Milli Kitabxanada “Əmir Pəhləvan - 65”  sərgisi  

 

Milli Kitabxanada yazıçı-dramaturq, kinorejissor Əmir Pəhləvana həsr olunmuş “Əmir Pəhləvan - 65” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə onun müəllifi olduğu əsərlər, “Ön söz” yazdığı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, ixtisas etibarilə jurnalist olan Əmir Pəhləvan özünü həm kinossenarist və kinorejissor kimi təsdiq edib. "Step LTD" kinoşirkəti tərəfindən onun müəllifliyi və rejissorluğu ilə çəkilmiş "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmləri xatırlamaq kifayətdir. Sənədli filmlər silsiləsindən "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz - uyğurlar", "Kurqanlar", "Hunqariya" sənədli filmləri adlarından da göründüyü kimi, tariximizin maraqlı səhifələrini canlandırır.

Geniş oxucu arenasında yayılan – “O Ay bir də doğmayacaq", "Qalxın, Cavid gəlir!", "Əkilən başlardı, torpaq əkilmir", "Turan türküləri", "Səfir", "Təbrizim, türk izim!", "Kəngərlər", "Türklüyün yol xəritəsi", "Yaşamağı bacarmaq lazımdır", "Azərbaycan şərqiləri", "Vətən dahiləri" ( l - ll hissə ) kitablarının müəllifidir. "İnsan və İblis" pyesi isə Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi..." librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib və maraqla qarşılanıb. Yazıçının kitabları tək ölkəmizdə deyil, Türkiyə, Avropa və Amerikada da çap olunub.

Əmir Pəhləvan bir sıra ölkələrin mükafatlarına layiq görülüb.

 

525-ci qəzet .- 2024.- 18 sentyabr ¹(169).- S.10.