Xaricdə təhsil alan tələbələrin dil problemi

 

Bu gün xaricdə təhsil almaq istəyən tələbələrin sayının artması beynəlxalq təhsil sistemlərinin inkişafını göstərir. Xarici universitetlər tələbələrə yüksək keyfiyyətli təhsil, fərqli mədəniyyətlərlə tanışlıq və qlobal əmək bazarında üstünlüklər təqdim edir. Lakin bu müsbət imkanlarla yanaşı, tələbələr bir sıra çətinliklərlə də qarşılaşırlar ki, bunlardan da ən başlıcası xarici dil maneələridir.

Xaricdə təhsil üzrə ekspert Aisa Aslanova deyir ki, dil maneələri xarici təhsilin ən böyük çətinliklərindən biridir. Tələbələr, tədris dilindəki anlayışsızlıqlar səbəbindən dərslərdə iştirak etməkdə çətinlik çəkirlər. Akademik dilin spesifik terminologiyası və gündəlik danışıq dili arasındakı fərqlər tələbələrin dərslərdə iştirakına və akademik performansına əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Dil maneələrini aşmaq üçün müxtəlif strategiyalar mövcuddur. Təhsil müəssisələri tələbələrə xüsusi dil kursları, hazırlıq proqramları və akademik mentorluq xidmətləri təqdim edir. Eyni zamanda, tələbələr öz təşəbbüsləri ilə də dil bacarıqlarını inkişaf etdirə bilərlər. Məsələn, dil öyrənmə tətbiqləri, lokal icmalarla əlaqələr qurma və dil mübadiləsi proqramları, tələbələrə dil baryerlərini aşmaqda yardımçı olur. Mədəni adaptasiya da xarici təhsilin bir hissəsidir. Dil maneələri mədəni şokla da əlaqəlidir. Yeni mühitə uyğunlaşmaq və sosial əlaqələr qurmaq tələbələr üçün çətinlik yarada bilər. Bu səbəbdən, təhsil müəssisələrinin və tələbələrin göstərdiyi səylər əhəmiyyətlidir.

Aisa Aslanovanın sözlərinə əsasən, tələbələrin dil maneələri üzrə problemlər yaşadığı ölkələr sırasında ən çox Çin, Yaponiya və Koreya yer alır: "Son illərdə Kanada beynəlxalq miqyasda populyarlığını artırmış bir təhsil mərkəzinə çevrilib. Bunun səbəbləri arasında Kanadanın çoxmədəniyyətli cəmiyyəti, yüksək keyfiyyətli təhsil sistemi və ingilis dili ilə yanaşı, fransız dilində də geniş imkanlar təqdim etməsi kimi amillər var. Bu, tələbələrə yalnız dil biliklərini artırmaqla qalmayıb, eyni zamanda beynəlxalq əlaqələrini genişləndirmək və qlobal iş bazarında rəqabət üstünlüyü qazanmaq imkanı da yaradır. Son vaxtlarda rəsmi beynəlxalq dil imtahanlarına qarşı artan maraq onu göstərir ki, dillərə qarşı maraq keçən illərlə müqayisədə xeyli artıb. Demək olar ki, hər ay Bakıda IELTS, TOEFL, Duolingo, TestDAF, DELE və digər imtahanlar keçirilir və minlərlə şəxs burada iştirak edirlər. Bəziləri belə imtahanlara iş üçün qatılsalar da, əksəriyyət bu imtahanlarda onun təhsil sahəsində tələb kimi göstərildiyi üçün iştirak edirlər".

Ekspert bildirib ki, Kanada dil kursları müxtəlif yaş və səviyyələrə uyğun proqramlar təqdim edir. Bu proqramlar, qısa müddətli intensiv kurslardan tutmuş uzunmüddətli akademik hazırlıq kurslarına qədər geniş bir spektri əhatə edir. Belə kurslar tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş spesifik metodikalar və resurslarla təmin olunur. Tələbələr həmçinin müasir tədris texnologiyalarından və müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə praktiki təcrübələr qazanırlar.

A.Aslanovanın dediyinə görə, dil maneələrinin aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur. Təhsil müəssisələri və tələbələr bu çətinlikləri aşmaq üçün birgə səylərini artırmalıdırlar: "Bu yanaşma ilə tələbələr xarici təhsil imkanlarından maksimum dərəcədə faydalana bilərlər, həmçinin qlobal əmək bazarında rəqabət qabiliyyətlərini artıraraq müvəffəqiyyətli karyeralar qurma şansı əldə etmiş olarlar".

Beynəlxalq təhsil üzrə ekspert Mirzə Məmmədlinin sözlərinə əsasən, xaricdə təhsil almaq üçün tələb olunan dil bilikləri çox vacibdir. Əksər hallarda tələbələrdən TOEFL (Test of English as a Foreign Language), IELTS (International English Language Testing System) kimi beynəlxalq dil sertifikatları tələb olunur. Nüfuzlu universitetlərə qəbul olmaq istəyənlər isə SAT (Scholastic Assessment Test) imtahanı verməlidirlər: "Avropada və ABŞ-də təhsil almaq istəyən abituriyentin 11 il ərzində attestatının ortalama qiymətləri və IELTS, TOEFL, SAT nəticəsi tələb olunur. Hər bir universitetin özünün spesifik tələbləri var. Bunlar vahid qaydada deyil. Avropada oxumaq üçün minimum 6.5 IELTS balı tələb olunur. ABŞ-də oxumaq istəyirsə, TOFEL - 100, IELTS - 6.5, 7, SAT-da minimum 1200 balı keçməlidir. Göründüyü kimi, xaricdə təhsil almaq istəyən abituriyentlərin dil bilgisi ən alı səviyyədə olmalıdır. Bu, mütləqdir, vacibdir".

Ekspertlər hesab edir ki, istənilən dili mükəmməl şəkildə bilmək üçün orta məktəb pilləsində bu dilə yiyələnmək lazımdır.

Azərbaycan isə təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris edilir. İkinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. İllər öncə orta məktəblərdə xarici dil kimi ingilis dilinin tədrisinə beşinci sinifdən başlanırdı. Bu gün məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq tədris olunsa da, hansısa xüsusi keyfiyyət dəyişikliyi müşahidə etmək mümkün deyil. Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur. Ancaq abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkir. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmamasıdır.

Təhsil eksperti Elşən Qafarovun dediyinə görə, bu gün əksər ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir: "Təhsil haqqında qanunun 19-cu, "Ümumi təhsil haqqında qanun"un isə 13-cü maddəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən hər kəs bir və ya bir neçə xarici dildə ünsiyyət qurmağı bacarmalıdır. Bu gün məktəblərdə xarici dil zəif tədris olunduğundan şagirdlərin çoxunun dil bilgisi, danışıq bacarığı yoxdur. Dili yaxşı bilənlər isə kurslara gedən şagirdlərdir. Təəssüf ki, bu gün ümumtəhsil məktəblərində xarici dilin tədrisi ilə bağlı ciddi problemlər var. 152 min müəllimin təqribən 30 mini xarici dil müəllimidir. Ancaq onların heç 10 faizi tədris etdiyi xarici dildə ünsiyyət qurmağı bacarmır. Bu səbəbdən də şagirdlər məcbur qalıb dil kurslarına üz tuturlar. Bu kurslar da kifayət qədər bahalıdır. Halbuki xarici dildə ünsiyyət saxlamaq, dil öyrənmək qabiliyyəti kurslarda deyil, məktəbdə formalaşmalıdır". Ekspert bildirib ki, bu gün şagirdlərin dil öyrənmək üçün kurslara üz tutmasının əsas səbəbi məktəblərdə xarici dilin zəif tədris olunmasıdır.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir: "Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər - ingilis, alman, fransız, rus, ərəb dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər. Ölkədə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir. Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-  2024.- 14 sentyabr №(167).- S.9.