İdrakın bədii şöləsi

 

Bəşər övladı dünyaya xəlq olduğu gündən insanın zəkası ilə qəlbi, fikirlə hiss arasında mübarizə gedir. Mənim fikrimcə, əql insana Allah tərəfindən maddi aləmi - yer hərəkətlərini dərk etmək üçün verilmiş ən böyük imkandır. Qəlb-duyğu, hissiyyat isə daha böyük, təbii ki, idraki yox fəhm (və vəhy) imkanlarına malikdir. Ona görə də bir var, həyatdan, kitabdan, müəllimdən öyrənilmiş elmlər. Mən bunları müdrik elmlər adlandırıram.  Bir də var çox nadir insanların, peyğəmbərlərin, dahilərin, övliyaların bəsirət gözü ilə görüb fəhm etdikləri - bunlar mistik (səmavi) elmlərdir. Poeziya, xüsusilə lirika və musiqi qəlbin məhsuludur. Lirik şeirin, nəğmənin mənbəyi insanın qəlb aləmidir. Bununla belə, böyük poeziya o zaman yaranır ki, fikirlə hiss birləşir. Təxminən altmış il öncə XX əsrin böyük şairi, silsilə poetik kəşflər ustası əbədi gənc Əli Kərim "İntellekt və poeziya" məqaləsində bu həqiqəti nəzəri şəkildə yada salmış və belə bir şeirin parlaq nümunələrini ("İlk sevgi", "Qayıt" yaratmışdır).

Çağdaş Azərbaycan ədəbiyyatında fikirlə hissin vəhdəti əsasında intellektual poeziya yaradan məşhur qələm sahiblərindən biri professor Elçin İsgəndərzadədir. Elçin ədəbi və elmi-ictimai mühitdə öz alimliyi, poeziyası, xeyirxah əməlləri və ictimai fəaliyyəti ilə kifayət qədər tanınan, hamı tərəfindən rəğbətlə qəbul edilən ziyalı bir şəxs, nüfuzlu bir fikir adamıdır. Mən onun gördüyü işlər, gəzdiyi ölkələr və aldığı mükafatlarla bağlı siyahını oxuyanda heyrətə gəldim. Hər zaman ən hörmətli yığıncaq və mərasimlərdə yanımızda diqqəti cəlb etmədən böyük işlər görən, texnika elmləri doktoru, professor, tanınmış şair, ehtiraslı publisist, pedaqoq, türkçü, qədrşünas, Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edən vətənpərvər bir ziyalı Elçin İsgəndərzadənin olduğu ölkələrin, elminə və poeziyasına görə aldığı mükafatların, elmi və bədii, habelə tərcümə əsərlərinin siyahısını təqdim etsəm, nəinki bir məqalənin, heç bir kitabın da hüdudlarına sığışmaz. Elçini tanıyanlara bu dəyərli işlər yaxşı məlumdur. Məlum olmayanlar üçün bunların sadəcə statistikasını qeyd etməklə kifayətlənirəm, necə deyərlər, "Arifə bir işarə də bəsdir".

Qayıdıram Adil Mirseyidin sözünə - "Elçin İsgəndərzadə şairdir - şair isə hardan baxsan, görünən adamdır". Bu gözəl fikrin məntiqi yozumu belədir: Elçin İsgəndərzadə hardan baxsan, görünən şairdi - Azərbaycandan, Rusiyadan, Türkiyədən, Türküstan ellərindən, Almaniyadan, Rumıniyadan, Bolqarıstandan... Əcəba, nə ilə, şeiriyyətinin hansı yüksək əyarı ilə hardan baxsan, görünə bilir Elçin İsgəndərzadə?!

Rəhbərlik etdiyi "İlham" ədəbi birliyində Elçinə ilk addımlarında yardımçı olmuş, tanınmış ədib Qərib Mehdi "Elçin-el üçün" kitabında yazır: "Elçinin həyat və yaradıcılığının marşrutu belədir: Şuşa-Gəncə-Bakı-Dünya. Elmdə professorluq zirvəsinə çatıb. Şairliyi ondan geri qalan deyil... Fəaliyyətinin ana xəttini - xeyriyyəçilik, vətənpərvərlik, türkçülük və dünyəvilik təşkil edir".

Şair qəlbinin gerçəkliyə münasibət tərzi onun poeziyasının xarakterini müəyyən edir. Elçin gerçəkliyə - həyata alim kimi daxil olur, oradan şair kimi çıxır. Onun poeziyasının həm "müsbət", həm də "mənfi" qəhrəmanı şairin özüdür. Şairin estetik idealı daşıdığı ruhun bədii-fəlsəfi iradəsidir.

E.İsgəndərzadə qədim türk ellərindən, böyük türk tarixindən daşlaşıb gələn türk ruhunun mənəvi tərcümanıdır. Onun idealı türkçülükdür:

 

 

 

"Yer üzü türkün torpağı,

 göy üzü türkün bayrağı".

 

Elə bilirəm ki, bu düstur bir şair kimi E.İsgəndərzadəni türk ədəbiyyatına daxil edir. "Türkük türkü oxuyuruq" namlı şeirində şair daha ünlü bədii-fəlsəfi açıqlama verir:

 

Əsdikcə səhər yelləri,

Açılar könül gülləri,

Atlanar Turan elləri

Türkük türkü oxuyuruq.

 

Türkün əski türküsü qədər saf və səmimi olan bu nəğmə "qılıncımız belimizdə // qopuzumuz əlimizdə" deyən türkün möhtəşəm obrazını əyani tərzdə canlandırır. Türk qılıncla tarixi yaradıb, qələmlə tarixi yaşadıb. E.İsgəndərzadə elmi ilə tarixi yaradan, şeiri ilə tarixi yaşadan təmiz qanlı bir türk oğludur.

Onun böyük alim Xudu Məmmədova həsr olunmuş "Bu qala - bizim qala", dahi türk ədibi Çingiz Aytmatova həsr olunmuş "Turan savaşçısının nəğmələri" poemaları bu fikrin həqiqiliyini sərgiləyir:

 

And olsun Göy Tanrıya

bu torpaqlar bizimdi.

Ucsuz-bucaqsız çöllər

uca dağlar bizimdi.

Göy Tanrı övladıyıq

göylərdən gəlmişik biz.

Yolumuzu gözləyir

Çox uzaqda son dəniz.

 

Elçin İsgəndərzadənin "Oğlum Əliyə dualar" poemasını türkün gələcək nəsillərinə və bizdən sonra gələnlərə ünvanlanmış bədii kimlik sənədi, YADDAŞ MƏKTUBU adlandırıram. Əksər qələm sahibləri oğlanlarına müraciətlə əsərlər yazıb. Mən də yeganə oğlum Fərid Şəmsizadəyə müraciətlə "Müdriklər bunları deməyib" kəlamlar kitabçasını həsr etmişəm. Elçinin "Duaları" - yaddaş dualarıdır, gücü, qüdrəti təkcə poetik hüsnündə deyil, unudulmazlığındadır:

 

Sən kövrəlib ağlama,

Səsim qırılsa birdən.

Bir savaşda vurulsam,

Qılıncımı götür sən.

Dünya türkdən başlayır,

Unutma bunu, oğlum.

Bir gün türklə bitəcək

Dünyanın sonu oğlum.

 

Dünyada türk heç vaxt fateh olmayıb, qılıncından çox yenilməz ruhuna güvənib. Xaqani, Nizami Gəncəvi, Əhməd Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Əlişir Nəvai, Zahirəddin Babur, Mövlanə Məhəmməd Füzuli - bu karifeylər türk ruhunu əbədiləşdirən dahilər olublar. Türkün atı qan yolları ilə yox, nur yolları ilə hərəkət edib. Türk köç etməyib vətəninin bu başından - Mançuriyadan Çin səddindən, o başına - Macarıstana gedib. Onun ölçüsü günəş olub. Türk dünyada misli bərabəri olmayan "Böyük çöl mədəniyyəti" və İslam dininin qəbuluna qədər 17 imperiya yaradıb. Ərəblər İslamı yaradıb, türklər İslamı yaşadıb. Elçin İsgəndərzadə belə bir mədəniyyətin, əxlaqın, qəhrəmanlığın layiqli varisidir.

Bir şair kimi o əski türk şeirinin, "Kitabi-Dədə Qorqud" şeirinin üslub və ahəngini qorumağa çalışır və onu müasir modern poeziya ilə birləşdirməyə cəhd edir. Elçinin "Qürbət hücrəsində" (2013)  şeirlər və poemalar kitabına daxil olan bəyəndiyim onlarla şeirinin birindən ("Məmləkət") kiçik bir misal çəkirəm:

 

Savaş günü atları yəhərləyib

Qibləsinə vardığımız

Məmləkətdir, məmləkət.

Durna telli igidləri

dəliqanlı, havalı.

Gəlinləri, qızları

bənövşətək həyalı

Məmləkətdir, məmləkət.

Qarşı yatan sıra dağlar

ulusumun cənnəti.

Könüllərin yarasında

ayrılığın həsrəti.

 

Bu misraları baxışları atlı türkün nəzərləri kimi səhra ilə üfüq arasındakı əbədiyyətə zillənən türkçü şair yaza bilər.

Belə bir ovqatla da Elçin İsgəndərzadə ən sanballı şeir kitablarından birini "Bir ümid Xarıbülbül" (2008) adlandırıb. Kitaba yığcam, fəqət  məzmunlu ön söz yazmış görkəmli alim Nizami Cəfərov deyir: "Elçinin şeiri adamın ürəyini, hissini, əzmir, sıxmır, emosiyanı təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit, rəvan, harmonik bir axınla dolur... Qarabağ şikəstəsi kimi!.. Elçin hisslərin filosofudur".

Elçin İsgəndərzadənin "İkiliklər"i ən yaxşı fəlsəfi-intellektual şeir beytləridir:

 

Mənim könlüm sənsiz qaldı,

Uçan durnam qatar saldı.

 

İçərişəhərdə sərsəri külək

Veyillənir sərxoş rəssam tək.

 

Divarda akvarellə çəkilmiş rəsm

Rəsmdəki dağlardan gəlir səsim.

 

Dünyanın məşhur təlimlərindən olan vəhdəti-vücuda görə qum dənəsi dünyanın modelidir. "Zərrə mənəm, günəş mənəm. Cahr ilə pəncü-şeş mənəm" - deyirdi böyük hürufi şair Nəsimi.

Beləliklə, dənizin suyunun şor olduğunu bilmək üçün dənizi bütöv içmək lazım deyil, bircə damla kifayətdir. Eləcə də görkəmli alim, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin səmimi bir türkçü, türk dünyasının sevimlisi, türk ruhunun poetik tərcümanı, istedadlı şair olmasını bir daha təsdiq və təqdim etmək üçün onun zəngin və çoxcəhətli yaradıcılığını başdan ayağa şərh etmək lazım deyil. Bu, gələcək tədqiqatçıların işidir.

Elçin İsgəndərzadə 60 yaşın aşırımına zəngin bir elmi-nəzəri, bədii-fəlsəfi, mənəvi-əxlaqi arsenalla gəlib, özü ilə böyük  nüfuz və bütöv şəxsiyyət gətirib.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet .- 2024.- 17 sentyabr №(168).- S.15.