"Şuşada toy"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas
Sevinc Babaxanovadır. Onunla rəssam Adil Şıxəliyevin
"Şuşada toy" əsəri haqqında
danışmışıq.
Adil Həmdulla oğlu Şıxəliyev 12 aprel
1946-cı ildə Quba şəhərində anadan olub.
1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbini bitirən Adil
Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar
ittifaqının üzvüdür. Rəssamın toxuma
texnikaların mükəmməl bələdçiliyi onun
orijinal əsərlər yaratmasına vəsilə olub. O,
milli ruhlu qobelen yaratmaq üçün ənənəvi
naxışlardan və ornamentlərdən istifadə edib. Adil
Şıxəliyevin qobelenlərinin əlvan və
gözalıcı rənglərinin sirri dərman bitkilərindən
aldığı, təbii və uzunömürlü boyalarla
boyadığı iplərdir. Rəssamın ideyadan
toxunmasına qədər olan uzun, zəhmətli prosesi
özünün icra etməsi qobelenləri daha dəyərli
və eyni zamanda əvəzolunmaz edir.
- Sevinc xanım, əsərin şərhinə
keçməzdən öncə gəlin qobelen sənətinin
incəliklərindən danışaq. Niyə rəssam məhz
bu ifadə vasitəsinə müraciət edir?
- Qobelen hiss və duyğuların sənəti,
düşüncə tərzidir. Bu gün dünyada məşhur
olan bu sənət XII əsrdə ərəblər tərəfindən
inkişaf etdirilib və tədricən bir çox Şərq
ölkələrinə yayılıb. Qobelen o dövrlərdə
türk xalqlarının da çox işlətdiyi
lazımlı məişət əşyası olmaqla
yanaşı, kübarlığın rəmzi olaraq varlı
insanların evlərində geniş yer alan dekor vasitəsi
olub. Qobelen Azərbaycanda qədim vaxtlardan xalq tətbiqi sənətləri
sırasında yer alıb. Hazırda dekorativ sənət kimi
tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan
fərqləndirən əsas cəhət isə qobelen üzərində
insan duyğularının, hisslərinin cəmləşdiyi
sujetli kompozisiyanın məna və məzmunla ipə-sapa
köçürülməsidir.
Bu sənətinin ənənələrini öz
yaradıcılığında yaşadan və inkişaf
etdirən rəssamlarımızdan biri də Adil Şıxəliyevdir.
Rəssam xalqımızın başına gələn faciələri
öz əsərlərində özünəməxsus şəkildə
əks etdirə bilir. O, Xocalı faciəsinə həsr etdiyi
"Fəryad", eləcə də "20 Yanvar
soyqrımı", "20 Yanvar", "Mələklərin
fəryadı" və s. əsərlərində dəhşətli
faciəni təsirli şəkildə əks etdirməyə
nail olub. 1918-ci il Quba qırğınına həsr edilən
"Mələklərin fəryadı" əsərində
alovlardan yüksələn tüstü vasitəsilə bədənləri
tərk edən ruhların obrazı ifadəli təsviri
verilib.
- Adil Şıxəliyevin "Şuşada toy" əsərində
ən diqqət çəkən məqam
xarıbülbülün obrazıdır.
- Bilirik ki, xarıbülbül Azərbaycan Ordusunun zəfər
simvolu kimi də tanınır. Qarabağ müharibəsi
başlayanda xarıbülbül xalqımızın
mübarizəsinin rəmzinə çevrilmişdi. Qarabağ
ərazisi işğal olunduqdan sonra isə
xarıbülbül bəlkə də bir çoxları
üçün nisgil, kədər, ağrı həsrət
simvolu olub. 44 günlük müharibədə Azərbaycan
xalqının igid oğulları xarıbülbülü
oyatdılar və ona yeni bir nəfəs verdilər.
Xarıbülbülün oyanması, azadlığa
qovuşması Vətənimiz üçün toydur,
bayramdır. Və bu əsərdə rəssam öz hiss və
duyğularını xarıbülbülün toyu kimi qələmə
verir.
Bilirik ki, insanın ən əziz gününü,
onun toy məclisini onun ən yaxınları, doğmaları
qeyd edir. Əlbəttə ki, xarıbülbülün
azadlığa çıxmasını Azərbaycan xalqı məhz
gözəl və müqəddəs Şuşamızda qeyd
edə bilərdi. Rəssam burada xarıbülbülü sanki
incə bir qız obrazında təsvir edir. Bu əsər qələbənin
ümumi simvolu olmaqla bərabər, azadlıq uğrunda gedən
mübarizənin sematik obrazı, qələbəmizə həsr
olunan bir toy məclisidir. Erməni cəlladları
Şuşanın işğalını bir vaxtlar "Dağlarda
toy" adlandırmışdılar. Azərbaycan əsgəri
isə əsl toyun necə olduğunu onlara başa saldı.
- Əsər hazırda harada saxlanılır?
- Adil Şıxəliyevin bir çox
yaradıcılıq nümunələri kimi,
"Şuşada toy" əsəri də Milli Xalça
Muzeyinin kolleksiyasında saxlanılır.
- Sizcə, bu əsər bizə nə deyir?
- Adil Şixəliyevin bu əsərindəki
xarıbülbülün əzəməti, məğrurluğu,
haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən
necə qələbə simvoluna çevrildiyini bizə bir
daha göstərir.
Onu da qeyd etmək istəyirəm ki, bir neçə
gün bundan öncə, düz 32 ildən sonra gözəl Şuşamızda
ilk toy məclisi təşkil olundu. 44 günlük Vətən
müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi
İsa bulağında baş tutdu. Artıq
Qarabağımızın toy-büsatlı günləri
başlayıb. Allah xalqımıza hər zaman belə xoş
və sevincli günlər nəsib etsin.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 18 sentyabr №(169).- S.10.