ƏBƏS NİGARANLIQ  

 

Hər ömür əslində elə qatmaqarışıq yuxu kimidir. Yalnız ömür yaşanıb bitəndən sonra baxırsan ki, hər həyatın hadisələri zəncirin halqaları sayaq bir-birinə bağlıymış və keçmişlərdə pərakəndə kimi görünənlər, sən demə, biri digərini tamamlamaq, davam etdirməkçün öncədən məhz bu cür də düşünülübmüş qədər dəqiqliklə sıralanıb.

Pərvərdigarın yarada bilmək istedadı bağışladığı düşüncə və duyğu adamlarının, sənət və qələm sahiblərinin bir çoxunun sıradan olan insanların əksərindən ən başlıca fərqlərindən biri də onların sabahı görmələri, sonra baş verəcəklərin bir çoxunu irəlicədən sezmələridir.

Zakir də o qafilədən olanlardan idi ki, həm çox uzaqları - ömründən sonrakıları, həm də elə ən yaxın sabahları ona əyan edən fikirlər vaxtaşırı qələmindən, fikrindən, yuxularından keçirdi.

Bir gün uyqusundan hövlnak oyanmışdı, çünki röyada görmüşdü ki, onu it qapıb. Ayılmışdı və bir-birinin ardınca ona yönələn elə it qapmağına bərabər həmlələrlə üzləşdikcə anlamışdı ki, elə yuxudakı bunların xəbərdarlığıymış:

Yatmış idim, gecə röyada məni tutdu köpək,

O qədər keçmədi ki, gördüyüm oldu gerçək.

 

Cavanlıqda dərd-sər gələndə, qarşıdakı illərin çoxluğunun sənə verdiyi güc, inam, ümid kömək olur ki, sıxıntıları ürəyinə çox yük etməyəsən, ən böhranlı vəziyyətlərdə də sarsılmayasan, ruhdan düşməyəsən, özün-özünə içəridən dayaq olasan. Amma yaşlaşdıqca, ixtiyarlığın ağırlığı çiyinlərindən daha çox basdıqca möhlətin gödəlməsini hər növbəti günlə, həftəylə, ayla daha artıq hiss etdikcə qüssə də çoxalır, şikayətlənmələr də. Təbii, qocalığın üstünə zəmanənin və həmzamanların incitmələri də gələndə, ürək qəmli sözlərlə dolu, əl dərdi sözə çevirməyə qadir qələmli olanda o ağrılar zoqqultusu daha heç vaxt kəsilməyəcək misralara çevrilir.

Zakir bu şeiri haçan yazıb? Yəqin ki, artıq yetmişində, əbədi gedişin lap astanada olduğu ömür xəzanında. Artıq növbətin yetişdiyini ona yalnız tökülmüş dişlər, əyilmiş bel, tükənmiş taqət anlatmır, getmək vaxtının çatdığı artıq onunçün astanadan boylanan qaçılmazlıqdır:

 

Ağzımda uçuq qəbrə dönüb otuz iki diş,

Üç-dördü qalıbdır.

Bir-birini tutmaz dəxi onlar görə bir iş,

Kökdən boşalıbdır.

...Köçmək dəmidir, yatma, kişi çapük ü şakir

Dur, düş yola, tərpən.

 

Bu getmək anının labüdlüyünü xəbər verən canını saran ağrı-acıdan, bədəninin getdikcə tükənən gücündən daha əvvəl ətrafında yaranan boşluq, ona simsar olanların sıralarının seyrəkləşməsi idi:

 

Əfsus, günüm keçdi şər ü şur ilə daim,

Gəldi dəm-i rehlət.

Tutmuş hələ dünyanı könül hirs ilə qaim,

Tədbirinə lənət!

Getdi hamı həmdərd-i xoşəxlaq ü mülayim,

Qaldım mən-i həsrət.

Yoxdur ədədi fovt olanın, hansını sayım?

Məcmuuna rəhmət!

 

Qasım bəyin vəfatından yarım əsr keçəndən sonra şairin baxımsız məzarını görüb kədərlənən, onun sanki bu bərbad məzarını da qabaqcadan görməyinin təsdiqi kimi yazdığı

 

Uçuq görüb məzarımı,

Sanır ki, onda xakəm mən.

Heç deməz ki, yardan ayrı,

Ləhədtək sinəçakəm mən, -

 

bayatısını xatırlayan Mustafa bəy Behbudov 1908-ci il iyulun 29-da "Tazə həyat" qəzetində dilxor düşüncələrini belə bölüşürdü: "Zakir Şişə şəhrində vəfat etməgə görə darvazadan aşağa məşhur Mirzə Həsən qəbristanlığında sabiq vəzir cənab Mirzə Camal ilə (1773-1853 - R.H.) qərabəti (qohumluğu - R.H.) olmaq münasibəti ilə (Mirzə Camal bəy Cavanşir Qarabağın zəngin mülkədarlarından idi və İbrahim xanın baş vəziri olmuşdu. 6 dil bilən və bir sıra elm sahələrinə mükəmməl bələd olan Mirzə Camal 1847-ci ildə yazdığı "Qarabağ tarixi" əsəri ilə məşhurdur. Onun oğlu Rzaqulu bəy Vəzirov (1814-1875) da tarixçi idi və "Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs" adlı bir əsəri də şairimizin həyat yoluna həsr edilib - R.H.) onun qəbrinin civarında dəfn olundu. Heyhat, o vəqtdən bu halədək ki, təxminən əlli il olur, Qasım bəy kimi alimərtəbə şəxsin qəbri binam ü nişan və xak ilə yeksan qalıbdır. Belə ki, bu günlərdə Mirzə Həsən qəbristanlığından keçən vəqti dönüb Fatihə verəndə Zakirin qəbrini haman qərar ilə uçuq, xaraba gördüm".

İnsanların qəbirləri də özlərinə bənzəyir. Həyatda nə dərəcədə yarımış olursansa, məzarına da həmin yazı bir başqa şəkildənəsib olur. Hörmət-izzətlə torpağa gömülən, Qarabağın seçkinlərindən olan yaxınlarının böyründə uyuyan Zakirin son evi onillərcə get-gəlsiz, özü demiş, "uçuq" qaldı, ot-alafla örtüldü, amma 200 yaşı tamam olanda - 1984-cü ildə yan-yörəsindəki şöhrətli əqrəbası ilə bərabər onun da qəbri sahmana salındı, vaxtaşırı ziyarət edilən əziz ünvana çevrildi. Ancaq bu da uzun sürmədi. Sonralar 30 ilə yaxın müddətdə o məzar və yanındakı bütün qəbirlər bizsiz qaldı, uçulanı uçuldu, dağıdılanı dağıdıldı və erməni qəsbkarlar oralardan qovulandan sonra daha heç vaxt uçuq qalmamaq, qərib olmamaqçün bizə qayıtdı...

Bizdə də, dünyanın dörd bucağında da tarix boyu ədəbiyyatın qanadları, şeirin şəkilləri sırasında mədhiyyə də olub, həcv də. Ədəbiyyatımızda min ildən artıqdır ki, bunlar yanaşı addımlayır. Birini öyüblər, vəsf ediblər, hökmdarlara həsr edilən sıra-sıra mədhiyyə-qəsidələr yazılıb. Amma eyni zamanda mədhiyyə-qəsidələrin yanında hərdən-hərdən kəskin sözlü həcvlər qoşmaq vərdişindən də əl çəkilməyib. Qələm qamışdan idi, onun iki başı vardı, qələmin daim o üzü də olub, bu sifəti də.

Həcvin tənqid, ifşa edən satirik şeir cərgəsində özünəməxsusluğu bir də ondan ibarətdir ki, həcvlərdə söyüşdən də yan keçilməyib. Bəzən insanlararası münasibətlərdə də, cəmiyyət həyatında da qarşıya eləbəlalar çıxıb ki, onu sadə sözlə deməklə ürək soyumayıb, ürəkdən tikan çıxsın deyə deyişlərin ən "səmimi"sinə - söyüşə keçiblər. Xaqani Şirvani kimi nəhəng sıra-sıra mədhiyyələr də yazıb, onların yanında həcvlərdə. Mücirəddin Beyləqani mədhiyyə-qəsidələrin yüzlərcəsinin müəllifi idi. Amma onun da həcvləri var.

60 min beytlik "Şahnamə" yaratmış Əbülqasım Firdovsinin olduğu iddia edilən və Sultan Mahmud Qəznəviyə yazıldığı söylənən həcv də tarixdə qalıb. O nəhənglikdə abidənin yanında bu balacalıqdakı şeir də ömrünü sürməkdədir. Azərbaycan ədəbiyyatında da ötən əsrlərin hamısında neçə böyük klassikimiz həcv yazmaqdan yan keçməyib və Zakirin də bir bölük həcvləri ortadadır.

XIX əsr sona yaxınlaşmaqdaydı. Nəcəf bəy Vəzirov tələbə idi, Moskvada oxuyurdu və "Əkinçi" qəzeti yenicə çıxmağa başlamışdı. "Əkinçi"nin ilk müxbirlərindən olan tələbə Nəcəf bəy Vəzirov qəzetdə imzasının görünməsindən fərəhlənərək bir ucdan hey müxtəlif mövzulu məqalələr yazırdı. O, 1876-cı ilin 22 dekabrında dərc edilən məqaləsində həcv söhbətinə də toxunurdu ki, mənə Qarabağdan içərisi şeirlərlə dolu iki bağlama göndəriblər. Biri Qarabağlı Mirzə Əli Əsgərin qəzəlləri və həcvidir, digəri Gəncəli Mirzə Mehdinin ona yazılmış həcvə cavabı. Dəqiqləşdirirdi: "İnşa-yi Mirzə Mehdi 22 vərəq üstə tamam olur, Mirzə Əli Əsgərin inşası dəxi ziyadədir. Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!"

Nəcəf bəy həcvin böyük ədəbiyyata daxil olmaması fikrindən kənar idi. Bir şeir növü ki min illik yol gələ, demək, onun belə uzunömürlülüyündə hikmət gizlənib. Onu qayğılandıran ayrı cəhət idi. Nəcəf bəy 1877-ci ilin 12 mayında "Əkinçi" səhifələrinə çıxan məqaləsində həmin mövzuya bir də qayıdaraq təəssüflənirdi ki, gələcəkdə bizim tərəqqi etmək tariximizi yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Misal çəkirdi ki, 30 il bundan əqdəm cənab Zakir, mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boşsözlər, məsələn, bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına görə nəinki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər.

Nəcəf bəy Vəzirovun nəzərincə, həcv də lazımdır, bu şeir çeşidi ictimai satiranın nümunəsi olanda, əlbəttə ki, gərəklidir. Ancaq əlavə edirdi ki, şairlər cəmiyyətin gözçüləridir, onlar yazdıqları ilə cəmiyyətin gözünü açmağa xidmət etməlidirlər.

Və Qasım bəy Zakirin həcvlərinin hər biri də məhz gözləri açmağa yönələn, bizləyib diksindirməyə hesablanmış sözlər idi.

Kəmsavad, müalicə əvəzinə şikəst edən, daha artıq - Əzrayıla dönərək xəstənin canını alan həkimləri həcv edirdi və bu şeir növünə xas olan tərzdə həcv etdiklərinin adlarını bircə-bircə sadalayaraq yazırdı:

 

Bağır oğlu Məmməd, Məşədi Hacı,

Əliqulu, Müqim sərimin tacı (əlbəttə ki, bu yerdə

"başımın tacı"nı istehza ilə deyirdi - R.H.),

Hər mərizə eyləsələr əlacı,

Ehtiyatın görün, tez olur məmat.

 

Vərəmə mübtəla olmuş xəstəni tiryək verməklə sağaltmağa cəhd edən, ishal olub onsuz da zəifləmiş xəstədən qan alan o cür piyada dırnaqarası belə təbibləri "əcəl katibləri" adlandıran Zakir buna da rişxənd edirdi ki, belə naşılıqla iddiaları adam yıxır, özlərini Aristotelə, Hippokrata bərabər tuturlar:

 

Tiryak yedirirlər hər kim olsa diqq,

Heyzədən aldırır xun-i basəliq;

Yenə bu hal ilə o qövm-i zindiq

Özlərin sanırlar Ərəstu, Boqrat.

 

Yenə ad çəkir. 30 il qoyuna gedib çobanlıq etmiş Çəmənli kəndindən olan Cəfərin də həkim olub həkimlər qatarına qoşulmasına lağ edir:

 

Sən gör necə xərab olub zəmanə,

Çəmənli Cəfər də mərd ü mərdanə

O da təbib olub, girib meydanə,

Çölün cəngəlindən yığıbdı qat-qat.

 

Niyə adlar çəkmədən, ümumən saxta təbibləri bəlkə bundan da sərt tənqid və ifşa edən şeir yazmaq mümkün olduğu halda hər çəkdiyi adla təzə bir düşmən qazanacağına əmin olsa da, qələmini bəlli adamlara tuşlayırdı?

Əsl millətpərvərlik, camaatına canı yanmaq elə budur. Qəzəldən- müxəmməsdən, qoşmadan-gəraylıdan fərqli olaraq, həcvlərin, neştərləyən qoşquların yayılma sürəti qat-qat çox idi. El arasına çıxdımı, dərhal əl-əl, dil-dil ötürülürdü. İstəməyəninin, sabah bu pisliyin intiqamını almağa çalışacaq bədxahının daha 3-5 nəfər çoxalmasından ehtiyatlanmayaraq atəşi öz üzərinə götürürdü, elə yazdığı və adları birbaşa çəkdiyi bircə şeirlə gör neçə əldəqayırma təbibin bazarını bağlayırdı, bununla da camaatın onlarca, yüzlərcə balasının canını başıboş cəllad həkimlərin cəngindən qurtarırdı.

Qasım bəy Zakirin bu qəbil şeirləri içərisində Hüseyn bəyə yazdığı həcv də görünməkdədir. Kim imiş bu Hüseyn bəy deyilən? O, "Qarabağnamə" müəllifi, kapitan Mirzə Adıgözəl bəyin oğlu idi. Alçaq təbiətli, böhtançı, yaltaq, simasız bir şəxs olmasını o çağın ayrı-ayrı qaynaqlarının təsdiq etdiyi bu adamın maarifpərvər atası ilə Zakirin xoş münasibətləri olmuşdu və ona görə də abır-həyanı itirən, aradakı pərdəni götürən Hüseyn bəyin hərəkətləri Zakiri çox pəjmürdə edirdi.

Yolunu azmış gəda Zakirin əleyhinə də orda-burda çox danışar, iftiralar, cürbəcür şayiələr uydurarmış. Nəhayət, səbir kasası daşan Qasım bəy Zakir qələmini çırmalayır, başıpozuğun cəzasını verir.

 

Var özgə vilayətdə də tək-tək köpək oğlu,

Hədsizdi bu viranədə, bişəkk, köpək oğlu.

İt itdi, tanır hürən vaxt aşnanı, yadı,

İrs oldu sizə yetənə hürmək, köpək oğlu.

 

Bu iynəli misraları ilə Qasım bəy Zakir həcv etdiyinə o həqiqəti anladır ki, sənin hansı yolun yolçusu olduğunu biz yaxşı bilirik. Ancaq it itliyi ilə belə bəsit gerçəkləri qandığı, fərq qoyduğu, hər yetənə hürmədiyi halda sən itcə də yoxsan, başqalarına böhtanlar, iftiralar yağdırmağın öz yerində, məni də qatırsan onların cərgəsinə.

Qasım bəy Zakirin qələmə aldığı həcvləri XVIII-XIX yüzillərdə yazılması dəb olan bir çox başqa həcvlərdən seçdirən məziyyətlərdən biri də onların qisasçılıqdan, kimisə qaralamaq niyyətindən, şəxsi motivlərdən çox uzaqda durmasıdır. Hətta üzdən şəxsi inciklikdən bəhs edən kimi görünən həcvində də ictimai məna və siqlət var. Qəlbinə dəymiş, onu rəncidə etmiş, elə bu Hüseyn bəy kimi insanlar hansısa misralarında keçib gedir, onları tənqid edə-edə həm də öyüd verir, kalların başına ağıl qoymağa çalışır. Ancaq elə ki söz gəlib vəzifəsi vilayətdə qayda-qanunu bərqərar etmək olduğu halda xalqa əziyyət verən məmurlara yetişir, Zakirin gözünü qan örtür. Borcları xalqın xeyir-şərini yola verməkdən ibarət olan mollalar dürüst yoldan sapanda, Allahı, peyğəmbəri unudub şeytana xidmət edəndə, təfriqəçiyə uyanda, təriqətlərə üz tutanda, cəmiyyət həyatında qarışıqlıqlar salanda Qasım bəyin hövsələsi çatmırdı, başlayırdı bu alaq otlarını dəryazlamağa. Həm də bu zümrədən olub yalnız Qarabağda gözünün qabağında dolaşanları deyil, Azərbaycan boyu eyni kökdə olub eyni tərs məzhəbə qulluq edənlərin hamısını qatırdı qabağına.

Sürahi solunda, badə sağında,

Məzə qabağında, mey dodağında,

Çeşmə kənarında, çay qırağında

Əmmame-yi seyyid, mollayə bir bax.

 

Kimdir baxan peyğəmbərə, imamə,

Bu dağılmış düşən deyil nizamə!

Orucluqda şürb-i mey-i gülfamə,

Mah-i məhərrəmdə zinayə bir bax!

 

Elə biz də baxaq. Çox da ki, Zakir şeiri bir əsr qabaq yazıb. O şeirin pəncərəsindən seyr edəndə bu gün də nə qədər istəsən, üzdə bir cür, batində ayrı təhər olanlarla tuş düşəcəksən.

 

Qasım bəy Zakirin digər həcvgulardan mühüm bir fərqi də diqqətəlayiqdir. Bir sıra başqalarının, lap XIX yüzilin, XX əsrin əvvəllərinin çox həcvlərində az qala hər misrada, hər beytdə biədəb ifadələr yer alır ki, sonralar onları nəşr etdirmək də müşkülləşir, belə şeirləri ortaya çıxaranda həmin qaba sözlərin, ifadələrin yerinə nöqtələr düzmək məcburiyyəti yaranır. Ancaq Zakir həcvlərində söyüşdən, camaat arasına çıxarılması münasib olmayan nalayiq ifadələrdən qaçır. Neştərə dönən, söyüş yox, sözün içərisindəki, deyişin cövhərindəki ifşaedici həqiqət olur. Odur ki, hətta tarixdə qalan bir sıra görkəmli şairlərimizin o qəbil ifadələrlə daşan, hətta bədii cəhətdən yüksək şeirlərini indi ortaya çıxarmağa adamın üzü gəlmir.

Qasım bəyinsə həcvləri elə onun qoşmaları, qəzəlləri, gəraylıları, bayatıları, təmsilləri, mənzum məktubları ilə yanaşı, bu gün də sevilərək kitabdan-kitaba adlayır.

Həcvləri inqilab əndişəli Qasım bəy Zakirin daha bir kəskin silahı idi.

Qasım bəy Zakirin mübtəla olduğu bir çox sarsıntıların, çəkdiyi əziyyətlərin baisi Cəfərqulu xan idi. Daha çox ağrıdansa budur ki, axı o, həm də Nəva idi - şair idi. Hesabla, Zakirə gərək başqalarından daha həssas münasibət bəsləyəydi. Ancaq əksi alınmışdı. Düzdür, münasibətlərinin rəvan çağları, bir-birlərinə qarşılıqlı hörmət bəslədikləri günlər də olmuşdu. Zakir də həmin çağlarda Cəfərqulu xanın şəninə bir neçə şeir həsr etmişdi. Ancaq bu dövr tez sovuşmuşdu. Cəfərqulu xan Zakirlə düşünüşəndən sonra ona göz verib, işıq verməmiş, hey təqib etmiş, ayağının altında bir-birindən dərin çalalar qazdırmış, məkrli tələlər qurdurmuş, kitabını birdəfəlik bağlatdırmağa can atmışdı. İndi sən Cəfərqulu xan ol, Nəva ol, bu da Qasım bəy Zakir olsun.

Qasım bəy ona düşmən kəsilən Cəfərqulu xana elə dağ basıb, elə şapalaqçəkib ki, həmin dağın tüstüsü və o şapalağın əks-sədası bu günə qədər gəlib çatıb.

 

Yarımayıb kimsə ömründə səndən,

Mükəddər qayıdar qapına gələn.

 

Xeyrə-şərə yarımayan, qapısına xahişə, minnətə gələn bircə kəsi də razı yola salmayan Cəfərqulu xan ellik qəbahətli xüsusiyyətləri ilə Zakirin bir neçə satirasının hədəfidir. Ancaq oxuduqca bunu da görürsən ki, Cəfərqulu xandan bu qədər pisliklər görəndən sonra da Zakir ucadır və ucadadır. Bu şeirlərin heç biri yalnız şəxsi narazılıqların, fərdi küskünlüyün bəhrəsi olaraq yaranmayıb. Həmin tənqidi şeirlər böyük ölçüdə yalnız Cəfərqulu xanın - bir şəxsin də deyil, bütün harınlamış xanların, bəylərin ortaq, ümumiləşmiş surəti idi.

Və Zakirin şeirlə dediklərinə elə o çağın mətbuatı da şərik çıxmaqda, rəsmi bəlgə əlavə etməkdədir.

"Qafqaz" qəzeti 1857-ci ildə çıxan 58-ci sayında yazırdı ki, Cəfərqulu xan qumara qaynar hərislik nümayiş etdirir, gecə-gündüz oynamağa hazırdır. Həqiqi bir əsilzadə kimi pula qarşı soyuqqanlıdır, həmişə də uduzur. Vaxt olub ki, o, qırx saat kart masasının arxasında əyləşərək ən mahir oyunçuları da yorub, külli miqdarda pul uduzsa da, nə uduzmağı, nə də yorğunluğu sifətində kiçicik bir əlamətlə də olsa hiss edilib. Sonra da oradanca ata minib, ova gedib.

Hətta o dövrün mətbuatının qüsurlarından söz açdığı belə qəbahətli adama həm də ondan şəxsən namərdliklər görmüş Zakirin satira oxlarının batması təbii imiş. Cəfərqulu xan tipinin yanından Firidun bəy Köçərli də ayaq saxlamadan keçməyib. Oda, söz yox ki, Cəfərqulu xan Nəvanı yaxşı tanıyırdı, şəcərəsindən tutmuş indisinəcən hər cikinə-bikinə bələd idi. Odur ki, "Riyazul-aşiqin" müəllifi Məhəmməd ağa Müctəhidzadənin Cəfərqulu xan haqqında şit və ifrat tərifli sözləri onu haldan çıxarmışdı. Müctəhidzadə hansı səbəblərdənsə Cəfərqulu xanı göylərə qaldırır, onun çox əliaçıq olmasından bəhs edir, tez-tez fəqir-füqəradan ötrü ehsan süfrələri təşkil etməsindən yazırdı. Firidun bəy Müctəhidzadənin bu doğru olmayan məlumatı və təmtəraqlı təqdimatına ona görə biganə qala bilməzdi ki, Məhəmməd ağa sözünə etibar bəslənən, qələminin çəkisi olan bir şəxs idi. Köçərli nabələdləri səhv fikrə sala biləcək mövqeyi nüfuzlu bir qələm sahibinin kitabında oxuyarkən susub qala bilmızdi.

Firidun bəy yazırdı ki, bu qədər mübaliğə və ifrat nəyə lazımdır? Bu boş ibarələr ancaq kəlamı etibardan salar. Hər şəxsi öz sifətilə yazmaq, bildirmək yaxşı deyilmi?

Firidun bəy Müctəhidzadə ilə razılaşmayaraq yazırdı ki, Cəfərqulu xan qonaqlıqlar veribsə də, o məclisdə başda oturanlar elə bu xanın özü kimi lotu-potu, qumarbaz-filanmış.

Qasım bəy Zakirin müxtəlif satirik şeirlərini, Firidun bəyin bu qəbil təhlillərini, həmin dövrdə çıxan mətbuatın ayrı-ayrı ictimai adamlar və hadisələrə təxirə salınmadan münasibət ifadə etməsini oxuyub izlədikcə düşünürsən ki, hər halda fəal bir ictimai nəzarət mövcudmuş.

Ziyalılar da, qələm sahibləri də, redaksiyalarla əməkdaşlıq edən müxbirlər də özlərinin cəmiyyət və xalq qarşısında məsuliyyətlərini, borcluluqlarını dərk edərək deyilməli və yazılmalı sözləri vaxtında ictimaiyyətə çatdırırmışlar, o əyintilər ki inkişafa mane olur, o çatışmazlıqlar ki cəmiyyəti geri çəkir, o bəd əməllər ki insanların rahat həyatını pozur, daim diqqətdəymiş.

Firidun bəy Köçərlinin, Qasım bəy Zakirin, digər qələm adamlarının gücü sözdə idi. Onların birbaşa müdaxilə edərək hadisələrin səmtini dəyişmək imkanı yox idi. Ancaq onlar qadir qələmin böyük gücünə inanırdılar, qələmin, sözün, insanların düşüncəsində yarada biləcəyi fırtınalardan xəbərdar idilər. Ona görə də gördüklərini, onları narahat edənləri hökmən yazırdılar. Və ən mühümü, onlar hər an, fikirdə də, sözdə də, əməllərində də bir yerdə idilər, əl-ələ, səs-səsəydilər.

XXI əsrin ucalığından baxarkən Qasım bəy Zakirin şeirləri bir meydan teatrı təsiri oyadır. Şair özü də başverənlərin gur axarında, qəhrəmanlarının arasındadır.

Onun sağında-solundakılar, başı üzərindəkilər - göydəki qatarlaşan durnalardır, güldür, çiçəkdir, dağlardır, çaylardır, onu əhatə eləyən təbiət gözəllikləridir. Və bir də düzlü-əyrili insanlar - Zakirin sevdikləri, vəsf etdikləri, əks tərəfdə də bu cür görmək istəmədikləri, cəmiyyətə gərəkli şəxslərə çevrilmələri üçün yontalanmalarına, cilalanmalarına ehtiyac duyulanlar.

 

Xəbər alsan bu vilanın əhvalın,

Bu vilada həddən aşıb şərarət.

Hər kim nə iş görə, puluna minnət,

Bir mu qədər yoxdur ədlüədalət

Və leykən şöhrəti bicayə bir bax.

 

Şərin ətrafı bürüdüyündən gileylənir, "bir mu" - tük qədər ədalətin olmamasından şikayətlənirdi və qənaəti də budur ki, pulun işlədiyi, rüşvətin ayaq tutub yeridiyi, məmurun qudurduğu məkanda ayrı cür də ola bilməz.

Zakirin "marallar"ının bir qismiəmmaməlidir. Vaxtilə -Zakirin dönəmində Şuşada təziyə mərasimləri keçiriləndə ayrı-ayrı məhəllələrdə ağköynəkli dəstələr təşkil olunarmış. Matəm günlərində hərəsi bir tərəfdən çıxar, şəhərin mərkəzinə doğru irəliləyər, çox zaman da onların arasında dava-şava düşər, hətta ölüm-itimə qədər gedib çatarmış. Bunu görən yerli hökumət həmin ağköynəklilər dəstəsinə yasaq qoyur. Ancaq buna baxmayaraq, Şuşanın qazisi Mirzə Əbülqasım nüfuzundan, əlaqələrindən istifadə edərək ağköynəklilər dəstəsinin yenidən fəaliyyətə başlamasının icazəsini alır, təzədən tində-bayırda görünməyə başlayırlar.

Növbəti təziyədarlıq gəlir, yenə dava qızışır, yenə qan düşür, neçə nəfər ölüb-itən, yaralanan olur. Hökumətin, qanunun öhdəsindən gələ bilmədiyinin də çarəsi vardı. Çarə qələm idi, dərman iti söz idi.

Və Qasım bəy Zakir yazır, onları da ifşa edir, ikiüzlülüklərini, riyakarlıqlarını, üzdə bir, arxada başqa cür olmalarını hər kəsə faş edir:

 

Zövq ü şövq ilə səhərdən rəh-i məscid tutduq,

Zar ü məhzun qayıtdıq həmə nakam yenə.

Misl-i səyyad-i cəfapişə yerə danə səpib,

Hərə bir növ qurar mürğ-i dilə dam yenə.

 

Ancaq Qasım bəy Zakirin həm dırnaqarası, həm gerçək qəhrəmanlarının əhatəsində dolaşdığı cəmiyyət meydanını əks etdirən çoxsurətli tabloda surətlər lap çox idi. Bir tərəfdə baqqal dayanmışdı və o da azərbaycanlı, müsəlman idi. O baqqalın peyğəmbəri də tacir olmuşdu. Həmin baqqalın peyğəmbəri insanlara düzlüyü, mürüvvəti vəsiyyət etmişdi. Bəs bunlar neyləyirdilər? O baqqal, o tacir şəhərlidir, təcrübəsi çoxdur, bicliyi hədsizdir. Ucqar kənddən yanına alverə gələn sadədil kəndlinin elə özü kimi bu millətin övladı olmasını sanki unudaraq dərhal aldatmağa cəhd edir:

Səhra mərdümünü (çöl adamını, kəndçini - R.H.) şəhr əhli görcək

 

Yalvarıb, yapışıb oturtdu çömlək.

Beş arşında sürüşdürər üç çərək,

Taciri seyr elə, sövdayə bir bax.

 

Taciri belə, onun yanında dayanmış baqqalı da elə həmin təhər.

 

Baqqal tərəziyə qoyar imanın.

Əsəl qiymətinə satar ayranın.

 

"Əsəl" bal deməkdir. Baqqal qarşısındakının onun din qardaşı, can qardaşı olmasını eyninə almayaraq bu dəqiqələrdə onu fikirləşir ki, görüm bu hərifə turş ayranı bal qiymətinə necə aldırıram.

 

Və Zakir bu aldatmanı özünü mömin sayan bir insanın dinə xəyanəti hesab eləyir.

 

Baqqal tərəziyə qoyar imanın,

Əsəl qiymətinə satar ayranın,

Dindirsən it kimi tutar dörd yanın,

Deyən yoxdur al-iəbayə bir bax.

 

Qasım bəy Zakir iki əsrdir ki, qəhrəmanlarının - şeirinə gətirdiyi gerçək tarixi şəxsiyyətlərin və yaratdığı surətlərin arasındadır, artıq əbədilik də onlarla bir yerdə qalacaq. Vaxt dəyişib, əsrlər başqalaşıb, hətta minillik əvəzlənib. Zamanın gedişiylə o qəhrəmanlar geyim-kecimcə, danışıqca, nəqliyyatca, ev-eşikcə dəyişiblər. Bu gün onlarla yanaşı meydanda olan nəvə-nəticələri, kötükcələridir. Zahirən nə qədər dəyişmiş olsalar da, Zakiri oxuyanda, Sabiri mütaliə edəndə görürsən ki, ba, qarşındakı elə köhnə tanışlardır ki!

Oradakı darğanın, baqqalın, qlasnının... zaman keçişi ilə sadəcə vəzifəsinin adı dəyişib. Mahiyyət ki qalır.

Və nə qədər ki mahiyyət diridir, nə qədər ki Zakirin öz zamanında silib-süpürüb yox etməyə çalışdığı umulmazlıqlar yenə bizə badalaq gəlməkdədir, demək, bu şeirlər diri olacaq, demək, Qasım bəy də bitməz mübarizələrini davam etdirəcək.

...Qasım bəyin özünü və nəslini qarabaqara izləyən nəhsliklərin son ən müdhiş zərbələri qardaşı Şahverənin oğlu Rüstəmin qərəzlə, şər-böhtanla həbsə atılaraq orada altı ay dindirməsiz saxlanmasından sonra Şuşa həbsxanasında çar hökuməti tərəfindən güllələnməsinə dözməyən qardaşı Behbudun qisas almaqçün qaçaq düşməsindən sonra gəlmişdi. Hökumət əvvəl-axır Behbudu öldürsə də, Qasım bəyə və nəslinə yağı kəsilmiş məmurlar toxtamamışdılar. Zakiri ittiham etmişdilər ki, həbsxanadan qaçmış Behbud hökumət qüvvələri tərəfindən zərərsizləşdirilməzdən qabaq əmisi Qasım bəyinki olan Xındırıstan kəndinə tez-tez baş çəkirmiş, hətta bir ara orada yaşayıbmış.

Qasım bəy Zakir bu çoxgedişli məkrli oyunun nəticəsində düşdüyü tələdən - Bakı sürgünündən qurtarmaqçün çox dostların səylərinin nəticəsi olaraq uzun xidməti yazışmaların yekununda 1852-ci il martın 14-də Qafqaz Diyarı Mülki İşlər İdarəsinin rəisigeneral-leytenant Bebutov Qafqaz canişininə müsbət cavab veriləcək belə bir təqdimat yollamışdı: "Zati-alilərinizin qərarına əsasən mənə 1850-ci il noyabrın 10-da göndərilən 3168 saylı təlimata əsasən öldürülmüş qaçaq Behbudun 60 yaşlı qohumu Qasım bəy Əli bəy oğlunu davranışı ciddi polis nəzarəti altında saxlamaq şərti ilə Bakıya sürgün etmək əmr olunmuşdu. Şamaxının mülki hissəyə baxan hərbi qubernatorugeneral-mayor Çelyayev keçən ilin 29 fevralında mənə 265 saylı təqdimatla müraciət etmişdir ki, sizin həmin qərarınızın icrası Şuşa qəza rəisinə tapşırılmışdı, amma Qasım bəyin öz yaşayış yerində olmaması səbəbilə bu əmr icra edilməmişdi. Eyni zamanda Şuşa qəza rəisindən ona təqdimat göndərilmişdir ki, Şuşa qəzasında soyğun və qarətlər yenidən başlananda Qasım bəyin rəftarı müşahidə edilərkən nəinki onun tərəfindən hər hansı qanunsuz hərəkətin törədildiyi müşahidə edilməmiş, əksinə, Qasım bəy özü dəfələrlə rəisə haqlı olduğunu sübut etməkçün ona fürsət verilməsindən ötrü müraciət etmiş, həmçinin bu ilin 12 iyunundan 3 iyulunadək rəisə, ziyankarlar tərəfindən pozulan sakitliyin və əmin-amanlığın bərpasına çox kömək göstərən məlumatlar çatdırmışdır. Şuşa qəzasının rəisi Qasım bəyin bir çox hörmətli bəylər tərəfindən təsdiqlənən mötədil davranışını, onun özünə rəhbərlik qarşısında bəraət qazandırmaq üçün istəyini, yaşlı və xəstəhal olmasını, eləcə də oğlu və qardaşoğlusunun Rusiyaya sürgün edilməsi ilə cəzaya məruz qalmasını, nəhayət, onun qaçaq Behbudla əlaqələrinin olması haqda cəmiyyətdə şübhələr yaranması bədbəxtliyinə uğramasından sonra malikanəsinin dağılması və çöküş halına düşməsini nəzərə alaraq, Qasım bəyin hazırkı xəstə vəziyyətinin onu sürgünə göndərmədiyi məsələsinə də hörmətlə yanaşaraq Qasım bəyin öz yaşayış yerində saxlanması barədə vəsatət qaldırır. General-mayor Çelyayev qəza rəisinin təqdimatındakı məlumatların doğruluğuna əmin olaraq və qəza rəisinin özünün Qasım bəyin qənaətbəxş davranışına zəmanət verməsini diqqətdə saxlayaraq Qasım bəyin üzərində polis nəzarətini təmin etməklə öz yaşayış yerində saxlanılmasını rica edir. Sizin xeyirxah münasibətinizə və məsələnin müsbət həllinə ümid bəsləyərək zati-alinizə ünvanladığım bu təqdimata onu da əlavə edim ki, mən də öz tərəfimdən Qasım bəyin öz yaşayış yerində polis nəzarəti altında saxlanmasına razıyam".

Qasım bəyin Bakıya sürgün edilmiş olduğu halda bu və bundan əvvəlki bir neçə mərtəbəli rəsmi sənədlərdə guya yaşayış yerində tapılmaması ucbatından indiyədək sürgünə göndərilməməsi kimi yanlışın yer almasını məqsədli şəkildə atılmış addım saymaq lazım gəlir. Müxtəlif nüfuzlu şəxslərin xahişləri və ağızaçmalarından sonra məsələnin müsbət həllinə yuxarıdan icazə verilmişdi ki, aşağıdan yuxarıya doğru müvafiq təqdimatlar göndərilirdi. Görünür, artıq icrası başlanmış sürgün cəzasını ləğv etməkdənsə, icrasına hələ başlanmamış qərarı dayandırmaq hüquqi baxımdan daha münasibmiş ki, məhz belə bir yolu seçmişdilər. Amma istənilən halda hətta güzəşt edilirdisə də, Qasım bəy üzərində polis nəzarətinin təmin edilməsi məsələsi qüvvədə saxlanılırdı.

...Zakir nikbin, gözəlliklər aşiqi, insanı vəcdə gətirən, ruhu tərpədən zərif şeirlər yaradan usta şair idi. Ancaq ağsaqqal çağlarında düçar olduğu müsibətlərdən sonra onu qüssə, ruh düşkünlüyü, dərin kədər bürümüşdü. Bu göynəklərin əks-sədası onun məhzun sətirlərindən də gəlirdi. Dostların, tanışların xahişi, minnəti, zəmanəti ilə Bakı sürgünündən xilas olaraq Qarabağa gəlsə də, daim polis nəzarəti altında idi. Çox kasıbyana güzəran keçirirdi və həmin ürək üzən günlərində bu qəmli sətirləri də yazmışdı:

 

Ol keçən dəmləri hanı Zakirin?

İtkin olub adı-sanı Zakirin.

 

Ötmüş zaman sübut etdi ki, Zakirin bu nigaranlığı əbəsmiş. Fəqət mətləblərin dərininə daldıqca yəqin edirsən ki, əslində elə o vaxt, Zakirin sağlığında da bu təlaş yersizmiş. Çünki elə o vaxt da onu sevənlər yetərincə idi. Fəqət hər halda bizim zamanların içərisində ikiqat əbəsdir. Çünki o sətirlər yaşayır, yaşadıqca da Zakiri yaşadacaq, ona sevgilər yönəldəcək, qoymayacaq ki, ad-sanına zərrəcə xələl dəysin.

Ancaq Zakirin həmin pərişan günlərinin ona yalnız cürbəcür sıxıntılar yaşatmayıb həm də təhqir kimi görünən bir hadisəsi də şairi daim müşayiət edəcək. Di gəl, daha təhqir deyil, təqdir kimi!

Zakiri Bakı sürgünündən azad edirlər, qayıdır Qarabağa, gəlir Şuşaya, yollanır Xındırıstana. Öz evində idi, ancaq o, təqribən ev dustağı kimi idi. Ömrünün son 3 ilində Qasım bəyin üzərindən polis nəzarəti əskik olmadı.

Və bu da bir tale hökmüymüş ki, gərək Zakirə nəzarət heç vaxt bitməyə. Ancaq daha polisin güdükçü və şübhəcil nəzarəti yox. Ona və doğurduqlarına sonsuz ehtiramlar bəsləyən xalqın nəzərləri müdam Zakirin solmaz misralarının üzərində olacaq.

Və o kəsilməyən məhəbbətli nəzarət imkan verməyəcək ki, nə Qasım bəy Zakirin məzarının yolu itsin, nə adı və şeirləri dillərdən və düşüncələrdən aralansın, nə də onun vaxtilə çox incidilmiş canını və ruhunu bundan belə narahat edən olsun!

 

9 sentyabr 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.16-17.