Qubalı Fətəli
xan
"Qarabağın
dostları və düşmənləri" silsiləsindən
On səkkizinci yüzilliyin ortalarında
parçalanmış Azərbaycan torpağında yaranan
kiçik feodal dövlətlərindən biri də
Qarabağdan sonra ikinci böyük və qüvvətli
xanlıq olan Quba xanlığı idi. 1758-ci ildə
xanlığın başında duran Hüseynəli xanın
vəfatından sonra onun yerinə iyirmi iki yaşlı
oğlu Fətəli keçdi və həmin vaxtdan da
xanlığın iqtisadi və siyasi qüdrəti sürətlə
artmağa başladı. Uzaqgörən və tədbirli bir
siyasi xadim kimi o, hərbi işə xeyli vaxt və güc sərf
edərək saysız-hesabsız qoşun topladı,
paytaxtını alınmaz bir qalaya çevirdi. Fətəli
xan gələcək məqsədinə tezliklə
çatmaq, yəni bütöv Azərbaycana sahib olmaq
üçün ətraf yerləri də öz torpaqlarına
qatdı, xanlığın ərazisini xeyli genişləndirdi.
Taxt-taca yiyələnəndən bir il keçmiş qonşu
Dərbənd hakimi Məhəmmədhüseyn xanı devirib,
şəhəri tutdu. Bununla o, xalq arasında eyni zamanda Dərbəndli
Fətəli xan kimi də tanınmağa başladı.
Qubalı Fətəli xan qarşıdakı zəfərlər
üçün igid, cəngavər tayfaları da özünə
cəlb etmək istəyirdi. Ona görə də o, Muğan
çölündə yaşayan köçəri şahsevənlərin
böyük bir qismini Quba xanlığı ərazisinə
köçürmüş və onlar da həmişə Fətəli
xana arxa-kömək durmuş, xanlığın hərbi və
siyasi həyatında böyük rol oynamışlar.
Qan tökmədən bəzi tayfaları özünə
tərəf çəkən Fətəli xanın ən
ağıllı tədbirlərindən biri də qonşu
Qaraqaytaq əmiri Həmzə ilə yaxınlaşmaq idi. Bu məqsədlə
də o, Əmir Həmzənin bacısı Tutu Bikəni
özünə arvad eləmişdi. Əmir Həmzə isə
Fətəli xanın bacısı Xədicə Bikəyə
elçi göndərmiş, lakin Quba xanı öz
bacısını ona yox, bakılı I Mirzə Məhəmməd
xanın oğlu Məlik Məhəmmədə vermişdi. Elə
buna görə də Əmir Həmzə ilə Fətəli
xanın arasında düşmənçilik
yaranmışdı. Lakin bu cür ailə münaqişələri
Fətəli xanın planlarına mane ola bilməmişdi və
elə qohumluq vasitələri ilə də bir neçə il
ərzində o, Dərbəndən Kür çayınadək
Xəzər dənizi sahilinin böyük bir hissəsinə
sahib olmuşdu.
Qonşu Dağıstan feodalları ilə də
dostluq əlaqələrinə girən Fətəli xan
şimal sərhədlərini möhkəmləndirəndən
sonra Şamaxı hakimi Ağası xandan onun
xanlığını dağlılardan qoruduğu
üçün bac-xərac tələb elədi.
Ağası xan bundan imtina etdiyinə görə o, Şəki
xanı ilə birləşərək 1767-ci ildə Şirvan
şəhərinə yeridi. Şamaxını ələ
keçirib, Şirvan torpaqlarını Şəki xan ilə
dədə malı kimi yarı böldü və mövqeyini
daha da möhkəmlətmək üçün Dərbənddən
xeyli adamı bura köçürtdü.
Qubalı Fətəli xanın uğurları
artdıqca onu gözü götürməyənlərin
sayı da çoxalırdı. 1774-cü ildə
Dağıstanın bir neçə feodal hakimi aralarında
ittifaq yaradaraq Quba üzərinə basqın etdi.
Şamaxı hakimi Ağası xan da öz köhnə
düşmənindən qisas almaq məqsədilə bu
fürsətdən istifadə edərək ona qarşı
çıxdı. Ancaq Fətəli xan onu qabaqlayıb,
bakılıların və salyanlıların köməyi ilə
qoşunlarını onun üzərinə yeritdi. Bu
güclü hücumun qarşısını ala bilməyən
Ağası xan qaçıb gizlənməyə məcbur
oldu. Fətəli xanın Şirvanda olmasından istifadə
edən Qaraqaytaq hakimi Əmir Həmzə isə qazıqumuqlu
Məhəmməd xan və tabasaranlı Rüstəm bəylə
sazişə girərək Dərbənd üzərinə
hücuma hazırlaşırdı. Dərbəndi ləzgilərə
verməmək üçün Fətəli xan
Şamaxıdan şimala tərəf hərəkət elədi.
Ləzgilərlə döyüşlərdə Quba xanı
üstünlüyü əvvəlcə ələ aldı,
lakin bir neçə gündən sonra Xudat
yaxınlığında məğlub olaraq geri - Salyana
çəkildi. Qazıqumuqlu Məhəmməd xan Qubanın
böyük bir hissəsini ələ keçirdi, Əmir Həmzə
isə Dərbəndi mühasirəyə aldı. Əri burda
olmadığı üçün Fətəli xanın
arvadı və Əmir Həmzənin bacısı Tutu Bikə
xanım bu zaman kişi libasında Dərbəndin müdafiəsinə
başçılıq edirdi. Qardaşla bacı arasında
döyüş gedirdi, qardaşla bacı bir-biri ilə
düşmən kimi qarşılaşırdı. Qadın
Tutu Bikə kişi Əmir Həmzədən müdafiə
olunur, şəhərini qoruyurdu. Kişi Əmir Həmzə
isə qadın Tutu Bikəyə qalib gələ bilmirdi. Ona
görə də Əmir Həmzə şəhəri
güclə yox, bicliyə əl atmaqla almaq istəyirdi. Lakin
hiylələrinin baş tutmadığını görən
Qaraqaytaq hakimi planını dəyişib, qəflətən
Bakıya doğru irəliləməyə başladı.
1775-ci ildə Fətəli xan Salyanda olarkən dərbəndli
Mirzə bəy Bayatı hərbi kömək
üçün II Yekaterinanın yanına göndərdi və
özü də Dərbəndə qayıtdı. Bunu eşidən
Əmir Həmzə dərhal Bakıdan Dərbənd üzərinə
hücuma keçdi. Rus çariçəsi general-mayor
De-Medemin başçılığı ilə qubalılara hərbi
qüvvə göndərdi. Fətəli xan rus
qoşunlarının köməyilə şəhəri
mühasirədən çıxarıb, Əmir Həmzəni
məğlub edərək itaət əlaməti kimi Dərbənd
qalasının açarlarını II Yekaterinaya göndərdi.
Lakin rus çariçəsi cənub qonşuları
Türkiyə və İranla münasibətlərini korlamamaq
üçün Dərbəndin açarlarını geri
qaytardı və Rusiya dövlətinin himayəsinə girmək
barədə Quba xanının xahişini rədd elədi...
Qubalı Fətəli xanın ən çox ehtiyat
etdiyi və çəkindiyi Qarabağ hakimi İbrahimxəlil
xan idi. Ona görə o, bu xanlığı da nəyin
bahasına olursa-olsun, ram etməyi öz planına daxil
etmişdi. Hətta bir neçə dəfə Qarabağa
qoşun çəkmiş, lakin qarabağlıların iradəsini
qıra bilməmişdi. Və Fətəli xan artıq
başa düşmüşdü ki, İbrahimxəlil xana
heç vaxt qalib gələ bilməz, çünki onun həm
müttəfiqləri çox idi, həm də güclü
qoşunu vardı. Və onu da başa düşürdü
ki, İbrahimxəlil xanla havayı yerdən düşmən
mövqeyində dayanır. Öz səhvlərini gec də
olsa, dərk edən Quba xanı Qarabağ xanı ilə
barışmaq fikrinə düşdü və 1779-cu ilin əvvəllərində
elə bu məqsədlə də Bakıya - yeznəsi Məlik
Məhəmməd xanın yanına gəldi. Dərdini
açıb söylədi, İbrahimxəlil xana qarşı
çıxdığı üçün
peşmançılıq çəkdiyini və onunla
barışmaq fikrində olduğunu da bildirdi. Dedi ki,
Qarabağ xanı ilə küsü saxlamağın heç
bir mənası yoxdur. Mən indi-indi başa düşürəm
ki, İbrahimxəlil xan kimi qüdrətli bir adama heç
vaxt mənim dişim bata bilməz. Digər tərəfdən
də biz niyə bir-birimizlə ümu-küsü
saxlamalıyıq ki, ümumi düşmənlərimiz də
qıraqdan baxıb, bizə gülə, fürsət tapan kimi
üstümüzə qoşun çəkə. Elə
bilirdim ki, İbrahimxəlil xan məni qabaqlayıb,
özü barışıq təklifi edər, ancaq
görürəm ki, o da qabağından yeyən, heç kəsə
baş əyən kişi deyil. Nə olar, birimiz od olanda,
birimiz də su olmalıyıq. Bu işi yoluna qoymaq
lazımdır. Səhvimizi boynumuza almalı və mütləq
barışmalıyıq. Sonra gec olar... Ona görə də
barışıq üçün onun yanına elçi
göndərməyə məcburam. Bəlkə, bu
elçiliyi elə sən özün eləyəsən, ay Məlik
Məhəmməd, çünki başqa heç kəsə
inamım, etibarım qalmayıb.
Fətəli xanın elçilik təklifi ürəyindən
olmasa da, Məlik Məhəmməd xan bundan boyun
qaçıra bilmədi və ertəsi gün yubanmadan iki nəfər
də yaxın və etibarlı adamıyla Şuşaya yola
düşdü. İbrahimxəlil xan Bakıdan gələn
elçiləri özünəməxsus qonaqpərvərliklə,
yüksək hörmət və izzətlə
qarşıladı. Lakin danışıqlar zamanı Məlik
Məhəmmədin dikbaşlığı və
lovğalığı İbrahimxəlil xanı heç də
açmadı. Sözləri çəpləşdi.
Qarabağ xanı qəzəblənib, onları zindana
salmağı əmr elədi...
Bu xəbər Qubaya - Fətəli xana çatdı.
O, ürəyində İbrahimxəlil xanı asıb-kəssə
də, Qarabağa hücuma hələlik cürət eləmədi,
işin sonunu gözləməyə başladı.
Çünki bilirdi ki, bu addımı tezliklə atsa, onun
hakimiyyətinə son qoyula və bu, onun torpaqlarının
itirilməsi ilə nəticələnə bilər. Ona
görə də əlverişli məqam gözləməyə
başladı.
Bakılı elçilərin həbs olunmasından
bir ilə yaxın vaxt keçirdi. Ancaq onların buraxılması
barədə Qarabağdan heç bir xəbər-ətər
gəlmirdi. Fətəli xanın isə səbri artıq
tükənmişdi. Ona görə də o, əl altından
İbrahimxəlil xanla müharibəyə hazırlıq
görürdü. 1780-ci ilin əvvəllərində Tarku
Şamxalı və Şamaxı xanları ilə ittifaqa
girib, səkkiz minlik qoşunla Qarabağa hücuma keçdi.
Lakin İbrahimxəlil xanın müttəfiqi,
Gürcüstan çarı II İrakli oğlu Georginin
başçılığı ilə beş min nəfərdən
ibarət gürcü qoşununu müttəfiqinə köməyə
göndərdi. Birləşmiş qoşunlar Kür
çayı sahilində Quba-Şirvan dəstələrini darmadağın
edib, geri qaytardılar. Həmin ilin avqustunda onlar yenidən
Qarabağa hücum etdilər, ancaq yenə də əvvəlki
kimi geri qaytarıldılar. Nəhayət, 1781-ci ildə Fətəli
xan bütün gücünü toplayıb, müttəfiqlərinin
köməyi ilə Qarabağa yenidən hücum elədi. Cəmi
üçcə nəfərə görə havayı qan
tökməmək və Qarabağ torpağını növbəti
döyüş meydanına çevirməmək
üçün İbrahimxəlil xan dustaqları zindandan
buraxdırdı və onlar ikillik həbsdən sonra Bakıya
qayıtdılar. Lakin əsəblərini cilovlaya bilməyən
və İbrahimxəlil xana günü-gündən nifrəti
artan Fətəli xan həmin ilin martında yenidən
hücuma keçdi və öz müttəfiqləri tərəfindən
kömək gəlmədiyinə görə məğlub
oldu.
Fətəli xan İbrahimxəlil xana qalib gəlmək
üçün dərindən-qabıqdan çıxır,
özünə yeni müttəfiqlər axtarırdı. 1784-cü
ilin yayında, o, II İrakliyə Qarabağa birlikdə
hücum eləməyi təklif elədi. Həmin vaxt isə
İbrahimxəlil xan keçmiş Şamaxı xanları Məhəmməd
Səidin və Ağası xanın öz yerlərinə bərqərar
olmaları üçün Çar-Balakən hakimi Ömər
xanla birlikdə Şirvan torpaqlarına
yaxınlaşırdı. Burda iki düşmən
qabaqlaşdı. Fətəli xan mühasirəyə
alındı. Qırx beş gündən sonra muzdlu
akuşalıların və müttəfiqi şamxal
Bamatın köməyi ilə Quba xanı mühasirədən
çıxdı və dərhal da sülh bağlandı...
Pənahəli xanın vəfatından sonra
Qarabağda hakimiyyət uğrunda İbrahimxəlil xanla
qardaşı Mehrəli bəy arasında səltənət
davası gedirdi. İki qardaş bir-birinə qatı
düşmən kəsilmişdi. Bir-birinə bata bilməyən
qardaşlar özlərinə müttəfiq
axtarırdılar. Özünü İbrahimxəlil xanın
qarşısında gücsüz və zəif hesab edən
Mehrəli bəy əlacsız qalıb, İrana üz
tutmuş, Kərim xan Zəndə pənah
aparmışdı. İran hökmdarı da söz
vermişdi ki, Mehrəli bəyə köməyini əsirgəməyəcək.
Lakin ölkədəki daxili çəkişmələr Kərim
xana göz açmağa imkan vermirdi. Mehrəli bəy isə
oturub, kömək gözləyirdi. Nəhayət, Kərim xan
Ərdəbil hakimi Hidayətulla xana əmr elədi ki, Mehrəli
bəyə hərbi kömək versin. Lakin 1779-cu ildə Kərim
xan Zəndin qəflətən vəfatı Mehrəli bəyin
bütün planlarını alt-üst elədi. İrandan
artıq heç bir kömək ala bilməyəcəyini
anlayan Mehrəli bəy indi də Şimali Azərbaycan
xanlıqlarında himayə axtarmağa başladı. O,
Ağa Məhəmməd xan Qacar tərəfindən daim təqib
olunan Hidayətulla xanla birlikdə qubalı Fətəli xana
üz tutdu. Mehrəli bəy bilirdi ki, Fətəli xan
qardaşı ilə düşmənçilik etdiyindən
ona mütləq kömək verəcək.
...Fətəli xan Mehrəli bəyi çox səmimi
qarşıladı və onun fikirlərini dinləyib, halı
oldu. Mehrəli bəyi bir neçə dəfə sınaqdan
keçirdi, özü ilə hərbi səfərlərə
apardı. Nəhayət, 1785-ci ildə Mehrəli bəyə
güclü suvari qoşun verib, Qarabağ üzərinə
göndərdi, özü isə Gəncə istiqamətində
hücuma keçdi. Fətəli xan bu yürüşdən əvvəl
üç dəfə İbrahimxəlil xanın üzərinə
hücum etmiş, ancaq hər dəfə də məğlub
olmuşdu. Bu dəfə də belə oldu. Mehrəli bəyin
başçılığı ilə Quba qoşunları
Əsgərana qədər gələ bildi və burda baş
verən döyüşdən sonra Qarabağ süvariləri
onları qovub, Kür çayının o biri üzünə
adladılar. Bu məğlubiyyətin əvəzini
çıxmaq üçün Fətəli xan İbrahimxəlil
xanın müttəfiqi, Şamaxı hakimi Ağası
xanın üzərinə qoşun yeritdi. Döyüşlərdə
Mehrəli bəy də iştirak edirdi. O, mühüm bir
tapşırığı yerinə yetirib, geri qayıdarkən
Ağası xanın böyük oğlu Əhməd bəy tərəfindən
öldürüldü. Fətəli xan İbrahim xanla
barışmaq və yaxınlaşmaq üçün bu hadisədən
diplomatik surətdə istifadə edərək Mehrəli bəyin
cənazəsini xüsusi hörmət və ehtiramla
Şuşaya yola saldı. İbrahimxəlil xan Fətəli
xanın bu hərəkətini alqışladı, onunla
barışdı. Bu barışıq nəticəsində hər
iki xan ittifaqa girib, Ağası xanıın üzərinə
hücum edərək Şamaxını tutdu.
Mehrəli bəyin oğlu "Batmanqılınc"
ləqəbli Məhəmməd bəy Cavanşir
atasının qatillərinindən intiqam almaq
üçün Şirvana yollandı. Məhəmməd bəyin
sorağını alan Fətəli xan onu öz yanına dəvət
eləyib, Şamaxı xanına qarşı mübarizəyə
qaldırdı. 1785-ci ildə Fətəli xanın göstərişi
ilə Məhəmməd bəy Ağası xanla iki oğlunu
qətlə yetirib, Qarabağa döndü...
On səkkizinci yüzilliyin səksəninci illərində
Qubalı Fətəli xanın nüfuz dairəsi xeyli
artmış, o, Bakı, Dərbənd, Salyan, Şamaxı və
sair yerləri özünə tabe etmişdi. Artıq Şəki
hakimi, Tabasaran feodalları, Muğan, Talış, Gilan
xanları da ona itaət göstərirdilər. Fətəli
xan, hətta cənub
xanlıqlarına da yürüş etmiş və
heç bir müqavimətə rast gəlmədən Ərdəbil
və Meşkin şəhərlərini də tutmuşdu. Onun
qarşısına qoyduğu əsas məqsəd isə bir neçə
xanlığı tutandan sonra Şirvanşahlar dövlətini
yenidən yaratmaq və Şamaxını onun paytaxtı elan
etmək idi. Bunun üçün Fətəli xan Salyan, Dərbənd,
Quba, hətta əlli il əvvəl Nadir şah tərəfindən
salınmış Yeni Şamaxının (Ağsunun) da əhalisini
bura köçürməyə başlamışdı...
Lakin Fətəli xanın planları həyata
keçmədi. Həm də qarşıda Qarabağ kimi
möhtəşəm bir xanlıq dururdu. Fətəli
xanın gələcək planlarına mane olmaq
üçün İbrahimxəlil xan Şamaxını onun əlindən
almaq istəyirdi. Qarabağ xanının məqsədini bilən
Fətəli xan 1789-cü ilin əvvəllərində onu tam
məğlub etmək üçün Gürcüstan
çarı II İrakli, şəkili Məhəmmədhüseyn
xan və gəncəli Cavad xanla danışığa girib,
görüşmək üçün Gəncəyə
yollandı. Müttəfiqlər Şəmkir
yaxınlığında görüşdülər və
yayqabağı Qarabağa hücum etmək
planlaşdırıldı. Lakin Fətəli xan geri
qayıdarkən qızdırma xəstəliyinə tutuldu. O,
Qubaya yox, birbaşa Bakıya - bacısının yanına gəldi.
Getdikcə şiddətlənən xəstəlik Novruz
bayramı günü 53 yaşında onun ömrünə son
qoydu. Bacısı Xədicə Bikə, bacısı oğlu
və kürəkəni II Mirzə Məhəmməd onun dəfnini
çox təntənəli şəkildə keçirdilər.
Fətəli xan Bibiheybət məscidinin həyətindəki
qəbiristanlıqda bastırıldı. Sonralar məscid
sökülərkən deyildiyinə görə, Fətəli
xanın qəbrinin başdaşısı Azərbaycan Tarix
Muzeyinə gətirildi.
Vasif QULİYEV
525-ci qəzet .- 2024.- 17 sentyabr №(168).- S.12;13.