Muğamat aləminin
sultanı
Dalğa-dalğa ətrafa yayılan
qığıltılı körpə səsi
yaxınlıqdan ötüb-keçənlərə ayaq
saxlatdırdı. Onlar bir anlığa səs gələn səmtə
qulaq verib, yollarına düzəldilər. Şəhərin ən
hörmətli və nüfuzlu kişilərindən olan Cəfərqulu
xan Cavanşirin bu irəvanlı, gəncəli, şəkili...
qonaqları hər gün həmin bağ-bağatlı, ikimərtəbəli
evin qənşərindən keçərkən o tilsimli səs
onları yenə də ovsunlayır, yoldan eləyirdi. Bir
neçə gün dalbadal bu hadisənin şahidi olan
qonaqlardan biri heyrətini artıq gizlədə bilməyib,
"pah atonnan, uşağa bax, elə bil ağlamır,
muğamat oxuyur!" - deyə üzünü
yaxındakılara tutub, başını bulayaraq atını
məhmizlədi... Musiqiyə, muğama aşina olan həmin
qonağın elə o vaxt qeyri-iradi dediyi bu sözlər hikmətli
bir kəlama çevrilib, el arasında məşhur bir deyim
kimi yayılmağa başladı: "Şuşada körpələr
də muğam üstə ağlayır!"
...Bir yay səhəri tarzən Ağa Mirzə Ələsgər
Qarabağinin və Minaxanım İbrahimxəlil
qızının ocağında dünyaya göz açan və
müsafirləri yoldan eləyən həmin o yanıqlı səsin
sahibi hələ bələkdə olan və adı qoyulmayan
onların ilk oğul övladı Muxtar idi. Günlər,
aylar, illər bir-birini əvəz elədikcə balaca Muxtar da
başqa şuşalı uşaqlar kimi "muğam üstə
ağlaya-ağlaya" böyüyürdü.
Ağa Mirzə Ələsgərin evindən qonaq-qara
heç vaxt əskik olmurdu. Kimləri görməmişdi bu
evdə Muxtar?! Kərbəlayı Xarrat Qulunu, Hacı
Hüsünü, Məşədi İsini, Mirzə
Hüseyni, Malıbəyli Cümşüdü,
Sadıqcanı, Bülbülcanı, Məşədi
Zeynalı... daha kimləri, kimləri! Uşaqlığı və
ilk yeniyetməlik çağları atasının sənət
dostları, şəyirdləri arasında,
çal-çağırlı bir mühitdə keçən
Muxtar bu sənətkarlardan çox şeylər
görüb-götürmüş, musiqinin incəlikləri
ilə yanaşı, xanəndəlik sənətinin
qanun-qaydalarını da əxz eləmişdi.
Mədrəsə təhsili alan Muxtar ərəb, fars
və türk dillərini mükəmməl bilirdi. Şəxsi
mütaliə yolu ilə Şərq ədəbiyyatını
da gözəl öyrənmişdi. Lirik ruhlu incə şeirlər
yazırdı. Şuşanın ictimai-mədəni həyatı
ilə də yaxından maraqlanır, şəhərdə
keçirilən bütün tədbirlərdə iştirak
eləməyə can atırdı. İncəsənət həvəskarları
olan tay-tuşlarını tez-tez başına toplayıb,
"Qış klubu"nda, hərbi hissənin kazarmasında
göstərilən rus teatr tamaşalarına gedir, yerli kəndirbazların
və səyyar sirk artistlərinin
çıxışlarının birini də
buraxmırdı. Sənətə, xüsusilə də,
musiqiyə və teatra həvəsi və rəğbəti getdikcə
artırdı. Amma Şuşada yadelli, qeyri-millətlərin tərəqqisini
görəndə isə onun qəlbində yuva qurmuş bir
sual öz cavabını axtarırdı: görəsən, nə
vaxta qədər bizim şəhərdə öz dilimizdə
teatr olmayacaq, tamaşalar göstərilməyəcək, azərbaycanlılar
səhnəyə çıxmayacaq?! Bu sual bu vətən qeyrətli
və təşəbbüskar gənci dərindən
düşündürür və o, çoxdan həllini
gözləyən bu suala cavab axtarıb-tapmağa
çalışırdı. Sualın cavabını isə
onun özü və özü kimi sənətə həvəsi
olan milli ədəbi qüvvələr verə bilərdi.
Çünki həmin dövrdə Qarabağda mədəniyyət
çıraqlarını yandırıb, şölələrini
daha yüksəklərə qaldırmaq artıq bu qaynar təbiətli
vətənpərvər gənclərin üzərinə
düşürdü. Onun üçün də Muxtar həmfikir
dostları ilə ilkin olaraq "Hacı Qara"
komediyasını səhnələşdirmək qərarına
gəldi. Amma onlar səhnəyə çıxmağı,
tamaşa göstərməyi din xadimlərinin günah hesab
etdiklərini, aktyorları "dinsiz", "kafir",
"mürtəd" adlandırdıqlarını da gözəl
bilirdilər. Həm də həmin vaxtlar müsəlman səhnəsində
kişilərin qadın rollarını oynamaları böyük
biabırçılıq sayılırdı. Bu rolların
ifaçıları hər cür alçaldılır, ifa
etdikləri qadın rollarının adlarını
ömürlük daşıyırdılar. Gənclər
yaxşı bilirdilər ki, həmişə mütərəqqi
tədbirlərə qarşı çıxan qaraguruhçu
kütlə, nadan adamlar, onları lənətləyən ruhanilər
bu ideyanı da rəğbətlə qarşılamayacaqlar, hər
vasitə ilə onun həyata keçməsinə
maneçilik törədəcəklər... Tamaşa
çox çətinliklə də olsa, baş tutdu.
Səhnə fəaliyyətinin qırx illik yubileyi
münasibətilə qəzetlərin birinə verdiyi
müsahibəsində Mirzə Muxtar Məmmədov həmin
günləri belə xatırlayırdı: "Şuşada
ilk dəfə olaraq müsəlman tamaşası təşkil
olundu və ilk müsəlman dramaturqu Mirzə Fətəli
Axundovun "Hacı Qara" komediyası oynanıldı. Həmin
ildən də səhnəyə marağım daha da
artmağa başladı. İlk tamaşanı müvəffəqiyyətlə
oynamaq üçün bir ay məşq eləməyi qərara
aldıq. Eyni zamanda afişaların və dəvətnamələrin
şəhərdə vaxtında yayılmasına
çalışdıq. Müsəlmanların o vaxt teatr
haqqında heç nə bilmədiklərini deməyə
lüzum yoxdur. Bizi lağa qoyur və şəhərdə ilk
müsəlman tamaşasının afişalarını
cırıb-atırdılar. Dəvətnamə və bilet
verdiyimiz adamlar bəzi yerlərdə bizi söyür və hətta
döyürdülər" (A.Yusifov. "Müsəlman
artistinin yubileyi", "Kafkazskiy teleqraf" qəzeti, 29
aprel 1913-cü il, № 21).
Bütün çətinliklərə, təzyiqlərə,
təhqirlərə baxmayaraq, gənc Muxtar tez-tez ədəbi
və musiqili məclislərə gedir, yeri gələndə səhnəyə
də çıxırdı. O, həvəskar bir xanəndə
və aktyor kimi də tanınır, şəhərdə
barmaqla göstərilirdi. Artıq Muxtar mədrəsə təhsili
ilə kifayətlənmir, gələcək mütərəqqi
ideyalarını həyata keçirmək üçün
dünyəvi elmlərə yiyələnməyə də
çalışırdı. Ona görə də
savadını, biliyini, dünyagörüşünü
artırmaq arzusu ilə yaşı ötüb-keçsə də,
on yeddi yaşındaykən Şuşa dördsinifli şəhər
məktəbinə girdi. 1876-1881-ci illərdə burda oxudu, məktəbdə
gimnastika ilə də müntəzəm məşğul oldu,
yaxşı səsi olduğundan xor kollektivinin üzvü kimi
tez-tez təşkil edilən musiqili səhnəciklərdə
çıxış elədi. İyirmi iki yaşında bu məktəbi
əla qiymətlərlə bitirdi. Üstəlik, bir il də
pedaqoji kurs keçib, uğurla imtahan verərək ibtidai məktəblərdə
dərs demək hüququ qazandı, Yelizavetpol və İrəvan
quberniyalarının müxtəlif kənd məktəblərində
dərs dedi. 1882-ci ildə təyinatla Qubadlı məktəbinə
göndərildi, iki il sonra Bərdə məktəbinə dəyişildi,
1885-ci ildə Alpout, 1885-1886-cı illərdə isə Ləmbəranda
işlədi. Bu müddətdə əsl pedaqoq kimi
tanındı. Savadlı olduğuna görə və hörmət
əlaməti olaraq ona "Mirzə" - deyə müraciət
eləməyə başladılar.
...On doqquzuncu əsrin həştadıncı illərindən
Şuşada teatr tamaşaları müntəzəm olaraq
göstərilməyə başladı. Çoxsaylı
şuşalı müəllimlər hər yay tətili
zamanı işlədikləri kəndlərdən vətənlərinə
dönür, şəhərin mədəni həyatında fəal
iştirak edirdilər. Onlar konsertlər, müsamirələr,
səhnəciklər düzəldir, teatr tamaşaları hazırlayırdılar.
Həm təşkilati, həm də yaradıcılıq
işlərində ən böyük vəzifə və məsuliyyət
isə Muxtarın üzərinə düşürdü. Həm
də bütün bu işlər çətin və mürəkkəb
bir şəraitdə baş verirdi.
Avam kütlənin, dindar adamların səhnəyə,
sənətkara münasibəti, onları ölümlə hədələməsi
Mirzə Muxtar Məmmədovu vətənindən birdəfəlik
çıxıb getməyə məcbur elədi. Bir müddət
orda-burda daldalandı, sonra Gəncəyə, ordan da Tiflisə
üz tutdu. Üç il burda müəllimlik elədi, teatr
tamaşalarında oynadı.
...1897-ci ildə Mirzə Muxtar Məmmədov Bakıya
köçdü, oktyabr ayının 5-dən etibarən
İçərişəhərdə şuşalı
Əbdüləli bəy Vəlibəyovun müdir olduğu
9-cu rus-tatar məktəbində ana dili müəllimi kimi
pedaqoji fəaliyyətini davam etdirməyə başladı.
Yeddi il burda dərs dedi. Lakin sonralar məktəbdə Azərbaycan
dili fənninin ləğv olunması ilə əlaqədar
onun vəzifəsi ixtisara düşdü, bir müddət
dolanışıq xətrinə 3-cü, 4-cü, 8-ci və
10-cu rus-tatar məktəblərində əvəzçiliklə
işlədi. Uzunsürən yel xəstəliyindən və
qan azlığından əziyyət çəkən qocaman
müəllim 1905-ci il noyabrın 1-dən pedaqoji fəaliyyətini
dayandırdı.
Mirzə Muxtar Məmmədovu hələ
uşaqlıq çağlarından Şərq musiqisini,
xüsusən də, muğamları mükəmməl bilən
bir musiqişünas və aktyor kimi tanıdığından
gənc Üzeyir bəy Hacıbəyov "Leyli və Məcnun"
operasını səhnəyə qoyarkən onu bir məsləhətçi
kimi tamaşanın hazırlanmasına dəvət eləmişdi.
Görkəmli musiqi xadimi müəllifə xeyirxah məsləhətlər
verməklə yanaşı, özü də Məcnunun
atası Əbülqeys rolunu yüksək səviyyədə
ifa etdi. Elə həmin vaxtdan da opera səhnəsində fəaliyyət
göstərməyə başladı, "Əsli və Kərəm"də
İsfahan şahı, "Şah İsmayıl"da Rəmmal,
"Fərhad və Şirin"də Şapur,
"Aşıq Qərib"də Xacə, "Mehr və
Mah"da Yəmən şahı, "Şah Abbas və
Xurşudbanu"da Vəzir obrazlarını məharətlə
yaratdı. Eyni zamanda müxtəlif operetta və pyeslərin
tamaşalarında, əsasən, qadın rolları oynadı.
Çoxillik səhnə həyatında bu zavallı səhnə
xadiminin başına cürbəcür qanqaraldıcı, faciəli
hadisələrlə bərabər, çoxlu gülməli, məzəli
əhvalatlar da gəlmişdi. Milli opera sənətimizin yaradıcılarından
olan Hüseynqulu Sarabski belə bir əhvalat söyləyir:
"İsmayıl bəy Rüstəmbəyov Bakı dövlətlilərinin
xəsisliyindən bəhs edən "Dövləti-bisəmər"
adlı bir pyes yazmışdı. Biz əsəri tamaşaya
qoymaq üçün məşqlərə başladıq.
Əsərdə bir yengə rolu vardı. O yengə gərək
oxuyub-oynayaydı. Bu rol üçün adam yox idi.
Qalmışdıq məəttəl, bu rolu kimə verək?!
Yoldaşlardan Rəhim bəy dedi: - Gəlin Mirzə
Muxtarı çağıraq, bu rolu verək ona.
Hamımız razı olduq. Rəhim bəy Mirzə Muxtarı
tapıb gətirdi. Bizimlə yoldaş olmaq şərtilə
Mirzə Muxtar o rolu boynuna götürdü. Amma bina məsələsi
çox çətin məsələ idi. Harda oynayaq?
Bakıda bir Tağıyevin teatrı idi ki, o da yay münasibətilə
bağlıydı. Gedib, teatrın bizə verilməsini istədik,
vermədilər. Çarəmiz kəsildi, şəhər
bağının yanında bir artistlər klubu var idi.
Oranı çox danışıqdan sonra iki gecəyə
aldıq. Tamaşa gecəsi təzə əsər olduğu
üçün yaxşı gəlirimiz oldu. Yuxarıda
göstərdiyim kimi Yengə rolunu Mirzə Muxtar ifa edirdi. O,
oynayanda qrim eləməzdi. Bığının üstündən
bir yaylıq bağlayıb, uclarını daldan düyünləyib,
başına bir kəlağayı örtüb, əynində
də bir arvad tumanı geyib, hazır durmuşdu, öz
növbəsi gəlirkən səhnədə bu sözləri
oxuyaraq oynamağa başladı:
Əriştə oldu toy aşı,
Ona qarışdı göz yaşı.
Açılmadı o gün başı,
O hacının qabağı-qaşı.
O toyda mən də var idim,
O toyda mən də var idim.
İki quda bir-birinə
Baxırdılar qıyğacı.
Qaragözlü, qaraqaşlı
Bişməmişdi heç turacı.
O toyda mən də var idim,
O toyda mən də var idim.
Mirzə Muxtar mahnını oxuyub-oynamağa
başladıqda salonda gülmək səsindən qulaq
tutulurdu. O, rola elə girmişdi ki, hətta səhnədə
qadın olmağı yadından çıxmışdı.
Birdən bığı üstündə olan dəsmal
çənəsinə düşdü. Camaat bu halı
görcək gülmək daha da şiddətləndi. Mirzə
Muxtar elə güman edirdi ki, camaat onun yaxşı
oynamağına gülür. Odur ki, heç kəsə fikir
verməyib, öz işində idi. Bu halda başındakı
şalı sürüşərək çiyninə
düşdü və başı göründü. Səhnə
arxasından Ərəblinski əsəbi halda: - Mirzə,
bığını ört, başın görsənir,
şalın düşüb! - deyə
qışqırırdı. Kimdir qulaq asan?! O öz işində
idi. Mahnını oxuyub, atlanıb-düşürdü. Qəflətən
tumanın bağı qırıldı. Tuman dizinə
düşdü və Mirzənin şalvarı da
göründü. Camaat əl çalmağa başladı. Səhnədə
olan artistlər gülməkdən bir söz deyə bilmirdilər,
camaat artistlərə, artistlər camaata
qarışmışdı. Ərəblinski səhnə
arxasından hirslənib qışqırırdı: -
Biabır olduq, biabır olduq! - Ancaq gülməkdən qulaq
tutulurdu. Mirzə birdən ayılıb, özünü belə
gördükdə bir saniyə sükutdan sonra tumanını
yuxarı çəkərək səhnə arxasına
qaçdı. Biz də pərdəni saxlamağa məcbur
olduq" (Hüseynqulu Sarabski. "Köhnə Bakı",
"Yazıçı" nəşriyyatı, Bakı, 1982,
səhifə 71-73.)
Mirzə Muxtar Məmmədov müəllimliyin
daşını atandan sonra ömrünü tamamilə teatra,
səhnəyə bağladı. O, sənət dostları ilə
birlikdə Azərbaycanın, Şimali Qafqazın və Orta
Asiyanın bir çox şəhərlərində qastrol səfərlərində
oldu, opera, operetta və pyeslərin tamaşalarında müxtəlif
rollar ifa etdi, təbii, canlı oyunu, məlahətli səsi və
səhnə mədəniyyəti ilə tamaşaçıların
dərin hörmətini və məhəbbətini qazandı.
1913-cü il may günlərinin birində
Bakının teatr ictimaiyyəti Tağıyev teatrına
axışırdı. Həmin gün "Nicat" maarif cəmiyyətinin
teatr bölməsi müsəlman səhnəsinin ilk teatr
xadimlərindən olan Mirzə Muxtar Məmmədovun səhnə
fəaliyyətinin 40 illik yubileyini keçirirdi. Teatrsevərlər
olduqca təntənəli keçən bu yubileyi "mədəniyyət
bayramı" adlandırırdılar. Bu münasibətlə
dövri mətbuatda elanlar verilmiş, "Kaspi",
"Zaqafqazskaya reç", "İqbal", "Bəsirət"
və sair qəzetlərdə yubilyardan geniş müsahibələr
alınmış, onun tərcümeyi-halı, şəkli, həyat
və fəaliyyətinə aid məlumatlar, məqalələr
dərc edilmişdi. "Kafkazskiy teleqraf" qəzeti 29 aprel
1913-cü il tarixli, 21-ci nömrəsindəki müsahibədə
aktyorun şəxsində yazırdı: "Onlar bizi ağ
günə çıxarmış və mədəni
xalqların ailəsinə daxil etmişlər. Bu adamlar Qafqaz
müsəlmanlarının fəxri, onların səhnəsinin
bəzəyidirlər və onların adları Qafqaz müsəlmanlarının
mədəni inkişaf tarixinin səhifələrinə həmişəlik
yazılmışdır". Yubiley üçün Mirzə
Muxtar "Leyli və Məcnun", "Rüstəm və
Söhrab" operalarından pərdələr seçmiş
və özünün iştirakı ilə bu pərdələr
səhnədə göstərilmişdi. Öz səhifələrində
yubileyə geniş yer vermiş bu qəzet 10 may 1913-cü il
tarixli, 23-cü nömrəsində yazırdı:
"Qırx illik səhnə fəaliyyətinin
yarısını Məmmədov Bakıya, yarısını
isə öz doğma Şuşa şəhərinə həsr
etmişdir. Müsəlman səhnəsi üçün Məmmədovun
xidmətləri böyükdür və bugünkü yubiley
təntənəsi tamamilə ona layiqdir".
Gecəyə həddən artıq adam gəlmişdi.
Xeyli çıxışlar oldu. Mirzə Muxtar Məmmədovun
ünvanına göndərilmiş saysız-hesabsız təbrik
teleqramları gecənin gedişatını bəzədi.
Yubilyara qiymətli hədiyyələr, aktyor
yoldaşlarının və Hacı Zeynalabdin Tağıyevin
şəxsi pul mükafatları təqdim olundu. Mirzə
Muxtarın iştirakı ilə əsərlərdən pərdələr
göstərildi. Tədbirin belə maraqlı və təmtəraqlı
keçməsindən son dərəcə mütəəssir
olan qocaman aktyor sevincdən göz yaşlarını saxlaya
bilmədi, yubileyin təşkilatçılarına,
tamaşaçılara, onu teleqramla və qəzet vasitəsilə
təbrik edənlərə öz dərin təşəkkürünü
bildirdi.
Çoxları güman eləyirdi ki, Mirzə Muxtar Məmmədov
bu yubileydən sonra səhnə ilə vidalaşacaq. Lakin əksinə,
gücü, enerjisi hələ tükənməyən qocaman
aktyor teatr işinə daha şövqlə, daha həvəslə
yanaşdı, həm opera, həm də dram
tamaşalarında müntəzəm çıxış elədi,
Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə,
Vladiqafqazda, Orta Asiyada dəfələrlə qastrol səfərlərində
oldu.
1916-cı il aprel ayının 29-da Bakıda Cəlil Məmmədquluzadənin
məşhur "Ölülər" əsəri ilk dəfə
səhnəyə qoyulanda Şeyx Əhməd rolu Mirzə
Muxtara həvalə edildi. Az sonra Hacıbəyov
qardaşları Mirzə Muxtarı özlərinin teatr
truppalarına götürdülər. O, çox keçmədən
bu truppanın tərkibində sənət dostları
Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Cəlil bəy
Bağdadbəyov, Nurməmməd Məmmədov və
başqaları ilə birlikdə Aşqabada yola
düşdü, əsasən, Üzeyir bəy Hacıbəyovun
əsərlərindən ibarət qastrol tamaşalarında fəal
surətdə iştirak elədi. Bir neçə il bu
truppanın tərkibində çalışdı. 1919-cu ildə
qırx beş illik səhnə fəaliyyətini başa vuran
60 yaşlı sənətkar teatrdan tamamilə ayrıldı.
Həmişə ona xüsusi qayğıyla, hörmət və
ehtiramla yanaşan Hacıbəyov qardaşları teatr sahəsindəki
xidmətlərini yüksək qiymətləndirərək
qocaman sənətkara ayda 500 manat məbləğində təqaüd
təyin elədilər.
Mirzə Muxtar Məmmədov bir daha səhnəyə
çıxmasa da, musiqidən ayrılmadı,
ömrünün sonuna qədər bu incə sənətlə
- musiqişünaslıqla məşğul oldu. 1923-cü ildə
Azərbaycan Türk Musiqi Texnikumunun nəzdində Üzeyir bəy
Hacıbəyovun sədrliyi ilə "Muğamat komisyonu"
adlanan elmi şura yaradılmışdı. Bura Cabbar
Qaryağdıoğlu, İslam Abdullayev, Qurban Pirimov,
Əfrasiyab Bədəlbəyli kimi xalq musiqisini,
muğamları dərindən bilən musiqiçilər cəlb
olunmuşdu. Mirzə Muxtar isə "Muğamat komisyonu"nun
ağsaqqalı və fəxri münsifi seçilmişdi. O,
tez-tez şuranın yığıncaqlarına dəvət
olunurdu. Və muğamların müzakirəsi zamanı yaranan
mübahisələrdə son söz bu qocaman sənətkarın
idi, onun rəyi və fikri qanundu. Hamı da onunla tamamilə
razılaşırdı.
Xalq musiqisinin və muğamların gözəl
bilicisi kimi Mirzə Muxtar Məmmədovu tez-tez musiqi məktəblərinə,
konservatoriyaya, mədəniyyət evlərinə, klublara,
redaksiyalara dəvət edir, onunla görüşlər
keçirirdilər. Görkəmli musiqişünas-alim və
bəstəkar Əfrasiyab Bədəlbəyli yazır ki, bu
görüşlərdə Mirzə Muxtarın verdiyi məsləhətlər
və elədiyi tövsiyələr aforizm şəklində
dildən-dilə düşür, zərb-məsəl kimi
danışılırdı. 1927-ci ilin martında
"Kommunist" qəzeti redaksiyasında incəsənət
məsələləri ilə bilavasitə yaxından
maraqlanan əməkdaşı Məmmədəli Sidqi (Səfərov)
və tanınmış sənətşünaslar Xəlil
İbrahim və Əsəd Tahirin təşəbbüsü
ilə "Oxucular klubu" salonunda redaksiya işçilərinin
Mirzə Muxtar ilə görüş gecəsi təşkil
olunmuşdu. Əfrasiyab Bədəlbəyli qocaman müğənninin
həmin məclisdə nəğməkarlıq sənəti
haqqında dediyi ayrı-ayrı mülahizələrini qeyd
edib saxlamışdır. Bu mülahizələrdən bir
çoxunun indi də xüsusilə, gənc nəğməkarlarımız
üçün faydalı və həm də ümumiyyətlə,
maraqlı olduğunu nəzərə alaraq bunlardan bir
neçəsini dərc edirik:
- Səs işləndikcə açılır.
- Təğənni, zina (oxuma) adi danışıq
kimi sərbəst, aparılan söhbət kimi asanlıqla əldə
edilməlidir.
- Bir neçə vaxt oxumayan xanəndələrdən
bəziləri belə deyir: "Səsim qaymaq
bağlamışdır". Lakin o, çox böyük səhv
edir. Doğrudan da, bəzi hallarda səsə istirahət vermək
lazımdır. Lakin lüzumsuz hallarda oxumaqdan boyun
qaçıran müğənninin səsi heç də
"qaymaq bağlamır", əksinə, pas atmış
olur...
- Təğənninin (oxumağın) ümdə
şərti düzgün nəfəs almaqdır. Nəğməkar
oxuduğu zaman sakit, heç bir tövşüməyə qətiyyən
yol vermədən, səssiz nəfəs almağa
çalışmalıdır. Nəfəsi ağızdan
yox, burundan almaq lazımdır. Ona görə ki, hava
ağız vasitəsi ilə ciyərlərə getdikdə
"yolda" boğazın qurumasına səbəb ola bilər.
Sonra ciyərlərdə olan havanı qətiyyən gücənmədən,
həm də qənaət ilə buraxmaq lazımdır. Belə
ki, səs boğazdan sərbəst surətdə istixrac
olunsun. Əgər nəfəsi həddindən artıq tez, ya
da gec buraxsan, səsin boğuq eşidilər.
- Oxuma zamanı boyunu və çiyinlərini sərbəst
saxla, çünki hər bir kəskin hərəkət
boğaza zərərdir.
- Bəzi xanəndələr oxuyan zaman alt çənəsini
sağa-sola hərəkət etdirirlər. Bu halda onlar ot
kövşəməkdə olan heyvanı andırırlar, həm
də özlərini aldadırlar. Onlar güman edirlər ki,
bununla səs qaltanlı olar. Bu, böyük səhvdir. Alt
çənənin sağa-sola hərəkəti heç vaxt
səsi artırmaz.
- Evində tək qalıb güzgü qabağında
həm bəmdə, həm də zil pərdələrdə
bir müddət oxu, bax, gör sifətin nə hallara
düşür. Əgər oxuduğun zaman ağzın bir
yana əyilirsə, bu, çox böyük nöqsandır.
Buna yol vermə, yoxsa dinləyicilər bunu sənə irad
tutar, rişxənd edərlər.
- Zil pərdələrdə oxuduğun zaman
ağzını həddindən ziyadə açma,
çünki əngin aşağı sallanması
boğazın yolunu daraldır. Bu isə səsin
dolğunluğunu azaldır.
- Olduğundan daha güclü səs
çıxarmağa cəhd eləmə, çünki o sayaq
oxumağın heç bir faydası yoxdur.
Qışqıraraq oxuyan həm dinləyicinin zəhləsini
tökər, həm də axırda özünün səsini
batırar.
- Oxuma zamanı müxtəliflik xatirinə hərdənbir
burunda oxumaq (ağız yumulmuş halda) özlüyündə
çox gözəl üsuldur. Həm də hər xanəndəyə
müyəssər olan iş deyil. Burda əsl məharət, səsi
bir müddət burunda uzatdıqdan sonra ehmallıca
ağıza keçirməkdən ibarətdir. Bu, hünər
istər. Gərək burda heç bir sərt səs
ayrılığı hiss olunmasın. Mənim istər
keçmişdə, istərsə də indi
tanıdığım xanəndələrdən yalnız
Seyid Şuşinski burunda oxumaq üsulundan məharətlə
istifadə etməyi bacarır. Bu işdə heç bir
müğənni ona tay ola bilməz.
- Səsin həcmini istər bəm, istərsə də
zil pərdələrə doğru çox böyük
ehtiyatkarlıqla, ehmalca, tədricən pillə-pillə
genişləndirmək lazımdır.
- Çalış ki, səsin rəvan olduğu qədər
qıvraq, oynaq olduğu qədər səlis, dayanıqlı,
həm də axıcı olsun.
- Səsi süni surətdə gücləndirmək və
həddindən ziyadə bərkdən (ucadan) oxumağa cəhd
etmək zərərli olduğu kimi, zümzümə aludəçiliyi
də eyni dərəcədə ziyandır, çünki
bunların hər ikisi boğaz əzələlərinin
düzgün inkişaf etməsinə mane olur.
- Oxuduğun dəstgahın təsirli olması
üçün münasib qəzəl seçmək
çox vacib və əhəmiyyətli vəzifədir. Lakin
oxuduğun hər qəzəlin sözlərini düzgün və
mənalı tələffüz etməyi bacarmaq daha da vacib bir
şərt sayılmalıdır.
- Yaxşı, məlahətli səsə malik, lakin kəmsavad
olan xanəndə füsunkar bir qızın yaxşı
çəkilmiş şəklinə bənzər: gözəldir,
amma canı yoxdur...
- Oxuduğu qəzəlin vəzninə, bəhrinə
riayət etməyən, ya da qəzəlin sözlərini təhrif
edən xanəndə şerin, sənətin birinci
düşmənidir.
- Xaric oxumaq fəlakətdir, xaric oxuduğunu eşitməmək
faciədir, xaric oxuduğunu inkar etmək isə cəhalətdir...
...Ötən əsrin iyirminci illərində Azərbaycan
SSR Xalq Maarif Komissarlığı nəzdində yaradılan
"Qənaət komisyonu" büdcəyə qənaət
etmək məqsədilə hökumətin Mirzə Muxtar Məmmədova
təyin etdiyi təqaüdü kəsmişdi. Bu qocaman səhnə
xadiminə qarşı ədalətsizlik və hörmətsizlik
bir çox sənət adamlarını və mətbuat
orqanlarının narazılığına səbəb
olmuş və onlar mətbuatda öz etirazlarını
bildirmişdilər. "Molla Nəsrəddin" jurnalı da
məsələyə münasibətini "50 illik yubiley"
məqaləsində "Kəvəzə" imzalı bir nəfərin
dili ilə belə bildirmişdi: "Yoldaşlar, hərçənd
bizi qənaət tədbirləri görmək
üçün seçmişlər. Lakin bu gün qoca bir
aktyorumuzun 50 illik yubileyi günü olduğu üçün
biz də bu günü xüsusi bir surətdə qeyd etməliyik.
Məlumdur ki, hər bir xalqın camaat xadimləri, elm yolunda
çalışanları, incə sənətlər və ədəbiyyat
yolunda can verənləri o xalqın arasında artıq
hörmətlə yad olunur. Xalq öz qəhrəmanlarının
adlarını əbədiləşdirmək
üçün onların adlarına bir çox işlər
görürlər. Bunun hamıdan artıq, əlbəttə,
mədəniyyət cəhətincə geridə olan xalqlar
arasında əhəmiyyəti çoxdur. İndi necə ola
bilər ki ("Qənaət komisyonu" üzvü burda istəkana
su töküb içir)... Hə, indi necə ola bilər ki, səhnəmizdə
əlli ildən bəri xidmət edən, səhnəmizin
birinci banilərindən olan və bütün
ömrünü bu yolda keçirən Mirzə Muxtar kimi qoca
aktyorumuzun yubiley günündə biz iştirak etməyək?!
Yenə necə ola bilər ki (Natiq cibindən yaylıq
çıxarıb, alnının tərini silir)... Hə, yenə
necə ola bilər ki, "Qənaət komisyonu" üzvləri
öz hissəmizə düşən vəzifəni yerinə
yetirməyək və qoca aktyorumuz Mirzə Muxtarın bu
yubileyini xüsusi surətdə qeyd etməyək?! Yenə necə
ola bilər ki (Nitqçinin hərarəti natiqin özünə
artıq təsir etdiyi üçün burda pencəyini
çıxarır)... Necə ola bilər ki, biz bir tədbir
ilə həm öz adımızı və həm Mirzə
Muxtarın adını tarix səhifələrinə
keçirməyək?!
Buna görə mən təklif edirəm ki, Mirzə
Muxtarın türk səhnəsinə göstərdiyi xidmətlərini,
bütün ömrünü bu yolda keçirdiyini,
qocalığını, küçələrdə sərkardan
gəzdiyini və 50 illik səhnə fəaliyyətini nəzərə
alıb, qənaət yolunda mübarizə məqsədilə
onu türk teatrından aldığı maaşından məhrum
edək (Natiq qrafindən su töküb, başını
yuyur).
Komisyonun başqa üzvləri:
Yaşasın Mirzə Muxtar!
Molla Nəsrəddin (acqarına): - Mən ölüm,
heç yeridir?!
Yaşasın dünya inqilabı (Molla Nəsrəddin:
Mən də deyirəm ki, yaşasın xalq maarif
komissarlığı yanındakı "Qənaət
komisyonu)! (Kəvəzə. "50 illik yubiley", "Molla Nəsrəddin"
jurnalı, iyul 1926-cı il, № 27.)
Görkəmli musiqişünas və aktyor
dünyasını dəyişəndə respublikanın
bütün musiqi ictimaiyyəti ona yas saxladı, qəzetlər
başsağlıqları, nekroloqlar verd.
"Kommunist" qəzeti Mirzə Muxtar Məmmədovun
(3.VII.1859-17.I.1929) ölümünü "ən xoşbəxt
ölüm" adlandırır, musiqi sahəsində
"arzu-kamı qalmadığını", son diləyini -
"türk səhnəsində türk qızlarının
oynadığını gördüyünü"
vurğulayır, görkəmli musiqişünas və bəstəkar
Əfrasiyab Bədəlbəyli isə onu "xalq musiqisinin
ağsaqqalı və alimi", "muğamat aləminin
sultanı" adlandırırdı. Məşhur müğənni
və görkəmli teatr xadiminin ömür yoluna nəzər
salarkən, doğrudan da, bu sənətkarın deyilənlərdən
də artıq qiymətə layiq olduğunu
görürük.
Vasif QULİYEV
525-ci qəzet .- 2024.- 19 sentyabr (№ 170).- S.12-13.