Şəhriyar -
söz mülkünün sultanı
18 SENTYABR BÖYÜK AZƏRBAYCAN ŞAİRİ
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN ANIM
GÜNÜDÜR
Uca xaliq bəzən qüdrətindən elə sənətkarlar
yaradır ki, sonradan yaradılışına özü heyran
qalır. Sözünün sehri-sirri zaman-məkan sərhədinə
sığmayan, söz mülkünün sultanı, "əvvəli
sultani eşq, axırı ustadi-şeir Şəhriyar"
adlandırılan Seyid Məhəmmədhüseyn Şəhriyar
(1906-1988) XX əsrin o taylı-bu taylı Azərbaycana,
bütün türk dünyasına, bütövlükdə
dünya ədəbiyyatına bəxş etdiyi nadir sənətkarlardan
biridir. M.Şəhriyar poeziyasının günümüzdə
də yaşarı olmasının əsas səbəbi,
heç şübhəsiz, sözünün ilahi sehrindədir,
xəlqiliyindədir, təbiiliyindədir, səmimiliyindədir.
Şəhriyarın sağlığında özünü
"Əbədiyyət gülüyəm mən"
adlandırması heç də şairin özünə
vurğunluğu deyildi, bədii irsinin ondan sonra da
yaşarı olacağının anonsu idi. Şəhriyar
poeziyasını cəzbedici edən hər şeydən əvvəl,
sadə həyat həqiqətlərinin şeirə gətirilməsi,
keçmiş xatirələr fonunda insana keçmişinin
xatırladılması, dünənlə bu gün arasında
əlaqənin milli bağlarla təmin edilməsi, milli
yaddaşın millətin tanıtımında böyük
rolunun ədəbiyyatda ustalıqla təsvir və tərənnümü
idi.
M.Şəhriyar ilk növbədə, ruh şairidir.
Şairin anadilli poeziyasına başdan-başa milli ruh, milli
ovqat hakimdir. Şairin ana dilində qələmə
aldığı "Heydərbabaya salam" poemasını
yaradıcı ruhun simfoniyası, bir insanın həyatının,
millətin yaddaş xronologiyasının sözlə bədii
nəqşi də adlandırmaq olar. Şəhriyarın xatirə
pannosunda tünd rəng yoxdur, söz-rəng çalarları
sakitləşdirici ovqata köklənib. Uşaqlıq, yeniyetməlik
illərinin şirin xatirələri şairin
yaddaşından süzüldükcə arınır, illərin
xatirə tozu çırpılır, bəyazlaşır.
Amma bu bəyazlığın ağrı yükü çox
böyükdür:
Heydərbaba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
M.Şəhriyar dərd ortağı kimi niyə Heydərbaba
dağını seçmişdi - bu barədə çox
yazılıb, danışılıb. Fikrimizcə, əsas səbəblərdən
biri də Şəhriyarın özünün xarakterində
dağ ucalığının olması idi. Elə bu səbəbdən
ağır maddi durumda olmasına baxmayaraq, Rza şah Pəhləvinin
xanımı Fərabanunun mənzil hədiyyəsindən
imtina etmişdi. Şairin Heydərbaba dağını həmsöhbət
kimi seçməsində xalqımızın "dərdin
dağlara, daşlara" inamı da az rol oynamayıb. Şəhriyar
onu içdən əzən, göynədən
ağrılara insan ürəyinin dözməyəcəyini
bildiyinə görə də dağa üz tutur, qəlbindəkiləri
ora boşaldır, kürəyini əzən xatirə
yükündən sanki qurtulmaq istəyir. "Heydərbabaya
salam"ın ilk çapına yazdığı izahda
şair etiraf edir ki, "Dağ göylərə
yaxındır. Dağ göylərə yaxın olduğu
üçün peyğəmbərlər də Allaha
doğru dağlarla yaxınlaşmaq istəyiblər.
Dağlar təbiətin ən qabarıq şah əsərləridir.
Dağın döşündən, qayaların qəlbindən
çağlayan göz yaşı kimi saf və təmiz sular
yaradıcı insanın hümməti qədər
böyük və təmizdir". Amma sən demə,
dağın da dağ dərdi varmış:
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı
silmişdim,
Halbuki lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
Ustad sənətkarın "Heydərbabaya salam"
poemasında qələmə aldığı uşaqlıq
illərinin şirin xatirələri qəlbi sərinlədən
yaz nəsimini xatırladır, bu xatirələr şairin təsvirində
çəhrayı qızılgüllərin ləçəkləri
qədər zərifdir. Bəlkə bir də həmin hissləri
heç vaxt yaşamayacağımıza görə
hamımıza əzizdir, bizi içdən
duyğulandırır:
Əmməcanın bal bəlləsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Ana dilində yazdığı əsərləri
M.Şəhriyarın yaradıcılığının
kiçik hissəsini təşkil etsə də,
daşıdığı məna yükünə görə
bədii çəkisi daha ağırdır və şairin
sevilməsində, populyarlaşmasında əhəmiyyətli
rol oynayıb. Unutmaq olmaz ki, Şəhriyar türk dilinin yasaq olduğu
dövrdə ana dilində yazmaqla, bu dilə həyat verməklə
əsl vətəndaşlıq, qəhrəmanlıq
missiyası yerinə yetirib. Farslarla azərbaycanlıları
üz-üzə qoymaq məqsədilə bəzi millətçi
ünsürlərin "türk dili nə dil, nə də ləhcədir"
deməklərinə M.Şəhriyarın"Türkün
dili" şeiri ilə cavab verməsi böyük vətənpərvərlik
nümunəsi idi. Vətən təəssübkeşliyinin
hopduğu bu poetik nümunə təkcə
yazıldığı dövr üçün deyil,
bütün zamanlar üçün əhəmiyyət kəsb
edir:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Şəhriyar irsinin Türkiyədə və
ümumilkdə türk dünyasında
tanıdılmasında əvəzsiz xidmətləri olan Yusif
Gədikli "Şəhriyar və bütün türkcə
şeirləri" kitabında Şəhriyarın ana dilinə
vətənpərvər mövqedən yanaşmasını,
bədii tərənnümünü alqışlayaraq
yazırdı: "Türk dili (türki) o qədər gözəldir
ki, Şəhriyar onun anaların oxşağı (analar
sevgilisi) laylay dili olduğunu söyləməklə
qalmır, hətta and da içir:
Türki vallah, analar oxşağı, laylay dilidir,
Dərdimi mən bu dəva ilə müdəva elədim
-
misrası artıq türkcəmiz haqqında başqa
bir söz deyilməsinə ehtiyac yaratmır".
Şəhriyar qəlb şairidir. Çəkdiyi məhəbbət
acısının, Şəhriyar-Sürəyya
dastanının, nakam eşq hekayətinin bədii əksi olan
"Behcətabad xatirəsi" bu gün də məhəbbət
lirikasının ən gözəl incilərindən
sayılır:
Bir quş: "Ayığam!" - söyləyərək,
gahdan inildər,
Gahdan onu da yel deyə laylay, huş aparı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da
yuxarı.
Şəhriyarın çoxşaxəli
yaradıcılığı haqqında çoxlu sayda elmi,
publisistik bədii yazılar yazılıb və bu proses bu
gün də davam edir. Anım günündə ustad sənətkarımızı
xatırlamaq Şəhriyar irsinə olan hörmətdən
doğur. Hazırkı günümüzdə sosial şəbəkələr
çox şeyi üstələsə də, Şəhriyar
şeirinə olan marağı azalda bilməyib. Sosial şəbəkələr
üzərindən Şəhriyar poeziyasının incilərinin
mütəmadi paylaşılması, müzakirələr
aparılması, həyat və yaradıcılığı
barədə paylaşımlar edilməsi ustad sənətkarın
irsinin tanıdılmasında, gənc nəslə
çatdırılmasında, təbliğində
böyük rol oynayır.
Seyid Məhəmmədhüseyn Şəhriyarın vəfat
etdiyi 18 sentyabr tarixi hər il İranda "Milli Şeir
Günü" kimi qeyd edilir. Bu hüznlü gün Azərbaycan
ədəbiyyatı üçün də önəmli
tarixdir.
Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı-sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı
çönməyib.
Seyid Məhəmmədhüseyn Şəhriyar əmin
idi ki, dünyadan köç edib getdiyində belə
yaddaşlarda qalacaq, anılacaq, xatırlanacaq. Şəhriyar
poeziyası əbədiyaşar, söz sərrafının
özü isə ədəbiyyatın əbədiyyət zirvəsində
dayanmağa haqq edən dahi sənətkardır. Azərbaycan
xalqı belə dahi sənətkarları, kamil söz sahibləri,
klassikləri ilə böyükdür, qüdrətlidir.
Doğulduğu xalqa qəlbən bağlı olan, milli
soy-kökünü heç vaxt unutmayan, milli dəyərləri
sevə-sevə təbliğ və tərənnüm edən,
vahid Azərbaycan eşqi ilə yazıb yaradan ustad sənətkarı
yaşarı edən zəngin bədii irsi, kamil şəxsiyyəti
və fitri istedadıdır. Zaman sübut etdi ki, M.Şəhriyar
"Əbədiyyət gülüyəm mən" - deyimində
haqlı imiş. Onun ömrü söz xəzinəsinin
ömrü qədərdir!
Esmira İSMAYILOVA
Lənkəran Dövlət Universitetinin Mətbuat Xidmətinin
rəhbəri
525-ci qəzet .- 2024.- 17 sentyabr №(168).- S.13.