İkidilli təlimə
keçid - ümumi təhsildə mühüm hadisə
Artıq üçüncü ildir ki, ölkəmizdə
təlim rus dilində aparılan ümumtəhsil müəssisələrində
ikidilli təlimə keçid istiqamətində tədbirlər
görülür. Ötən illərdə bu tədbirlər
layihə-eksperiment xarakteri daşıyırdı. Bu il isə
Elm və Təhsil Nazirliyi (ETN) göstərilən məktəblərdə
"Azərbaycan tarixi" fənninin dövlət dilində
aparılmasına qərar verib, yəni 5-ci siniflər
üçün yeni "Azərbaycan tarixi" dərsliyi
(müəlliflər: Kərim Şükürov, Pərviz
Ağalarov, Niyaməddin Quliyev, Elnur Hüseynov) builki tədris
ilindən təlimi dövlət və qeyri-dövlət dillərində
aparan bütün məktəblərin istifadəsinə
yönəldilib. Ölkəmizin təlimi qeyri-dövlət
dillərində aparan məktəblərində ikidilli təlimə
keçidin reallaşmasını təhsil həyatımızın
əhəmiyyətli hadisəsi hesab edirik. Eyni zamanda bu qərar
təhsil qanunvericilik aktlarında, təlim prosesi və tenologiyalarında,
müəllim seçimində, ikidilli təlim
üçün tədris resursları
hazırlığında müəyyən tədbirlər
görülməsini şərtləndirir.
Ümid edirik ki:
1. Təlim qeyri-dövlət dillərində
aparılan məktəblərdə Azərbaycan tarixi, ədəbiyyatı,
musiqi və sair fənlərin dövlət dilində
aparılması üçün "Ümumi təhsil
haqqında" Qanunda dəyişiklik edilməsi məqsədilə
müvafiq qaydada ölkənin qanunvericilik orqanı - Milli Məclisə
təklif veriləcək, qanuna bu tədris fənlərinin
dövlət dilində aparılması barədə bənd əlavə
olunacaq.
2. Lakonikliyi, əhatəliliyi, interaktiv və inteqrativ
təlimə uyğunluğu ilə seçilən, tariximizin ən
qədim dövrlərindən tutmuş bugünkü hadisələrədək
bütün faktları ustalıqla təqdim edən bu
uğurlu dərsliyin dilinin, tədris materiallarının
bilinqval (ikidilli) təlimin tələbləri, təlim
texnologiyaları, mətnin şagirdlərin şifahi və
yazılı nitqi üzərində iş üçün
uyğunlaşdırılması istiqamətində müəlliflər
məqsədli fəaliyyət göstərəcəklər.
Bu il ilk dəfə ölkə tarixi ilə oçerklər
şəklində tanış olacaq qeyri-dövlət dilində
təhsil alan beşincilərin dil bacarıqlarının
dövlət dilində təlim aparılan siniflərin
şagirdlərinin dil-danışıq üzrə bilik və
vərdişləri ilə eyni səviyyədə
olmadığı nəzərə alınıb, həm cari dərs
ilində istifadəyə verilmiş 5-ci sinif üçün
dərslik, həm də 6-cı sinif üçün
hazırlanacaq dərslik üzərində işin bu tələblər
səviyyəsində qurulması daha faydalı olacaq.
Fikrimizcə, 5-ci siniflər üçün dərslik
artıq məktəblərə daxil olduğundan müəllim
üçün vəsait işin metodiki cəhətdən
düzgün qurulmasına, fənn müəllimlərinə
metodiki dəstəyin həyata keçirilməsinə
yardımçı ola bilər. Bunun üçün metodiki
vəsaitdə dərsliyin bölmə və
mövzularının tədricən işlənilib elektron
portalda yerləşdirilməsi yerinə düşərdi. Məqsəd
şagirdlərin bilik dairəsini həm də onların
nitqinin lüğət bazasının genişləndirilməsi,
ana dilində oxu və yazı vərdişlərinin, fikrini sərbəst
ifadə etmə, mühakimə yürütmə, dialoqa girmə,
sair səriştə və bacarıqların
formalaşdırılması olduğundan elə ilk mərhələdə
tədris dili ilə inteqrasiyaya önəmli yer verilməsi
vacibdir. Hesab edirik ki, respublikanın bütün məktəblərinin
beşinci sinif şagirdləri üçün vahid "Azərbaycan
tarixi" dərsliyinin hazırlanması və müzakirəsinə
təlimi qeyri-dövlət dillərində aparan məktəblər
üçün "Azərbaycan dili" (dövlət dili
kimi) dərsliyini hazırlayan müəlliflər, Elm və Təhsil
Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin
ekspertləri də cəlb ediləcəklər.
İkidilli təlimə keçidi (hələlik bir fənn
olmaqla belə) ibtidai yox, ümumi təhsil səviyyəsindən
başladığımızdan növbəti - 6-cı siniflər
üçün hazırlanacaq dərsliyin strukturu və məzmununu
Azərbaycan dili fənni ilə sıx inteqrativlik prinsipi
üzərində qurulmasına çalışılacaq, bu
cür metodiki yanaşma və iş bu nəsil şagirdlər
üçün rəhbər tutulacaq.
3. Növbəti addım kimi təlimi rus və ingilis
dillərində aparan məktəblərimizin tədris
planına 5-9-cu siniflərdə həftədə 1 (bir) saat
olmaqla "Azərbaycan ədəbiyyatı" fənni daxil
ediləcək, "Literatura" ("Literature") dərsinin
2-ci saatı isə ikinci tədris dilində - rus və ya
ingilis - bədii mətnlərin oxunmasına və təhlilinə
həsr ediləcək. Bu zaman ikidilli (bilinqval) təlimin
başlıca özəlliklərindən biri - dərslərin
dil daşıyıcıları tərəfindən
aparılması tələbi gözləniləcək.
4. Təlimi rus və ingilis dillərində aparan məktəblərimizdə
(hazırlanmış "Azərbaycan tarixi" dərsliyinin
bu tədris ilindən həm də təlim ingilis dilində
aparılan məktəblərdə istifadəsinə
inanırıq) ikidilli təlimin növbəti tədris illərində
ibtidai təhsil səviyyəsindən tətbiqi, ANA
DİLİnin (hazırda tədris planlarında DÖVLƏT
DİLİdir) tədris dili standartları ilə öyrədilməsi
ölkə tarixinin, ədəbiyyatının, musiqisinin mənimsədilməsində,
həm də uşaqların nitqi, düşüncəsi,
davranışında lazımi nəticələr əldə
etməyə imkan verəcəkdir. Əvvəlki
yazılarımızda göstərdiyimiz kimi, bu halda dövlət
dili xarici dil standartları ilə deyil, tədris dili
standartları ilə öyrədilir. Yəni siniflərin illik
dərs saatlarının sayı dəyişmədən tədris
planında dövlət dilinə ayrılmış dərs saatları
hesabına hər iki təlim dilinə təxminən eyni sayda
dərs saatları verilir. Təlim dövlət məktəblərində
aparılan siniflər üçün "Ana dili" dərslik
komplektinin tədrisi rus və ingilis dillərində aparan məktəblərdə
də istifadə ediləcəyi nəzərə alınsa, bu
halda ayrıca dərslik komplektinə belə ehtiyac duyulmayacaq.
5. Tədris işi ardıcıl, zəncirvari, mərhələli
və planlı bir prosesdir. Fors-major hallarını nəzərə
almasaq, valideynlər öz övladlarının təhsilini
öncədən planlaşdırır. Onlar bu məqsədlə
müvafiq bağça və məktəb axtarışı
edirlər. Fikrimizcə, rus və ya ingilis dilində
uşağına məktəbdə təlim vermək istəyən
valideyn ölkədə bütün tiplərdən olan
dövlət və özəl orta təhsil müəssisələrində
istənilən halda Azərbaycan dilinin tədris dili olması
reallığını nəzərə almalıdırlar.
Bu, həm də məktəbəqədər təhsildə
ikidilli təlimin tətbiqinə doğru ciddi addım
atılmasını tələb edir. Milli mənsubiyyətindən,
vətəndaşlığından asılı olmayaraq, məktəbəqədər
və məktəbəhazırlıq tədris proqramı
ölkə ərazisində ümumi orta təhsilə cəlb
olunacaq uşağın məktəbəqədər təhsil
müəssisəsində dövlət dilini mənimsəməsinə
cavabdeh olmalıdır.
Hazırda dövlət məktəbəqədər təlim
müəssisələrinin Elm və Təhsil Nazirliyi şəbəkəsinə
verilməsi ölkədə yeni təhsil
reallıqlarını ortaya qoyub ki, bu da tam yeni tədris
situasiyası təklif etməyə, bu sahədə də pərakəndəliyə
son qoymağa real şərait yaradıb. Söhbət təkcə
məktəbəqədər təlimin kurikulumunun, təlim
standartlarının, tədris planlarının yenilənməsindən,
kadr resurslarının seçilməsi və sertifikatlaşmasından
getmir. Əsas məsələ məzmun komponenti ilə
bağlıdır. Biz ən azı 2 yaşdan başlanan məktəbəqədər
təlimdə uşağa nə veririk, onu məktəbə
necə hazırlayırıq və necə məşğul
edirik? sualı ortaya çıxır. Burada əlavə
çoxlu suallar və müzakirələr yarana biləcəyindən
konkret məqsədimizi vurğulayaq: bu yaş dövrü
linqvodidaktik və linqvokulturoloji tələblər çərçivəsində
uşaqların dilləri mənimsəmələri
üçün ən əlverişli vaxtdır. Ölkəmizdəki
tolerant mühitə, regionumuzun xüsusiyyətinə, insani,
iqtisadi və mədəni əlaqələrimizə uyğun
olaraq, təhsil sistemimiz Azərbaycanda doğulub-böyüyən,
fəaliyyət göstərən hər kəsə dövlət
dili ilə yanaşı, azı iki - ingilis və rus dillərinin
sərbəst daşıyıcısı olmaq imkanını
qazandırmalıdır. Bunun üçün Azərbaycanın
istənilən regionunda, istənilən guşəsində fəaliyyət
göstərən məktəbəqədər təlim
müəssisələrində, ibtidai və orta ümumi təhsil
səviyyələrində təlim dövlət dilində
aparılırsa, ingilis dilinin dərinləşdirilmiş
proqram üzrə gündəlik tədrisi, ikinci xarici dil kimi
rus dilinin həftədə 2-3 saat, yarımqruplara
bölünmək öyrədilməsi zamanın tələbləri
ilə ayaqlaşmağa fürsət verər. Sinifdə təlim
rus dilində aparılırsa, Azərbaycan dilinin tədris dili
kimi tətbiqi, yəni bir sıra fənlərin bu dildə
aparılması, ingilis dilinin isə dərinləşdirilmiş
proqram üzrə mənimsədilməsi ölkənin
bugünkü və perspektiv təhsil ehtiyaclarına cavab
verir.
6. İkidilli təlimə keçidlə bağlı
fənn üzrə dərs yükünü dövlət
dilini, ədəbi dilimizi lazımi səviyyədə bilən
fənn müəllimlərinə həvalə olunması
vacibdir ki, bu da bilinqval (ikidilli) təlimin uğuru
üçün əsas şərtdir.
7. Ölkədə qeyri-dövlət dillərində
təlimə keçid ali təhsil sistemi qarşısında
da ciddi vəzifələr qoyur. Faktiki olaraq, bu gün məktəblərdə
rus və ingilisdilli müəllimlərin
çatışmazlığı bizdə sovet dönəmindən
qalma problemi gündəmə gətirib: müxtəlif
ixtisaslar üzrə mütəxəssis
hazırlığı üçün "Milli Kvalifikasiya
Çərçivəsi" tərəfindən müəyyən
olunmuş tələblərə uyğun məzunların
böyük əksəriyyəti öz peşələri
üzrə əldə etdikləri bilik, bacarıq və kompetensiyaları
ingilis (və ya öyrəndiyi digər əcnəbi dildə)
dilində sərbəst şəkildə təqdim edə
bilmirlər. Məktəblərdə xüsusən texniki və
təbiət fənləri üzrə müəllim
çatışmazlığının səbəblərindən
biri də budur.
8. Etiraf edək ki, universitetlərdə "Tərcümə",
"Regionşünaslıq", "Xarici dil müəllimliyi"
kimi ixtisaslara marağın azalmasının kökündə
ikidilli təlimin tədris proqramlarını
(standartlarını) və lazımi tədris
resurslarını yaratmaq, səmərəli təlim
mühitini formalaşdırmaq problemləri durur.
9. Qeyri-dövlət dillərində təlim
aparılan siniflərdə Azərbaycan tarixi üzrə
şagird fəaliyyətinin motivasiyasında, uğurunda
valideynlərin, Valideyn komitələrinin, məktəblərdə
mövcuddursa, Himayədarlar şurasının,
bütövlükdə təhsil ictimaiyyətinin ciddi dəstəyinə
ehtiyac var.
Nazirliyin bu qərarını vaxtında
atılmış addım hesab edir, bunun təlim qeyri-dövlət
dillərində aparılan məktəblərlə
bağlı məsələlərin uğurlu həllinə,
təhsilin bütün pillə və səviyyələrində
tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasına, milli
maraqlarımızın qorunmasına, əmək
bazarının tələblərinin ödənilməsinə
xidmət edəcəyinə inanırıq.
Telman CƏFƏROV
Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar
müəllim
525-ci qəzet .- 2024.- 17 sentyabr №(168).- S.10.