"Hələ də həqiqətləri qoyub öz uydurmalarına inanan mühitdə yaşayırıq"

MÜSAHİBİMİZ HÜSEYN CAVİD İRSİNİN TƏDQİQATÇISI, TƏNQİDÇİ-PUBLİSİST, "ƏDƏBİYYAT QƏZETİ"NİN BAŞ REDAKTORU AZƏR TURANDIR

 

- Azər bəy, bu gün gənclərin əksəriyyəti Azərbaycan ədəbiyyatı nümunələrindən daha çox, xarici ədəbiyyat nümunələrinə, ən çox da özünüinkişaf, biznes yönümlü kitablara üstünlük verirlər. Yaxşı olar söhbətə elə sizin bu duruma münasibətinizdən başlayaq.

- Bu, artıq bizim ədəbiyyatımızın problemidir. Yeni dünya düzəni yaranır. Belə bir dünyada yazıçı həm də mürşid olmalıdır. Yeni nəsli, oxucunu hansı istiqamətə yönəltmək onun başlıca missiyasıdır. Biz mürşid deyirik. XIX yüzilin ikinci yarısında Avropada, fransız simvolistləri "Şairlik kahinlikdir" deyirdilər. Artur Rembo "Kahin olmaq, kahinləşmək gərəkdir" deyirdi. Yeni dünya düzənində Azərbaycanı hansı mənəvi və estetik təmayüllərə yönəltməyin lazım olduğunu hamıdan daha artıq şair və yazıçılar müəyyənləşdirməlidir.

XX əsrin əvvəllərində Azərbaycanda dövlət yox idi, dövlətin varlığına dəlalət edən mənəvi atributların heç biri yox idi, ordu yox idi, başımızın üstündə bayrağımız dalğalanmırdı, çünki bayrağımız yox idi. Amma o dövrün ədəbiyyatı məfkurəmizin fəlsəfəsini yaratdı. Mən Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu, Hüseyn Cavidi, Məhəmməd Hadini... nəzərdə tuturam. Peterburq və İstanbul universitetlərini bitirmiş Əli bəy Hüseynzadə, Sorbon Universitetini bitirmiş Əhməd bəy Ağaoğlu... Gələcək müstəqil Azərbaycanın məfkurəvi təməllərini hazırladılar, milli şüurun yaranmasına təkan verdilər və onların yaratdığı milli şüurun işığında XX yüzil Azərbaycan ədəbiyyatı formalaşdı.

- Dini kitabları çıxmaq şərti ilə müqəddəs hesab etdiyiniz bir kitab, yaxud bir əsər varmı?

- "Səfillər"... Bu gün fransız cəmiyyəti Viktor Hüqodan və onun yaratdığı Monsenyor Benvenyüdən uzaqlaşdıqca Fransa dünya mədəniyyətinin mərkəzi olmaq səlahiyyətini itirməkdədir. O əsərin qaranlığı işığa çevirmək gücü var.  "Səfillər" doğrudan da, müqəddəs mətndir: "Jan Valjan, qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyrin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram". Ədəbiyyatın gücü budur. Cəmiyyətdə Monsenyor yoxdursa, yazıçı onu da yaratmağı bacarmalıdır. Cəmiyyət Tenerdyelər ailəsinə çevrilməkdən qorumalıdır. Qavroşu xilas etməlidir. Amma burada bir məqama xüsusən diqqət yetirək: Hüqo Tenerdyeləri fransız əsilli olaraq tanıtmır. Onların milli mənşəyini başqa səmtə yönəldir. Şekspir də elə davranırdı. Hamlet "Bütün Daniya deyil, bütün dünya həbsxanadır" deyirdi. Yazıçının mənsub olduğu millətə və Vətəninə təəssübkeş münasibəti belə bir həssasiyyətlə reallaşırdı. Yazıçı öz ölkəsi ilə deyil, dünya ilə müxalifətdəydi...

- Bildiyim qədəri ilə sizdə Hüseyn Cavid ailəsinin həyatından bəhs edən 7 saatlıq lent yazısı var. Həmin materialdan nə vaxtsa H.Cavidə həsr olunmuş bir filmdə istifadə etməyi düşünürsünüzmü?

- Turan Cavidin artıq böyük bir qismini çap etdiyim söhbətlərini lentə alanda bunun bəlli bir hissəsinin sirr kimi məndə qalacağına söz vermişdim. İstəyirdim ki, Turan Cavid hər şeyi danışsın. Danışdırdım və danışdı da... Soruşdu ki, neyniyəcəksən bunları? Dedim ki, bu söhbətlər mənə yox, 100 ildən sonra Azərbaycana lazım olacaq. Onu əmin etdim ki, nə qədər siz bu həyatdasınız, bunları heç kim bilməyəcək. Keçən dəfə bir siyasətçinin yutub kanalında çıxışına baxırdım. Mənasız danışırdı, ya heç nəyi bilmirdi, ya da bilmədiyini danışırdı. Guya, Ənvər Məmmədxanlı ilə Turan Cavid nişanlı olublar. O dövrdə Cavid həbs olunub, guya Ənvər Məmmədxanlı bundan sonra fikrini dəyişib. Adam ağ yalanı elə ürəklə danışırdı ki... Mən bunların hamısını Turan Caviddən soruşmuşdum. Ənvər Məmmədxanlıyla bağlı hər şeyi danışdırmışdım ona.

- Deyirsiniz ki, o kasetlər sizdən sonra ortaya çıxacaq. İndi onların ortaya çıxmasına nə mane olur ki?

- Hələ də həqiqətləri quyub öz uydurmalarına inanan mühitdə yaşayırıq. Ərtoğrul Cavid son məktublarından birində "Heç kəsə salam söyləməyin" demişdi. Bax o salam söylənməyəcək adamların adları həmin lent yazısında bir-bir çəkilir. Bu, hələ o söhbətlərin bir epizodudur.

- Cavidin "qara dəftəri"nin taleyi necə oldu?

- Mən "Cavidnamə"ni yazandan sonra bir cavidşünas deyirdi ki, elə bir dəftər olmayıb, yoxdur, Cavidin "Çingiz" və "Atilla" yazması əsassız söhbətdir. Ona cavab verdim ki, bunu mən demirəm, "qara dəftər"də bu iki əsərin olduğunu Turan Cavid deyib, Mişkinaz Cavid yazıb. Mişkinaz Cavidin çap olunmamış "Cavid haqqında xatirimdə qalanlar" adlı əlyazması vardı. Mən onu 2005-ci ildə kitab şəklində nəşr etdirdim. Bax, orada yazıb bu barədə. Cavidin əsərlərinin Türkiyə nəşri çap olunanda İstanbuldaydım. Cavid yuxuma gəldi. Əyninə qara kostyum geyinmişdi. Üzünü mənə tutub: "Sən elə bilirsən "Çingiz" "Atilla"dan sonradı? "Çingiz" "Atilla"dan əvvəldir" deyib getdi.  Bu yuxu təsadüf ola bilməzdi. Həmin gün kitaba yazdığım Ön sözdə "Telli saz" əsərinin ardınca bu iki əsərin də adını artırdım: "1937 yılında kaybolmuş "Telli saz", "Çengiz" "Atilla" trajedileri de vardır". Belə... "Qara dəftər" təkcə onun olmayıb. 1937-ci ildə repressiya qurbanı olan hər kəsin bir qara dəftəri olub. Mən bu qara dəftərlərdən birini Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanımda görmüşdüm. 1937-ci ildə Məmməd Zəki Dursunzadə güllələnəndən sonra Qazaxıstana sürgün edilmiş Xocazadə Minirə Ləmanın ikisinin birgə yazdıqları şəxsi dəftəri idi. Heç bilmədim, Bəxtli xanımdan sonra o dəftər necə oldu?

- Bəlkə də, o "qara dəftər"lərə görə onların taleyi qara gətirdi?!

- Bəlkə də... Materializmdən kənara çıxanda xoşbəxtliyin formulu dəyişir. Mənim unudulmaz və nakam dostum Faiqin bir şeiri vardı:

 

Xoşbəxtliyi əlindən salmamaq üçün

Xoşbəxtlər dönürlər qorxağa.

Xoşbəxtlik yaş balıq kimidir, dostum,

Heç vaxt tələsmirəm xoşbəxt olmağa.

 

Eynən Cavidin ruhundadır:

 

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur.

 

Təkcə Cavidin "qara dəftər"i deyil, 2008-ci ildə Xalid Səid Xocayev haqqında kitab yazandan sonra onun tərcümə etdiyi "Divanü lüğat it türk"ün əlyazması ilə bağlı da mənimlə mübahisə edənlər çox idi. Buna absurd deyənlər də vardı. Nəticədə nə oldu? Divan üzə çıxarıldı və çap olundu. Hətta mənə bu barədə yazdığım məqalələrə görə tənə edənlər önə keçdi, əsər barədə danışmağa başladılar...

- Necə oldu ki, Turan Cavid hər şeyi sizinlə bölüşdü?

- Bu barədə "Cavidnamə" kitabımda ətraflı yazmışam. Son nəfəsinə qədər yanında oldum. Son sözlərini mənə dedi. Gözlərini mən qapadım. Həmin gün yağış yağırdı. Əvvəl qohumlar gəldi, sonra tanışlar. Sonra hamı getdi. Evdə ikimiz qaldıq. Sükutun uğultusundan başqa heç nə yox idi... Yağış isə səhərə qədər yağdı...

- Görürəm, iş otağınızın divarında üç nəfərin şəkli yanaşıdır: Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin...

- O üç nəfər mənim dünyamdır. Onlar XX yüzilin əvvəllərində Azərbaycanda modern ədəbiyyatın təməllərini qurdular. Həm də nə yazdılarsa, onu da yaşadılar.

 

...Qəbrimdə açan gülləri seyr et, a şükufəm!

Könlüm dağıdır laleyi-həmralar içində.

...Bir fatiheyi-nazini fırlat da, güzar et,

Ehya elə, ruhum, məni həmtalər içində.

Vardır şu yatan kimsələrin fatihəxani,

Mən kimsəsizəm xaki-siyəhzalər içində.

Bunu Hadi demişdi. Dediyi kimi də oldu.

 

Məhəmməd Hadi Birinci Dünya müharibəsi dövründə Karpat dağlarında alay mollası olub. Can verən müsəlman əsgərlərinin üstündə Quran oxuyurdu. Bir dəfə Stanislav şəhərində çeçen Məhəmmədin başucunda Yasin və Ərrəhman surələrini oxuyub çölə çıxanda oradakı rus qadın - şəfqət bacısı əlini Hadinin çiyninə qoyub ağlar və titrək səslə demişdi ki, "Mamed Qadi, "Quran" oçen krasivıy"... Ədəbiyyat budur. Biz indi multikultural ənənələrdən danışırıq, görün, dinləri və insanları yaxınlaşdıran necə kədərli və gözəl lövhədir.

 

Ləman İLKİN

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.15.