Əməllə mövqe üst-üstə düşəndə

 

 

Həyatın müxtəlif sahələrində fəaliyyət göstərən, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadınları cəmiyyətimizdə daim dəyişiklik və inkişaf mənbəyi olaraq qalırlar. Onların elm, siyasət, incəsənət və başqa sahələrdə əldə etdikləri nailiyyətlər və bu sahəyə verdiyi töhfələr məhz həmin sahənin inkişafını təmin edir. Azərbaycan qadını hər zaman zəkası, müdrikliyi, uzaqgörən-liyi, zərifliyi ilə seçilib, bəşəriyyətin, cəmiyyətin inkişafında xüsusi rola malik olub.

Haqqında söhbət açacağım xanım da Azərbaycan xanımına xas xüsusiyyətləri daşıyan, zəngin həyat təcrübəsi olan, jurnalist və sözün əsl mənasında qələm adamı olan yubilyarımız - 75 yaşlı Maral Bahadur qızı Poladovadır.

1949-cu ildə Goranboy rayonunda dünyaya göz açan Maral Poladova bir çoxlarına örnək olan həyat yolu keçib. 1966-cı ildə 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra jurnalist olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə verir. Lakin müsabiqədən keçə bilmədiyinə görə rayona qayıdır və "Mübariz" qəzeti redaksiyasında 2 il korrektor vəzifəsində işləyir. Maral xanımın ilk yazıları da elə həmin qəzetdə işıq üzü görür.

Eşitdiyimə görə, o zamanlar jurnalist olmaq istəyənlər üçün iş stajına və çap olunmuş yazılara böyük üstünlük verilirdi. Nəhayət, 1968-ci ildə Maral Poladova öz istəyinə qovuşur və ADU-nun Jurnalistika şöbəsinə (əyani) qəbul olur... Universiteti bitirəndən sonra ailə vəziyyəti ilə əlaqədar heç təyinat yerinə (Azərbaycan Radiosuna) də gedə bilməyən Maral xanım bir neçə il işsiz qalır və 1980-ci ildə AEA-nın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutu) baş laborant vəzifəsində çalışmağa başlayır. İnstitutun mərhum direktoru, professor Cahangir Qəhrəmanov ona elmi mövzu götürməyi təklif etsə də, sevdiyi peşəsi ilə məşğul olmağa üstünlük verdiyini söyləyən Maral xanım öz xahişi ilə 1983-cü ildə "Elm və həyat" jurnalına keçirilir. Həmin jurnalla hələ 3 il əvvəldən əməkdaşlıq etməyə başlayan Maral Poladova əvvəl müxbir, ədəbi işçi, sonra isə 15 il jurnalın məsul katibi vəzifəsində çalışıb. Jurnalda jurnalist kimi maarifçilik missiyasını həyata keçirən Maral Poladovanın məqalələri oxucuların daim diqqət mərkəzində olub. Jurnalla bağlı olan 30 illik fəaliyyəti dövrünü özü üçün Böyük Məktəb hesab edən Maral xanım həmin jurnal haqqında həmişə böyük sevgi ilə danışır, olub keçənləri, orada yaxından tanıdığı, həmsöhbət olduğu müsahibləri haqqında maraqlı əhvalatları tez-tez yada salır... Azərbaycan jurnalistlərinin, demək olar ki, əksəriyyətinə dərs demiş, ADU-nun professoru Şirməmməd Hüseynovu, dilçi alim, professor Cahangir Qəhrəmanovu, tarixçi alimlər - AMEA-nın müxbir üzvləri Məşədixanım Neməti, Arif Abbasovu, tanınmış yazıçı-jurnalist Cəmil Əlibəyovu, akademik Mahmud Kərimovu tez-tez yada salır, onların həm də çox xeyirxah insan olduqlarını dönə-dönə vurğulayır. Belə örnək ziyalılarla eyni bir dövrdə yaşadığını özü üçün böyük şans hesab edir. Hələ uşaq yaşlarından (8-ci sinifdə oxuyarkən) hər iki valideynini itirən Maral xanım elə o zamandan qarşısına çıxan çətinliklərin öhdəsindən yalnız öz zəhmətkeşliyi və xeyirxah insanların köməkliyi ilə gəldiyini minnətdarlıqla söyləyir.

Zəngin və mənalı ömür yolu keçən Maral Poladova mətbuatda öz yazıları ilə çıxış etməklə bərabər, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. Şöbədə çapa hazırlanan kitab və jurnalların məsul redaktoru kimi uzun illərdir üzərinə düşən vəzifənin öhdəsində layiqincə gəlir. Maral xanımı öz işinə çox məsuliyyətlə yanaşan peşəkar insan kimi tanıyıram. O, şöbəmizdə nəşrə hazırlanıb, çapa göndərilən 2 elmi jurnalın - "Filologiya və sənətşünaslıq" və "Müqayisəli ədəbiyyatşünaslıq" jurnallarının məsul redaktorudur. Hər dəfə jurnallar çapa göndərilərkən, onun necə həyəcan keçirdiyini və jurnallar çap olunandan sonra uşaq kimi sevindiyinin şahidi oluram, hətta jurnal şöbəyə gəlib çatmamış ona xəbər verib sevindirməyə çalışıram. Böyük ustaqlıqla və məharətlə qələmə aldığı yazılar, məsuliyyətlə, həssaslıqla yanaşdığı jurnal və kitab nəşrləri Maral xanımın ömür izidir. Hansı mövzuda yazmağından asılı olmayaraq, mövzunun dərinliyini duyur, haqqında yazdığı ziyalıların həyat və yaradıcılıqlarını hərtərəfli işıqlandırır, onların xeyirxah əməllərini xüsusi vurğulayır. Bunun özü də Maral xanımın xeyirxah bir xanım olduğunun bariz nümunəsidir.

Bizim şöbəmiz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ən gərgin iş şəraitində çalışan şöbə olmasına baxmayaraq, əməkdaşlarımız arasındakı mehribançılıq və səmimiyyət işlərimizin uğurlu alınmasına böyük kömək edir. Şöbəmizin ağbirçəyi, tanınmış jurnalist Ülkər xanım Hüseynovadan da çox şeylər öyrənirik. Ülkər xanımla Maral xanım 40 ildən artıqdır ki, birlikdə çalışırlar. Zəngin həyat təcrübəsi, insani keyfiyyətləri, tələbkarlığı, səmimiyyəti ilə işlədiyi kollektivın rəğbətini qazanan Maral Poladova bu gün də qələmi ilə oxucularını sevindirir.

Həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulan Maral xanım həm də tələbkar ana, qayğıkeş nənədir. Böyük nəvəsi Həsən Rauf oğlu İsayev 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasında böyük rol oynayan qəhrəman igidlərdən biridir. Vətən müharibəsi Veteranı kimi şərəfli bir adı şərəflə daşıyır. Müharibənin ağır və məsuliyyətli yükünü öz çiyinləri üzərində daşıyan bir nənə kimi Maral xanım əsl dözümlülük, şücaət nümayiş etdirdi bu 44 gün ərzində. Bütün Azərbaycan xalqı kimi Qələbə sevincini də sevinc göz yaşları ilə qarşıladı! İkinci nəvəsi Ceyran İsayeva Bakı Musiqi Akademiyasında təhsilini uğurla başa vurduqdan sonra bu il Polşada Krakov Musiqi Akademiyasının magistraturasına qəbul olunub. 3-cü nəvəsi Aysu Poladova isə bu il imtahanlardan yüksək bal toplayaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin (təhsil ingilis dilində) tələbəsi adını qazanıb. İndi Maral xanımın nəvələr barədə nigarançılığı yalnız mərhum babasının adını daşıyan Vaqif barədədir. Yəqin ki, inşallah, o da böyük nəvələrin davamçısı kimi valideynlərinin ümidlərini doğrultmağa çalışacaq...

Yorulmaq bilmədən çalışan və çalışmaqdan zövq alan Maral xanım 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, "Elm və həyat" jurnalında çalışarkən Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına və üç dəfə (2001, 2004 və 2011-ci illərdə) Jurnalistlər Birliyinin Zərdabi diplomuna layiq görülüb. 2011-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2014-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, eyni zamanda Zərdabi Mətbuat Mərkəzinin, 2019-cu ildə yenə də Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarına layiq görülən Maral xanım bütün bunları əməyinə verilən yüksək diqqət və qiymət kimi dəyərləndirir.

Sonda qeyd etmək istərdim ki, ömrüboyu bütün əzab-əziyyətlərə dözümlə qatlaşan Maral xanımın normal mənzil şəraiti olmasa belə, ürəyi istəyən mövzularda yazıb-yaradıb. 5 nəfərlik ailənin 2 otaqlı kiçik bir mənzildə yaşaması nə qədər ağılasığmaz görünsə də, bu, danılmaz bir həqiqətdir. Amma nə yaxşı ki, Maral xanım bu çətinliklər içərisində olmasına baxmayaraq, çap olunmuş yazılarını 2 kitabda - "Ömrün izləri" (2004) və "Ziyalı sözü" (2019) kitablarında toplayıb nəşr etdirib.

Övladlarını özü üçün ən böyük dövlət, sağlamlığı ən böyük xoşbəxtlik hesab edən Maral xanıma könül rahatlığı arzu edirəm. Onu həm öz adımdan, həm də şöbəmizin mehriban, səmimi kollektivi adından ürəkdən təbrik edirəm!

Sizə sağlamlıq, xoşbəxtlik və yeni uğurlar arzulayıram, əzizimiz Maral xanım! Ümid edirəm ki, gələcək illər həyatınıza daha çox müsbət dəyişikliklər və müvəffəqiyyətlər gətirəcək!..

 

Töhfə TALIBOVA

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

525-ci qəzet .- 2024.- 17 sentyabr №(168).- S.14.