmək istəyirəm.
Yeddi il yeddi aydır ki, bizimlə deyilsən. Hər
ötən gün bu rəqəm bir az da artır, bizi
bir-birimizdən uzaqlaşdırır, amma qəribə şəkildə
daxilən daha da yaxın edir. İndi mən buna əminəm,
çünki sən bu dünyadan köçəndə, mənim
heç 25 yaşım belə tamam olmamışdı.
Əlbəttə, bu yaş bəzi ali mətləbləri
anlamaq, onların dəyərini bilmək üçün bəs
edə bilərdi, amma onların dadını çıxarmaq
üçün yetərli deyildi.
Mənim aləmimdə gözəllik, bənzərsizlik,
saflıq, xeyirxahlıq və həssaslıq rəmzi sən
idin, Elmira. Bilirsən, yaşa dolduqca, səndən sonra
yaranmış nəhəng bir boşluğu daha çox hiss
edirəm. Vaxt yaraları sağaltmır. Əzizlərini itirənlərin
qəlblərindəki ağrını, acını xəfiflətməyə,
yaranı bağlamağa zamanın gücü yetmir. Bunu mən
indi tam əminliklə deyə bilərəm. Odur ki, sənin
haqqında üçüncü şəxsdə yaza bilmirəm,
axı biz səninlə səmimi həmdərd və
sirdaş olmuşduq. Gecənin yarısınacan uzanan, sonu
olmayan söhbətlərimizi necə də sevərdim... Evdə
hamı yatanda biz qaranlıq otaqda uzanardıq. Mən sənə
sirlərimi açardım, sənsə mənimlə daha
çox böyüklərə aid cürbəcür məsələlərlə
bağlı məsləhətləşərdin. Müxtəlif
adamlara, onların hərəkətlərinə aid şərhlərimi,
bəzi hadisələr haqqında fikirlərimi diqqətlə
dinləyərdin. Bəzən ümumi
tanışlarımızın maraqlı "xasiyyətnamə"lərini
dəqiqliklə verdiyimə görə təəccüblənərdin,
bəzən isə gülərək razılaşardın. Mənsə
müşahidə qabiliyyətim, həssaslığım və
dərin düşüncəm ilə səni təəccübləndirmək
istəyərdim. İndi anlayıram ki, məhz o anlar müstəqil
düşünməyi öyrənirdim. Sənin yanında
özümü böyük hiss edirdim, halbuki başqaları
üçün hələ də balaca qız idim. Sən məni
yaşıma görə yox, oxşar, hətta eyni
düşüncələrimiz baxımından özünə
tay, hər hansı ciddi mövzuda rahat söhbət edə biləcəyin
yaşıdın kimi qəbul edərdin.
O zaman cəmi 9-10 yaşım vardı, amma sənin
sayəndə, Elmira, mən özümü zəngin həyat
təcrübəsinə malik, sənə sadiq dost və həmdəm
hiss edərdim. Çünki sən mənə müstəqil
düşüncəli, dünyagörüşlü,
artıq formalaşmış bir insan kimi yanaşırdın.
Bunu mən yalnız indi, doqquz yaşlı qız
anası olarkən aydın başa düşürəm. O
zamanlar isə sadəcə gecələr yanında
qalmağı çox sevərdim. Yadımdadır ki, mənə
gecəni sizdə qalmağı təklif edəndə deyərdin:
"Qal, sənə elə bir kral yatağı hazırlayacağam
ki!" Və mən böyük məmnuniyyətlə
qalardım. "Kral yatağı" döşəmədə,
qırmızı yun xalçanın üstündə, isti
bir ocağın yanında açılardı. Ocağı sən
Qara dənizin sahilindən topladığın daşlarla bəzəmişdin.
Sadə, eyni zamanda zövqlü əşyalar səni həmişə
sevindirərdi. Ocağı bəzəmək üçün
istirahətdən çamadanda balıqqulağı və
daş gətirən yeganə turist, yəqin ki, sən idin.
Daşlardan birini "başmaq"
adlandırmışdın, çünki o, həqiqətən
də, uşaq ayaqqabısına bənzəyirdi.
Uşaq yaddaşı qəribədir... O,
şüurumuzdakı kiçik detalları dəqiqliklə
qoruyaraq bu detallarla dövrün ovqatını və bənzərsiz
ab-havasını yadımıza salır, həmin dövrdə
özümüzü daha yaxşı anlamağımıza
kömək edərək zamanın dönməzliyini
amansızlıqla təsdiqləyir.
Uşaqlıq çağımda sənətə olan
vurğunluğunu və fantastik
işgüzarlığını müşahidə edir, sənə
böyük dəyər verən tələbələrinin
ifalarını və möhtəşəm konsertlərinizi
dinləyir, bu konsertlərin uğurlu keçməsi
üçün nə qədər mənəvi və fiziki
güc sərf etdiyini görürdüm.
Tamaşaçıların sənə məhəbbəti, hədiyyə
etdikləri gül dəstləri, konsertlərdən sonra evində
toplaşan dostlar, sağlığına qaldırılan badələr
və sənin ənənəvi "Mən nə demək istəyirəm?"
ifadəsi ilə başlayan tostların indiki kimi
yadımdadır. Mən də sənin kimi gözəl,
uğurlu və sevimli olmaq istəyirdim. Pianoçu
olmağı, orkestrin müşayiətilə səhnədə
çıxış etməyi, tamaşaçılardan
gözəl gül dəstləri almağı
arzulayırdım. Bunu o qədər çox istəyirdim ki,
musiqi məktəbini bitirdim və... musiqiçi... olmadım.
Ancaq bunun indi nə önəmi var?
Bu gün başa düşürəm ki, musiqini
anlamaq və dəyərləndirmək, əsl istedadı
üzə çıxarmaq üçün peşəkar
musiqiçi olmaq vacib deyil. Sən, Elmira, bəlkə də,
bilmədən mənə bunu öyrətmişdin. Tələbələrinlə
aranızdakı dostluq münasibəti və səmimi
ünsiyyət hamını heyrətə gətirirdi.
Yadımdadır, sən tələbələrinlə saatlarla
məşğul olanda, mən kresloda sakitcə oturub
jurnalları vərəqləyərdim. Royal arxasında oturan
tələbələrin üzlərini görə bilmirdim,
amma səni çox yaxşı görürdüm:
otağın bir küncündən o biri küncünə
var-gəl edib, əlinlə ritmi döyürdün: "Bir,
iki, üç... dəqiq deyil... yenidən!.." Royal
metronomsuz idi, əslində ona ehtiyac da yox idi, çünki sənin
ritm duyğun mükəmməl idi. Metronom əvəzinə,
müharibədən sonra Almaniyadan qənimət olaraq gətirilmiş
kiçik qadın heykəli var idi royalın üzərində:
bu balaca zərif heykəl səni xatırladırdı. Və
o da mənim kimi, əsl sənətin, musiqinin
doğulmasına səssizcə şahidlik edirdi.
O vaxtlar tələbələrinin hansı əsərləri
ifa etdiyini dəqiq xatırlamıram. Lakin insanın
şüuraltısı maraqlı işləyir,
görünür ki, sənin tələbələrinin həmin
vaxt ifa etdikləri əsərlər mənim beynimdə hələ
də səslənməkdədir. İllər keçsə də,
həyatımın müxtəlif dövrlərində təsadüfən
Raxmaninovun, Şopenin, Qara Qarayevin hansısa əsərini
eşidəndə gah sənin Xaqani küçəsindəki
köhnə evinin divarından asılmış rəsmləri
- Deqanın reproduksiyalarını, gah damalı süfrə ilə
örtülmüş masanı işıqlandıran
qırmızı abajuru, gah iri yastı güldanda üzən
saplaqsız çobanyastığı çiçəklərini,
gah da əlində yerkökü tutan sevimli dovşan oyuncağını
xatırlayıram... Niyə belə olur? Nə bilim...
Görünür, uşaq yaddaşına həkk olunanlar
silinməz və əbədidir.
Səs-küylü məclislər, uzun-uzadı tostlar
və rəqslər bitəndən sonra dostlar
yavaş-yavaş dağılışardı. Mən
yanında qalardım, biz masanı bərabər
yığışdırar və sən məni qucaqlayıb
deyərdin: "Bax, hamı getdi, amma mənim yanımda yenə
də sadiq balaca dostum qaldı".
Ertəsi gün yenə də dostlarının və
tələbələrinin telefon zəngləri,
qızğın müzakirələr, məşqlər, yeni
möhtəşəm planlar, konsertlər, heç vaxt bitməyən
işlərin müzakirəsi başlayardı... Ta amansız
xəstəliyə qədər.
Anamın əməliyyatından sonra Moskvadan
qayıdıb bir gün sənə baş çəkməyə
gəlmişdim. Səfərdən sənə
xoşladığın malaxit daşından üzük gətirmişdim,
onu çox bəyənmişdin və sonralar həmin
üzüyü tez-tez taxardın. Amma hiss edirdim ki, geyinib bəzənmək
və hətta evdən çıxmaq həvəsin getdikcə
azalır. Çünki zalım xəstəlik artıq daxildən
səni məhv etməyə başlamışdı.
Bir gün məndən ingilis dili dərsliyini gətirməyi
xahiş etmişdin. "Evdə otururam, heç olmasa xarici
dil öyrənərəm", - demişdin. Mən bir
neçə kitab gətirmişdim və bir müddət sonra
maraqlanmışdım: nəsə oxudunmu?
"Yox, Güneşa, görünür, mən
artıq heç nə öyrənə bilməyəcəm",
- deyə qəmgin tərzdə gülümsəmişdin.
Hər dəfə ailəmizin həyatındakı o dəhşətli
günləri xatırlayanda çox pis oluram. Yəqin ki, indi
də bu haqda yazmaq istəməzdim. Axı sən heç vaxt
gileylənmirdin, çətinliklərini bildirmirdin, kiməsə
əziyyət verməyi sevmirdin. Mən də bunu etməyəcəm.
Sən bir soyuq yanvar günündə qəfil bu
dünyadan köçdün. Yesenin yazdığı kimi:
"Hər şey ağ budaqdan duman kimi çəkiləcəkdir".
Bir dəfə doğma Konservatoriyanda sənə həsr
olunmuş xatirə gecəsində iştirak edirdik. Səhnədə
sevimli tələbələrin Elnarə Həşimova və
Məmməd Quliyev ən çox xoşladığın
parçalardan Cerom Kernin "Duman" əsərini ifa edirdilər.
Kernin bənzərsiz musiqisi səslənərkən, mən səni,
uşaqlıq və gənclik illərimi, Estoniyaya birgə səfərimizi,
çox sevdiyin Tallinin Merivəlya qəsəbəsindəki
kiçik evimizi, uzun uzadı gəzintilərimizi, nahar etdiyimiz
xudmani kafeləri, köhnə şəhərdəki
kiçik suvenir dükanlarını və heç vaxt unuda
bilməyəcəyim daha nələri xatırlayırdım.
Bunları heç bir memuar kitabına sığdırmaq
mümkün deyil.
"Duman"nın son akkordu səslənib havada əridi.
Xatirələrin dumanı çəkilib getdi. Sən, Elmira,
qaldın...
İyul, 2004-cü il
Günel ANARQIZI
525-ci qəzet .- 2024.- 14
sentyabr №(167).- S.19.