Unudulmaz müəllimimizin
əziz xatirəsi
ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ,
PROFESSOR ELMİRA SƏFƏROVANIN ANADAN OLMASININ 90
İLLİYİNƏ
Biz əziz, unudulmaz müəllimimiz Elmira xanım Səfərovanı
böyük minnətdarlıq, məhəbbət və hərarətlə
xatırlayırıq. Görkəmli pedaqoq, pianoçu və
musiqi xadimi Elmira Yusif qızı Səfərovanın
aramızdan getməsindən artıq 27 il keçir. Lakin onun
xatirəsi çoxsaylı tələbələrinin, həmkarlarının,
dostlarının, musiqi ictimaiyyətinin və
yaradıcılığının pərəstişkarlarının
qəlbində yaşayır.
E.Y.Səfərova 16 sentyabr 1934-cü ildə Bakı
şəhərində ziyalı ailəsində - Səfərov
Yusif Əliqulu oğlu və Fridunbəyova Cəvahir Həsən
qızının ailəsində anadan olub. Elmira
xanımın atası - Yusif müəllim məşhur neft
mühəndisi, Azərbaycan Respublikasının Əməkdar
mühəndisi, iki dəfə Dövlət Mükafatı
laureatı, texnika elmləri namizədi və Xəzər dənizində
qeyri-adi şəhər olan "Neft Daşları"nın
ilk qurucularından biri idi. Anası - Cəvahir xanım gözəl
səsə və böyük musiqi istedadına malik idi. Gənc
yaşlarında o, görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin xorunda oxuyurdu və solist kimi tez-tez
müxtəlif konsertlərdə çıxış edirdi.
O, Azərbaycan mahnılarının gözəl
ifaçısı idi. Üzeyir bəy ona "Qara
göz" mahnısını həsr etmişdi və o bu
mahnını böyük ilhamla ifa edirdi. İstedadına və
uğurlarına baxmayaraq, Cəvahir xanım sonradan səhnəni
buraxıb, özünü tamamilə uşaqların tərbiyəsinə
həsr etdi. Valideynlər musiqi sənətinə olan sevgi və
marağı öz övladlarına aşıladılar və
onlar belə yaradıcı bir mühitdə böyüdülər.
Peşə seçimində şübhə yox idi:
istedadlı qız olan Elmira 1942-ci ildə Azərbaycan Dövlət
Konservatoriyası nəzdindəki onillik məktəbə,
görkəmli pedaqoq, Peterburq Konservatoriyasının məzunu,
məşhur pianoçu A.N.Yesipovanın tələbəsi
Qruşkonun sinfinə daxil oldu.
Məktəbi 1952-ci ildə müvəffəqiyyətlə
bitirdikdən sonra E.Y.Səfərova Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına, Azərbaycan
fortepiano məktəbinin əsasını qoyanlardan biri, Azərbaycan
Respublikasının Xalq artisti, bir çox görkəmli
pianoçular yetişdirmiş professor M.R.Brennerin sinfinə
daxil oldu.
E.Y.Səfərova konservatoriyada təhsil
aldığı illərdə simfonik və solo konsertlərlə
böyük uğurla çıxış edərək, Qərbi
Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət müxtəlif proqramları
tamaşaçıların mühakiməsinə təqdim
edirdi. Təhsildəki uğurlarına görə E.Y.Səfərovaya
Üzeyir Hacıbəyli adına təqaüd verilmişdi.
E.Y.Səfərovanın formalaşmasında növbəti
mühüm mərhələ P.İ.Çaykovski adına
Moskva Konservatoriyasında fortepiano sənətinin görkəmli
ustadlarının- professorlar A.V.Şatskes və Y.V.Fliyerin
siniflərində aspiranturada təhsil alması oldu. Bundan əlavə,
60-cı illərdə Moskvada mədəniyyət sahəsindəki
bütün yaradıcı atmosfer, B.M.Davidoviç,
L.N.Vlasenko, Y.İ.Zak, Y.İ.Milşteyn kimi gözəl
musiqiçilərlə ünsiyyət, şübhəsiz ki,
onun bir musiqiçi və şəxsiyyət kimi
formalaşmasına böyük təsir göstərdi.
E.Y.Səfərovanın Moskvada
çıxışları peşəkarlar və musiqi həvəskarları
arasında böyük maraq doğururdu. Konsert
proqramlarının diapazonu müxtəlif idi və həm
klassik, romantik, həm də müasir istiqamətli əsərləri
əhatə edirdi. 1960-cı ildə keçirilən
Zaqafqaziya musiqiçi-ifaçılar müsabiqəsi onun gələcək
yaradıcılıq inkişafı üçün
böyük dəstək oldu və o bu müsabiqənin
laureatı seçildi.
Moskva aspiranturasını parlaq şəkildə
bitirdikdən sonra E.Y.Səfərova doğma Bakıya
qayıtdı və burada Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının "Xüsusi
fortepiano" №2 kafedrasında pedaqoji fəaliyyətə
başladı. Qısa müddət ərzində o, öz
sinfini formalaşdırdı, onun təşəkkülü və
yaradıcı inkişafı üçün çox
güc, enerji sərf etdi. İllər keçdikcə E.Y.Səfərovanın
pedaqoji fəaliyyəti daha da təkmilləşdi.
Pedaqoji fəaliyyəti illərində E.Y.Səfərova
mütəmadi olaraq yüksək səviyyədə, peşəkarlar
və akademik musiqi həvəskarları arasında
böyük maraq doğuran sinif konsertləri təşkil
edirdi. Azərbaycan fortepiano musiqisinə həsr olunmuş
konsertlər və mühazirələr böyük rezonans
doğururdu.
1979-cu ildən E.Y.Səfərova fəal mədəni-maarif
fəaliyyəti ilə məşğul olur, Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində
respublikanın orta ixtisas musiqi təhsili müəssisələrinin
müəllimləri üçün təşkil olunmuş
ixtisasartırma kurslarında mütəmadi olaraq metodik və
mühazirə işləri aparırdı. O, Bakı şəhərinin
müxtəlif musiqi məktəblərində, A.Zeynallı
adına Azərbaycan Dövlət Musiqi Texnikumunda məruzə
və mühazirələrlə çıxış edirdi
ki, bu da respublikamız üçün musiqi kadrlarının
hazırlanmasında böyük rol oynayırdı. E.Y.Səfərova
uzun illər F.Dzerjinski adına məktəbin (hazırda Milli
Təhlükəsizlik Nazirliyi nəzdində) məsləhətçisi
olub və zəngin pedaqoji təcrübəsini məktəbin
müəllimləri ilə səxavətlə
bölüşüb.
E.Y.Səfərova bir sıra metodik elmi əsərlərin
və tövsiyələrin müəllifi idi:
"İ.S.Baxın prelüd və fuqaları
(redaksiyaların müqayisəsi və ayrı-ayrı
prelüd və fuqaların interpretasiya problemləri)",
"D.Şostakoviçin prelüd və fuqaları",
"N.K.Metnerin musiqi sənəti tarixində rolu",
"İmpressionizm. M.Ravel və K.Debüssinin fortepiano əsərlərinin
üslubiyyatının bəzi məsələlərinə
dair" və sair. Bu elmi əsərlərin hər biri
peşəkar musiqiçilər üçün bu gün də
böyük dəyər kəsb edir.
E.Y.Səfərovanın yaradıcılıq
bioqrafiyasında bir əlamətdar hadisə də 1995-ci il
fevralın 2-dən martın 3-dək M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında onun tərəfindən
hazırlanaraq keçirilmiş klassik və müasir musiqi
festivalı oldu. Bu festivalın ölkəmizin musiqi mədəniyyətinin
inkişafı üçün əhəmiyyətini
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
rektoru, Azərbaycanın Xalq artisti, professor F.Ş.Bədəlbəyli
çıxışında parlaq şəkildə əks
etdirdi: "Fortepiano sənətimizin tarixində heç vaxt
bir müəllimin bütöv bir silsilə-festivalı
keçirilməmişdi. Bu, musiqi həyatımızda tamamilə
yeni bir hadisədir".
Elmira xanımın parlaq pedaqoji istedadı və
inadkar, zəhmətkeş əməyi ona böyük nəticələr
əldə etməyə imkan verib. E.Y.Səfərova pedaqoji fəaliyyəti
illərində böyük iş aparıb və 60-dan
çox məzun hazırlayıb ki, onların arasında
respublika və beynəlxalq müsabiqələr laureatları,
musiqi sənəti sahəsində xidmətlərinə
görə fəxri adlara layiq görülənlər var.
Hazırda Elmira xanımın yetirmələri təkcə
respublikamızın deyil, həm də yaxın və uzaq
xaricdə - Rusiya, ABŞ, İsveç, Avstraliya, İsrail,
Türkiyədə müxtəlif musiqi müəssisələrində
çalışırla.
E.Səfərovanın pedaqoji fəaliyyəti ilk
növbədə, yaradıcı prinsiplər və üsullar
əsasında həyata keçirilirdi. Onlar çoxşaxəli
idi və tələbənin fərdiliyi ilə müəyyən
edilirdi. Onun əsas pedaqoji prinsipləri kimi ilk növbədə
bunları qeyd edərdik: musiqi əsəri üzərində
işləyərkən rasional və emosional idrakın
uyğunluğu, tələbənin musiqi-yaradıcılıq
fəallığı və müstəqilliyinin olması,
eşitmə özünənəzarətinin maksimum fəallığı,
musiqi təhsilində bədii və texniki ustalığın
vəhdəti, müəllim və tələbənin
yaradıcı qarşılıqlı əlaqəsi. Səsə
diqqətli və həssas münasibət, kantilena üzərində
iş məşğələ prosesinin vacib tərkib hissəsi
idi.
Elmira xanım həssas və qayğıkeş insan
idi. "Sönməz ulduzun işığı"
kitabında (tərtibçi E.R.Kəbirlinskaya) onun həmkarları,
eləcə də çoxsaylı tələbələri
Elmira xanımı xatırlayaraq qeyri-adi həmrəyliklə
onun müsbət insani keyfiyyətlərindən, əxlaqi və
bədii məqsədlərinin vəhdətindən
danışırlar.
Əminliklə demək lazımdır ki, professor E.Y.Səfərova
tərəfindən yaradılmış pianoçuluq məktəbi
dinamik şəkildə inkişaf edir və çiçəklənir.
Elmira xanımın bir çox tələbələri Azərbaycanın
musiqi mədəniyyətində və beynəlxalq arenada
layiqli yer tutublar. Bu sırada Tsiala Tsinamdzqvarişvili, Rəna
Rzayeva, Gülşən Ənnağıyeva, Məmməd
Quliyev, Nərgiz Əliyarova, Murad Hüseynov, Elnarə Kəbirlinskaya
və başqalarının adlarını çəkə
bilərik. Onun ilk məzunlarından biri olan Sevda Babazadə
BMA-da gənc pianoçu kadrlar hazırlayır ki, onların
arasında beynəlxalq müsabiqələr laureatları var.
Elmira xanımın son məzunu - istedadlı pianoçu və
bəstəkar Ruslan Ağababayev dünyanın ən
yaxşı səhnələrində konsertlərlə
çıxış edir. "Səfərova"
pianoçuluq məktəbi tələbələrindən bir
neçəsinin uğurlu sənət yoluna nəzər salaq:
Tsiala Tsinamdzqvarişvili - Azərbaycanın Əməkdar
müəllimi, BMA-nın professoru, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsüdür. Tez-tez
respublika və beynəlxalq müsabiqələrin münsiflər
heyətində iştirak edir.
Məmməd Quliyev - Azərbaycanın Əməkdar
müəllimi, BMA-nın professoru, Zaqafqaziya
musiqiçi-ifaçılar müsabiqəsinin laureatı,
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli
musiqi məktəbinin direktorudur.
Bu istedadlı musiqiçilər arasında peşəkar
karyerasında zirvəyə çatan, E.Y.Səfərovanın
sinif məzunu olmuş Murad Hüseynov xüsusilə
seçilir. Mədəniyyət nazirinin müavini olan Murad
Hüseynov Azərbaycanın Xalq artisti, BMA-nın professoru,
beynəlxalq müsabiqələr laureatı, Azərbaycan,
Fransa və Macarıstanın mükafat, orden və
medallarının sahibidir.
Gülşən Ənnağıyeva Azərbaycanın
Əməkdar artisti, Türkiyədə "19 Mayıs"
Universiteti Dövlət Konservatoriyasının xüsusi
fortepiano kafedrasının professoru, beynəlxalq müsabiqə
laureatıdır. Bu istedadlı pianoçunun
çıxışları həmişə ideyaların
yeniliyi, orijinal bədii konsepsiyalar və
düşünülmüş dramaturgiya ilə fərqlənir.
Azərbaycanın Əməkdar artisti Rəna Rzayeva da
Elmira Səfərova məktəbinin parlaq nümayəndələrindən
biridir. O, uzun illər Azərbaycan Dövlət
Filarmoniyasının solisti olub və otuz ildən çoxdur
ki, dünyanın müxtəlif ölkələrində
uğurlu ifaçılıq fəaliyyəti göstərir.
Onun diskləri İngiltərə, ABŞ, Vyanada
buraxılıb və bu baxımdan Azərbaycan musiqiçiləri
arasında rekordçulardan biri hesab olunur.
Kəmalə Neymanova Azərbaycanın Əməkdar
incəsənət xadimi, Ü.Hacıbəyli adına
BMA-nın professoru, beynəlxalq müsabiqələr laureatı,
beynəlxalq musiqi festivallarının
iştirakçısıdır. Hazırda K.Neymanova BMA-da
"Kamera ansamblı" kafedrasına rəhbərlik edir.
Solo konsertlərlə yanaşı, Avstriya, Almaniya, İsrail,
Rusiya, Türkiyədən olan Azərbaycan və xarici
musiqiçilərlə çoxsaylı kamera musiqisi konsertləri
verilib. Pedaqogikada böyük uğurlar da qanunauyğundur - Kəmalə
xanımın tələbələri beynəlxalq müsabiqə
və festivallarda yüksək nəticələr əldə
edir, təhsillərini davam etdirmək üçün Avropa,
Amerika, Kanadanın nüfuzlu konservatoriya və universitetlərinə
qəbul olunurlar.
Elmira xanımın digər yetirməsi, professor Nərgiz
Əliyarova nadir istedada malik musiqiçidir. O, Azərbaycanın
Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, beynəlxalq
festivalların iştirakçısıdır. Pianoçunun
repertuarına barokkodan müasir dövrə qədər musiqi
daxildir, beş kompakt disk buraxılıb. Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında 25 illik fəal
yaradıcılıq fəaliyyətindən sonra N.Əliyarova
ABŞ-yə köçüb. Lakin Vətənlə əlaqəni
kəsmir, tez-tez Azərbaycanda konsertlərlə
çıxış edir, festivallarda və müxtəlif mədəni
layihələrin iştirakçısı olur. N.Əliyarova
klassik musiqi vasitəsilə icmaları qlobal və çoxmillətli
mədəniyyətlə birləşdirmək
üçün körpü olmağa çalışan
Milli və Qlobal Mədəniyyət Cəmiyyətinin
prezidenti və təsisçisidir.
Elnarə Kəbirlinskaya Azərbaycanın Əməkdar
artisti, BMA-nın professoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr
laureatıdır. Beynəlxalq festivalların
iştirakçısıdır, Azərbaycanda və xaricdə
konsertlərlə çıxış edir. E.Kəbirlinskaya
"Elmira Səfərovanın yaradıcılığı və
onun Azərbaycan fortepiano sənətinin inkişafında
rolu" mövzusunda dissertasiya işini özünün
unudulmaz müəlliminin- E.Y.Səfərovanın
çoxşaxəli yaradıcılıq fəaliyyətinə
həsr edib. Pianoçunun ifasında tanınmış Azərbaycan
bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlovun
fortepiano əsərlərindən ibarət disklər
buraxılıb. E.Kəbirlinskaya beynəlxalq müsabiqələr
laureatları, beynəlxalq festivalların
iştirakçıları - Nərgiz Həsənova, prezident
təqaüdçüləri - Jalə Mailova və Firuza Bəylərova,
Fidan Mirheydərzadə, İlqara Talıbova və
başqalarının müəllimidir.
"Müəllim, elə tələbə tərbiyə
et ki, sonra ondan öyrənsinlər" - məşhur ifadəsini
xatırlayaraq, əminliklə demək olar ki, Elmira xanım
müəllim missiyasını yerinə yetirib və bu estafeti
öz yetirmələrinə ötürüb.
E.Y.Səfərova öz aktiv və çoxşaxəli
yaradıcılıq fəaliyyəti ilə Azərbaycanın
musiqi mədəniyyətinin inkişafında böyük rol
oynayıb, vətənin fortepiano sənətinin salnaməsinə
dəyərli səhifələr yazıb. Zaman sürətlə
keçir və onun axınını saxlamaq mümkün
deyil, lakin o, bizim yaddaşımıza hökm edə bilməz.
Biz böyük müəllimimiz Elmira xanım Səfərovanı
daim xatırlayır və hörmətlə anırıq,
çünki o, qəlbimizdə pianoçuluq sənətinin
məşəlini alovlandırıb. Bu məşəl
yanmaqdadır və hələ E.Y.Səfərova məktəbinin
növbəti yetirmələrinin də qəlbində
alovlanacaq.
Elnarə KƏBİRLİNSKAYA
Azərbaycanın Əməkdar artisti, BMA-nın
professoru, sənətşünaslıq üzrə fəlsəfə
dokto
Rus dilindən tərcümə edən: Xanım
Aydın
525-ci qəzet .- 2024.- 14
sentyabr №(167).- S.18;19.