SAHİRİN SEHRİ  

 

Onda hələ gənc idi. Gəlib çıxmışdı Fransaya və birinci dəfə idi ki, gözəllər gözəli Parisi görürdü. Bu ölkə, bu şəhər onu həmişə cəzb eləmişdi. Elə o səbəbdən də fransızcanı yaxşı öyrənmişdi. Parislə görüşənəcən çox kitablar da oxumuşdu. Amma xiyaban-xiyaban gəzirdi, seyr eləyirdi və görürdü ki, bu şəhər indiyədək oxuduğu kitabların ən maraqlısı, ən sevimlisi, ən doyulmazıdır.

1930-cu illərin ortaları idi. Əlbəttə, o vaxtın Parisi ilə indinin Parisi xeyli fərqlənir. Lakin o qəşənglik ki elə bil Parislə birgə doğulub, o vaxtda bu şəhərdə idi, indi də onunladır. Yenə Paris kafelər, nəğmələr, sevgilər şəhəridir. Gecəyədək küçələrinin get-gəli kəsilməyən bayram ovqatlı şəhər.

Həbib Sahir ilk dəfə gördüyü Parisin hər binasının, hər ağacının, hər abidəsinin şəklini, eşitdiyi melodiyaların hər xalını yaddaşına həkk etməyə çalışırdı. Yorulmadan, usanmadan elə hey sanki ona illərin doğması olan məhəllələri dolaşırdı. Bir gün yox, iki gün yox - Parisdə olduğu bütün ay boyunca.

1935-ci il idi, gələcəyin böyük şairi Həbib Sahir Parisdə idi və Paris onun ömrünə yalnız şəhərlərin ən gözəli kimi daxil olmurdu. Buradan Həbib həm də şeirdə tutacağı yeni yolun ruhunu, nəbz döyüntülərini özü ilə aparacaq.

Bütün bunlardan 80 il ötəndən sonra günlərin birində şairin heykəltaraş oğlu Həmid Sahirlə üz-üzə əyləşəcəyik və o xatırlayacaq ki, adətən 1930-cu illərdə İrandan Avropaya, xüsusən Parisə gedənlər qayıdanda özləriylə ətir, papaq, müxtəlif suvenirlər gətirməyə çalışardılar. Atam isə bizə bunların heç birini sovqat gətirməmişdi. İri çamadanının içərisi fransızca cürbəcür kitablarla, Luvr muzeyindən müxtəlif rəssamların tablolarını və heykəltaraşlıq əsərlərini əks etdirən açıqcalarla dolu idi.

Həmid Parisdən gələn bu kitab və açıqcaların evə necə girib sonra bu mənzildə hansı yeri tutması ilə əlaqədar dəqiqləşdirirdi ki, nənəsi, yəni atasının anasının oxuduğu bircə kitab varmış, o da "Quran" və mömin qadın bütün başqa kitabları, illah da ki, ərəb hürufatında olmayanları haram sayarmış: "Ona görə də atam Parisdən gətirdiyi kitabları və şəkilləri evimizin bir bucağında taxta sandığın içərisində nənəmin gözündən uzaqda saxlayırdı. Yalnız xeyli illər sonra o kitablar da üzə çıxdı. Sandıqdakı fotolar da çərçivəyə salınaraq evimizin divarlarını bəzədi".

Həmid gəlişlərindən birində masamın üstünə illərdən bəri səslənməmiş maqnitofon kasetlərini qoydu. Vaxt ötdükcə bu lentlərin kövrəkləşib qırılması, üstünün şirəsinin tökülməsi, daha əvvəl ora hansısa başqa səslər yazılıbsa onların altdan üzə çıxaraq bubiri səsə qarışması var, uzun sözün qısası, vaxtında rəqəmsallaşdırılmasa, onlardakı səs yazılarının gec-tez itirilməsi, ya təhrifli hala düşməsi mümkündür. Odur ki, Həmidin gətirdiyi həmin köhnə lent dolaqlarını ən qısa zamanda köçürtdürdüm. Gecələrdən birində sübhədək o lentlərə qulaq asdım. Elə Həbib Sahir də axşamlarınmı, gecələrinmi birində maqnitofonu quraraq çoxusu kitabda-yazıda olmayan bu şeirləri oxumuşdu. Şairin 2005-ci ildə Bakıda buraxılmış "Seçilmiş əsərləri" toplusunda bu şeirləri aramayın, tapmayacaqsınız.

Bu səs Cənubi Azərbaycanın böyük söz ustası, İranda azərbaycandilli yeni şeirin banisi Həbib Sahirin səsidir. Bu səs onun ömrünün yorğun çağlarından, artıq ixtiyar illərindən gəlir. Amma oxuduğu bu şeirində də ruhu gəncdir, misraları cavanlıq şövqü ilə doludur:

 

Bir güllə bahar olmaz

 

O qəmaludə mühit yar ilə xəndan olmaz.

Çünki tək bir gül iləfəsl-ibaharan olmaz.

Su axar batlağa, olcouhəri səyyalə ərir,

Ayna tozlansa, günün nəqşinümayan olmaz,

Hərdiyarın gözəli varsa da, lakin, gözəlim,

Züb`i məskunda, inan,sən kimi canan olmaz.

Zülfünü etməsə aşüftə o satqın Leyla,

Qeys-iMəcnun gönülü zar ü pərişan olmaz.

Odlasa göy meşəni qəhr ilə iblis-i zaman

Gül-çiçək açmaz olur, murğ-eqəzəlxan olmaz.

Tərk edən həmvətənin ruhunu şeytana satar,

Dəhridə el qəmini çəkməyən insan olmaz.

 

Əsilləri Miyanadan idi. Hələ Həbibin doğulmasından xeyli öncə babası ailəsini də götürüb Miyananın Tərək kəndindən Təbrizə köçmüşdü. Burada da məşhur Sorxab məhəlləsində - həmin "Məqbərətüş-şüəra"nın ("Şairlər məzarlığı"nın) olduğu həndəvərdə yurd salmışdılar.

Və bu da taleyin işidir ki, sabahın şairi elə şairlər oylağı sayılan məhəllədə 1903-cü ildə anadan olur (Lakin İstanbul Universiteti Ədəbiyyat fakültəsindəki tələbə biletində təvəllüd tarixi 1904-cü il göstərilib).

Atası çox ailəcanlı, qayğıkeş insan idi. Amma Mir Qəvvam həm də yetərincə sözünü deyən, ötkəm adam idi. Ailə ortabab, hətta bir az kasıbyana dolansa da, arxayın idi, güvənli idi və xoşbəxt idi. Ancaq tale bu iddiasız səadəti də onlara çox görür. Cavan atanın qəfil qətli ailəni naçar duruma salır. Sıxıntılı, sarsıntılı uşaqlıq illəri xeyli uzaqda qalanda o qəmli günləri Həbib Sahir belə xatırlayırdı:"Mən beş yaşına çatanda kəndimizdə bir fırtına qopdu. Atam bir payız gecəsi qonaq getdi və bir daha getdiyi yerdən geri dönmədi. Yetim qaldıq. Altımıza köhnə keçə saldıq. Aclıq gördük, korluq çəkdik, böyüdük".

Hər kəsin Sorxab dediyi doğma məhəlləsinə öz dilimizdəcə Qızılsu söyləyən Sahir keçmiş günləri şeirində də tez-tez anar, duyğulu misraları ilə xatırlayardı:

 

Burası Qızılsu - bizim yurdumuz,

Təbrizin gözündə işıqlı ulduz.

Səhərləri aydın, şəfəqi rəngin,

Yaşıl bağçaları bir cənnət təkin.

Pəncərə açılır, tərpənir pərdə,

Allı-güllü gəlin eyləyir xəndə.

Çıraq kimi yanır hər səhər çağı,

O silib-süpürür damı, otağı.

Kilimi döşüyür, açır süfrəni,

İncə bir səs ilə çağırır məni.

 

Buracan hələ atalı bəxtiyar günləridir. Evin kişisi günlərin birində gedib qayıtmayandan sonra cavan gəlinin - Həbibin anasının dodağındakı xəndə - gülüş də gedir, külfətin ağırlığı onun zərif çiyinlərinə çökür və Təbrizin gözünün işığı saydıqları məhəllə də onlarçün viranə kimi görünür.

 

O, cecim toxuyur, qırağı çin-çin,

Bir tikə çörəklə yaşamaq üçün.

Gəlin gecə-gündüz çalışır, amma

Əyini bəzənmir, zəngin olmur da.

Gün boyamayır artıq dağı-dərəni,

Gəlin çağırmayır bir daha məni.

Burası Qızılsu - xaraba diyar,

Xaraba diyarda könülmü açar?!

Məxməri güllər, ah, payızda solub,

Sazlı-sözlü evə matəmlər dolub.

 

Həyatsa davam edirdi. Bu, hər üzü olan həyatdır - bir tərəfdən bağlayan Allah o biri yandan mütləq hansısa qapını açır. Pərvərdigar bu uşağa - balaca Həbibə hələ kiçikliyindən ifrat həssaslıq, dünyanı və insanları başqa cür görmək, həmdərd ola bilmək, şairlik istedadı bəxş etmişdi.

Uşaqdakı tükənməz həvəsi, oxumağa, öyrənməyə sonsuz canatmanı görüncə hələ dörd yaşındaykən onu bacısı ilə birgə Sərdaba məktəbxanasında bir mollabacıya tapşırırlar. Altı yaşında isə rəsmən təhsil almaq vaxtı yetişir və artıq onunla dərsə gedən yaşıdı uşaqlardan fərqli olaraq, yazı-pozu bilən Həbibi qardaşı ilə bərabər əvvəlcə Seyid Həmzə, sonra isə Heydər Kəlisəsi Məktəbxanasına göndərirlər. 1980-ci illərin başlanğıcında qoca Sahir o uşaqlıq illərini anırdı və onun öz səsindən bu sətirləri bircə-bircə kağıza köçürürəm: "Hələ ağzımdan süd iyi gəlirdi. Anam məni bir gün mollabacı yanına apardı. Mollabacının məktəbi bir dənə alaqaranlıq şeh zirzəmi idi, quzey idi - pəncərələr şimala baxardı. Mollabacı da bir dənə qarı arvad idi, özü də cinli-dualı. Cini tutanda uşaqların dərisini soyardı. Hələ mənə ehtiram elədi. Birinci gün "əlif zəbər ə, be zəbər bə, cim zəbər cə"ni öyrəndim. Getdim anamın yanına. Anam dedi ki, Həbib bala, bərəkalla, de görüm sənə nə öyrətdi? Dedim ki, "əlif zəbər ə, be zəbər bə, cim zəbər cə"ni öyrətdi. Dedi: "Bəh-bəh, maşallah, molla olacaqsan!"

Hələ sonra zıqqına-zıqqına "Quran"dan bəzi şeylər mənə öyrətdi. Bir gün nənəm dedi ki, Həbib, səni aparacağam Molla mədrəsəsinə, məscidə. Axı onda mollalar məscidlərdə məktəb qurardı. Dedim, niyə axı? Dedi ki, mollabacı deyir ki, Həbib kişi olub, mən onları qız uşaqlarının yanında saxlaya bilmərəm, bacı, götür get. Məni apardı mollanın yanına. Dedi ki, molla, Həbibi gətirmişəm sənin yanuva, buna dərs ver. Əti sənin, sümükləri mənim. Molla da bir dənə çosaqqal, yekə əmmaməli, gözləri qanlı, bir cəllad idi. Onun da sadizmi var idi. Hər gün uşaqları döyərdi. Hələ məni bir neçə gün ehtiramla döymədi. Molla da yenə də "Quran"dan dərs verdi. "Əbvab-icinan" gətirər, "Gülüstan" gətirər, özü də bilməzdi. Mənə də deyərdi ki, sən niyə öyrənmisən, məni döyərdi. Molla arvadlara məhəbbət duası yazardı. Həmişə kişmiş, noxud yeyərdi, çubuq çəkərdi. Kefi gələndə uşaqları döyərdi. Günortadan sonra deyərdi ki, mən yatıram, siz də səs eləməyin, başınızı qoyun yatın. Biz də uzanardıq, xor-xorla yatardıq. Belə-belə, mən elm öyrəndim".

Amma Həbibin getdiyi o ilk mollaxanavari dərsxanalar bu gözü və şüuru açıq uşağa dar gəlirdi. Başlayır yeni üsulla dərs verən "Rüşdiyyə"mədrəsəsinə getməyə. Hələ "Rüşdiyyə" mədrəsəsinə getməsindən qabaq, axund yanında dərs aldığı vaxtlarda onun sinif yoldaşlarından biri gələcəyin qüdrətli söz bahadırı Məhəmmədhüseyn Şəhriyar olmuşdu.

Həbib Sahirin dəftərlərində, çap olunmamış şeirlərinin arasında o uzaq dərs illərinə aid yarızarafat qoşduğu bir dördlük də qalıb.

Və həmin şeir hər gün dərsə birgə getdikləri Şəhriyara ünvanlanıb:

Məni gözləməsən, dur get məscidə.

Axund döyüb dünən, naxoşlamışam.

Şişi yatsa bir az ayaqlarımın,

Səhər gəlməsəm də, gələcəm axşam.

Həbib orta təhsilini Əmirxizinin idarə elədiyi "Mədrəse-yi Məhəmmədiyyə"də başa vurur və bu mədrəsədə təhsil alarkən gələcək yoluna, bütövlükdə taleyinə təsir edəcək mühüm bir insan qənşərinə çıxır.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatının öndərlərindən olmuş Şeyx Məhəmməd Xiyabaninin birinci müavini, görkəmli şair, ədib və inqilabçı Mirzə Tağı xan Rifət "Mədrəse-yi Məhəmmədiyyə"də onun fransız dili və ədəbiyyatı müəllimi olur. Həbibi ilk dəfə Türkiyədə nəşr edilən "Sərvət-ifünun", "Ədəbiyyat-icədidə", "Rəsmli ay" ədəbi-ictimai dərgiləri ilə məhz müəllimi Rifət tanış edir.

Rifət ustad zəkalı şagirdində işıq gördüyündən, onun sabah millətə layiqincə xidmət göstərə biləcəyinə inandığından səmtini Türkiyə sarı - ana dilində olan ədəbiyyatı oxumağa yönəldirdi. Çünki yaxşı anlayırdı ki, Həbib nə qədər qabil bir öyrənci olsa da, farsca təhsil ala-ala türkcə - ana dilində yüksək keyfiyyətli ədəbiyyat yaratmaq səriştəsinə yiyələnə bilməyəcək.

Həbib Türkiyədən Təbrizə gəlib çatan o məcmuələrdə Tofiq Fikrətin, Cəlal Sahirin şəkli də, məzmunu da yeni olan, ənənəvi fars şeirinin deyim tərzindən kəskin fərqlənən şeirlərini oxuduqca onların cazibəsinə düşməyə bilmirdi. Bu cazibə elə qüvvətli olur ki, Həbib Cəlal Sahirin adını öz adı ilə əbədilik qovuşdurur.

Sonralar Həbib Sahir keçmişləri vərəqləyərkən belə yazırdı: "Mən Cəlal Sahirin şeirlərini xəyaləngiz, xoşahəng olduğuna görə çox bəyənirdim. Mən onun mənəvi təsirini yaddan çıxarmadım deyə "Sahir"i özümə soyad seçdim".

Həbib Sahirin üzgün, duyğulu, qəmgin səsini dinləyirəm:

 

Burada var iki yol:

Biri sağdır, biri sol.

Birisi tozla, dumanlarla

bürünmüş diyarın dövlətidir.

Şeytan orda əzəli təxt qurub,

Qatı cəllad hamı əlpəncə durub.

Torpağı qanlasulanmış.

Musəvilər hamı hakim - şərəfi, şairi danmış.

Hər gecə daxmaları

Əzrail gəzmədədir,

Həqqi, azadlığı şər əzmədədir.

Burada var iki yol:

Solda iqlim-i səhər

Və qızıllıqlara qərq olmuş

həyat səadəti.

Orda gərmişdi qanad mürğ-i hüma,

Göz dikibdir günəşə no-ibəşər.

Orda firuzə göy açmış çadırın,

Qara-qorxunc deyil orda yarın.

Burda vardır iki yol:

Sağdakı bəlde-yi zülmata çatar,

Orda solmuşdu bahar.

Qoxumuş nəhrlərində arama tazə həyat.

 

Orda hər ləhzə həram,

Ölüm açmışdı qanad.

İnsanın gülməz üzü

şeytanı görsə bir an.

Orda hər şey düzələr.

 

Nə vaxt yazıb bu şeiri Həbib Sahir? 1940-50-cı illərdəmi, ya daha sonra, bəlkə lap axır illərində? Fərqi yox, onsuz da o, həmişə məhz belə düşünmüşdü. İçərisində olduğundan daha gözəl həyatı xalqına arzulamışdı, düşüncəsindəki cənnətə millətinin qovuşması üçün gücü çatan işi sözü ilə görməyə daim çalışmışdı. Bunun ən mümkünsüz, ən təhlükəli olduğu ən qəddar əyyamlarda da!

...Həbib Sahir orta təhsilini başa vuraraq 1926-cı ildə diplom alanacan çox məktəb dəyişir. Hətta bundan sonra da fransız dilini mükəmməl öyrənmək üçün katoliklər mədrəsəsinə daxil olub üç il də orada oxuyur.

Həbibin uşaqlıq, yeniyetməlik çağlarında beləcə tez-tez məktəb dəyişməsini, ömrünün sonrakı illərini izlədikcə isə həm də tez-tez məkanını dəyişməyə çalışmasını, vətəndən xaricə səfərlər etməyə can atmasını daxilindəki müdam onu hərəkətə gətirən, yönəldən, dinc buraxmayan sığmazlıq duyğusu ilə bağlayıram.

 

Lap ağlı dünyanı kəsən ilk uşaqlıq illərindən ta ömrünün son günlərinəcən qəliblərə yerləşməmək onun ən başlıca keyfiyyətlərindən olub, darıxan ürəyi onu həmişə yeni üfüqlərə doğru səsləyib.

Həbib Sahir 1927-də bir neçə il Təbrizdə və ardınca da İranın müxtəlif şəhərlərində müəllimlik edəndən sonra İstanbula yollanır.

İstanbul lap çoxdan idi ki, onun arzularının şəhəri idi. Məqsədi bu idi ki, İstanbulda ali təhsil alsın. Amma maddi vəziyyətini azacıq da olsa yaxşılaşdırmaq üçün əvvəlcə İstanbuldakı "Dəbistan-i İraniyyan" mədrəsəsində iki il fars dili və ədəbiyyatından dərs verir, müəyyən qədər imkanlanandan sonrasa, 1929-cu ildə İstanbul Universitetinə coğrafiya ixtisası üzrə qəbul edilir.

Həbib Sahir İstanbula Bakı-Tiflis-Batum yolu ilə getmişdi. Bakını ilk dəfə o vaxt görmüşdü və bu şəhərə vurulmuşdu. Qət etmişdi ki, mütləq yenə Bakıya haçansa qayıtsın.

Ömrün yeddi ili İstanbulda keçir və 1933-cü ildə Həbib çoxdankı arzusuna çatır - Bakıya gəlir. Bir müddət dili dilindən, ruhu ruhundan olan bu şəhərdə qaldıqdan sonra yenidən Fransaya - Parisə yollanır.

Həbib Sahirə elə uşaqlığından etirazçılıq, haqsızlığa dözməmək, ürəyindən keçənləri birbaşa dilə gətirmək cəsarəti xas idi. Bu da öz xatirələrindəndir: "Yeddi yaşındaydım. Məktəbxanaya gedirdim, gecələr çıraq yandırıb əlimə qələm alardım. Öz ana dilimdə şeir yazardım. Mütəvəssətənin üçüncü kilasındaydım. Fransız dilindən farscaya bir şeir tərcümə elədim. Sonra da Şeyx Məhəmməd Xiyabaninin ölümünə bir mərsiyəmanənd şeir yazdım və orda Müxbirüs səltənəni nifrin etdim". Bu xatirələrdəki 16-17 yaşlı Həbib Sahirdir. Bu çılğın düşüncəli gənci axarında olduğu hadisələrin və mühitin qoynunda təsəvvür etməyə çalışın. Ətrafında nələr baş verdiyini, milli hissləri coşanların hansı məşəqqətli aqibətlə qarşılaşdığını görür və ana dilinin yasaq edildiyi ölkədə ana dilində şeir yazmağa qeyrət edir, həm də dikbaş, qan-qan deyən misralar qələmə alır, hakimiyyəti qarğayır.

Bu elə hisslərdir ki, belə erkən yaşda könüldə nə öyrətməklə, nə təhrik etməklə yarana bilər. Belə barışmazlıq, haqsızlığa dözməməklik daxildən gələn izahsız bir yurdçu, xalqçı məhəbbətin hökmü idi.

Bir yeniyetmə milli rəmzə çevrilən məşrutə qəhrəmanı, elin sevimlisi Xiyabanini öyürsə, əksinə, Xiyabani hərəkatını amansızca yatıranlardan olan Cənubi Azərbaycan valisi, İranın üç dəfə baş naziri olmuş Müxbirüs səltənə Mehdiqulu xan Hidayəti hələ bərkiməmiş misraları ilə nifrətlərinə hədəf edirsə, bu, artıq fitrət məsələsi idi - uşaqlığından, yeniyetməliyindən Həbibə bir alın yazısı kimi nəsib olmuş inqilabi ruhun diktəsi idi.

...İstanbul illərində nəfəs aldığı və İrandakından qat-qat azad saydığı ictimai-siyasi hava, Parisdə keçirdiyi illərdə yaxından müşahidə etdiyi və ədalətsizliyə, bərabərsizliyə qarşı necə dözümsüz münasibət bəsləndiyini gördüyü sərbəst fikir mühiti Həbib Sahirin içərisində təməlindən var olan etirazçılıq, inqilabçılıq, azadlıqsevərlik hisslərini daha da qüvvətləndirmişdi.

Məcrasına sığmayan o daşqın duyğular Həbib Sahirlə həmişə qalacaq və sıra-sıra şeirlərə çevriləcək. Öz səsində dinlədiyim bu şeiri də yaşlaşdığı, heysiz vaxtında oxuyur və aydındır ki, çoxdan yazıb. Bədən qocalıb, taqət azalıb, amma səsində yenə həmin əsəbi nəbz çırpınmaqdadır, yenə doğmaca dilinin təəssübkeşliyini edir:

 

Qızılpərdə Araz

Qıvrılır, gah açılır indi qızılpərdə Araz,

Kollar ardında çalır bir sarıquş eşqilə saz.

Yağmasa qarla yağış bağlar olur bir quru çöl

İçməsə yaz günü su, tarla şəqaiq açmaz.

Olmasa rəng cavahirdə alan olmaz onu

Kimsə yalvarmaz, inan, tazə gəlin etməsə naz.

Çeşmə-yi şeir qurur, şair olan sakit olur,

Olmasa güllü bahar, zəmzəməli ətirli yaz.

Yer üzü cənnət olur, dəstan olur bənd-i fikir,

El elə yardım edib ağ qaranı sevsə bir az.

Yad sürər dəftərini: "Farsca qəzəl yaz, söylə",

Eyləyə şahrəva:"Farsca da yaz, türkcə də yaz".

 

...İrana qayıdıb müəllimliyə başlayandan sonra dikbaşlığının cəzasını elə ilk aylardaca alır. Yox, əvvəlcə mükafatlandırılmışdı. İran Maarif Nazirliyi Həbib Sahiri Zəncana müəllim göndərmişdi. O da işə başlamasından çox keçməmiş "Coğrafiya-yixəmsə" adlı bir dərslik yazır və 1936-cı ildə həmin kitaba görə Həbib Sahiri təltif edirlər. Fəqət bir az keçir, baxırlar ki, bu cavan müəllim ağını çıxardır - uşaqlara dərsi ana dilində deyir, məktəbdə öz aralarında onlara ana dilində danışmağı təşviq edir. Ayıq hökumət narahat olur. Həbib Sahiri Zəncandan Mazandarana sürgün edirlər.

Və az sonra şair orada malyariya xəstəliyinə tutulur. Müalicə üçün Tehrana gəlməsinə icazə verməyə məcbur qalırlar. Ancaq babatlaşan kimi onu bu dəfə Qəzvinə sürgün edirlər. Bir müddət orada işlədikdən sonra Həbib Sahirə "bəlkə ağlı başına gəlib" ehtimalı ilə gedib Təbrizdə müəllimlik etmək izni verirlər.

Gəlir və bir bir müddət doğma şəhərdəki "Dəbistan-inizam"da çalışır. Di gəl, yenə farağat dayanmır. 1940-cı illərin əvvəllərindən o, yenə ictimai-siyasi həyatın ən qaynar nöqtələrindədir. Pişəvəri hərəkatı başlananda isə mübarizənin ön cərgəsində gedənlərdən olur.

Cənubi Azərbaycanda Milli Hökumətin qurulduğu çağlar onun həyatının ən məsud parçası idi. Gecə-gündüz çalışır, yuxusuna haram qatır, məktəblər üçün ana dilində dərsliklər yazırdı. Lakin nə acı ki, bəxtiyar günlərin ömrü tez bitir. Milli Hökumət süqut edir, Pişəvəri hərəkatının çox fədailəri qurban gedir. Asılan asılır, güllələnən güllələnir, mühacirətə pənah aparanlar canını o cür qurtarır, minlərlə azərbaycanlısa İranın sərt şəraitli bölgələrinə sürgün edilir. Bu cəza Həbib Sahirdən də yan keçmir. 1947-ci ildə onu Ərdəbilə sürgün edirlər. Əvvəldən yaxşı tanıdıqlarından başqa, sürgünə göndərilənlərdən fərqli olaraq, onun üstündə məxsusi güclü nəzarət qoyurlar. Bir yerdə çox oturuşub ətrafında özü kimiləri yığaraq aranı qarışdırmasın deyə üç il sonra Həbibi oradan da Qəzvinə yola salırlar.

Və Sahir sanki lap yaxında olan Təbrizə daha heç vaxt qayıda bilməyəcək. Təqaüdə çıxmasına az qalmış onun axırıncı sürgün yeri olan Tehrana gəlməsinə icazə verirlər. Zahirən sanki hər şey qaydasında idi - Tehran paytaxt idi, böyük şəhər idi, ucqarlardakı kimi çox cəhətdən korluq çəkmək sıxıntısı burada yox idi. Həbib Sahirinsə ürəyi hər an ruhunun paytaxtı Təbriz idi. Amma onu Təbrizdə işləmək hüququndan məhrum etmişdilər. Çarəsi nə idi?! Tehranda qalır, müəllimliyini edir, elə məktəbdəki fəaliyyətini də burada sona yetirir. Təqaüd yaşı çatınca məktəbdən ayrılır və həyat kitabı da Təbriz xiffəti ilə Tehranda qapanır.

Və bu, öz səsində qalan şeirlərindəndir ki, elə kitab haqqındadır. Həyatın kitabı haqqında:

 

Mətni aydınsa həyatın kitabı,

Ehtiyac yoxsa da təfsirə əgər,

Yazacaqlar mən öləndən sonra

Ona mübhəm və uzun haşiyələr.

O həvadislə dolu bir əsəri

Oxumaz oldu mənim əkranım.

Tağ-i nisyanda qalıb tozlandı

İndi yıpranmış olan "Divan"ım.

Çox kitab var, onu naxışla bəzər

İncə əllərlə həmən bu canan.

Leyk göz yaşları ilə islanmışBu kitabın bütün övraqı, inan.

Bir bahar axşamı dibaçə yazıb

Ona Mustofi-ye divan-i qəza.

Mən ölürkən ona bir son qoyacaq

Bir xəzan, ya ki qəmaludə kitab.

 

Elə hey o şəhərdən bu şəhərə köçməyə məcbur edilən, yazdıqlarını yarıaşkar-yarıgizli nəşr etdirən, ömrü boyu ehtiyac içərisində yaşayan Həbib Sahiri həmişə məğrur, inamlı, sınmaz, yenilməz edən bir qüvvə vardı - parlaq amallarının, ülvi arzularının bir gün hökmən gerçəkləşəcəyinə dərin ümid.

 

Ümmid, əgər bu qaranlıq cahanda olmazsa,

Kim axtarardı həyatın şəfəqli çeşməsini?

Həyatın eşqi əgər olmasaydı xatirədə

Ölüm kəsərdi sevincin gözəl və şən səsini.

Ümid köhnə şərabdır ki, xalqı sərxoş edər.

Ümid ilə qara dünya səfalı cənnət olar.

Ümid ilə gül açar bağçalar və quşlar oxur,

Yaşıllanar quru çöllər, axar, coşar çaylar.

Bəşər gözün açar-açmaz gülər, gülər dünya,

Üfüq bir ayna kimi parlayıb da şövq salar.

Ümid qəmli könüldə işıq saçan gündür.

Görən, işıqlı günü görməyib də kim ağlar?

Həyatı anlamayıb kim ölümlə qəhr olsa,

Sovurur cahan, gül açarkən baharı iblisin,

Həyatı anlamayan zülmə baş əyər, heyhat,

Həyat zülmün odunda yanıb olur bitkin.

 

Məhz belə - uzun, 80 ili aşan həyatı boyu müdam şam kimi yanmış, amma öz inandığı və ümid etdiyi kimi yandıqca daha yetkin, daha bitkin, daha mətin və mükəmməl olmuş Həbib Sahir millətinin və yurdunun yaddaşında elə həmişə bitkinlik, yenilməzlik abidəsi, son ucu da haqqın zəfərinin hökmən gələcəyinə sarsılmaz ümidin heykəli kimi yüksələcək.

Şəhriyarı mən də sevirəm, onun farsdilli müasir şeirin zirvəsi olması da farsların özlərinin belə etiraf etdikləri həqiqətdir, ustadın "Heydərbabaya salam"ı da, ana dilindəki digər şeirləri də sevimlidir. Ancaq axı nə onda, nə də digər güneyli şairlərimizdə Sahirdə olan duru dil, Sahirdəki vətəndaşlıq təpəri, Sahirə xas və onun ömrünün ən böhranlı mərhələlərində də bir an belə səngiməmiş bunca atəşin millətçi ruh var.

Şəhriyar da "Heydərbaba"sında xiffətlə geridə qalmış günləri anaraq öz ömrünün lövhələrini cızıb, bir növ tərcümeyi-halını yazıb və ona cavablar söyləmiş bir qatar güneyli şair də həmin sayaq.

Və Sahir də ömrün qürubunda keçmişlərə baxıb, uzun həyat yolunu bir şeirə sığışdırıb. Onları da oxuyun, bunu da. Olsun ki, obirilərindəki şirinliyi, göyçəkliyi, bəzəkliliyi bunda tapmayacaqsınız. Sahirinsə elə istədiyi bu idi. "Bu mənim ömrümdür, mən belə yaşadım" deyirdi, "mən bu yolu seçdim və keçdim" söyləyirdi.

Tək şairin özü yox, bütöv millət, bütün Güney Sahirin bu saya şeirində daha aydın görünür, ya o biri şeirlərin hamısında?

 

Əkinə göyərəndə, ağaclar güllənəndə

Mərmuz dünyadan işıqlı aləmə gəldim.

Beşik məni sıxarkən, ev məni boğarkən

Anam mənə lay-lay dedi.

Anamın südü mənə can verdi.

O məni öpərkən dodaqlarım,

Üzüm, gözüm al rəngə boyandı,

İçim yandı.

Beləliklə, bəxtim, taleyim oyandı.

O yatdım, beş yaşa çatdım.

Kəndimizdə tufan qopdu.

Atam bir gecə

payız gecəsi qonaq getdi,

bir daha evə geri dönmədi,

Yetim qaldıq.

Sınıq lampa yaktıq.

Altımıza köhnə keçə saldıq,

Aclıq gördük, korluq çəkdik,

Hey! Batmış dünya.

Nə günlər gördük, böyüdük.

Məktəblərdə, mədrəsələrdə

mövhumatla başımızı tovladılar.

Bizi azqın saldılar.

Dedilər ki,

ulduzu kor olanın bəxtidə qara olur,

qul olur.

Daxmada yatsın gərək,

Dünyanı atsın gərək.

Böyüklərə hörmət, ərbablara xidmət edib,

Bir parça çörəklə, bir kuzə su ilə keçinsin.

Allaha şükr eləsin.

Ərəbi yazı canımı sıxdı.

Ədəbiyyat isə ümid evimi yıxdı.

Dünya beş gündür dedi.

Gözəllərdə vəfa yox,

Həyatda cəfa çox.

Özünə gəl, deyridə otur,

su başında çadır qur,

həyatın üzünə at tüpürcək.

Dərvişliklə, qələndərliklə

alışmadım, iki yol arasında qaldım.

Bir tərəfdə təsəvvüfün rəmzili qaranlıq dünyası,

Bir tərəfdə isə günəşlə parlayan real aləm gördüm.

Atımı işığa sürdüm, mahnı söylədim, şeir yazdım,

Yazdım, pozdum,

Yadlar məni danladılar,

Ellər məni andılar, alqışladılar.

Mən yolumu tapmışam,

İşıq aləm oradadır.

Şən günlər, azad ellər oradadır.

(Bu şeiri də öz səsindən yazıram, Azərbaycan oxucusuna bəlli olan kitabındakı şeirlər arasında bu da gözə dəymir).

..."Sahir" - bu söz kökünü "sehr"dən alır. Yəni "sehr edən", "sehrbaz", "cadugər" deməkdir. Amma Sahir nə sehr edən idi, nə sehrbaz, nə cadugərdi.

Sadədən sadə, səmimidən səmimi bir insan idi, duaya-bitiyə, tilsimə də inanan deyildi.

Ona valideynlərindən qalan əsl adı Həbib idi. "Həbib"sə "dost", "sevilən", "istəkli" deməkdir.

Əslində yadigarları ilə yanaşı qoyanda bu söz ona daha çox yaraşır.

Lakin şairin ömrü uzunu "Sahir" kəlməsi "Həbib"in yanında oldu axı!

Həbib Sahir! Sehrləyən dost!

Amma "sahir" sözünün azacıq fərqli başqa anlamı da var: "Cəzb edən", "məftun qoyan".

Ata-anası verən adı ilə şairlik təxəllüsü yanaşı duranda məhz bu məna çaları ona münasibətdə daha uyğun, daha yerinə düşəndir.

Həbib Sahir - məftun edən, özünə doğru çəkən dost!

Çünki şair Həbib Sahir saf duyğularının, məhrəm arzularının, yurduna, millətinə, insana bağlı munis diləklərinin ifadəsi olan şeirləri ilə həqiqətən hər kəsə sirdaş, dost idi və yaratdıqları ilə cazibəsinə salmağı, valeh etməyi bacarırdı.

Özü çoxdandır həyatda yoxdur, fəqət şeirləri həmin çəkiciliyini, əski valehediciliyini sadəcə onun sağlığında olduğu təki hifz etməyib, bəlkə vaxt ötdükcə daha da artırıb.

O, hər yurddaş üçün - istər Cənubda, istər Şimalda - əsl Həbib - sadiq dost, etibarlı könül həmdəmi qiymətini saxlamaqda, Sahir - çəkici olmaq, yeni-yeni sevənləri müdam sözünün cazibə dairəsinə yığmağı davam etdirməkdədir.

"Çox işlə, ana dilində çox oxu, çox yaz, yazdıqların yaxşıdır, sən şairlərin ən yaxşılarından olacaqsan" ümidini ona uzaq 1940-cı illərdə Cəfər Xəndanla Osman Sarıvəlli vermişdi.

Bakıdan Təbrizə o zaman böyük bir ziyalı dəstəsi - yazıçılar, şairlər, alimlər, jurnalistlər, musiqiçilər getmişdi. Mədəni quruculuq işləri ilə məşğul idilər, orada qəzet-jurnal buraxırdılar, yan-yörələrinə Güneyin cavanlı-ahıllı istedadlı qələm sahiblərini toplayaraq ədəbi məclis yaratmışdılar.

Həbib Sahir həmin çağlarda 40-nı yenicə adlamışdı, hələ qarşıda qələmlə ürək-ürəyə qalacağı 40 ildən də artıq möhlət dururdu.

Lap uşaqlıq dövründən həm farsca, həm ana dilində şeirlər qoşsa da, Həbib ümidlə, coşqun həvəslə, gözəl gələcəyə inamla daşan 1940-cı illərdə həyatdakı ali məqsədi və məramının şeir olmasına bütün varlığıyla əmin kəsilmişdi, Cənubda yaşasa da, həmişə bir gözü Şimalda olmuşdu, əsas dil, üslub, yazı tərzi məktəbini də bu tayda tapmışdı.

 

Şeir dili odlananlar içindir,

Şeirin dili atəşlidir, dərindir.

 

Həbib Sahirin bu misraları çox zaman məcazi qavranılan, elə gəlişi gözəl adi şair sözləri deyildi, onun daim sadiq qaldığı sabit meyar, qələmini və ruhunu yönəldən dəyişməz ülgü idi.

Cənubi Azərbaycanda anadilli sərbəst şeirin təməlini qoyan Həbib Sahir oldu.

Bu incə ruhlu şair bütövlükdə yetərincə narahat, düyünlü, enişli-yoxuşlu olmuş həyatında iki dəfə müdhiş xəyal qırıqlığı yaşayıb.

Birincisindən sonra yenidən dikələ, dirçələ bildi, ikincidən sonra isə sadəcə ömür tükənib, içəridən güc yığaraq yenidən sabaha ümidlənməyə qalmış ömür möhləti bəs etmədi.

 

Qismətinə ilk ruh uçurumu 1946-cı ildə çıxmışdı. XX əsrin qırxıncı illərinin birinci yarısında İranda, Cənubi Azərbaycanda milli düşüncənin oyanışı, hərəkatçılığın qüvvətlənməsi, ana dilinin layiq olduğu hüququ rəsmən qazanması, Pişəvərinin başçılığı ilə Milli Hökumətin qurulması Həbib Sahiri elə silkələmiş, elə vəcdə gətiribmiş ki, şahidlərin təsdiqincə, elə doğmaca oğlu Həmidin ən yaxın məsafədən müşahidələri əsasında söyləməsincə, o, bir yox, bir neçə adamın görə biləcəyi işlərə əncam çəkməyə qələmi, ürəyi və zəkası ilə fədakarlıqla girişirmiş.

Milli Hökumətin yolunun yarımçıq qırılması, ümidlərinin puç olması, arzularının ürəyində qalması, qan-qada, müsibətlər, əbədi kimi görünən ayrılıqlar, həsrətlər Həbib Sahiri sarsıtsa da, o, vaxt hələ cavan idi.

Doğmuş günəş bir də doğar ümidiylə bütün əzablara, məşəqqətlərə, sarsıntılara tab gətirir, saysız acılara rəğmən, yenə qapıların açılacağı, xoş günlərin qayıdacağına inam bəsləyirdi.

 

Və əbəs də deyilmiş.

1970-ci illərin sonlarında şahlıq səltənəti devrilir, İran İslam İnqilabı baş verir. Sanki şair on illərcə qəlbində yaşatdığı əziz diləklərinə çatır.

Lap 1945-ci ilin 21 Azərindən sonra olduğu kimi, ana dili yenə qol-qanad açır, elə oçağkı kimi, bir-birinin ardınca ana dilində bolluca qəzet-jurnallar nəşr edilməyə başlanır, milli mədəni mühit 1940-cı illərin ortalarındakı sayaq coşmağa üz qoyur. Həbib Sahir Cənubdakı Yazarlar Birliyinə rəhbərliyə başlayır, gənc qələmlərin ən yaxın dostuna, havadarına, istəklisinə çevrilir.

Heyhat!..

Çoxları -

həyatın şirinliyindən,

ölümdən deyəndə -

fəryad qoparır.

Sahir də dərdinin dərinliyindən

Həyatdan ölümə pənah aparır...

Son saat yetişəndə 83 yaşı vardı.

 

Yorğun Sahir özümü ölümə pənah apardı, ya ona bu yolda bələdçilik, "yardım" edənlər oldu?

Bu, cavabı indi axıracan məlum olmayan bir sirr-ixudadır. Ya bəlkə bu gizlinci çox ucalarda - səmalarda aramağa lüzum yoxdur, elə yerdə xüsusi xidmətlər nəyin necə baş verdiyindən, ya nəyi nə təhər törətdiklərindən özləri sənədli-sübutlu gözəlcə agahdırlar.

Bədən nədir ki! Yaşayır, il-il köhnəlir, nimdaşlaşır və istədin-istəmədin, bir gün köçmək növbəti çatır.

Mühüm olan ruhdur, sənin doğurduqlarının içərisindəki nurdur, onlardan saçan gücdür. Bu dəyərlərsə vaxtın zavalına tabe deyillər, qocalıq, ölüm-itim onlara yaxın düşəsi taqətdə deyil.

Həbib Sahir özü yoxdur, sözü diridir və canlı, nəfəs alan sözlərinin artıq nə sürgünlərdən, həbsdən-zindandan, asılmaqdan qorxusu var, nə ümidsizlikdən, xəyal qırıqlığından hürküsü.

Çünki Sözün üzü həmişə Gələcəyə sarıdır, Sözün pənahı ən dar macalda belə ölüm deyil, HƏYATdır! Sübutu Həbib Sahirin ömrü və Şeiri!

 

Bu isə artıq elə sehrdir!

14 sentyabr 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 18 sentyabr №(169).- S.12-13;16.