"Azərbaycanda mükəmməl gənclər siyasəti həyata keçirilir"

"BUGÜNKÜ AZƏRBAYCAN GƏNCLİYİ ÖLKƏNİN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERİR"

 

Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.

Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də məqsədyönlü gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.

Azərbaycanda mükəmməl gənclik siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə bu istiqamətdə mühüm işlər görülüb. Burada "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkədə Gənclər gününün təsis edilməsini və sairi xüsusi qeyd etmək lazımdır. Forumda Ümummilli lider Heydər Əliyev də iştirak edib. Bundan başqa, Ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. Əlavə edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Proqrama uyğun olaraq Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır.

Gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəməsinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşmasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir.

Göründüyü kimi, bugünkü Azərbaycan gəncliyi ölkənin inkişafına mühüm töhfələr verir. Qarşıya qoyulan bütün məqsədlərin yerinə yetirilməsi istiqamətində gənclərin potensialından səmərəli istifadə olunur. Bir sözlə, bu gün dövlətçiliyə və milli maraqlara sadiq aktiv gənclər ordusu mövcuddur. Dövlətimizin başçısı bu məsələni xüsusi diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq: "Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar".

Politoloq Şəbnəm Həsənova bildirir ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi: "Gənclər siyasəti bütün ölkədə gənclərin inkişafı üçün çərçivədir. O, bütün gənc qadınlara və kişilərə həm fərdlər, həm də cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün mənalı imkanların verilməsini təmin etməyə yönəlib. Gənclər siyasəti gənc kişi və qadınlar üçün vacib olan əsas narahatlıqları və problemləri həll edir, dövlət tərəfindən təqdim olunan gənclər proqramlarına və xidmətlərinə istiqamət verir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda mükəmməl gənclər siyasəti həyata keçirilir. Ölkə gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda yüksək əməli işlərə imza atırlar. Azərbaycan gəncləri təkcə dövlət dəstəyini alaraq öz inkişafının qəhrəmanları olmaqla kifayətlənmirlər, bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar. Dövlətin gənclər siyasəti və gənclərin fəaliyyəti elə bir qarşılıqlı asılılıq prinsipi üzərində müəyyənləşdirilib ki, bu da gənclərin inkişafına üstünlük verməyə və müvafiq siyasət həyata keçirmə mexanizmlərinin yaradılması və kifayət qədər resursların ayrılması vasitəsilə gənclərin inkişafına öz öhdəliyini nümayiş etdirməyə imkan verir".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş Heydər Əliyevin və şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin inamını və etimadını Vətənə, millətə, dövlətimizə sədaqətlə xidmət etməyə nə qədər borcluyuqsa, bu işdən bir o qədər də şərəf duyur: "Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar. Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar. İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab Prezidentin "Dəmir yumruğ"u ətrafında sıx birləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli, o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 19 sentyabr (№ 170).- S.15.