Aşıq Nabat - Şərurun yurd həsrətli bülbülü  

 

Naxçıvan tarixən özünün saz-söz ustadları ilə də sayılıb-seçilib. Sənətin, sənətkarlığın inkişaf etmiş mərkəzlərindən olan Naxçıvan torpağının yetirdiyi ən istedadlı aşıqlardan biri də, heç şübhəsiz, Şərur mahalının adı dillər əzbəri olan qızı Aşıq Nabatdır.

Anadan olmasının 110 illiyini qeyd etdiyimiz Aşıq Nabat (Nabat Paşa qızı Cavadova) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində dünyaya gəlib. Acınacaqlı bir taleyi olan Aşıq Nabat kiçik yaşlarından ata-anasını itirmiş və qardaşının himayəsində böyümüşdü. Nabatın qurduğu ilk ailə də uğursuz olub. Bu uğursuzluqdan sonra - 1934-cü ildə Aşıq Nabat doğma el-obasından ayrılır. O, müğənnilər diyarı Qarabağa üz tutur, öz gözəl səsi ilə məclislərdə oxumağa başlayır və bir çox sənətkarlarla tanış olur. Həmin məclislərin birində Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olub 3 il onunla məclislərə gedir. Ondan 30 saz havası və bir neçə dastan öyrənir. Hətta "Azərbaycan aşıq və şair qadınları" toplusunda göstərilir ki, Nabat Aşıq Ələsgərin qardaşı oğlu göyçəli Aşıq Musa ilə ailə həyatı qurub. Amma bu fakt inandırıcı görünmür, çünki sonrakı mənbələrdə də, həmçinin Aşıq Musa ilə bağlı yazılmış yazılarda, araşdırmalarda da bununla bağlı hər hansısa qeydlə qarşılaşmırıq.

Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçür. Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar dəstəsində çıxış edir. Müasirləri olan Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymurla tanış olur, onlarla məclislərə gedir.

Aşıq Nabat özünün məlahətli səsi ilə Azərbaycanda xeyli tanınmışdı. Bunun nəticəsidir ki, Azərbaycan aşıqlarının 1938 və 1962-ci illərdə keçirilən Qurultaylarında nümayəndə kimi iştirak etmiş, hətta Moskvadakı "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü"ndə Azərbaycanı təmsil edən incəsənət adamlarının cərgəsində yer almışdı.

59 il ömür sürmüş, 1973-cü ildə oktyabr ayının 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş Aşıq Nabat, öz vəsiyyətinə əsasən, doğma yurdunda, Şərurun Siyaqut kəndində - Arpaçayın sahilində dəfn edilib.

Aşıq Nabatın yaradıcılığında yurd həsrəti ayrıca bir mövzu təşkil edir. Yuxarıda təqdim etdiyimiz tərcümeyi-halına nəzər yetirəndə də bu həsrəti anlamaq olur. El aşığının əlimizdə olan qoşma, gəraylı və bayatılarının əksəriyyətində yurd həsrəti, vətən sevgisi, doğma yerlər üçün alışıb-yanma hissinin ifadəsini müşahidə edirik. "Mənim" rədifli qoşmasında Aşıq Nabat sözünə elə həsrət fəryadları ilə başlayır:

 

Taleyin hökmüylə gələn qardaşlar,

İtirmişəm, tapın ellərim mənim.

Çərxi-fələk məni saldı toruna,

Ağlamır lal olub dillərim mənim.

 

Digər bir şeirində - "Yetərmi, qardaş" rədifli qoşmasında da biz yuxarıdakı həsrətin, ağrı-acının ifadəsini görürük:

 

Bir namə göndərdim badi-səbadan,

Nəzir kimi sənə yetərmi, qardaş.

Laçınımı çəpər üstə vurdular,

Sarısam, qanadı bitərmi, qardaş?

 

Uzaq ellərdən doğma obasında qalan qardaşına badi-səbayla namə göndərən aşıq, məktubunun yetişəcəyinə şübhəlidir və əgər yetişərsə, o məktub aşıq üçün bir nəzir mahiyyətindədir.

Şeirin ikinci bəndi müəllifin boya-başa çatdığı, havasıyla ilhamlandığı, suyuyla durulduğu, gözəlliyi ilə dil açdığı, cuşa gəldiyi müqəddəs yerlərin nostaljisini əks etdirir:

 

Sən anadan oldun mərd dünyasında,

İgid tək tanındın el arasında.

Bir mahnı oxusam el havasında,

Avazım sizlərə yetərmi, qardaş.

 

Şeirin üçüncü və son bəndində hamıya öz el-obasının hara olduğunu pıçıldayır və dolayısı ilə də haralı olduğunu bildirir:

Laçın yuvasında yatmaz yaralı,

Bülbül uçsa bağda güllər saralı.

Soruşmursan, Nabat, əslin haralı?

Şərur tərlanı da itərmi, qardaş?

 

Bəli, Şərurun aşıq qızı heç vaxt şərurlu olduğunu danmayacağını, əslinin haralı olduğunu bir daha bəyan edir. Və bu bəyanın səbəbi də vətən həsrəti, yurd nisgilidir. Özünü Şərur tərlanı kimi təqdim edən aşıq onsuz darıxan Şərur güllərinin də saraldığını yəqin edir:

 

Bir yolluq unudub gülüzlü yarı,

Növrəstə cavandım, eylədi qarı.

Nabatam, gətirin bir görüm barı,

Məni qürbətlərə atan bəxtimi -

 

deyən Aşıq Nabatın şeirlərində qəribliyə məhkumluğun, vətəndən ayrı düşməyin hüznü ilə bərabər, bu taleyə qarşı bir üsyankarlığın da şahidi oluruq. "Həkim" adlı qoşmasında dediyi kimi:

 

Düşəndə yadıma vətənim, elim,

Sinəmin oduna qovrulur dilim.

Zəng vurdum gəlmədi o ağır elim,

Kəsilib yolların arası, həkim.

 

Qəriblikdə doğma yurd yadına düşdükcə sinəsinin oduna qovrulan aşıq növbəti bənddə bu taleylə barışmalı olur:

Nabatam, yatmıram, ağrıyır başım,

Əzəldən qürbətə atılıb daşım.

Gəlib dərman verə Salman qardaşım,

Tapıla dərdimin dərmanı, həkim.

 

Aşıq Nabatın qoşmalarında rast gəldiyimiz el sevgisi, yurda bağlılıq gəraylılarında da qarşımıza çıxır. "Yaxşıdır" rədifli gəraylısında qürbətin ona çəkdirdiklərinin canındakı ağrısı aşığı dilləndirir:

 

Qürbət eldə bir bağ saldım,

Dedim, necə gül yaxşıdır.

Dərdimi söylədim ona,

Onda məndə dil yaxşıdır.

 

Elə ki çatdım yaşıma,

Həsrət qaldım sirdaşıma.

Gör nələr gəldi başıma,

İndi bildim, el yaxşıdır.

 

Aşıq Nabat söz çalınca,

Gedib qürbətdə qalınca.

Qürbət eldə xan olunca,

Öz yerində qul yaxşıdı.

 

Bu gəraylıda aşığın yurd həsrəti tam aydınlığı ilə əksini tapıb. Hətta məşhur bir el bayatısının motivlərindən yararlanmaqla bu həsrəti daha gözəl şəkildə ifadə edir. Xalq bayatısında deyilir ki:

 

Qürbətdə xan olunca,

Vətənində dilən gəz.

 

Aşıq Nabat isə elə həmin ovqatda köklənmiş sazını sinəsinə basır:

 

Qürbət eldə xan olunca,

Öz yerində qul yaxşıdır.

 

Digər bir gəraylıda isə dünyadan şikayətlənərək:

 

İstəməm dövləti, varı,

Könlüm axır vətən sarı.

Tapmadım vəfalı yarı,

Bu dünyada, bu dünyada,

 

 - deyən Aşıq Nabatın yenə də yurd həsrəti ilə qanadsız quş kimi çabaladığını görürük.

Həmyerlimizin əlimizdə olan bir gəraylısından isə anlayırıq ki, doğma el-obasından ayrılmağın səbəbini fələyin qismətinə yazır və bu dərddən ya öləcəyini, ya da dərdinə bir çarə tapacağını dilə gətirir:

 

Fələk vurdu ayrı saldı,

Düşdüm bu diyara mən də.

Ya bu dərd məni öldürər,

Ya eylərəm çarə mən də.

 

Filologiya elmləri doktoru Yusif Səfərov aşığın yaradıcılığını tədqiq edərkən belə bir qənaətə gəlir: "Aşıq Nabatın şeirlərindən görünür ki, Şərur torpağından uzaqda yaşamaq onda yurd həsrəti, el dərdi yaratmış və bu hisslər aşığın yaradıcılığında dərin iz buraxmışdır".

Bir dəfə Şərura "Aşıq Nabatın xatirəsinə həsr olunmuş saz bayramı"na dəvət edilmiş, aşığın Yevlaxda yaşayan qızı Kəmalə Əliyeva belə demişdi: "Bu yerlər anamın dilinin əzbəri idi. Beşikdə anamın mənə çaldığı layla da "Şərili" havası üstə olub".

Aşığın qızının da sözləri Nabatın Şərur üçün nə qədər darıxdığını, yurd həsrəti lə alışan ürəyinin odunu necə söndürməyə çalışdığını bir daha ortaya qoyur. Onun üçün Şəruru xatırladan hər şey - bayatı, musiqi, saz havası məlhəmdi. Məhz bunun üçündür ki, körpə balasını belə "Şərili" havası üstə oxuduğu laylalarla yatırırmış.

Aşıq Nabatın yurd həsrəti son günlərində də onu öz el-obasına doğru çəkib. Bacısı Şərəbanunun danışdığı bir xatirədən də bilirik bunu: "1973-cü ilin noyabr ayında Bakıdan teleqram aldıq. Getdik. Nabat Semaşko xəstəxanasında son günlərini yaşayırdı. Xahiş elədi ki, məni doğulduğum torpağa çatdırın. Qoy orda canımı tapşırım. Həkimlərlə danışdıq. Getməyini məsləhət bildilər. Bakı-Şərur qatarı Xanlıqlar kəndinə çatar-çatmaz Nabat əl-üzünü yudu, uzun qara saçlarını daradı və dedi ki, ay bacı, vətənə gəldim, imana gəldim:

 

Əzizim, vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Demə, Nabat bu bayatıyla vəsiyyət edirmiş. Bu, onun son sözü, doğulduğu Şərur torpağı ilə həm salamlaşması, həm də vidalaşması oldu".

Deyirlər ki, bülbül həsrətini çəkdiyi gülə qovuşanda özünü onun tikanlarına çırpır, gülünə qovuşmağın sevincini bu yolla bildirir və elə sevdiyi gülün qoynunda da həyatla vidalaşır - həm də ona qovuşaraq. Aşıq Nabat da yurd həsrətli bir bülbül idi. Şərur isə onun gülü. Ömrünün sonunda doğma Şəruruna qovuşmaqdan duyduğu böyük sevinc onu bir daha bu doğma diyardan ayrılmamaq üçün buradaca əbədiyyətə qovuşdurdu.

110 illiyi ərəfəsində Aşıq Nabatın Siyaqut kənd qəbiristanlığındakı məzarını ziyarət etməyə yollandım. Kənd sakinlərindən bəziləri bixəbər olsalar da, Aşıq Nabatın əbədi ünvanını bir ağsaqqal təfərrüatıyla nişan verdi. Bu nişanla məzarı tapa bilsəm də, təəssüf hissi məni ağuşuna aldı. Aşığın məzarının dağılmış halını, yurd üçün çırpınan bülbülün son mənzilinin ürəkdağlayıcı vəziyyətini görüb qəhərləndim. Başdaşının ortasında, qara dördkünc çərçivədəki, əlimlə möhkəm sildikdən sonra üzə çıxan, kiril əlifbası ilə yazılmış "Aşıq Nabat" adını çətinliklə oxunurdu. Olum-ölüm tarixləri də altda eyni şəkildə görünürdü - 1914-1973. Bir az da diqqətlə baxanda yuxarıda balaca bir sazın olduğunu təxmin etmək olurdu. Məzarın önündəki ağacın altında oturub, bir sıra ünvanlara ürəyimdə səsləndim: Azərbaycan Aşıqlar Birlyi, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi, AMEA Folklor İnstitutu, AMEA Naxıvan Bölməsi, Şərur rayon icra hakimiyyəti, Siyaqut kəndinin imkanlı şəxsləri! Aşıq Nabatın yubiley ilində onun məzarını abadlaşdırmaqla həm vətəndaşlıq borcumuzun bir hissəsini yerinə yetirə, həm də o yurd həsrətli yaralı bülbülün ruhuna rahatlıq bəxş edə bilmərikmi?!

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

525-ci qəzet .- 2024.- 19 sentyabr (№ 170).- S.14.